İlham Əliyev - xalqın arzularını reallaşdıran lider

 
      Azərbaycan Respublikasında növbədənkənar Prezident seçkilərinin keçirilməsi ölkəmizin yeni inkişaf mərhələsinə daxil olması ilə əlaqədardır. Prezident İlham Əliyev ölkəmizə rəhbərlik etdiyi bu illər ərzində dövlətimizi bütün istiqamətlər üzrə böyük addımlarla və qətiyyətlə irəli aparmışdır. Həyata keçirilən uğurlu xarici siyasət ölkəmizi regionun və dünyanın söz sahibi səviyyəsinə qaldırmışdır. Müzəffər Ali Baş Komandan xalq-ordu-lider həmrəyliyindən yaranan “Dəmir Yumruğu” ilə Azərbaycanın əsas problemi olan Qarabağ məsələsini məharətlə həll etdi. Prezident İlham Əliyevin boyük sərkərdəliyi altında ordumuz 44 gün ərzində erməni işğalçılarını Azərbaycan torpağı olan Qarabağda darmadağın etdi və xalqımıza böyük Zəfər qazandırdı. Azərbaycanın hər yeri bizim üçün Vətəndir, lakin insanın doğulduğu, boya-başa çatdığı torpaq daha əzizdir. 27 il yurd həsrəti ilə yaşadıq. 58 yaşımda yenidən Cəbrayıla – doğma torpağıma qayıdanda özümü xoşbəxt hiss etdim, bu torpaqlar bizim üçün həm doğma, həm də müqəddəsdir. Çünki şəhidlərimizin qanı bahasına azad edilib, ərazi bötövlüyümüz bərpa olunub. 2023-cü ilin 20 sentyabrında bir günlük uğurlu hərbi antterror əməliyyatından sonra Qarabağda illərdi davam edən separatçı rejimin mövcudluğuna son qoyuldu. Nəticədə Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi tam bərpa olundu. Beləliklə, Azərbaycan Respublikası müstəqil dövlət kimi özünün bütün strateji hədəflərinə nail olmuş, qarşısına qoyduğu vəzifələri layiqincə həyata keçirmişdir. İndi inamla deyə bilərik ki, Azərbaycan Respublikası yeni inkişaf mərhələsinə daxil olub.

Müasir inkişaf mərhələsinin irəli sürdüyü çağırışlar növbədənkənar Prezident seçkilərini keçirilməsini şərtləndirən ən mühüm səbəbdir. Xalqımız əmindir ki, qarşıdakı böyük qlobal və mühüm regional problemlərinin həllində artıq ən mükəmməl lider səviyyəsinə yüksəlmiş İlham Əliyev şəxsiyyəti, siyasi dünyağörüşü və elmi-sərkərdəlik potensialı əsas və həlledici əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin dövlət başçısı kimi möhkəm siyasi iradəsi, tarixi xidmətləri, zəngin təcrübəsi, beynəlxalq aləmdə qazandığı yüksək nüfuz onu xalqımıza əbədi sevdirmişdir. Vətən müharibəsindəki Zəfərdən sonra Qarabağa Böyük Qayıdış başlayıb. Bu seçkilər ölkəmizin ərazi bütövlüyü şəraitində keçiriləcək seçki olaraq tarixə düşür. Bu gün də Azərbaycan xalqı bu Qələbə əhval-ruhiyyəsini böyük coşqu ilə yaşayır. Bu Qələbə xalqımıza, xalqımız da bu Qələbəyə layiqdir. Hazırda Azərbaycan regionun lider və qalib ölkəsi kimi Prezident, Müzəffər Ali Baş Komandan və qətiyyətli Lider cənab İlham Əliyevin rəhbərliyi ilə öz yeni gələcəyini inşa edir. Azərbaycanda bütün sahələrdə quruculuq, inkişaf, islahat, yüksəliş müşahidə olunmaqdadır. Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərimizdə sürətli yenidənqurma və bərpa işləri həyata keçirilir. 30 il ərzində xarabazara çevrilmiş torpaqlarımızda çoxdan canlanma müşahidə olunmaqdadır. İnanırıq ki, 3-5 il ərzində həmin yerlər cənnətə çevriləcək. Ölkənin digər bölgələrində də sürətli quruculuq-abadlıq işləri həyata keçirilir. Prezidentin müntəzəm olaraq bölgələrə etdiyi səfərlərdə yeni obyektlər açılır, infrastruktur layihələri icra olunur. 

     Elm və təhsilə, səhiyyəyə, hərbiyə, mədəniyyətə, sosial-iqtisadi məsələlərə, bir sözlə bütün sahələrə dövlət başçısının xüsusi diqqəti və qayğısı müşahidə olunur. İşinin çoxluğuna baxmayaraq hər bir sahə ilə, bəzən həmin sahədə söz sahibi olan insanlarla ayrı-ayrılıqda maraqlanır, problemlərin həlli üçün qətiyyətli addımlar atır. Vətəndaş dövlətini, onun başçısını daim öz yanında görür, güvəndə olduğunu hiss edir. Yuxarıda sadaladıqlarımı əsas götürsək inanıram ki, Azərbaycan ziyalıları, o cümlədən Azərbaycan Dövlət Pedaqoji Universitetinin çoxminlik kollektivi 7 fevral 2024-cü ildə ölkəmizdə keçiriləcək növbədən kənar Prezident seçkilərində ən layiqli namizədə - ölkəmizi, xalqımızı qələbədən qələbəyə aparacaq liderə İlham Əliyevə səs verəcək.

 Əli Zalov,
 Azərbaycan Dövlət Pedaqoji Universitetinin Analitik və üzvi kimya kafedrasının müdiri, professor


Facebook-da paylaş