"Kasıblar kəndinin əhvalatları " povesti haqqında düşüncələr.


   Məhərrəm Şırlanlı Qarabağa qarıc-qarıc bələd olan,  həm təkpartiyalılıq, həm xaos dövrünü, həm də müstəqillik dönəmini yaşayan  nəslin tanınmış nümayəndələrindən biridir. Maraqlı, oxunaqlı , bədii- estetik baxımdan dəyər kəsb edən yaradıcılığı ilə oxucuların qəlbinə yol tapmağa çalışır və çox vaxt buna nail olur. Məhərrəm Şırlanlının nəsrini oxuyanda onun poetik ruhunu, şeirində də nəsr yaradıcılığının bədii imkanlarını kəşf etmiş olursan.Hər iki halda müəllif vətəndaşlıq duyğusu, milli heysiyyat və milli düşüncə ilə yazıb- yaratmağı varlığından gələn doğal hisslərlə ortaya qoyur. Bütün qarabağlılar kimi  o da bizə, bizim "Qarabağa aparan yol" un redaksiyasına doğmadır və hər zaman qapımızı doğmalıqla açaraq bizimlə fikir və düşüncələrini paylaşmaqdan zövq alır. Son dəfə gələndə də əliboş gəlməmişdi, "Kasıblar kəndinin əhvalatları" povestilə gəlmişdi. Povestə istedadlı qələm dostumuz Sərvaz Hüseynoğlu kitabla oxucu arasında körpü yarada bilən maraqlı bir ön söz yazmışdır. 

Yay aylarına təsadüf edirdi, məzuniyyət günlərimin bir neçə gününü doğma Qarabağı ziyarət etməklə keçirdim və povesti də özümlə Qarabağı gəzdirib gətirdim, təəssüf ki, Məhərrəm müəllimin özünə imza seçdiyi Şırlan deyilən məkana gedə bilmədim, lakin  mənəvi mədəniyyət tariximizin qədim beşiyi sayılan Şuşanın kəndlərini seyr etdikcə əziz dostum Əyyub Şırlanlını və povestini yenicə oxuduğum Məhərrəm Şırlanlını da xatırladım . Yay fəslində də zirvəsini çən almış dağlara tamaşa etdikcə şairin  misralarını da dodaqaltı pıçıldadım:

Dağların qoynunda doğuldum bir gün,
Dağların qoynunda sürdüm ömür-gün.
İndi bu dağlara tərif yazmasam,
Dağlar Məhərrəmi qınayar bir gün.

Əslində bu bir parça şeir də " Kasıblar kəndinin əhvalatları " povestindən, yəni Məhərrəm Şırlanlının kitabından bir yarpaq kimi yaddaşımda qalıb...

Povest isə düşündüyünüz kimi deyil, kəndin mərd və mübariz insanlarından bəhs etmir, müəllif tamam fərqli bir ədəbi xətt seçərək, cəmiyyətin mənfi tiplərini, zədələnmiş xarakterlərini bir kəndə toplayaraq, sanki dünyanın şər qütbünü məsafə baxımdan hər birimizin bəsirət gözünə yaxınlaşdırmaqla özünün ədəbi funksiyasını yerinə yetirmiş olur.Hadisələr hansı kənddə vaqe olur, bura dünyanın harasıdır , Azərbaycanın hansı bölgəsidir onu da tam dəqiqliklə kəsdirə bilməzsən.Zaman isə müəyyən qədər məlumdur, torpaqlarımızın işğalı dövründən başlamış müstəqillik illərinin əzablı yollarında durğun və bulanıq suların durulmağa başladığı dönəmlər...hələ üstəlik müəllif ədəbi- bədii manevrlər edərək postsovet dövrü ilə müasir cəmiyyət həyatında müqayisələr apararaq sağlam qənaətlər hasil etməyə yardımçı olur.
Təəssüf doğuran hal odur ki, Məhərrəm Şırlanlı bədii obrazların hər birini mənfi çalarda təqdim edir və oxucu düşünə bilər, yazıçı nədən bizi əhatə edən dünyanı qara rəngdə göstərməyə çalışır. Belə demək mümkünsə dünyada pisliklər, yaramazlıqlar, yaxşılığı hər vəchlə dəfn etməyə çalışanlar o qədər artıb ki, yaxşılar və yaxşılıqlar da görünməz olub. Müəllifin təqdim etdiyi obrazlar- Hüseynqulu ,Hacı Talış, Molla Məzlum, Hacı Soltan, Darğa Mərhəmət, Temir bəy və digərləri hər biri kəndin imkanlı,  varlı- hallı adamlarıdı, lakin bu adamların hər birinin həyatı haram üzərində qurulub , sanki bu kənddə ancaq haramzadələr yaşayır. Biri bələdiyyə sədridi, biri kəndin axundudu, biri təsərrüfat sahəsi üzrə cavabdehdir, biri tikinti sahəsi üzrə və sair...amma heç kimi doğru - düzgün işləmək , halal çörək qazanmaq istəmir və bu kənd  də əslində ona görə kasıbdır ki, bu coğrafiyada başbilənlər özləri belə mənəvi yoxsulluq həddində yaşayır, olduqları mühiti də bataqlığa döndərməklə məşğuldurlar. Həyatını əclaflıq üzərində quranların obrazını dolğun təsvir etmək, onların yaramaz əməllərini ifşa etmək üçün müəllif müxtəlif əhvalatları zəncirvari şəkildə  canlandırır. "Şikayət məktubları", " Əsirlik əhvalatı", "Traktorçu Temir", "Hacı Soltan", "Toyuq ətindən ehsan", "Mollanın hiyləsi", "Kredit əhvalatı ", "Dələduz hacı", " Darğa Mərhəmət" və  "Dəfn mərasimi " kimi bölmələr ayrılıqda hər birimizin cəmiyyət həyatında müşahidə etdiyimiz və çoxumuzun həyatımıza yansıyan hadisələrdir ki, gəlib yazıçı qələmindən keçərək ədəbiyyat köşəsində yer alıb. 

Məncə əsərdə yazıçının əsas məqsədi, gördüyü naqislikləri bir araya gətirməkdəki başlıca məramı odur ki, pislər olmasa yaxşıların da qədri bilinməz və həyat təkcə pislərdən ibarət olsa insanın ayağı yer tutmaz, yer özü sürüşüb ayaqlarımız altından qaçar."Kasıblar kəndinin əhvalatları"ndakı çapqınçılar, məmləkəti talan edənlər , məzlum və fağırları aldadaraq əllərindəki azacıq sərmayəni də minbir fəndlə özlərinə tərəf çəkənlər bütövlükdə yurdun tərəqqi etməsini əngəlləyir, ölkəni mənəvi və iqtisadi inkişafdan geri atır.

Əsərdə təsvir edilən hadisələrin fonunda çox mətləblər düşünürsən, toy və yaşlardakı israfçılıq, birinci Qarabağ savaşında uduzmağımızın əsas səbəbləri ,səbəbkarları, uzun illər erməni riyasına göz yumaraq onlara dost, qardaş gözü ilə baxmağımız, bir çox hallarda vəzifə kürsülərini milli maraqlardan üstün tutmağımız, torpağı həqiqi sahibinə- kəndliyə deyil, sərvət toplamaq istəyən maşşenniklərə, dələduz alverçilərə verməyimiz və sair kimi məsələlər əsərin yaratdığı təəssürat nəticəsində dərin düşüncələrə vəsilə olur...
Əsərdə səthi də olsa müharibə elementləri də var və yazıçı birinci Qarabağ savaşından xırda bədii detallar yaratmaqla qanlı- qadalı illərin  yaddaşdakı yerini müəyyənləşdirməyə çalışır, əsas da əsir düşmüş insanların iradə və əzminin zorlanması oxucuda mənəvi sarsıntılara səbəb olur, müharibəyə, müharibə törədicilərinə  lənət oxumadan keçmirsən.

" Kasıblar kəndinin əhvalatı" povestinin ideoloji əsaslarından biri də odur ki, yoxsul insan, maddi gücə dayanaqlanmayan insanı kapitalizm məngənəsi ruhunun, mənliyinin dərinliklərinə kimi əzərək onun baxışlarını, fiziksəl və mənəvi qamətini də sındırmış olur...

Bir sözlə əsər hər addımda haqsızlıqla, ədalətinin tapdalanması ilə qarşılaşmış insanın - yazıçının qələm səsidir.Amma bütün bunlar dünyanın üzünü bütünlüklə qaralaya bilməz, yazıçı qələminin boyasını nə qədər tünd etsə belə...şər varsa, demək Xeyir də var axı. Əsərdən doğan əsas məntiq də budur və yazıçı özü də yazdıqlarının alt qatında Xeyirə söykənib, şərin simasının bədii rəsmini cızdıqca Xeyirə güc- qüvvət gətirmiş olur...

Povest sadə və rəvan bir dildə yazılıb , cümlələr ,ifadələr, fikirlər aydın və səlistdir, yazıçının özünün yumorlu təbiəti də kitaba əlavə bir gözəllik gətirir. Yumorla kədər yanaşıdır, qüssə səni boğanda yumor haraya çatır, gülüş səni aparanda kədərin əsintilərini duymuş olursan.
Bu məziyyətlər də kitabın rahatlıqla oxunmasını təmin etmiş olur.

Dostumuz Məhərrəm Şırlanlıya cansağlığı və yeni ədəbi yaradıcılıq uğurları diləyilə ...

Fariz Çobanoğlu,
Yazıçı-publisist


Facebook-da paylaş