YAXŞI VƏ PİS İNSAN...


 Anam deyərdi – yaxşı iş görənlə, pis iş görən kəs sənin nəzərində eyni səviyyədə olmamalıdır. Belə adamlar arasında cəmiyyətdə də, ayrı-ayrı adamlar yanında da bir-birindən kəskin fərq qoyulmalıdır. Yoxsa, yaxşı əməl sahibləri yaxşılıq etmək sarıdan həvəsdən düşüər, pis əməl sahibləri isə pislik etməyə meyillənərlər. 
Yaxş və pis insan haqqında fikirlərimi möhkəmlətmək üçün Əsmər Soltanovadan – ömrünün əsas hissəsini gənc nəslin təlim tərbiyəsinə həsr etmiş – təcrübəli anadan iqtibas gətirmək istəyirəm
“Hər birimizə məlumdur ki, tək olan Allahdan başqa bütün yaradılış cütlərdən – adətən əks qütblərdən ibarətdir.
Mənfi-müsbət, ağ-qara, gecə-gündüz, yaxşı-pis... Siyahını daha da artırmaq olar. Bu qütblərdən biri olmasa o birinin qədir-qiymətini bilməzdik...
İnsanın həyatla-ölüm arasındakı zaman kəsiyində bu iki qütbdən birində yer alması təkcə özündən asılı deyil, həm də onun hansı soykökdən gəlməsindən və necə tərbiyə edilməsindən daha çox asılıdır. Ancaq insan övladının valideyn seçmək şansı yoxdur. Ağıllı övlad ata-ananın ən böyük var-dövləti olduğu kimi, nəsillərə örnək yaxşı valideynlər də övladların ən böyük şansıdır!
Yaşadığı dövrdən sonra da yaxşı işləri, xeyirxah əməlləri, faydalı öyüd-nəsihətləri ilə insanların qəlbində yaşayan, xatirəsi əziz tutulan valideynlərin məqamları daim uca olar!...”
 
Anam insanın insana edə biləcək pisliklərindən bizə hələ uşaqlıq illərimizdən danışardı. Belə pisliklərdən biri rişxənd və həqarətdir. İnsanlara rişxənd və həqarət etmək adamın mənəvi aləminə zərər vurur və onun fikirlərini cılızlaşdırır. Bela adamın dostları az olur, yalqız qalır. Yalqız olan ağac heç vaxt düz olmur, həmişə əyri olur. Əyri ağac isə odun olmaqdan başqa heç nəyə yaramaz. İnsan bir-birini sevməyi, bir-birinin qədrini bilməyi bacarmalıdır. 
Atam həmişə – sağlığımda zövqülə səfa, öləndən sonra nəyimə lazımdır ah-fəryad, -deyərdi. Yaxud Cabir Novruz çox dözəl deyib: Sağlığında qiymət verin insanlara! İnsan valideynlərinə, qohumlarına, dostlarına sağlığında qiymət verməyi özünə şərəfli borc bilməlidir. Dünyasını dəyişmiş valideynlərini və qohumlarını hər an, anaraq yaddaşlardan silinməyə qoymamalıdır. Həyatda kim nə edirsə, qəlbində, içində, mənəviyyatında olanı edir, içdən, qəlbdən gəlməyən yaxşıllıqlar süni olduğu üçün, onun dəyəri ucuz, ömrü qısa olduğundan yaddaşlarda uzun müddət yaşaya bilmir...
 
***
 
Anamın otuzdan çox nəvəsi var. Onların hər biri onun bir zərrəsini daşıyır. Sevinc Hüseyn qızı ailəsi ilə birlikdə Amerikada, Vaşinqtonda yaşayır. Anam həmişə onun haqında danışanda:
-Sevinc qəriblikdədir. Balaca vaxtı mənim yanımda çox olubdu. Harda olsa baş çıxaracaq. O, məndən öyüd alıb, -deyərdi. 
Anam tərbiyə məsələsində öz dəsti-xəttinə çox güvənirdi. Hətta bizə, alim olmağınıza baxmayın – sizin bilmədiyiniz işlər çoxdur. 
Sevinc xanım anamın dediyi qəriblikdən – Amerikadan nənəsi ilə bağlı uşaqlıq xatirələrini göndəribdi. Həmin  xatirələr anamın daxili aləmini əks etdirdiyinə görə olduğu kimi bu kitabda verməyi özümə borc bilirəm.
 
Uşaqlıq günlərim və nənəmə minnətdarlıq 
 
Uşaqlıq günlərimin ən gözəl anları, o dövrlə baglı xatirələrimin əsas qəhrəmanları olan nənə və babamın yaratdığı həyat tərzi ilə bütünləşirdi. Bu, valideynlərimlə yaşamadığım bir dövr oldugu ucun o vaxtlar özümü cox da xoşbəxt hiss etmirdim. İndi geriye dönüb baxdıqda o vaxtlardan yaddaşımda cox xoş hisslər qaldıgına əmin oluram. Həm də deyərdim ki, artıiq o insanlar həyatımda olmadığı üçünn həmən xoş xatirələr bir az da nisgilə sarılıblar. 
Nənəm və babamın Allah tərəfindən mənim üçün seçilmiş insanlar olduğunu düşünürəm, çünki onlarla kecirdiyim illər, aylar mənə həyatı öyrətdi. İlk məktəbim, yoluma isıiq salan mayakla tanış olmagım qismətimdə yazılıbmış deyə düşünürəm. Nəhayət deyə bilərəm ki, hər bir günümü onların müdrik fikirləri və dünyada tutduqları  mövqe ilə işıqlandırmaq mənim üçün böyük bir şərəf olmuşdur. 
 
Nənəmin tərbiyəsi: İşgüzarlıq və vicdan 
 
Ən gözəçarpan xüsusiyyətlərindən biri, nənəmin işgüzar və vicdanlı olmağı idi. Hər bir işini təmiz, dürüst və halallıqla yerinə yetirirdi. Nənəm vicdanla iş görməyi və gördüyün hər hansi bir işə ürəyini  qoymağın əhəmiyyətini mənə dərin bir şəkildə öyrətmişdi. Onun bu prinsipləri məni daima işimə vicdanla və hörmətlə yanaşmağa sövq edir.  Ətrafımdakı insanların işlərinə biganə yanaşmaları bəzən mənə qəribə gəlir. Axı həyatımızın ən böyük hissəsi olan işimizi vicdanla və məsuliyyətlə yerinə yetirmək özümüzə və bashqalarina qarşı vicdan borcumuzdur.  
 
Gözləntisiz həyat: Özunəməxsusluq və zəfər 
 
Nənəmin bir başqa böyük dərsi isə gözləntisiz həyat tərzi idi. O, xaraktercə çox güclü insan idi. Buna baxmayaraq, bəzən o da xəstələnir ve qisa bir muddete yataga duşərdi, lakin az kecmez özünü qalxmağa məcbur edirdi. Bu cur davranış qaydaları mənə həyatda başqalarından kömək gözləməmək, öz gücümə inanmağın və ayaq üstə durmağın əhəmiyyətini öyrətdi. İndi, hər hansi bir çətinliklə üz-üzə gəldiyim vaxtlarda nənəmin vaxtı ilə mənə verdiyi həyat dərslərini özümə xatırlatdığımı və onun sözlərinin eyni ilə yıxılmamaga  məcbur etdiyimi hiss edirəm. Bu, həyat dərsləri mənə  müstəqil düşünməyi, mövcud şəraitlə mübarizədə möhkəm olmağı öyrədib.  
 
Pozitiv münasibət və nikbin ehval ruhiyyə:
Dünyağörüşü və təsiri
 
Nənəmin menim xarakterimde möhkəmlətdiyi bir başqa əhəmiyyətli dərs, başqalarına qarşı yaxşı münasibət qurmaq və həmişə nikbin əhval-ruhiyyədə olmaqdır. O, heç vaxt kimsənin, hətta duşməninin haqqında bele pis danışmazdi. Bu, gözəl tərbiyə üsulu əslində bizlərə mənfi  enerj və düşüncələrdən uzaq durmağı öyrədirdi. Onun nikbin əhval  ruhiyyəsi mənim gələcək həyatımda hər şeydə bir gözəllik tapmagıma, ən agır günümdə belə həyatdan iki deyil, dörd əllə sarılmağıma və ömrüm boyu özümü müsbət bir şəkildə formalaşdırmağıma kömək etmişdir. 
 
Minnətdarlıq və nənəmin mirası
 
Mənə elə gəlir ki, bu kiçik yazımın hər bir sətirində  nənəmin öyrətdiyi həyat dərslərini əks etdirərək, ona olan sonsuz minnətdarlığımı ifadə etmiş oluram. Nənəmin mirası – həyat dərsləri mənim xarakterimi formalaşdıraraq məni dünyanın sərt üzü ilə mücadilə apara bilən daha möhkəm və təcrübəli bir insan etmişdir. 
Bu sətirləri yazarkən nənəmin mənim üçün necə də önəmli bir tərbiyə qaynağı olduğunu bir daha iliyimə qədər  hiss edirəm. Həyat dərsləri qəlbimə əbədi həkk olunmuş nənəm hər bir addımda məi həyatın sərt üzünə davam gətirib dözməyimə stimul verir. Nənəmin mənə, eləcə də böyük bir nəslə miras qoydugu  həyat dərsləri bizim yaşam dəyərlərimizi formalaşdırdığı üçün ona hədsiz  minnətdarliq hissi duyuram...
 
Anamın mənəvi dünyasında saflıq, paklıq, yüksək əxlaqi dəyərlər hər zaman ocağın gözü kimi parlayır. Onun qəlbimizdə əbədi yaşayacaq şirin xatirələrindən qalxan xoş bir hərarət və işıq  doğmalarının könlünü isidir, gözlərini nurlandırır.
Yenə də balaca Aylanın Oca nənə ilə bağlı düşüncələrinə qayıdıram:
 
Qoca nənəm bizə xeyir ilə şərin, işıq ilə qaranlığın əbədi döyüşündə xeyirin şərə, işığın qaranlığa qalib gəlməsi haqqında əhvalatlar danışardı. Danışdığı əhvalatların çoxu ədaləti təbliğ edirdi. Əhvalatların qəhrəmanı isə özü olardı.
Qoca nənə həmişə bizi dürüst və yaxşı insan olmağa səsləyirdi. Həmişə pislikdən və pislərdən uzaq olmağa çağırardı. Pis əməl  sahibləri elə bu dünyada öz cəzalarını çəkib gedəcəklər, yaxşı insanlar yaddaşlara yaxşı əməl sahibləri kimi həkk olunacaq. Qoca nənə hər zaman hər kəsə deyərdi:
-Özünüzü pislərdən və pisliklərdən qoruyun.
2023 iyul ayında bir müddətlik Mahirə xalagilə qonaq getmişdim. Nənəyə qulluq edirdim. Bir dəfə məni yanına çağırıb dedi:
-Ayla, sən yaxşı uşaqsan. Nə vaxt çağırsam gəlib qulluq edirsən. Dərslərini yaxşı oxu. 
Mən qoca nənəmə söz verdim ki, dərslərimi yaxşı oxuyacam. Təhsilimdə möhkəm olub, Qoca nənəmə verdiyim sözü tutacam. Qoca nənəm mənim qəlbimin ən uca yerindədir. Yaddaşımda xatirələri, görkəmi, gözəl insani keyfiyyətləri əbədi məskən salan Qoca nənəmi heç vaxt unutmayacam. 
Qoca nənəm dünyasını dəyişdi, amma mənim qəlbimdə hələ də yaşayır. Bir sevgi mələyi olaraq qalacaq.
 
                                                 Nəticəniz Ayla
 
 
Atamla daim birgə addımlayan anam böyük bir ailənin sarsılmaz sütunu olmuşdur. O, daim özünə qarşı tələbkar olmuş, böyük ailənin məsuliyyətini duymuş və bütün varlığı ilə öz üzərinə düşən işi şərəflə yerinə yetirmişdir. Onun bütün həyatı, tarixi, keçmişi və gələcəyi öz ailəsinə - həyat yodaşına, övladlarına, qohum-əqrəbasına, el-obasına bağlı olmuşdur.
Bir neçə il bundan əvvəl “Atamın xatirələri” (Əli Zalov, “Atamın xatirələri”, Bakı, 2021, 226 səh.), indi isə “Anamdan sonra” – atam və anamla bağlı xatirələrimi yazanda bizim ailənin doğmalarında olan Hüseyn İsfəndiyar oğlu –  Çox həssas hiss və duyğularla, valideynlərinizə dərin ehtiram, hörmət və məhəbbətdən ucaldılmış, övlad-valideyn münasibətlərində örnək olası, möhtəşəm bir ata və ana abidəsi ucaldırsınız, -dedi.
İnsanları yaxşı işlər görməyə – özü də ayağının altı cənnət olan analar üçün – sövq etməyin özü dünyada ən savab işlərdən biridir. 
 
Əli Zalov,
Kimya elmləri doktoru, professor
Azərbaycan Dövlət Pedaqoji Universitetinin
Analitik və üzvi kimya kafedrasının müdiri


Facebook-da paylaş