KÖNLÜ VƏTƏN SEVDALI


              Əlibala Zaloğlu yaradıcılığı haqqında düşüncələrim...

 

     Dünyada nadir insanlar var. Sevgisiylə, nifrətilə, peşəsini dərindən bilməsilə, iradəsilə, dərdə-qəmə dözməsilə sıralanan nadir insanlar. Belə nadir insanlardan da biri Əlibala Zaloğludur (Zalov Əlibala Zal oğlu). O, özünün publisist məqalələri, poetik yeniliklərlə zəngin mənalı şerləri, qısa, lakonİk fikir tərzinə malik deyimləri ilə oxuculara yaxşı tanışdır. Əlibala müəllim Yazıçılar Birliyinin üzvüdür, yaxşı pedaqoq və ali məktəb işçisidir.Əlibala müəllim 60 yaşı keçib və bu yaşa çatana qədər həyatında sevinclərlə bahəm ağrı-acılar da görüb. Ən böyük ağrısı -doğulduğu torpağın, dünyaya göz açdığı Xələfli kəndinin hələ də düşmən işğalı altında qalmasıdır. İnsan bu dünyada hər bir ağrıya, itkiyə tab gətirə bilər, amma yurd ağrısı onu ömrü boyu dərdin, kədərin quluna çevirər. Necə ki,özü belə deyir.

Ən böyük dərd sinəmdə
Yurd həsrəti,yurd dərdi.
Heç fələyin özü də
Çəkə bilməz bu dərdi...
            

Yaxud başqa bir şeirində:

...Qəriblikdə bir yaralı quşam mən,
Yük əyərsə o yük üstə daşam mən.
Namərdlərin əməlindən çaşam mən,
Ağlayırsan dəli könlüm, ağla hey...

   Bütün bunlar şairin nostalji hisslərinə meydan açır, onu dünya haqqında, həyat, ömür haqqında kədərli və fəlsəfi düşüncələrə sövq edir. Zaman dəyişir, nizam- tərəzi pozulur, insanlar arasında ayrı-seçkilik yaranır, sanki həyat öz axarını itirir.

Zaman zəhər tuluğu,
Açma, içmə, ey könül.
Dünya namərd körpüsü,
Varıb keçmə ey könül.
Zaman hər şeyi ölçən,
Zaman hər şeyi biçən.
Qayçısı korşalmayan,
Qədərin biçib keçən.

     Azərbaycan poeziyasında Səməd Vurğundan üzü bəri Məmməd Araza qədər atını bir-başa çapdıran  “dünya”sonda nə sənin olur, nə də mənim. Bu qeyri adi gözəllə - “dünya”ilə həsb-hal, onunla dərdləşmək, onun gedişatından narazılıq və s. motivlər bu gün də poeziyamızda geniş yer tutur. “Məmməd Araz – Dönməz inad”, yaxud çağdaş poeziyamızın filosof heykəli Musa Yaquba müraciətlə yazdığı “Daş göyərtməz” şerləri işləri düzəlməyən bu cəncəl dünyanı nizama düzmək inadı, yaxud bu dünyanın cəngindən bezib, gücü-qüvvəti tükənmiş cəngavərin hayqırtısı eşidilir:
 

Məmməd Araz – Dönməz inad...
Uçan qaya, sınan palıd
Taleyindən gün qoparıb
Bəd küləkdən dərdin qalıb...
Qıy dərdini biz də çəkək;
Qeyrət nədi bəlkə bilək...
...Dumanları dönməz olan-
Dağa bizik həsrət qalan;
Top-tüfəngsiz biz qovulan...
İllərdir ki, söz oyunu,
Qurda verib biz qoyunu...

     Yaxud, Araz boyu çox mənəlar sezən Musa Yaquba müraciətlə yazdığı şeir Əlibala Zaloğlunun dlinin əlvanlığı, şirinliyi, oynaqlığı, poetik müşahidələrin dərinliyi, bəzən gümrah, bəzən ağrılı-acılı düşüncələrin, bəzən fərəhli, bəzən küskün hisslərin vəhdətindən yaranmış  dolğun bir fəlsəfi əsərdir. Burada Ə. Zaloğlu poeziyasının məhvəri vətən eşqi, amalı vətəndaşlıq, məqsəd və məramı onun Dünyası – Azərbaycan haqqında həm nikbin, həmdə nigaran qənaətlərdir.

Nə zillətlər görən bizik,
Hicran dərdin bölən bizik,
Gedən bizik, gələn bizik
Bu get-gəllər, daş göyərtməz.
Körpülərə daş olmuşuq,
Ağlamışıq, boşalmışıq,
Göz yaşından yaş olmuşuq,
Göz yaşları, daş göyərtməz...
...Ağam qəfil burdan ötə,
Sədasından dağ-daş titrər.
Zaloğlunun fikri bitər,
Bitən fikir daş göyərtməz.

    Əlibala Zaloğlu dərdli şairdir, çünki şairi zaman yetişdirir. Həm də dövrün siması müəyyən mənada şairdən asılıdır. Dərdin mahiyyəti başqadır, bu dərd həm fərdidir, həm də hamının dərdidir. Dərd adamı dəyişdirir. Müdrikləşdirməsə belə hər halda sinnini bir xeyli artırır. Qarabağ, Zəngəzur, Göyçə və s.param-parça olmuş Azərbaycan... Budur şairin qəlbini parçalayan, ürəyini dağlayan, sağalmaz yara... Bu yerdə fərdi və bəşəri dərdin hər ikisi bir nöqtədə birləşir.

Ey komandan, ey ordu,
Eşit mənim səsimi,
Qaytar o doğma yurdu
Yaz tarixə bu xalqın
Şanlı “ura” səsini!
Şanlı “ura” səsini!
     
Bu onun dövlətinə,dövlətçiliyinə,ordusuna və komandanına  inamından doğan fikirdir.Nə qədər ki, yurdlarından didərgin düşənlər öz torpaqlarına qayıtmayıblar, nə qədər ki, hələ həyat öz qaydasında deyil, yenə rüşvətxorluq, var-dövlət hərisliyi, yalanlar hədsiz bəlalar törədir, onda bu, dərdə çevrilir. Özü də hamının dərdinə...

Qəriblikdə biri mənə daş atdı,
Elə bildim uçdu dağlarım mənim.
Yaxud,
Eşqimlə qurduğum uçdu, saray yox,
Dağıldı özüllü divarım mənim.
...Göz yaşımla çəmənləri sulasam,
Daha bitməz yaşıl bağlarım mənim...

    Əlibala Zaloğlubaşı qarlı dağlar timsalıdır, bir anda duman gəlir dağı bürüyür, göz-gözü görmür. Bir də görürsən bir ağ yel qara buludları qovub apardı, yenədə dağ döşündə bülbül gülü, gül bülbülü çağırır. Günəş zümrüd yamaclara öz şəfəqini çiləyir. Bir sözlə o, ovqat şairidir. Qaçqınlığın, köçkünlüyün ağrı-acılarından yazanda, dünyanın gedişindən narazılığını ifadə edəndə, elə dağları duman bürüyür, onu anlayırıq. Bəlkə hamımızın ürəyindən keçənləri bir az sərt, bir az daha çılğın ifadə edir, ya da şikayətlər, gileylər eşidirik.

Bir bülbüləm çiçəyim
Niyə solub,saralıb?
Axı nəğməmin çoxu
Yurdumda əsir qalıb
 

Yaxud,

Bir halın tənədir, bir halın nazdır,
Bir halın kamandır, bir halın sazdır.
Bir halın qış isə, bir halın yazdı
Bir halın gör necə ərk ilə gedir.
 

     Bunlar onun haqqa ədalətə olan inamını itirmir. Amma sevgi şeirlərində ovqat başqalaşır, ahəng dəyişir, gözəlliyin, gözəllərin vəsfi ön plana keçir. Elə bil bir ustad el aşığının dilindən məhəbbət dastanı dinləyirsən. Onun belə sevgi şeirləri bizə ustad aşıqların qoşma və gəraylılarını xatırladır.

Bir əsməri gözəl var
Baxışı gəl - gəl deyir!.
Baxışından gül açar
Bax mənə dincəl deyir.
Çəməni düzü gəzək ,
Hər gülə göz süzdürək,
İki canda bir ürək
Olmasın əngəl deyir.
Ömür axır su kimi
Yandırıb yaxır kimi?
Mən tənha fağır kimi
Fürsətdir dur gəl deyir
Dostlar tənə etməsin,
Ömür hədər getməsin,
Eşqsiz bir an ötməsin
Gülə - gülə gəl deyir.
Gəlişin dilim açar,
Bülbüləm gülüm açar,
Bu sevgi elimə car
Olsun ; - təki gəl deyir.
Zaloğlu, bu nə sevda
Tənə sən tək səyyada
Tərlan tənha yuvada
Qalmasın; - dur gəl deyir.

     İndi isə Əlibala Zaloğlunun publisistikasından danışmaq yerinə düşərdi. XXI əsrin adamı – Ə.Zalov böyük rus mütəfəkkiri A.N.Radişşevə ünvanladığı məktublarında onu narahat edən, günümüzün reallığına çevrilən ağrıları, acıları təfəkkür süzgəcindən keçirərək təhlil edir, mənalandırır. Onun 200 il əvvəlki görünənlərlə, bu gün gördükləri arasındakı paralleləri, oxşarlıqları, bəzən təzadları sənətkar dili ilə qələmə alması, bəzən öz-özünə suallar verməsi, onlara cavab tapmağa çalışması olduqca təsirlidir, yaddaqalandır – bu fikirlər onun “Qəlbimdən qələmimə” kitabına pedaqoji elmlər doktoru, professor Müseyb İlyasovun yazdığı ön sözdən götürülüb.
Əlibala müəllim “Radişşevə məktublar” (Əlibala Zaloğlu “Qəlbimdən qələmimə”, 256 səh., Təknur, 2008)əsərində günümüzü əks etdirən bir konsepsiya yaradıb. Demək olar ki, hər bir azərbaycanlını narahat edən məsələlər haqqında – “Nadanlıq”, “Anadilli məktəb haqqında”, “Xoşbəxtlik”, “Hüquq”, “Unutqanlıq”, “Talançılıq”, “Rüşvətxorluq”, “Yerlibazlıq”, “Qanuna hörmət”, “Mənəvi azadlıq” və s. – geniş və hər tərəfli danışır. Dövrün nəbzini tutmağı bacaran yaradıcı insanın təbii ki, xalqının, ana yurdunun müasir gerçəkliyi daha çox düşündürür. Ə.Zaloğlunun “Qəlbimdən qələmimə” kitabında respublikamızın həyatındakı mühüm dəyişikliklər poetik, obrazlı əksini tapmışdır. Müəllif yazır: “ ...Mən mənəviyyatdakı tənəzzülü, təhkimçiliyi demək istəmişəm. Bunu nə dərəcədə düzgün ifadə edə bilmişəm, yaxud bilməmişəm ...bu başqa məsələdir. ...mənim yazılarıma heç kim siyasi rəng verməsin. Mən yalnız mənəviyyatımızın, əxlaqımızın sırağa günündən, dünənindən və bu günündən, bəzən də imkanım daxilində gələcəyindən bəhs etmək istəmişəm. Bu, bir məktubdur”. XVIII əsrin maarifçisi Radişşevə, həm də onun bugünkü, ruhi daşıyıcılarına olan məktublarında bir növ yazıçının əxlaqı, əqidəsi öz əksini tapıb. Professor Nizaməddin Şəmsizadə bu məktubları oxuduqdan sonra gəldiyi qənaət belə olub – “bizim A.N.Raişşevə və onun varislərinə, ümumiyyətlə bütün Rusiyaya yazacağımız məktublar və alacağımız cavablar çoxdur”.
      Məktubların birində yazır: “mən öz daxili aləmimə fikir verdim və gördüm ki, insanın fəlakətinə səbəb insandır, həm də çox vaxt...”, Azərbaycan ziyalılarına “əgər günlərin bir günündə Azərbaycan dünyanın ən qüdrətli ölkələrindən biri olsa, onda siz onun keçmiş Azərbaycan əraziləri olan Zəngəzuru, İrəvanı, Borçalını, Dərbəndi, Təbrizi demirəm – qeyri ölkələri... işğal, ilhaq etməsinə razı olardınızmı”sual ünvanlayır. Onların cavabı –“Xeyr” kəlməsi elə müəllifin əxlaqını, əqidəsini əks etdirir. Böyük ziyalılar daim insanın insan fəlakətinə səbəb olmasına qarşı çıxıblar.
       Əlibala Zaloğlu məktubları sırf milli materiallar – şəxsi müşahidələr, milli xarakterlər əsasında işlənib. Bütün məktubları oxuyub kənara qoyandan bir müddət sonra yazıçının arzuladığı, görmək istədiyi nadanlıqdan, eybəcərlikdən, pisliklərdən uzaq, xalis qızıl kimi günəş şəfəqləri altında parlayan qüdrətli Azərbaycan, gözlərin qarşısında canlanır. Yorulmaq bilməyən, möhkəm iradəli, təmiz qəlbli, əxlaqı, əqidəsi düzgün, büllur kimi təmiz adət-ənənələrin qoruyucusu Azərbaycan atası, anası, bacısı, qardaşı, şairi, fəhləsi, alimi, kəndlisi... düşür yadına. Bunların hamısı saysız-hesabsız dəqiq yazıçı müşahidəsi nümunələridir. Hadisənin detallarının dərinliyinə, məkanın bütün təfərrüatına varmağa güclü meyl  Ə.Zaloğlunun yaradıcılığına xas olan xüsusiyyətdir. Yazıçının məktublarında hadisələrin cərəyan etdiyi məkana diqqət yetirin: şəhərdə, kənddə, tarlada, ali məktəb auditoriyasında, yol müfətişinin söhbəti, bir sözlə Azərbaycanın xəritəsinin hər yeri.
      Onun bütün məktubları demək olar ki, uğurludur, konkretdir, predmetlidir, yaddaqalandır və bu keyfiyyətlər o qədər yerinə düşür ki, onların süjet xəttinə, psixoloji təhlilinə ehtiyac qalmır. İctimai təpər, fəal vətəndaşlıq mövqeyi yazıçının poetik qəhrəmanının əsas “insan xüsusiyyətlərindəndir”. Amma hər bir həqiqi bütöv insan kimi yazıçının qəhrəmanı da mürəkkəb duyğular aləminə, mənəvi zənginliyə malikdir – onun qəlbi ağrılardan-acılardan xali deyil, ömür yolunda qazanclarıyla yanaşı, itgiləri də olub. İnsanın mürəkkəb daxili aləminə nüfuz edərkən yazıçı həqiqətə sadiq qaldığındandır ki, onun qəhrəmanına – saf, təmiz qəlbli, VƏTƏN sevdalı AZƏRBAYCANLIYA inanır, etibar bəsləyirik. “Radişşevə məktublar” əsəri, məncə, həm Ə. Zaloğlunun, həm də bütövlükdə çağdaş Azərbaycan nəsrinin əhəmiyyətli uğurlarından sayılmalıdır.
      Əlibala Zaloğlu Respublikamızın dövri mətbuatında daim çıxış edir.Elmi, ədəbi-bədii,publisistik yazıları həmişə oxucuların diqqətini çəkir. “Müasirləri akademik Hüseyn Əhmədov haqqında” çoxcildliyin 2 cildinin tərtibçisi və həmmüəlifidir. “Pestalotsi humanizmi,Makarenko iradəsilə” elmi-pedaqoji məqaləsi tələbələrin diqqətini cəlb etmişdir. XX əsr Azərbaycan pedaqoqları haqqında yazdığı məqalələr orijinallığı ilə seçilir. Onunla söhbətlərimizdən aydın olur ki,ona yetəri olan tək vətəndir. Bu fikri belə ifadə edir:
Bu dünya ötəridir,
Şan şövkət bitəridir,
Tək vətən yetəridir
Keçmərəm vətənimdən...
  

     Müəllim,tələbələrin sevimlisi,pedaqoq,şair,publisist Əlibala Zaloğluna yeni yaradıcılıq uğurları və istəklərinə yetmək arzusu ilə...

Əli Zalov
ADPU-nun kimya və biologiya fakültəsinin

analitik və üzvi kimya kafedrasının müdiri, 
kimya elmləri doktoru


Facebook-da paylaş