Əsas Səhifə > Redaktor seçimi > Vətən sevdalıları unudulmur...

Vətən sevdalıları unudulmur...


6-05-2021, 15:12

 

                 

       Artıq   Ali Baş Komandan İlham Əliyevin  rəhbərliyi altında Vətən oğullarının qanı, canı bahasına   erməni dığaların əsiri olan Odlar yurdu, Qəhrəmanlar beşiyi  Azərbaycanın əzəli, müqəddəs torpağı Qarabağ elləri  azad nəfəs alır. Vətən torpaqlarının  bu azad günlərə qovuşmasında  Masallı rayonunun Viləş kəndindən olan şəhid qardaşlar- İntiqam və Nurlan Əsgərlilərin  payı daha çoxdur. Nurlan Aprel döyüşlərində tarix yazaraq əbədiyyətə qovuşub.   İntiqam isə 44 günlük  İkinci Qarabağ müharibəsində haqq savaşımızda  şəhid olub və “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb. İndi  bu şəhid qardaşların adı dillərdən düşmür. Onların doğulduğu ailə ocağını masallılar özlərinə and yeri seçiblər.  Demək olar ki, ailəni ziyarət etməyə bu müqəddəs ocağa hər gün gələnlər olur. 

  Bu günlərdə Masallı Rayon Təhsil Şöbəsinin müdiri T.   Əkbərov, Masallı Rayon Təhsil İşçiləri Azad Həmkarlar Təşkilatının sədri S. Eyvazov, şöbənin əməkdaşları şəhid qardaşların ailəsində olmaqla, ailəyə həmişə dayaq durmağa söz vermişlər. Həm də görüş zamanı şəhid qardaşların Vətən uğrunda keçdiyi şərəfli döyüş yolunun gənc nəslə nümunə olduğu bildirilib, onların şərəfli amal naminə bu zirvəyə ucaldıqları və öz canları bahasına 30 il   erməni dığaların tapdağı altında olan  Qarabağın  işğaldan azad etdikləri vurğulanıb.

 

 Vətəninə qürur gətirən oğlan

    Astara rayonunun Ərçivan qəsəbəsində  dünyaya göz açan Sadiq Şahin oğlu Bağırzadə İkinci Qarabağ  müharibəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda  qəhrəmancasına döyüşərək öz adını Zəfər tariximizə yazdı.  Elin igid oğlu Vətənini, torpağını özündən də artıq sevirdi. Elə bu ilahi sevgi idi onu şəhidlik  zirvəsinə ucaldan. Sadiq  erməni dığaları ilə döyüşə   Xüsusi Təyinatlı Qüvvələrin  əsgəri kimi atılmışdı. İgid əsgərin yaşına uyuşmayan rəşadəti ölümündən sonra dövlət tərəfindən  “Cəsur döyüşçü”, “Vətən uğrunda” medallarına  layiq görüldü.

 Onu da bildirməyi vacib sayıram ki, Şahin orta məktəbdə oxuduğu vaxt artıq idmanda qazandığı uğurlarla  yaxşı tanınırdı.  Onun ən çox maraq göstərdiyi  idman növü   boks  idi.  Astara Boks Mərkəzində məşq edirdi. O, dəfələrlə  rayon, respublika yarışlarının qalibi olmuşdu.  Ordu sıralarına  yola düşməzdən əvvəl  boks üzrə   Azərbaycan birinciliyində bürünc medal qazanır, Bakı  birinciliyinin qalibi olur.

 Astarada respublikada  tətbiq olunan karantin rejiminə əməl olunmaqla  şəhidin doğum günü qeyd  edildi.   Rayon İcra Hakimiyyətinin,  Gənclər və İdman İdarəsinin, Təhsil Şöbəsinin, Rayon Dövlət Rəsm Qalereyasının, təhsil müəssisələrinin əməkdaşları, müharibə veteranları, qazilər, qəsəbə sakinləri və ictimaiyyətin nümayəndələri şəhid Sadiqin  Ərçivan qəsəbəsində uyuduğu  məzarı önünə əklillər və gül dəstələri düzərək xatirəsini ehtiramla yad etdilər.  Daha sonra çıxışlarda bildirildi ki, Sadiq  nümunəvi, əxlaqlı  bir ailəndə   vətənpərvər, mərd  oğul kimi böyümüşdü.   Odur ki,  Şanlı Ordumuzun  Ermənistan   silahlı qüvvələrin   təxribatına  qarşı keçirilən  əks-hücum   əməliyyatları  zamanı  Vətən, torpaq naminə şəhid olmağı bacardı.  Belə bir igidlə öyünməyə, qürur  duymağa dəyər.  Sadiq cismən aramızdan gedib, yeri ürəklər olmaqla o, öz xalqı üçün əbədidir. İndi Sadiqin adını müqəddəs tutub ona bənzər həyat yaşamaq arzusunda olan yeniyetmələr çoxdur. 

 Zəfər ORUCOĞLU, 

Azərbaycan Jurnalistlər Birliyinin  üzvü

 


Geri qayıt