Dilə yersiz müdaxilə olmaz

 
    

     Azərbaycan dili ictimai-siyasi və tarixi inkişaf nə­ticəsində nə qədər dəyişsə də, yenə öz ənənə­si­nə, bü­növ­rəsinə-kökünə sadiq qalıbdır. Bununla müqayisədə bəzi dillərin tarixində elə hadisələr olub­dur ki, ictimai-siyasi və tarixi inkişaf dili kifayət qədər dəyişmiş, onu anlamaq işini çətinləşdirmişdir. Mə­sələn, Fransada baş vermiş inqilabdan sonra fran­sız dili o qədər dəyişmişdir ki, Napoleon Bonapart bu dilin keçmiş çərçivəyə qayıt­ması üçün qərar ver­miş­dir. Ancaq canlı həyatı əks et­di­rən fransız dili öz keç­miş çərçivəsinə qayıda bilmə­miş­dir. Fransız dilində yeni yaranmış sözlər, ifadələr o qə­dər çox olmuşdur ki, onlar dilin keçmiş çərçivəsini üs­tə­ləmişdir. Dili tə­mizləmək yolunda “akademik qə­rar­lar” vermək istə­yənlər barədə 1939-cu ildə Rəsul Rza Azərbaycan Sovet Yazıçılar İttifaqının sədri olduğu zaman İttifaq tərəfindən çağırılmış dil müşavirəsində de­mişdir: “Böyük Fransa revolyusiyası (inqilabı – B.X.) za­ma­nında fransız dili o qədər dəyişmişdir ki, Napo­leon Bonapart və ondan sonra gələn Fransa padşahları di­lin köhnə aristokrat qayda və çərçivələrinə qayıtması üçün xüsusi qanunlar verməyə məcbur olmuşlardır. La­kin canlı həyatı əks etdirən dil geri qayıtmadı. Pol La­farq yazırdı ki, “XVIII əsrin yazıçıları ölən dilin yatağı qarşısında bir şəfqət bacısı kimi oturub aka­de­mik qərar­la­rın köməyi ilə bu xəstənin ömrünü uzat­maq istəyir­dilər.” Revolyusiya (inqilab – B.X.) döv­rün­də fransız dilində əmələ gəlmiş yeni sözlər, yeni ifadələr o qədər çox idi ki, XIV Lüdoviqin saray adam­larına bu dili anlatmaq üçün o dövrün qəzet və kitablarını tərcümə et­mək lazım gəlirdi.” Eyni zamanda Rəsul Rza rus dilini fransız söz­lə­rindən təmizləmək istəyində olan bir qrup adamın mövqeyini də tənqid etmişdir. O demişdir: “XVIII əsrin axırlarında Rusiyada bir qrup adam vardır ki, vitse-admiral Şişkovun başçılığı ilə on­lar necə olur-olsun, rus dilini fransız sözlərindən tə­mizləmək istə­yir­lərdi. Karamzin və onun tərəfdarları da rus dilini saf bir hala salmağa çağırırdılar. Onlar rus dilinin kəlisa-slavyan dili olduğunu iddia edirdilər. “Qaloş” sözünü atıb “mokrostub”, “bulvar” sözünün əvəzinə “qulyat” sözündən “qulvar” işlətmək və bu ki­mi ax­maq iddialar irəli sürürdülər.” Rəsul Rza Azər­baycan dili ilə bağlı təmizləmə işlərini aparan­la­ra bir neçə istiqamətdə əsaslı etirazını bildirirdi. Birincisi, onun etirazı azərbaycanca olmayan sözləri Azərbaycan sözləri ilə əvəz etmək istəyənlərə qarşı idi: “... revo­lyu­si­yanın (inqilabın – B.X.) ilk illərində bütün azər­bay­can­ca olmayan sözlərin hamısını Azər­baycan sözləri ilə əvəz etmək istəyənlər vardır. Onlar aeroplana uçquç, samovara qur-qur, parovoza buğla gedən deyir və bu kimi yöndəmsiz sözlərlə dili dü­zəlt­mək istəyirdilər.” Ancaq haqlı olaraq xalq da, dilin özü də bu istəkdə olanların mövqeyini qəbul etmədi. İkincisi, Rəsul Rzanın etirazı dili tə­miz­ləmək bayrağı altında dilimizə daxil olmuş ərəb, fars sözlərindən imtina edənlərə və yeni sözlərin gəl­mə­sinə etiraz edənlərə qarşı olmuşdur. O demişdir: “Bu adamlar dili təmizləmək bayrağı altın­da dilə girmiş bütün ərəb, fars sözlərini atmağı təklif edirlər. Yaxud dilimizi saflaşdırmaq pərdəsi altında dili də­mir hasar içinə almaq, ona heç bir yeni sözün gəl­mə­sinə imkan verməmək istəyirlər. Bu təşəbbüslərin hər ikisi ilə burjua fikri kimi mübarizə aparmaq lazımdır. Biz ərəb, fars, osmanlı dillərinin təsiri ilə mübarizə deyəndə, o dillərin vaxtilə dilimizə soxulmuş ruhu ilə mü­barizə məsələsindən danışırıq. “Şayani-diqqət”, “his­si-qəblülvüqu” və bu kimi xalqımıza yad olan, xalq tərəfindən mənimsənməmiş, xalqın dilinə gir­mə­miş, dilimizin ruhuna uymamış sözlərin və ifadələrin dildən qovulmasından danışırıq. Bu işdə solçuluq edənlər və məsələnin mahiyyətini anlamayıb Azər­baycan dilini ancaq Azərbaycan sözlərindən ibarət bir dil eləmək istəyənlər zərərli iş görürlər. Dilimizin lazım olmayan kəlmələrlə zibilləndiyindən danışmaq heç də dili qa­ra­qı­fıl altında saxlayaraq ona heç bir yeni kəlmə və ter­mi­nin girməsinə yol verməmək de­mək deyil .” Doğ­rudan da, Azərbaycan xal­qı­nın və Azərbaycan di­linin qəbul etmədiyi sözlərin dilimizə heç bir aidiyyəti yox­dur. Ancaq xalqımızın və dilimizin qəbul etdiyi söz­lərin hər biri dilimizin lüğət tərkibidir, dilimizdə və­təndaşlıq hüququq qa­zanmış sözlərdir.

Onu da qeyd edək ki, öz sözlərimizlə yanaşı, otu­ruşmuş alınma sözlər də dildə vərdiş olunmuş lüğət tə­ki­bidir. Vərdiş olunmuş lüğət tərkibindəki söz­lərdən is­ti­fadə etməmək qəti şəkildə mümkün deyildir. Dil açan kör­pə uşaq vərdiş olunmuş sözləri eşidir, öyrənir və on­lar­dan istifadə edir. Uşaq üçün gündəlik eşitdiyi, öy­rən­diyi və istifadə etdiyi sözlərin mənşəyi maraqlı deyildir. Bu barədə fikirləşmək heç onların ağlına da gəlmir. Di­lin lüğət tərkibində oturuş­muş, vərdiş olunmuş sözlərin mənşəyi barədə təhlil aparmaq mütəxəssislərin, dilçi alimlərin işidir. Bu cür təhlillərin aparılması isə dildəki oturuşmuş və vərdiş olunmuş lüğət tərkibindən imtina etmək məq­sə­dinə xidmət etməməlidir. Əgər belə bir xidmət var­sa, deməli, həmin xidmət dil quruculuğu pro­sesinə ziyan gətirməkdən başqa bir şey deyildir. Dil qurucu­lu­ğuna ziyan gətirən məsələlərdən biri də sözləri düz­gün yazıb, oxumaq və səlis cümlə qurmaq vərdişinə yiyələnməməkdir. Bütün dövrlərdə sözləri düzgün yaz­maq, düzgün oxumaq, səlis cümlə qurmaq və sə­lis da­nış­maq gündəmdə olan məsələdir. Dünya dil­lə­rinin, o cümlədən Azərbaycan dilinin narahatçılığına səbəb olan ciddi problemlərindən biri dil mədəniyyəti qay­da­la­rının pozulmasıdır. Bu qaydaların pozulması şifahi və yazılı ədəbi dildə daha çox müşahidə olu­nur. Ona görə də şifahi və yazılı ədəbi dil qaydalarını po­zanlara la­qeyd qalmaq olmaz. Laqeydlik başqa­la­rı­nı da dil qay­da­larına əməl etməməyə sürükləyir. Dil insanları millət halında bir-birinə bağlayır. İnsanlar dillərini nə qədər çox sevirsə, eyni zamanda doğma dillərinin qayda-qanunlarını qoruyursa, bir o qədər də millət olaraq bir-birinə bağlanırlar. Özünə və mənsub olduğu millətə də­yər verməyin bir göstəricisi dilə sev­gi, hörmət və say­ğı­dır. Dilini sevməyən millətini də sevə bilməz. Hər iki­si­ni sevən kəslər üçün Vətənin hüdudu millətin öv­lad­larının yaşadığı ərazilərə gedib çatır. Millətin hər bir övladının nəfəs aldığı (yaşa­dı­ğı) yerlərə gedib çıxır. Belə olduqda Vətən anlayışı böyüyür. Millətin hər bir övladının yaşadığı ərazi və­tən kimi qəbul edilir. Vətən üçün ən işıqlı yol doğma ana dilindən başlayır. Milli ruh doğma ana dili vasi­tə­si ilə minləri, milyonları bir-birinə bağlayır. Azər­bay­can dili Azərbaycanda yaşayan hər bir millətdə Vətən anlayışını doğmalaşdırır. Yəni Azərbaycan dili Azərbaycanı bu məmləkətdə yaşayan hər bir vətən­da­şın vətəninə çevirir. Vətən anlayışı Azər­baycan dili vasitəsilə sevilir. Vətəninin nüfuzu artdıqca, Azər­bay­can dövlətinin nüfuzu da artır. Azərbaycan di­li­ni bu məmləkətdə yaşayan hər bir vətəndaş öyrənir və se­və-sevə işlədir. Bununla belə, Azərbaycan dili bu ölkədə yaşayan etnosların dilinə müdaxilə etmir, heç bir etnosun dilinə kölgə salmaq siyasəti güdmür. Ək­si­nə, etnoslara dil azadlığı verir. Bu gün ləzgilər, talışlar, kürdlər, tatlar, saxurlar, buduqlar, qrızlar və digərləri öz doğma dillərində danışır, adət-ənənə­lə­ri­ni qoruyur və yaşadırlar. Bu, bir tərəfdən Azərbaycan Respublikasında yaşayan etnoslara yaradılmış dövlət qayğısı, digər tərəf­dən isə Azərbaycan dilinin yarat­dı­ğı imkandır. Azər­bay­can dili bu məmləkətdə yaşa­y­an başqa xalqların dillərinin işləkliyinə imkan ya­rat­maq gücündə, sə­xa­və­tin­də olan bir dildir. Bu, həm də Azərbaycan dilinin bö­yük­lüyü, başqa dillərə olan say­ğılı münasibətidir. Uzun illərdir ki, bu cür müna­si­bət əsasında Azərbaycandakı ləzgilər, talışlar, tat­lar, kürdlər, saxurlar, buduqlar, qrız­lar, eləcə də digər etnoslar öz dillərini qoruyur və yaşa­dı­r­lar. Dünyanın müx­təlif yerlərində yaşayan etnoslara münasibət bir­mənalı deyildir. Bəzi yerlərdə etnosların dilinə yasaq qoyulur, etnosların dilinin işlənməsinin qar­şısını alır­lar. Ona görə də belə bir mövzuya bədii əsərlər həsr olunur. Belə əsərlərdən biri ədəbiyyat üzrə Nobel mü­kafatçısı Harold Pinterin (1930-2008) “Dağlı dili” əsəridir. Londonlu Harold Pinterin “Dağlı dili” əsə­ri­nin (pyesinin) məzmunu belədir: Cavan və yaşlı qa­dın məhbusda olanları görmək üçün həbsxanaya gə­lir. Ancaq onlar saat doqquzdan həbsxanada olsalar da, saat beş olmasına baxmayaraq məhbuslarla görü­şə bil­mir­lər. Üstəlik onların üstünə it buraxırlar. İt qoca qa­dı­nın baş barmağını dişləyir. Bəlkə də qoca qa­dının baş barmağını xilas etmək mümkün olma­ya­caq. Bu qadın­la­rı həbsxanadakı serjant təhqir edir. Serjant deyir: “Si­zin ərləriniz, oğullarınız, atalarınız, görüşmək ümidilə gizlədiyiniz bütün şəxslər əclaf­dır­lar. Onlar dövlətin düş­mənidirlər. Zibildirlər”. Həbs­xa­nadakı zabit isə qa­dın­lara deyir: “İndi mənə qulaq asın. Siz dağlardan en­mi­siniz. Məni eşidirsiniz? Dili­niz ölü dildir. O, qadağan olunub. Burada sizin dildə danışmaq olmaz! Ərlərinizlə öz dilinizdə danışa bilməzsiniz. İcazə yoxdur. Ay­dın­dır? Öz dilinizdə da­nışmaq yasaqdır. Bu dil qanun­suz­dur. Yalnız pay­tax­tlıların dilində danışmaq olar. Burada an­caq bu dildə danışmağa icazə var. Əgər dağlı dilində da­nış­mağa cəhd göstərsəniz, ciddi cəzalandırıla­ca­q­sı­nız. Bu, əmrdir. Hərbi əmr. Qanun. Sizin diliniz yasaq­dır. O ölüb. Kimsə sizin dildə danışa bilməz. Bu dil yox­­dur. Sualınız var?” Cavan qadın isə deyir: “Mən dağlı dilində danışmıram”.

Zabit serjanta anladır ki, cavan qadın dağlı di­lin­də danışmır və o, heç dağlı da deyildir. Sonra Conson adlı cavan qadın ərini görmək üçün həbsxanaya gəl­diyini və bu, onun hüququ olduğunu zabitə və ser­janta deyir. Za­bit bir daha əmin olur ki, cavan qadın dağlı deyildir.

Nəhayət, həbsxanada görüş başlayır. Yaşlı qadın məhbusla görüşür və onunla kənd ləhcəsində danışır. Gözətçi əlindəki zopayla yaşlı qadını dümsükləyir və ona deyir ki, burada kəndli dilində danışmaq qa­da­ğan­dır. Burada şəhər dilində danışmaq lazımdır. Məh­bus gözətçiyə deyir ki, yaşlı qadın şəhər dilini bil­mir, şəhər dilində danışmır.

Bəlli olur ki, yaşlı qadın məhbusun anasıdır. Məh­bus görür ki, onun anasının baş barmağını diş­lə­yib­lər. Yaşlı qadın məhbus oğluna deyir ki, sənin tifillərinin (uşaqlarının) gözü yoldadır. Sən qayı­dan­da görəcəksən ki, onlar sənin yolunu necə sə­bir­siz­lik­lə gözləyirlərmiş. Elə bu anda gözətçi deyir ki, mə­nim üç uşağım var. Məni zibilə salmayın. Yəni kən­dli dilində danışmayın. Məhbus ona deyir ki, mənim də üç uşağım var. Gözətçi elə bilir ki, məhbus onu ələ salır. Ona görə də telefonla serjanta deyir ki, bu­ra­da bir məhbus onu ələ salır, zarafat edir.

Məhbus anası ilə doğma ana dilində danışmaq is­təyir. Ona görə də cavan qadın başı qatır ki, bu im­kan yaransın. Serjant deyir ki, bu cavan qadın məh­busun arvadıdır. Onu darvazadan içəri buraxmaqda düz et­mə­yiblər. Məhbus anasına deyir ki, “Anacan, sən da­nış. Ana, səninləyəm axı. Eşitmirsən? Mənimlə öz di­li­mizdə danışa bilərsən”. Araya sakitlik çökür. Məh­bus yenə də deyir: “Ana, eşitmirsən? Mən indi öz di­limizdə danışıram axı. Sən eşidirsən? Öz dili­miz­də de­yirəm! Eşitmirsən bəyəm? Sən məni eşit­mir­sən?”

Görüş otağında vəziyyət dəyişir. Gözətçi deyir ki, indi qaydalar dəyişib. Növbəti təlimata qədər doğ­ma dildə danışmaq olar. Gözətçi məhbusa deyir: “Ona de ki, öz dilində danışa bilər. Növbəti təlimata ki­mi da­nış­maq olar”. Məhbus anasına bunları desə də, anası reak­siya vermir, hərəkətsiz bir haldadır. Elə bu an serjant otağa girir, dizi üstə yerə düşmüş məh­bu­su görüb deyir ki, “güzəştə gedirsən, kömək əli uza­dırsan” bunların heç vecinə də deyil. Etnoslara və onların dillərinə olan biganəlik o yerə gətirib çıxarır ki, on illər ərzində neçə-neçə etnosun dili ölü dilə çevrilir. Etnoslar və onların dilləri la­qey­dliyin, biganəliyin qur­banı olur. Dünyada olan ölü dillər barədə düşü­nər­kən dövrümüzə qədər mövcud olan saysız-hesabsız ha­di­sə­ləri xatır­la­ma­lı oluruq. Əlbəttə, bu hadisələrin hamısını yox. Çünki bu, imkan xaricindədir. Bildiyimiz kimi, tarixdə elə xalqlar olub ki, dilləri də, özləri də nüfuzlu olub. İndi tarix səh­nə­sindən yoxa çıxıblar. Məsələn, şu­mer, ak­kad, elam dil­ləri kimi. Tarixin belə analogiyaları olub və ola­caq­­dır. Bəlkə də bunu hazırda ən nüfuzlu dil olan ingilis dili barədə də düşünmək olar. Bu düşüncəni 1983-cü ildə ədəbiyyat üzrə Nobel mükafatı almış Uilyam Qoldinqin Nobel nitqi də təsdiq edir. Daha doğrusu, Uilyam Qoldinqin Nobel nitqi bu düşüncəni daha da israrlı edir. O, nitqində deyirdi: “Mənim dilim ingils dilidir və inanıram ki, bu dili qədim və müasir dillərlə müqayisə etməkdən qorxmayan kifayət qədər şair və yazıçı hələ də var. Amma bu gün palıd kimi qol-budaq atıb çox geniş yayılmış bu dil zanbaq kimi kiçik və zərif olan, dar bir məkanda işləyən dilə nisbətən daha çox ziyan çəkə bilər. Bu dil reklam, naviqasiya, elm, rəsmi danı­şıq­lar və konfranslar üçün vasitəyə çe­v­ri­lərək öz əhatə dairəsini geniş­lən­dirib, bütün dünyaya yayılır. Yüzlərlə siyasi partiya hər gün bu dildən isti­fadə edir. Hər tərəfə baş vurub çox böyük gərginliklər dəf eləyən bu dil olsun ki, bəzən bir qədər də cılızlaşır. İnsan ingilis di­lin­də fikirləşə bilər ki, o, kiçik, amma məşhur audito­riyaya, yaxud da, olsun ki, öz ailəsinə, ya da dostlarına müraciət edir; bərkdən danışaraq fikir­ləşir, yaxud yuxuda sayıqlayır. Sonradan isə ona əyan olur ki, özü də fərqinə varmadan dünyanın böyük bir his­səsini təşkil eləyən auditoriyaya müraciət edirmiş. Bu, qorxulu fikirdir. Həqiqətən də, mən bu il çoxsaylı ame­ri­kalı laureatların əhatəsində belə bir müza­kirə­dən zövq alıram ki, Avropanın qərb sahillərində ya­şa­yan­lardan dəfələrlə çox olan insan kütləsi mənim ana dilimin müxtəlif çalarlarında danışa bilər, amma hər halda, onların hamısı əsas ingilis dilinin dialekt­lərində danışır­lar. Şəxsən mən deyə bilmərəm ki, çox­saylı dia­lekt­ləri televiziya və süni peyklərin kö­mə­yi ilə oldu­ğun­dan daha böyük sürətlə uzaq məsafədən toplayıb məc­mu halında təmsil eləmək ağılasığan işdir, amma müəyyən məqam­da ingilis yazıçısını milyonlarla insan ya birbaşa, ya da əsasən başa düşür”.

Dillərin dialektal variantlarının yaranması həmin dillərin ədəbi dil normalarının unifikasiyası prosesinə mənfi təsir göstərir. Onda normanı müəyyən­ləş­dir­mək də çətinləşir. Bu mənada ingilis dilinin dialektal variantları ingilis dilinin vahid ədəbi dil normalarının sabitləşməsinə, anlaşılmasına maneçilik edir.

Təbiətdə Allahın yaratdığı hər bir şey poezi­ya­dır. Gül, çiçək, ağac, kol-kos - hər bir şey poeziyadır. Yağışın yağması, küləyin əsməsi, ildırımın çaxması – bunların hamısı poeziyadır.

Gül-çiçək üzərinə arının qonması və şirə çək­məsi poeziyadır. Quşların civiltisi, çəyirtkənin səsi – hamısı poeziyadır. Bir sözlə, təbiətdə poeziya ol­ma­yan heç nə yoxdur. Nə varsa, onların hər biri poezi­yadır. Quşların uçuşu, çayların axması, balıqların üz­məsi poeziyadır. Quşlar çay, göl, dəniz suyunun üzə­rin­dən uçarkən bəzən ayaqlarını, qanadlarını suya toxunduraraq uçurlar. Bu zaman onların ayaqlarının, qanadlarının suyun səthinə toxunduğu yerdə suyun rəqslənməsi baş verir. Bu da poeziyadır. Ancaq gərək bunu görə biləsən, duya biləsən. Bu cür mənzərələrin rəssamlar fırça ilə, şairlər sözlə şəklini çəkirlər. Bun­ların özü də poeziyadır. Ancaq sözlə yazılanlar, çə­kilənlər əsl poeziyadır. Əsl poeziya isə sözə, yəni dilə borcludur. Bu mənada Azərbaycan dilində yazılan­la­ra, əsl poeziyaya görə Azərbaycan dilinə borcluyuq. Azəbaycan dilinin imkanları qarşısında acizik.

Buludxan Xəlilov,
filologiya üzrə elmlər doktoru, professor


Facebook-da paylaş


Mostbet - Təhlükəsiz və etibarlı bir oyun mühitində bahis edin. . On the site sunrise27.ru создание сайта хабаровск.