DÜNYA BIR PƏNCƏRƏDİR, HƏR GƏLƏN BAXAR GEDƏR... (davamı)

 
Artıq dünyanı koronovirus cənginə almışdı. Bacım Mahirə xanım, yoldaşı Mürvət koronadan xəstələnmişdilər. Mahirə nisbətən asan keçirmişdi bu xəstəliyi, ancaq Mürvətin vəziyyət çox ağırlaşdı. Sonralar onu müalicə edib, təhlükəni sovuşduran Nasir həkimi mən də tanıdım. O, bizim hamımızı bu virusa qarşı müalicə etdi. 
Koronaya yoluxmuş bacım Səfurə xanımın da vəziyyəti çox çətin idi. Sonralar Mahirənin həkimə verdiyi məsləhət, həkimin həmin məsləhəti qəbul etməsi və bunların müsbət nəticə verməsi Mahirə xanımın nə qədər güclü müşahidə qabiliyyətinin olduğu qənaətiniə gəldim.
Demək, Mahirə xanım görür ki, bacısı Safurə xanımın vəziyyəti pisdir:
-Həkim mən televizorda görmüşəm Türkiyədə həkimlər bu xəstəliyi keçirən adamların qanından götürüb, yenicə xəstələnən başqa insanların damarına vuranda onlar tez sağalır, -deyir. Mən, bu xəstəliyi təzə keçirib qurtarmışam. Bəlkə mənim qanımdan bacma vurasınız. Yəqin xeyir eliyər. 
Bu təklif həkimin ağlına batır. Tez hər ikisinin şəxsiyyət vəsiqəsində qan qruplarının uyğunluğunu yoxlayır. Bundan sonra qan köçürmə əməliyyatını aparır. Bir neçə gündən sonra Safurə xanım dirçəlib ayağa durur.
Onun dalınca, Novruz bayramından bir iki gün sonra anam da koronaya yoluxdu. Anam hər dəqiqə bu ölümcül xəstəliklə həyat uğrunda mübarizə aparır, təslim olmaq istəmirdi. Bu yaşı adamı xəstəlik üç aya qədər dirçəlməyə imkan vermədi. Bu müddət ərzində anam qardaşımız İsmayılın evində oldu. O zaman anama qulluq eləmək üçün Mahirə də  onula orada qaldı. Nasir Həkim burada da özünün qan köçürmə təcrübəsindən istifadə etdi. Anamın qan qurupu IV idi. Farizin qızı Məhsəti xanımın qan qrupu uyğun gəlirdi. Məhsəti nənəyə can-başla kömək elədi.
Anam bu dəhşətli xəstəlikdən, dünyanı ölümə çəkib aparan bəladan qurtuldu. Ancaq bu xəstəlik onun bəzi orqanlarını, əsasəndə ürəyini zədələmişdi. Bundan sonra anam təxminən üç iki il altaydan bir qədər artıq yaşadı. Bu müddət ərzində o Mahirə xanımın yanında, tam nəzarətində oldu. 
Mən tez-tez anama baş çəkməyə gedirdim. Hər gün bir neçə dəfə telofonda görüntülü yığıb danışırdıq. Hər görüşümdə ay ana, maşallah olsun çox qəşəng görünürsən deyəndə - ay bala, daha qəşəngliyim yoxdu, siz sağ olun – deyirdi.
Anamı son iki ildə rayonumuzda çox yaxşı tanınan Məhəmməd həkim Məstəliyev müalicə elədi. Məhəmməd həkim anamı özünün gənclik illərindən tanıyırdı. Bu hadisə belə olmuşdu.
Atam, babası Zalın xırman yerində, Şirvan bulağının düz üstündə çox böyük, eni-uzunu təxminən iyirmi metrdən artıq olan ikimərtəbəli ev tikdirmişdi. Bu evdə biz iyirmi üç il yaşadıq, toy elədik, şənlik qurduq. Burada bizim çox fərəhli günlərimiz oldu. 
Gözlərimi yumub keçmişə, bu günlərdən uzaqlara qayıdıram, büsbütün ötənlər aləminə, içəri dünyama çəkilirəm. O dünyaya ki, orada vaxt – saat, gün, ay, il anlayışı yoxdu. Keçmiş də indiki kimi gerçəkdir, gözlərimin qabağındadır. İnsanların da hamısı – bu dünyadan köçənləri, haçansa ömrümdən keçib-gedənləri belə diridirlər, budur burdadırlar, danışırlar, gülürlər, ağlayırlar, əl eləyirlər. 
Bu evdə bir dəfə bizi sarsıdacaq dəhşətli bir hadisə oldu. O gündən az qala əlli ilə yaxın vaxt keçib. Ancaq bu hadisə anbaan, saatbasaat yadımdadır. Biz tərəfdə payız çox sərt – dumanlı, yağışlı keçir. Bir dəfə gecə tufan başlayır. İldırım çaxır, göy guruldayır, şimşəyin dili göydən yerə qədər uzanır. Evin aşağısındakı dərədən şaqqıldayıb gedən selin nəriltisi, bir-birinə çırpılıb parça-parça olan daşların şaqqıltısı yeri-göyü lərzəyə salırdı. Zülmət qaranlıq gecədə şimşək çaxanda Gordu babadan tutmuş, ta Cəbrayıl ataya qədər hər tərəf süd kimi ağappaq işıqlanırdı. Belə havalarda kənddə elektrik kəsilirdi, bu da onsuz da qaranlıq olan payız gecəsini daha çox zülmətə bürüyürdü. Evin damına yağan yağışın suyu navalçalara yerləşmir, hər tərəfdən elə bil, aşağıya, göydən yerə çay tökülürdü. Nədənsə, nigaran qalan anam bu dəhşətli gecədə ikinci mərtəbədən bayıra çıxmaq istəyir. O zaman hələ tikintinin tamamlanmamış bəzi yerləri var idi. Necə olursa – bəlkə də ildırım vurur, ya da çaxan şimşəyin parıltısından gözləri qamaşır, yolu itirir, yaxud tufanın qüvvəsi onu götürüb atır, – bir sözlə, anam ikinci mərtəbədən yıxılır aşağıya. Bu hadisədən heç kimin xəbəri olmur. Səhər açılanda biz anamı huşsuz vəziyyətdə həyətdə divarın dibində tapdıq. 
Telefon yox, yolları da axşamdan sel yuyub aparıb. Anamı rayona xəstəxanaya çatdırmaq müşkülə çevrilir. Yaxın qohumumuz olan Məhəmməd oğlu Əhməd bu uzun yolu yüyürə-yüyürə rayona gəlir və bir neçə saatdan sonra gələn təcili yardım maşınıda gənc Məhəmməd həkim vacib tədbirləri görərək anamı rayona xəstəxanaya çatdırır. Anamın ilkin müalicəsini hələ gənc yaşlarından istedadlı cərrah kimi rayonumuzda şöhrət tapmış həkim Cəlal Babaşov aparmışdı.
Sonradan Bakıdan xüsusi həkim briqadası anamı müayinə etmək üçün gətirilir. Bakıdan gələn tanınmış həkimlər müayinədən sonra atama bildirirlər ki, həkim cavan olmağına baxmayaraq çox düzgün və dəqiq müalicə aparıb. Bu gün Məhəmməd Məstəliyev və Cəlal Babaşov respublikamızda tanınmış kardioloq və cərrah həkimlərdən biridir. Anamın on gündən sonra dili açılır. Sonralar anam həmişə atamı nəzərdə tutaraq deyirdi: – Kişi bir ətək pul xərclədi, Bakıdan həkim gətirtdi. Yoxsa mən çətin sağalardım.
***
...Artıq illər geridə qalmışdı. Atam Zal kişi ilə anam Tovuz xanımın illərlə əl-ələ verib böyütdükləri övladları çoxdan pərvazlanıb doğma yuvadan uçmuşdular. 
Yadımdadır ki, anam çörək bişirəndə az qala bir böyük kisə unun xəmirini yoğurardı. Bəzən qışda qar o qədər çox yağırdı ki, ocaq qalayıb, sac qurmaq üçün təmizlədiyi qarın qalağı anamın oturub yuxa yaydığı zaman boyundan çox hündürə qalxırdı. İndi fikirləşirəm ki, nə qədər böyük analıq duyğusuna malik olmalısan ki, qar yığınının arasında oturub saatlarla ailə üçün çörək bişirəsən. Bütün bunları gözümün qarşısında canlandırdıqca əmin oluram ki, böyük ailəni halal zəhmətlə saxlayıb boya-başa çatdırmaq üçün anam da atamla birgə bu yükü öz üzərində axıra qədər şərəflə daşımışdı.
Anam həmişə böyük külfət üçün yemək bişirdiyindən elə ikisi – ancaq atam və anam olduqda belə, az qala on adamlıq yemək bişirirdi. Bunu görən atam həmişə deyərdi:
–Ay arvad, qabaqkı külfət yoxdu, daha bu yeməyi az bişir. 
Bunu eşidəndə, elə bil, yazıq arvadın yarasına duz tökürdün. 
Yana-göynüyə deyirdi:
– Kirpiklərimlə od götürdüm, yüz min əzab-əziyyətlə oğul saxladım, pul qazananda özgə qızları sel kimi gəlib hərəsi birini əlimdən alıb apardı. Anam özgə qızları deyəndə övladlarının həyat yoldaşlarını – gəlinləri nəzərdə tuturdu. Amma görmədim ki, bir dəfə də olsun oğullarına gəlinlərini pisləsin. Anam hər hansı bir məişət söz-söhbətində də həmişə gəlinlərinin tərəfini saxladı. Ona elə gəlirdi ki, başqa cür olarsa, övladlarının evində söz-söhbət olar, nəticədə oğlanları fikir eliyər, əziyyət çəkərlər.
Əməli ilə əqidəsi düz gəlməyən adamları sevməzdi. Deyərdi iki adam havayı zəhmət çəkib, faydasız əmək sərf edər: biri yığıb yeməyən, o biri bilib etməyən. Ac qarınların doydurulmasını Allah dərgahında ən savab işlərdən hesab edərdi. 
Dediyi bayatılar bədahətən dilindən qopurdu. 
 
Mən aşiq acı qandı,
Qəlyanın acı qandı.
Neynirsən Hacı, Kərbalanı
Qapında acı qandı.
 
İnsanlara yardım etməyi çox sevirdi. Varlı vaxtında kömək etməyən, yoxsul zamanında kömək görməz. Deyrdi əl tutmaq Əlidən qalıb.
***
...Bir dəfə anamı Məhəmməd həkimin işlədiyi klinikaya aparmışdım. Həkimlə çoxdan görüşmürdüm. Məni görəndə ehtiram əlaməti olaraq yerindən durub qabağıma gəldi. Hal-əhval tutduqdan sonra işlərimdən məlumatlı olduğunu bildidi. Və söhbətimiz gəlib atamın üzərinə çatanda atamdan eşitdiyim bir neçə bayatını dedim:
 
Məni görən ağlasın,
Zülfün hörən ağlasın.
İndi görən tanımaz,
Əzəl görən ağlasın.
 
Əzizim kəs aranı,
Doldur ver kəsaranı,
Olsan ol könül dostu
Olmasan kəs aranı.
 
Dağlardan əsən yellər,
Səbrimi kəsən yellər.
Açdım qoynuma dolsun
Üstündən əsən yellər.
 
Məhəmməd həkim bir qədər fikirli üzümə baxıb:
-Yəqin tələbələrinə yeri gəldikcə dərs keçəndə, bu bayatılardan deyirsən. Belə sözlər gənclər də ədəbiyyatımıza, tariximizə, xüsusən klassiklərimizə, ustad aşıq şerlərimizə, çox zəngin poeziyamıza böyük sevgi yaradır. 
Həkimdən ayrılanda: 
–Əli müəllim, anamızı daha bura gətirib narahat eləməyin. Bu müalicə qurtardıqdan sonra gəlib məni apararsınız evdə yoxlyaram, -dedi.
Beləliklə, Məhəmməd həkim ilə ən geci iki aydan bir, bəlkə də bir az daha tez görüşürdük. Həkim anamı bacımgil də diqqətlə müayinə edir, məsləhətlərini verirdi. 
-Mahirə xanım, sən cənnəti bu dünyada qazanmısan. Anana çox gözəl baxır, qulluq göstərirsən, -dedi.
Məhəmməd həkim hər gəlişində anamın yanında ən azı iki saata qədər oturar, müxtəlif illərdən, müxtəlif mövzulardan çoxlu söhbətlər eliyərdi. Hətta bir dəfə övladları sarıdan da anamı suala tutdu. Ay ana, övladlarından hansına beş yazarsan?
Anam da dərhal cavab verdi:
-Mahirəyə.
-Yox, oğlanlarından deyirəm, -həkim dedi.
-İnsanların ən acizi dost tapmaqda aciz olan kəsdir. Ondan da acizi qazandığı dostlardan birini itirən kəsdir. Çünki dost tapmaq onu qoruyub saxlamaqdan daha asandır. Oğlanlarımdan sizə beş yazaram, -anam dilləndi.
Həkim anamımı bir azda sıxışdırdı. Məni qoy kənara. Məndan başqa, bircə beş yazmaq imkanın var. Həmin beşi kimə yazarsan?
Anam daha tərəddüd etmədən:
-O beşin sahibi Əlidir. Əli məni bir dəqiqə də olsun unutmur. Belə övlad ana ürəyinin şah damarıdır, -dedi.
Anamın üç mərasimində Məhəmməd həkim bu “beş əhvalatını” özünün “ağıllı” hesab edənin birinə danışanda, kəskin bir ehtirazla qulaq asmadan – Kimə yazıb halal xoşu olsun, -dedi. Həmin “ağıllı” bilirdi ki, Məhəmməd həkim bu qiymət məsələsin elə belə təsadüfən demir. Mən o ağıllının adını burada çəkib söhbətimi dəyərdən salmaq istəmirəm. Ancaq onun o andakı sifəti əbədi yaddaşma həkk olunub: çox üzlər görmüş bu sifət – öz canından ayrı olan dərdə biganə, insan iztrablarına tam laqeydliyin, qansızlığın buz kimi soyuq sifəti idi. 
(ardı var) 
 
Əli Zalov,
Kimya elmləri doktoru, professor
Azərbaycan Dövlət Pedaqoji Universitetinin
Analitik və üzvi kimya kafedrasının müdiri


Facebook-da paylaş