YAXŞI VƏ PIS INSAN… (davamı)

 
Anam vəfat edən də otuzdan çox nəticəsi var idi.Onlardan da bir bacım Səfurənin nəvəsi Ayla baladır.Ayla – bu balaca qızcığaz VI sinifdə oxuyur. O, başqa nəticələri kimi Tovuz xanıma QOCA NƏNƏ deyirdi. Bir gün, təxminən anamın vəfatından iki aydan çox vaxt keçəndən sonra mənə yaxınlaşıb utana-utana – dayı olar sənə bir söz deyim?
Təccübləndim – buyur qızım, -dedim.
-Dayı QOCA NƏNƏ rəhmətə gedən gün bir yazı yazmışam olar onu verim sənə?
-Əlbəttə gətir, -dedim. 
Ayla bir ağ kağızda öz xətti ilə yazılmış yazını gətirib mənə verdi. 
Aylanın QOCA NƏNƏsinə məktubu belə idi:
 
FİRƏNGİZ-TOVUZ NƏNƏ
 
QOCA NƏNƏmin bir çox hekayələrinidinləmişəm. O, həm qayğıkeş ana, həm də qayğıkeş nənə olub. O, məni çox istəyirdi, mən də onu. Onun qulluğunda durmağı, hər zaman özümə borc bilirdim.Danışdığı hekayələrə insan lap mat qalırdı...Neçə ilyaşayırıqsa yaşayaq, əsas odur ki, mənalı ömür yaşayaq. Düzdür, bütün uşaqlar kimi arada məndə bir-iki səhv edərdim, danlayardı. Amma, nə olursa olsun hekayələrini dinləməkdən hər zaman zövq alardım. QOCA NƏNƏni həm övladları, həm nəvələri, həm də nəticələri çox istəyərdi. Mən, istəyərdim ki, Firəngiz-Tovuz nənə bu gündə yanımda olsun əhvalatlar danışıb, məsləhətlər versin. Amma, indi o cənnətdə ömür-gün yoldaşına qovuşub, yəni Zal Babaya. Axı o Zal babanı çox istəyirdi...
Noyabrın 14 -ü idi. Təxmini günorta saat bir idi.Birdən nənənin evindən Mahirə xalanın qəfil qışqırığını eşitdim. Mahirə xala qapını açıb qışqırdı: 
-Məhəbbət! Nənə pisləşdi, tez Könülü çağır gəlsin! Mən də tez gedib nənəmi görmək istədim. Amma, görə bilmədim. Təbii ki, məktəb vaxtım olduğu üçün məktəbə getdim. Məktəbdən dönənə qədər nənəmində halı düzələr, mən də onunla gedib görüşərəm deyə düşündüm. Nəhayət, axşam saat 7-ə qalırdı. Dərsdən çıxıb evə gəlirdim gördüm evin qabağı çoxlu maşınla doludur. Öz-özümə dedim:
-Allahım nolar QOCA NƏNƏyə heç nə olmasın. Allahım, sən ona can sağlığı ver.
Evə girdim anamın yanına gedib soruşdum:
-Ana, QOCA NƏNƏ necədir? 
Anam, rəhmətə gedib deyəndə çox pis oldum. Öz -özümə təkrarladım:
-Nə?! Rəhmətə gedib?! Ola bilməz, yox! Amma artıq gec idi. QOCA NƏNƏ elə mən məktəbdə olanda saat 12:45-də rəhmətə gedibmiş. Hər kəs ağlayırdı. Çox pis oldum. Öz otağıma keçdim guya dərs oxuyacaqdım. Dərs oxumağa başlayarkən, QOCA NƏNƏm və əhvalatları yadıma düşdü ağladım.Balaca vərəq götürdüm və yazdım: 14.11.2023. QOCA NƏNƏ Allah rəhmət eləsin və qırılmış qəlb qoydum... O gün, mənim həyatımdakı ən pis gün idi. Mən QOCA NƏNƏmin rəhmətə getdiyinə inana bilmirdim, ancaq onun əhvalatları yadıma düşürdü və ağlayırdım.
O hər zaman deyərdi: “Mən Allah adamıyam, bala” həqiqətən eləydi. Allah QOCA NƏNƏmə və ZAL BABAya rəhmət eləsin. Məkanları cənnət olsun. Onların nəticəsi olduğuma görə qürur duyuram.
Nəticəniz Ayla
***
Balaca Aylanın QOCA NƏNƏyə ünvanlanmış sevgi, məhəbbət, sonsuz kədər və nisgil dolu gözyaşları ilə yazılmış vida məktubu, başları çox başdanböyük olan insanlar var ki, gözü illərlə, on illərlə yolda qalan ananın nigarançılığın aradan qaldırmaq, yollara dikilmiş yol gözləyən nigaran gözləriniyoldan yığmaq üçün bir dəfə də olsun qapısını döyməyən oğulun ana haqqında yazdığı və cəmiyyətə zorla sırıdığı poemadan, nağıldan, dastandan qat-qat üstündür. Nəticə olaraq Aylanın yazdığı bu əl boyda kağız parçası, ana qapısını açmayan oğulun çild-cild yazdığı kitablardan vəzində, Allah yanında dəyərinə görə çox qiymətlidir. Bu iki məsələ arasında Uca Tanrının dərgahında qurulan nizam-tərəzidə qızcığazın ulu nənəyə sevgisi, namərd oğulun yalandan cəmiyyətdə gözdən pərdə asmaq üçün yazmış olduğu dastanlardan çox ağır olar.
İnsan bəşəri duyğulardan, xeyirxah arzulardan, yaxşı əməllərdən məhrum olduqda iblis fikirli nadanaçevrilir. Belə adam avam yox, bilikli olduqda, zəif yox güclü olduqda çox təhlükəli olur. Müdriklər deyiblər elm, bilik pis adamların əlində olduqda hiyləgərlik vasitəsi olur. Onun vasitəsilə yaxşı insanlara tələ qurulur, xeyir əməl sahibləri tora salınır. İnsanlıq susan yerdə elm vəhşiliyə xidmət edir. Belə murdar əməllərə şahid olduqda adamın qəlbində pislərə nifrət, insana mərhəmət duyğusu artır. Yaxşı insan deyəndə o adamlar yada düşür ki, heç bir şəraitdə ürəklərinin işığı sönmür. Kim olursan ol, ancaq yaddan çıxarmamlıyıq ki – anadan danışmaq asandır, ananı sevmək ondan çətindir.
Əgər insanlar Allah-təalanın qüdrətinin əzəməti, nemət və bəxşişinin böyüklüyü barəsində fikirləşərəkdüşünsələr, azğınlıqdan doğru yola qayıdar, cənnətinanalrın ayaqları altında olduğu hikmətini dərkedərlər.
Anamla bir yerdə oturub söhbət eləməkdən çox xoşlanırdım. Ömrünün son aylarında yanında lap çox tez-tez olurdum. Hər dəfə də mənə dünyanın yaxşı və pisindən bəhs edən maraqlı, ibratəmiz söhbətlər eləyirdi.
Bir dəfə dedi:
-Əli, oğul sən mənə əvəzsiz övlad oldun.Bacıların da belə oldu. Allah hamınızı qorusun.Pisinizidə, yaxşınızıda. Sən, övladlarına gözəl xasiyyətlər əldə etməyin arxasınca getməyi öyrət.Qoy onlar da bilsinlər ki, valideyini sevmək Allah dərgahında böyük savab sayılır və bunun mükafatı sonsuzdur. Onu bil ki, hər kim bir qəlbi sevindirərək şad etsə Allah həmin sevinc və şadlıq müqabilində o şəxs üçün bir lütf və mehribanlıq yaradar. Belə adama kədər üz verəndə həmin mehribanlıq hün-dürdən axan su kimi o şəxsə tərəf axar və kədəri ondan qovub uzaqlaşdırar. Buna yaxş iş görmək nəticəsində insanın – yaxşı əməl sahibinin özünə qayıdan mənəvi saflıq deyirlər.
Birdən söhbətimiz gəlib kimdənsə inciməyimin üzərinə çıxırdı. Heç vaxt çalışmırdı ki, nə isə bir şey əndazasından artıq olsun. Deyirdi:
-Bala, dostunu sev, amma həddi aşmaq miqdarında yox. Yəni onu bütün sirlərindən agah eləmə. O bilər ki, dostun bir gün sənin düşmənin olar və sən peşman olarsan. Düşməninlə də düşmənçilik eləmə, çalış bütün pərdələri ortadan götürməyəsən.Ola bilər ki, düşmənin bir gün gələr sənin dostun olar və sən bu pis hərəkətlərinə görə ondan xəcalət çəkərsən və başı aşağı olarsan.
 
***
Anamın düşüncələrində pis və yaxşı insanhaqqındakı keyfiyyətlər onların fizik görünüşündə deyil, əməlləri ilə müəyyən olunurdu. O, kim olursa olusun, yaxşı əməl sahibini yaxşı insan, çirkin, yaramaz əməli olanları isə pis insan hesab edirdi. 
Anam deyirdi:
-Yaxşı və pis əməl hökmən sonda gəlib özsahibini tapır. Günəş də, yer də, ulduzlar da bir yerdə dayanmır. Vaxt olub dünyanın gündoğan tərəfi çox varlı, şan-şöhrətli olub, indi də günbatan tərəfi.Ancaq vaxt gələcək yenə günəş bizim üstümüzə öz işığını daha çox çiləyəcək.
Deyirlər, “Tac Mahal”ın baş memarı KiçikAsiyalı türk Xan Əfəndi olub. Bir əfsanəyə görə Cahan şah bu memarın əllərini kəsdirib, gözlərinə isə mil çəkdirib. Məqsəd dünyadan bundan sonra ikinci belə bir təkrarsız sənət əsəri yaradan olmamalı imiş – bunları anam deyirdi.
Anamın uşaqlıqda bizə danışdığı nağılar dahökmdarlara, şahlara, xəlifələrə, fatehlərə - bir sözlə, ölüm hökmünə imza atmaq hüququ olanlara nifrətvar idi. Ancaq təfəkkürüm püxtələşib dünyaya müdrik gözlə baxandan sonra başa düşürəm ki, dünyada qan tökməkdən zövq alan hökmdarlardan başqa dünyaya əmin amanlıq gətirən hökmdarlarda az olmayıb. Div güclü ədalətli hökmdarların qılınc vuran qollarında qocalığın gəlişi ilə güc azalanda qılıncını övladları arasında ən ədalətli bildiyi övladına verərmiş.
Dünya yaxşı ilə pisin, haqqla nahaqqın əbədimübarizəsi üzərində qurulub. Bu iki qütbün hansı tərəfi qalib gəlsə dünyada da onun qayda qanunları hökm etmiş olur. Dünyanın nizamı pozulduqda insanlar arasında xəyanət, xainlk və nifrət kök salır.
Adam var ki, ailəsi var, qohum əqrabası var, övladları var, ancaq tənhadır. Tənhalıq elə şeydir ki, insan ən yaxın bildiyin kəslərə belə inanmır, onlara qarşı qəlbində heç bir sevgi və məhəbbət olmur.
Anam nəvə-nəticələrinə nəsihət edib deyərdi: 
-Yadınızda qalsın, həyatda ən gözəl “biclik” düzlükdür. Çalışın həmişə düz danışın. Bəzən düz olanlar həyatda daha çox əzablara düçar olurlar, ancaq siz həyatın kiçik və ağır zərbələrinə dözün, düz danışın, düz davranın. Düz olan kəslər Allah dərgahında ən əziz bəndələr hesab olunurlar.
Nəvələrinin hamısı anamın bu nəsihətini sırğa eləyib qulaqlarından asıblar. Pərvanə – Mürvətin qızı – bizim hamımızın sevimlisi anama qarşı xüsusi diqqətlə davranır, əzizləyir, mehribançılıq göstərir, onun ən çox sevdiyi nə varsa alıb anama bağışlayırdı.Elə bil, anamın dediyi kimi, Pərvanə üçün Allah dərgahına aparan yolun böyüklərin qəlbinin xoş olması məqamından keçir.
İnsan dua edən də Tanrıdan üç şey diləyir: güc, səbir, müdriklik. Gücü ona görə istəyir ki, dünyada dəyişə biləcəklərini dəyişməyə qüvvəsi çatsın. Səbiri ona görə istəyir ki, dəyişməyə iqtidarı, gücü çatmayacaq şeylərə dözə bilsin, müdrüklüyü ona görə istəyir ki, birincilərlə ikinciləri dəyişik salmasın, çaşdırmasın, onları bir-birindən ayıra, seçə bilsin.
Gənc qız Pərvanə nənəsinin qulluğundadayanmaqda nöqsana yol verməmək üçün həmişə Tanrıdan üç şey – güc, səbir, müdriklik diləyirdi.İnanıram ki, Uca Tanrı bu yolda ona yardımçı oldu.Nənəsi ondan yerlə-göy arası qədər razı olaraq əbədiyyətə qovuşdu. Mövlana demişkən, vidalar gözləri ilə sevənlər üçündü, könüldən sevənlər heç ayrılmazlar. (ardı var)
 
Əli Zalov,
Kimya elmləri doktoru, professor
Azərbaycan Dövlət Pedaqoji Universitetinin
Analitik və üzvi kimya kafedrasının müdiri


Facebook-da paylaş