Lerikli Qəhrəman Əlinin Qarabağ bayatıları...
Dağlar şəhəri, lerikdən müjdə gətirən iki dostumuz, iki jurnalist həmkarımız var. Biri Azərbaycan Jurnalistlər Birliyinin üzvü Zəfər Orucoğlu, biri də yazıçı-publisist,” Lerik” qəzetinin baş redaktoru İdris Şükürlüdür.
Bu dəfə müjdəni Lerikdən İdris Şükürlü gətirmişdi. Lerikdə yaşayan şair dostumuz Qəhrəman Əliyevin (Oktay Rza şairə Qəhrəman Əli imzasını tövsiyyə etmişdir və mən də çox vaxt ona bu adla müraciət edirəm) “Özümdən özümə hədiyyəm” adlı kitabnı redaksiyamıza təqdim edəndə şairin 75 yaşına olan dəyərli bir töhfəsinə ,təzəcə çapdan çıxmış bir kitablıq uğuruna sevincimi ifadə etmək üçün bilmədim nə edəm... Kitabda şairin ömür rübabından süzülən rübailəri, qəmli, ələmli bayatıları, poetik məramnamələrini ifadə edən şeirləri və bir də şair haqqında zaman-zaman mətbuat səhifələrində dərc olunmuş məqalələr toplanıb. Kitaba şair-publisist Əli Nəcəfxanlı “ön söz” yazıb. Və bu ön sözdə şairin hər kəs üçün maraq kəsb edəcək tərcümeyi-halından bəzi qeydləri sizlərin də diqqətinə çatdırmaq zərurəti duyuram :
“... O, rəsmən Qəhrəman Məhərrəm oğlu Əliyevdir. 74 yaşı var. Ali təhsilli filoloqdur. Ali Partiya Məktəbinin jurnalistika şöbəsini də bitirib. 1967-1971-ci illərdə müəllim, rayonun “Bolluq uğrunda” (indiki “Lerik”) qəzetində şöbə müdiri və redaktor müavini vəzifələrində çalışıb, ikinci katib də olub, icrakomun sədri də. Müstəqillik illərində icra başçısının müavini, Rayon Mədəniyyət və Təhsil Şöbələrinin müdiri işləyib və təqaüdə çıxıb. Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvüdür...”
Yeri gəlmişkən, Qəhrəman Əliyev tələbəlik illərindən bu yana neçə-neçə kitabların müəllifi də olub. Bu kitablar vasitəsilə oxucuları onun əqidəsi, məfkurəsi, məslək və idealları ilə yaxından tanış olaraq qəlblərindən gələn səmimi duyğulanmalarını da əsirgəmədən ara-sıra mətbuatda dərc etdiriblər. Şair Qəhrəman Əli hər şeydən öncə çox dəyərli bir vətəndaşdır. Humanizmə söykənmiş, humanizmə arxalanmış bir insan, hətta mən deyərdim bir insanşünasdır. Yenicə tanış olduğu, ünsiyyət qurduğu adamları bir sərraf gözüylə seçib-arayır, onun qartal baxışlarından insanın mənəviyyatında gizlənmiş heç nəyin üstüörtülü qala biləciyinə də inanmağım gəlmir. Elə adamları yaxşı tanıdığına görə də dostları həm ədəbi mühitdə, həm də ictimaiyyət, el-oba arasında kifayət qədərdir. Hər zaman onun haqqında düşünəndə hansısa kitabdan oxuduğum bir nağıln hikmətini yada salmaya bilmirəm.
Uzaq keçmişdə bir şah yaşarmış. Gənclik illərində şah xalçatoxuma sənətini mükəmməl öyrənib, mahir bir xalça ustası olur. Və necə olursa şah bir gün qonşu ölkələrdən biriylə müharibədə başının dəstəsiylə birgə əsir düşür. Düşmən tərəf dəstəni qırıb-çatır. Növbə şaha gələndə, şah dillənir, məni öldürməyin, istəyirəm ki, özümdən sonra bir nişanəm, bir izim qalsın, izn verin bir xalça toxuyum, deyir . Çox götür-qoydan sonra düşmən tərəfin adamaları razılaşır,” yaxşı, toxu “ - deyirlər. Şah gecəni gündüzə qatıb, oturub dincəlmədən çalışır, sonda xalça hazır olur. Xalçaya baxanlar heyrətə gəlir. Şah əvəzsiz bir sənət əsəri ortaya çıxarmışdı. Sənətkarı öldürməyə qıymırlar , buraxın çıxıb öz el-obasına getsin, deyirlər...
İlk baxışdan oxucu fikirləşə bilər ki yaddaşımda qalan bu əhvalatın şairlə nə əlaqəsi var. Amma elə deyil . 75 illik həyatını ,gördükləri və duyduqlarını ilmə-ilmə, kəlmə-kəlmə poeziya xalısına çevirən Qəhrəman Əliyev də könlünü sözə vermiş bir yaradıcı insan, sözün məcnunu bir şairdi. O, hər vaxt , sovet dönəmindən üzübəri zamanın sərt sınaqlarından sənətkarlıqla üzüağ çıxmağı bacarıb və üstəgəl təkcə sözünün, ağlının, dərrakəsinin, dünyagörüşünün hər müşgülə açar olan işıqlı tərəflərilə deyil, həm də heç kəsdən əsirgəmədiyi, qızırqalanmadığı və hər kəsə ürək açıqlığı, böyük səxavətlə açdığı süfrəsinin təamları ilə yadda qalıb.
Onun yaradıcılığı da şəxsiyyəti kimi hədsiz bir səmimiyyət üzərində qurulub. Sənətə, şeirə, bədii yaradıcılığa yalnız mütaliə arasındakı yuxusuz gecələrdən gəlməyib, həyatın özünü kitab kimi oxuyaraqdan, öyrənərəkdən gəlib. Həyatı incəliklərinə, dərinliklərinə qədər anlamasa , təbii ki, o, nə rübai, nə də bayatı janrında qələmini sınamazdı. Rübai də, bayatı da bədii yardıcılığın, şeirin asan olmayan növləridir. Sıradan hər kəs rübai, yaxud bayatı yaza bilməz. Bunları o təfəkkür, o düşüncə yaza bilər ki, ilhamını həyat çeşməsindən götürmüş olsun. Düzünü desək, “Özümdən özümə hədiyyəm” kitabında zəif həlqələr, zəif bəndlər də az deyil, amma o bəndlərin mayasında da yenə həyat həqiqətləri, gerçəkliklər dayandığı üçün oxucunu küsdürmür. Onun bütün rübai və bayatılarında mənəvi qütblərin savaşı dayanır. Xeyir və şər qütbündəki təbəddülatlar, müharibələr, ziddiyyətlər, yaxşı ,yaman qarşılaşması, cəhalətlə ağılın döyüşü ,istilə soyuğun mübarizəsi... Bütün bunlara bədii – poetik enerjinin sayəsində işıq tutmaq Qəhrəman Əlinin şair dünyasını daha aydın, daha parlaq göstərir. Şair əslində oxucu marağını bir an belə düşünmədən özünün sənət və həyat idealları uğrunda çarpışır . Bu çarpışmada rübai və bayatılarının, bizlərə təqdim etdiyi digər şeir nümunələrinin motivi, poetik mənzərəsi, ideya- estetik yönümü də istənilən halda bir-birindən fərqlənir. Əslində isə ana haqqında , dünya haqqında , vətəpnərvərlik ruhunda,sevgi və məhəbbət ,torpaq və yurd eşqilə süslənmiş dördlüklər, yığcam poetik örnəklər hər biri insanı təsirləndirmək, onu Allaha bağlamaq, ürəyində sevgi, mərhəmət və şəfqət hissi oyatmaq üçündür...
Qarabağ mövzusundakı bayatıları isə tamam ayrıcadı, bunlar yaralı könülün candan gilə-gilə qopan nəfəsidi sanki .
Qəhrəman Əli bir şair kimi özünə, sözünə, qələminə, həyat və cəmiyyət sevgisinə heç vaxt dönük deyil, əksinə, düz ilqarlıdı. Həmişə dostuna vəfa və sədaqət göstərməkdə liderliyi xoşlayır. Məhz elə o xarakterinə görə də hər zaman məni qabaqlayır. Məndən çox-çox böyük olsa da, bütün bayramlarda, əlamətdar günlərdə məni təbrik edir, əhvalımı soruşur, ailə və uşaqlarımla maraqlanır, öz xeyir-duasını da adamdan heç vaxt əsirgəmir.
Və inanıram yox, əminəm ki, o bütün dostlarına, həmkarlarına qarşı da belə diqqətli, qayğıkeş olmağın üstünlüyündən hər zaman zövq alır...
Qəhrəman Əli 75 yaşını haqlayır. Bir ayağı ötən əsrdə, bir ayağı yeni əsrdədir. Yəni keçmişdən gələn kişidir, ulu kişidir. Özünü və sözünü urvatda saxlamağı bacarır . Amma zaman da heç çox dəyişməyib. Elə şairin dünyaya gözünü açanda gördüyü dünyadır. Min, bəlkə milyon il qədimdəki kimidir. Hər nə qədər yaşı varsa elə həminki zamandır, həminki xeyirdi, həminki şərdi, həminki gecə, həminki gündüzdü... Əsirlər öncə zaman, dünya haqqında nə deyilirdisə, elə bu gün də o sözlər təzə-tərdi və indicə nəşr olunacaq kitaba yazılası müşahidələrdir . Bu yerdə qədim Hind əfsanəsi “Kəlilə və Dimnə”dən bir parça düşüncələrimə öncüllük etmək istəyir.
“ ... Sanki xeyir insanlardan qaçır. Faydalı işlər,yaxşı sözlər unudulur,elə bil, doğru yollar bağlanmış, bədbəxtlik qapıları açılmışdır. Ədalət məhv edilərək zülm və sitəm hakimiyyət başına keçmiş, elm aradan qaldırılaraq cəhalət onun yerini tutmuş, rəzalət və xəyanət artaraq kərəm və mürüvvəti sıxışdırıb aradan çıxarmışdır. Dostluq zəifləmiş, düşmənçilik qüvvətlənmişdir, yaxşı adamlar təhqir edilərək əziyyət və məşəqqət içində, alçaq adamlar hörmət qazanaraq keyf və əyləncə içərisində yaşayır. Hiylə və riyakarlıq ayıq, vəfa və düzlük isə yatmışdır.Yalan - azad, doğru - məhbus, haqq - məğlub ,nahaq - qalib, qorxu - güclü, inam - zəif, zalım - haqlı, məzlum - haqsız, hərislik - hakim, qənaət - məhkum, qazı - qəddar, zahid - riyakar...”
Əslində yenə də dostluğun zəiflədiyi, düşmənçiliyin qüvvətləndiyi, inamın zəif, zalımlığın hökmran olduğu bir zamanda, əqlin yox, gücün, vəhşətin hakim olduğu bir dünyada yaşayırıq . Heç nəyi demirəm, elə tarixi yurdlarımızı yaman günlərində bizə sığınmış ermənilərin qəsb etməsini deyək,onların nə qədər haqbilməz və qəddar olmasını dilə gətirək... Göründüyü kimi erməni vandalizminin simasında , riyakarlıq ayıq, vəfa və düzlük isə yatmışdır. Düşünürəm ki, Qəhrəman Əlinin rübailəri də, bayatıları da belə imansız bir zamanın, dünyanın yonulmasına, aşılanmasına,təzədən qurulması, yaxşıya doğru dəyişməsi ümidilə yazılıb. Məsələn, bir rübaisində belə deyir şair:
Bir yanın qurudur, bir yanın dərya,
Bir yanın yaşıllıq, bir yanın səhra.
Çox yerin qarışıb, qızışıb dava,
Zəhirmara dönüb balın, a dünya.
Zamanla, dünyayla kəllə-kəlləyə gələn belə rübailərindən çoxlu sayda misal gətirmək olar, amma yüzlərlə misranın içindən iki misra da bəs edər ki, şairin dünyasından içəri girib ona ürəkdən bir salam verəsən.
İnsanın tamahgirliyi, nəfsi başına bəladı və bu bəla təkcə insanı başıaşağı etmir, həm də insanlıq mərtəbəsinin kökünü, təməlini qazıyır. Ona görə də şair deyir:
Dünyanın sərvətin, payın bölürük,
Dənizin bölürük, çayın bölürük.
Ayları, illəri, günləri bölüb,
Vay deyib, bir gün də vayın bölürük.
Misradakı “vay” ifadəsi insanı qoynuna alan kədərin dəhşətini , qəm-qüssənin hədsiz acılığını ifadə etməklə onun necə qarşılanmasını da özündə ehtiva edir. Kədəri bölmək yaxşı haldır, amma dənizləri, çayları bölmək, mənimsəmək, “hər şey mənim, hər yer mənim demək” inkişafın qarşısını daim alan çirkin və eybəcər istəklərdir. Cəmiyyətdə bərabərsizlik toxumu səpən, kin-küdurət yaradan hərəkətlər , hallardır .
Sözünü məhz insanlıqdan uzaq bu hal və hərəkətlərə sipər edən şairin kiatbda toplanmış bayatıları da ürək ağrısıyla oxunur. Xüsusilə, tikə-para olmuş vətənin istirablarını daşıyan qanlı bayatılar bədii siqlətinə görə seçilir.
Qaralı-ağlı dağlar,
Torpağa bağlı dağlar.
Qarabağ həsrətindən,
Ürəyi dağlı dağlar.
Lerikdə doğulmuş, ömrünün ahıl çağlarını da Lerikdə yaşayan şairin Qarabağ bayatılarını sanki lerikli yox, yurdundan aralı düşmüş bir gözüyaşlı qarabağlı, bir didərgin, bir köçkün - Şuşada, Xankəndində doğulmuş bir şairimiz yazıb. Şairin kədəri o qədər təbii və səmimidir ki, onu bir şuşalı,bir ağdamlı , bir qarabağlı sanmaya bilməzsən. Məsələn,
Əzizim sona bülbül,
Qəm çəkir ana bülbül.
Şuşa yadına düşür,
Az qalır yana bülbül.
Başqa bir bayatısında yenə Qarabağ ah-naləsi həsrət könülləri sızlatmağa qadirdir.
Yandım Qarabağıma,
Meydan verdim ağrıma.
Dilim qabar-qabardır
Qəmim sığmır bağrıma.
Şairin nikbin əhval-ruhiyyədə yazılmış bayatılarından da yan keçmək olmur.
Əziizm dama-dama,
Göl olar dama-dama.
Vüsal dəmi yaxındır,
Daha bəsdir, ağlama.
Vüsal dəminin uzaqda olmadığına ümid bəsləyən şair dağların özünü də yaxın zamanlarda yağı əsarətindən xilas edəcəyimizə inandırmağa çalışır və bu amacla dağları, düşmən qəsdindən xar olmuş qərib diyarlarımızı, dərdə, möhnətə, həsrət və ayrılığa bir az da dözüm göstərməyə səsləyir...
Aman-aman, a dağlar,
Üstü duman, a dağlar.
Vüsal dəmin görməyə,
Gəlir zaman, a dağlar.
Sonda Qarabağ həsrətindən, soydaşlarımızın yurd nisgilindən dolayı yazılmış iki bayatısını da misal gətirmək istəyirəm. Sözün açığı, müəllifin Vətən, yurd ayrılığına dözməyən ürəyindən qopan hicran dolu bayatıların hər biri bitkin bir əsər təsiri bağışlayır.
Çağırdım ay Xankəndim,
Cavab verdi:-can kəndim.
Səni düşmən əlindən,
Alarıq, inan, kəndim.
Və bir də kitabdakı “Bayatılar” bölümünün sonuncu aşırımı, son bəndi qələbəyə çağırış nidası, zəfər nəğməsi kimi yadımda qalır.
Əzizim bülbül gələr,
Həm də xarı gül gələr.
Üçrəngli al bayrağım,
Qarabağda yüksələr!
İçində, ruhunda inamı, ümidi bir od parçası, bir şimşək zərrəsi kimi qoruyub saxlamaq təkcə şairin, yaradıcı insanın deyil, hər kəsin uğuru, mənəvi qələbəsidir. Əslində, yuxarıdakı nikbin əhval-ruhiyyədə yazılmış misralardan sonra mən də bu mövzudan ayrılmaq istədiyimi deyirəm. Qarşıdan isə Qəhrəman Əlinin 75 illik yubileyi gəlir. Uzunömürlülər diyarı Lerikin şəfalı dağlarının şairi 75-dən yüzə yetirəcəyinə inamım da böyükdür. Bu arada Qarabağ həsrətini, bölünmüş məmləkətin ağrısını varlığında daşıyan əziz dostuma can sağlığı və yeni yaradıcılıq uğurları diləyirəm.
Fariz Çobanoğlu
Facebook-da paylaş