QARABAĞDA TALAN VAR... (davamı)
Evimizin qarşısından – Yal zəmidən aşıb dərəyə enəndə yaxşı suyu olan bir bulaq vardı. Adına Mirim qozu deyərdilər. Ancaq burada qoz ağacı yox idi. Bəlkə də əvvəllər olub, ancaq mən görməmişdim. Atam bulağın suyunu aparıb aşağıda, dərənin sol tərəfində yaxşı bağ salmışdı. Burada əkilmiş əncir ağaclarının üzərində çox yaxşı meyvə əmələ gəlirdi. 30 ildən sonra gedib o bağa baş çəkdim əncir ağacları dururdu. Həmin əncir ağaclarının çilinglərini atam Aragül bağlarından gətirmişdi. Atam Yal zəmidən üstdən aşağı düşən maşın yolunun sağ və sol tərəfini – xeyli ərazini dəmir torla çəpərləmişdi. Sağ tərəfdə çox iri bir qoz ağacı var idi – hamı ona Zalın qozu deyərdi. Mirim qozunu adlayan kimi yazda hər tərəfi gül-çiçək olan biçənək sahəsinin içərisində üstdən aşağı sıra ilə düzülmüş üç armud ağacının aşağıdakına Zalın armudu deyirdilər. Yal zəmidən düşüb qısa düzənliyi keçəndən sonra bir dərə gəlirdi. Dərənin içərisində bir tərəfi qayalıq olan xırda bir düzəngahlıq vardı. Atam nə vaxtsa payızda və yazda sürüsünü orada saxlayırmış. Kənd camaatı da həmin yerə Zalın arxacı deyirdilər.
92-cü ilin yazında artıq Qarabağda vəziyyət çox kəskin idi. Bir çox rayonlar seperatçılar – ermənilər tərəfindən işğal edilmişdir. Bizim kənddən aşağıda Bunyadlının qənşərində xaricdən gəlmiş 5-6 uzun saqqalı silahlı erməni yuxarı tərəfdə bizim Xələfli, aşağıda isə Xubyar camaatına meydan oxuyurdu. İndi kimsə deyə bilər ki, necə olur 5-6 erməni iki böyük kəndin camaatına dov gəlirdi. O vaxtkı rayon rəhbərliyi əhalidən silahı – ov tüfəngini tamamilə müsadirə etmişdi. Həmin silahlı ermənilərə isə gözün üstə qaşın var deyən yox idi.
Bünyadlıdan toplaşan silahlı ermənilər kəndin aşağısında suyun qabağını kəsib, böyük göl düzəlmişdilər. Gölün içərisinə nasos salıb suyu Bünyadlının qarşı tərəf qüzeyinə – Cəbrayıl Atadan aşağıda Alpaşa deyilən yerə çıxarıb böyük ərazidə bostan əkmişdilər. Maraqlıdır ki, 5-6 erməni bir o qədər məsulu neynəyirmişlər?
Onlar ətraf camaat da xof yaratmaq üçün əllərində avtomat silahlarla kəndin qənşərində gəzər, açıq-aydın camaata meydan oxuyardılar. Cəbrayıl Atadan yuxarıya Gördu baba dağına tərəf düz Dağdağan pirinə qədər böyük ərazini nəzarətlərində saxlayırdılar.
Bir dumanlı yaz günündə atam sürüsünü Dağdağan pirindən Alçalı bulağa tərəf, Şıxlının güneyinə aşırır. Özü dağın zivəsi ilə sürü isə ondan bir qədər aşağıdan üzü Cəbrayıl Ataya tərəf gedir. Bizim kənddən də bir nəfər atamdan bir qədər qabaqda kəndin heyvanını otarırmış. Qəflətən qabaqda səs-küy eşidir. Səs gələn tərəfə yüyürür, baxır ki, həmən silalı 5-6 erməni kişinin əlindən kəndin heyvanını alıb aparmaq istəyirlər. Atam çox hündürdən qışqırır:
-Aə, ay kafir uşağı bu saat Xələfli camaatı bu yandan, Yarəhmədlilərdən o tərəfdən tökülüb sizi qıracaqlar. Siz bu yerlərin adamlarını hələ yaxşı tanımırsınız. Ermənilər dumanın içindən qəfil çıxan atamın səsindənmi, yoxsa artıq atamın səsinə yal-yamacdan hay verən insanların gəlməsindən ehtiyat eləyib Bünyadlıya qaçırlar.
Xələflidən hadisə ilə əlaqədar rayon polis şobəsinə məlumat verilir. O zaman hələ polis baş leytinantı olan Hüseyn İsbəndiyar oğlu rayondan bir dəstə polislə Xələfliyə, hadisə yerinə göndərirlər. Yolda çaylaq deyilən ərazidə baxırlar ki, bir nəfər iki təkərli moteskletlə Bünyadlıdan Aragülə gedir. Onu saxlayırlar. Məlum olur ki, bu kəndin heyvanına basqın edən həmin silahlı ermənilərdən biridir. Qonşu kəndə ermənilərdən kömək almaq üçün tələsir. Xəbərə qaçan ermənini tutub, əli-qolu bağlı rayona göndərillər.
Qarabağ uğrunda gedən döyüşlərdə kəndimizdən Seyidəli Qiyas oğlu, Xurşid Əsgər oğlu, Xıdır İsmayıl oğlu, iki qardaş Yusif və İsax Musa oğulları – birinci Qarabağ müharibəsinin şəhidləri, neçə neçə igid müharibə veteranları, qazilər Vətən müharibəsində kimliyimizin təsdiqi oldular.
93-cü ilin yayında külli Qarabağ kimi Xələfli də yağmalandı, talandı. Zal kişinin illərlə zəhmət çəkib tikdirdiyi evləri, mülkü viran qaldı. Zal kişini talan edilmiş, yağmalanmış mal-mülkü, bankda heçə dönmüş pulu yandırmadı. Onu yandıran zəncirdə bağlı qalan itləri, boş qalan arxacı, üzərində yağının gəzdiyi torpaq oldu. Bu Zal kişinin faciəsidir. Əslində, elə bu – Azərbaycan kişisinin zamanın çək-çevirindəki gücsüzlüyüdür.
İnsanları qaniçən cəlladlar ağac kimi kökündən qoparıb, atırdılar. Bu yerlərdən onların izini silmək üçün nə bacarırdılarsa, nəyə gücləri çatırdısa onu da edirdilər. Ah nalə göylərə bülənd olmuşdu. Elə bil torpaq da, daş da, ağac da, kol da, bulaq da, su da nə var isə gedənlərin dalınca saç yolub haray qoparıdılar:
Qarabağda talan var,
Zülfün üzə salan var,
Gedirsən get tez qayıt,
Gözü yolda qalan var.
Müharibə... arzular, əhdlər, peymanlar yarımçıq qalır, sinələrə çalın-çarpaz dağ çəkilir, müqəddəs nə varsa tapdalanır, kişilik ayaqlanır, namərdlərə baş əyməyən mərdlərin başı kəsilir, laçınlar, tərlanlar sar caynağında parçalanır. Bax, Zal kişini ağrıdan da, incidən də, göynədən də, sinəsinə od vurub yandıran da budur. Zaman artıq onu atından yerə salıb, o, artıq öz atının belinə qalxa bilmir, sürüsünü yaylağa çəkə bilmir, xamını basan, qoruğunu tapdayan yağıya qarşı gedə bilmir. Niyə? Niyə gedə bilmir? Bax, bu sualın cavabını özü də tapa bilmir. (ardı var)
Əli Zalov,
Kimya elmləri doktoru, professor
Azərbaycan Dövlət Pedaqoji Universitetinin
Analitik və üzvi kimya kafedrasının müdiri
Facebook-da paylaş