Ümid də ağac kimidir; əkib becərməlisən...

 
Müsahibimiz 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən deputatlığa namizəd Gülçöhrə xanım Hüseynovadır. 


Gülçöhrə xanım, harda və hansı mühitdə doğulmusunuz, təhsiliniz barədə bir neçə kəlmə demək yaxşı olardı. 


- Hamımızın Azərbaycan adlı bir Vətəni var! Mən də1973-cü ildə bu vətənin dilbər güşələrindən biri olan Cəbrayıl rayonunun Nüzgar kəndində anadan olmuşam. 1995-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirmişəm. Azərbaycan Respublikasının Prezidenti yannında Ali Attestasiya Komissiyasının müvafiq qərarları ilə 2008-ci ildə biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi, 2015-ci ildə dossent elmi vəzifəsi almışam. Azərbaycanda və xarici ölkələrdə 100-ə yaxın elmi əsərim nəşr olunub. Hazırda Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqroqkimya institutunda aparıcı elmi işçi, dosent və BDU-da müəllim vəzifələrində çalışıram. 

Necə oldu ki millət vəkili olmaq arzunuz yarandı ?

 -Millət vəkili olmaq arzum Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını məğlub edib, düşməni qovaraq ərazi bütövlüyümüzə nail olmasından sonra yarandı. 
Artıq işğaldan azad olunmuş Cəbrayıl rayonu var və mən o torpaqda doğulduğum, böyüdüyüm üçün  yenidən can tapan, dirçələn torpağımın inkişafında, böyüməsində var qüvvəmlə çalışmaq, mən də Cəbrayıl üçün yeni-yeni “fidan”lar əkmək istəyirəm. Elə hər mənada. İstəyirəm Cəbrayılın əvəzsiz, füsunkar təbiətinə yeni əkdiyimiz   fidanlarımızla yurdumdakı bala fidanlarımız bir yerdə böyüsün, bizə kölgə, işıq salsın. Bunun üçün əlimdən gələni etmək istəyirəm. Axı adım Gülçöhrədir. Gülçöhrə üzü gülən bənzəyən deməkdir, məncə istəyirəm təkcə üzüm yox, ölkəm, ölkəmin gələcəyi də gülə-çiçəyə bənzəsin. 
Məni bu yola qalib dövlətdə, azad olunmuş torpaqlarda təbiətə və cəmiyyətə xidmət etmək, xalqın bütünb problemlərinin həllində yaxından iştirak etmək və ölkənin gələcəyinə töhfə vermək istəyim gətirib. Mən bu yola xalqım üçün çıxmışam. 
 
 Millət vəkillərinin fəaliyyəti səni qane edirmi?
 
 - Millət vəkillərinin fəaliyyətinə dair qane olub-olmadığımı soruşursunuz, bunu birmənalı şəkildə konkret ifadə etmək mümkün deyil. İnsanların millət vəkillərindən nə gözlədiyini hamımız bilirik. Millət vəkili seçilirsə millətin dərdinə şərik olmalıdır. Bu mənada bir sıra millət vəkillərinin fəaliyyətini yetərli hesab edirəm, bəzilərinə isə xalqın problemlərini anlamalarını və xalqla iç-içə olmalarını,əhalinin rifahının yüksəlməsi üçün daha çox iş görmələrini arzulayıram.
 
 Gülçöhrə xanım, deputat seçilsəniz hansı məsələləri gündəmə gətirmək fikriniz var ? 
 
-Şəhid ailələrinə və qazilərə xüsusi diqqət göstərmək, onların sosial problemlərini daima diqqət mərkəzində saxlamaq;  Cəbrayıl və Qubadlıda vacib infrastruktur layihələrinin gerçəkləşməsinə, kənd təsərrüfatının inkişafına təkan verəcək aqroeko sistemlərin yaradılmasına dəstək olmaq;  Vətəndaşların mənafeyinə xidmət edən normativ-hüquqi aktların qəbulu istiqamətində təşəbbüs göstərmək;  Cəbrayıl və Qubadlıda yeni iş yerlərinin yaradılması, dayanaqlı inkişafa nail olunması məqsədilə investisiyalar cəlb etmək. Və ən başlıcası maddi və mənəvi köməyə ehtiyacı olanların hər zaman yanında olmaq, onlara dövlət dəstəyinin təmin edilməsində mümkün qədər yardımçı olmaq... 
 
Dostlarınız, tanışlarınız sizi həm də yaşıl dünyanın dostu kimi tanıyır ,təbiətin qorunması, çılpaq ərazilərin yaşıllaşdırılması istiqamətində də yəqin yeni ideyalarınız var ... 
 
- Doğru deyirsiniz, təbii ki hər şeydən öncə mənim şüarım “Qalib dövlətdə yaşıl dünya naminə irəli!"dir. Bu o deməkdir ki, təbiəti qorumağa, sevməyə öyrəşmiş bir cəmiyyət formalaşdırmaq mənim üçün inkişafın ən vacib istiqamətlərindən birini müəyyən etmək və bu yolda xalqa fayda verməkdir. Təbiətin ekoloji durumunu saf və sağlam hala gətirmək həmdə cəmiyyətdəki mənəvi iqlimə təsir etmək deməkdir. Necə deyiblər, sağlam bədəndə sağlam ruh olar. Mən bu yanaşma ilə təkcə yaşıl aləmin dostu deyil, həmçinin Azərbaycan mənəvi ekologiyasının yaxşı mənada yüksəlişinin tərəfdarıyam. İstəyirəm ki, ölkəmizdə hər zaman sülh, barış, sosial ədalət və humanizm prinsipləri yaşasın. İdeal cəmiyyət qurmaq istəyiriksə, hər birimiz arzuolunan vətəndaş cəmiyyətinini qurulmasında fəal iştirak etməliyik. Millət vəkilləri isə nümunə olmalıdır. Xalqa cəmiyyətə, elə, obaya, hətta dünyaya nümunə...
 
 Əgər arzunuz çin olsa, millət vəkili seçilsəniz… ümumiyyətlə ümidləriniz nə qədərdir, ölçüyə sığırmı? 
 
- Zənnimcə sualınızın birinci hissəsinə azacıq da olsa yuxarıda cavab verdim, ikinci hissəsinə gəldikdə isə nə deyə bilərəm, onu deyirəm ki, ümid də ağac kimidir, gərək əkib-becərəsən. Yerdə qalanı tale işi...
 
Fariz Çobanoğlu


Facebook-da paylaş