Vətən sevdalıları unudulmur...
Artıq Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən oğullarının qanı, canı bahasına erməni dığaların əsiri olan Odlar yurdu, Qəhrəmanlar beşiyi Azərbaycanın əzəli, müqəddəs torpağı Qarabağ elləri azad nəfəs alır. Vətən torpaqlarının bu azad günlərə qovuşmasında Masallı rayonunun Viləş kəndindən olan şəhid qardaşlar- İntiqam və Nurlan Əsgərlilərin payı daha çoxdur. Nurlan Aprel döyüşlərində tarix yazaraq əbədiyyətə qovuşub. İntiqam isə 44 günlük İkinci Qarabağ müharibəsində haqq savaşımızda şəhid olub və “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb. İndi bu şəhid qardaşların adı dillərdən düşmür. Onların doğulduğu ailə ocağını masallılar özlərinə and yeri seçiblər. Demək olar ki, ailəni ziyarət etməyə bu müqəddəs ocağa hər gün gələnlər olur.
Bu günlərdə Masallı Rayon Təhsil Şöbəsinin müdiri T. Əkbərov, Masallı Rayon Təhsil İşçiləri Azad Həmkarlar Təşkilatının sədri S. Eyvazov, şöbənin əməkdaşları şəhid qardaşların ailəsində olmaqla, ailəyə həmişə dayaq durmağa söz vermişlər. Həm də görüş zamanı şəhid qardaşların Vətən uğrunda keçdiyi şərəfli döyüş yolunun gənc nəslə nümunə olduğu bildirilib, onların şərəfli amal naminə bu zirvəyə ucaldıqları və öz canları bahasına 30 il erməni dığaların tapdağı altında olan Qarabağın işğaldan azad etdikləri vurğulanıb.
Vətəninə qürur gətirən oğlan
Astara rayonunun Ərçivan qəsəbəsində dünyaya göz açan Sadiq Şahin oğlu Bağırzadə İkinci Qarabağ müharibəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda qəhrəmancasına döyüşərək öz adını Zəfər tariximizə yazdı. Elin igid oğlu Vətənini, torpağını özündən də artıq sevirdi. Elə bu ilahi sevgi idi onu şəhidlik zirvəsinə ucaldan. Sadiq erməni dığaları ilə döyüşə Xüsusi Təyinatlı Qüvvələrin əsgəri kimi atılmışdı. İgid əsgərin yaşına uyuşmayan rəşadəti ölümündən sonra dövlət tərəfindən “Cəsur döyüşçü”, “Vətən uğrunda” medallarına layiq görüldü.
Onu da bildirməyi vacib sayıram ki, Şahin orta məktəbdə oxuduğu vaxt artıq idmanda qazandığı uğurlarla yaxşı tanınırdı. Onun ən çox maraq göstərdiyi idman növü boks idi. Astara Boks Mərkəzində məşq edirdi. O, dəfələrlə rayon, respublika yarışlarının qalibi olmuşdu. Ordu sıralarına yola düşməzdən əvvəl boks üzrə Azərbaycan birinciliyində bürünc medal qazanır, Bakı birinciliyinin qalibi olur.
Astarada respublikada tətbiq olunan karantin rejiminə əməl olunmaqla şəhidin doğum günü qeyd edildi. Rayon İcra Hakimiyyətinin, Gənclər və İdman İdarəsinin, Təhsil Şöbəsinin, Rayon Dövlət Rəsm Qalereyasının, təhsil müəssisələrinin əməkdaşları, müharibə veteranları, qazilər, qəsəbə sakinləri və ictimaiyyətin nümayəndələri şəhid Sadiqin Ərçivan qəsəbəsində uyuduğu məzarı önünə əklillər və gül dəstələri düzərək xatirəsini ehtiramla yad etdilər. Daha sonra çıxışlarda bildirildi ki, Sadiq nümunəvi, əxlaqlı bir ailəndə vətənpərvər, mərd oğul kimi böyümüşdü. Odur ki, Şanlı Ordumuzun Ermənistan silahlı qüvvələrin təxribatına qarşı keçirilən əks-hücum əməliyyatları zamanı Vətən, torpaq naminə şəhid olmağı bacardı. Belə bir igidlə öyünməyə, qürur duymağa dəyər. Sadiq cismən aramızdan gedib, yeri ürəklər olmaqla o, öz xalqı üçün əbədidir. İndi Sadiqin adını müqəddəs tutub ona bənzər həyat yaşamaq arzusunda olan yeniyetmələr çoxdur.
Zəfər ORUCOĞLU,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Facebook-da paylaş