XOCALI TARİXİ-MEMARLIQ ABİDƏLƏRİ DİYARIDIR

   
      

     Tarixi Azərbaycan torpaqları müasir sivilizasiyanın inkişafa başladığı ən qədim yaşayış məskənidir. Azərbaycan xalqı zəngin və özünəməxsus mədəniyyət, o cümlədən dövlətçilik ənənələri yaratmışdır. Yerli və xarici alimlər, etnoqraflar tədqiqatlarında bildirmişlər ki, Azərbaycan tarixinin öyrənilməsində Xocalı mədəniyyətinin tədqiqi mühüm əhəmiyyətə malikdir. Xocalı başdan-başa tarixi-memarlıq abidələri diyarıdır. Buna misal olaraq miladdan əvvəl XIII-VII əsrlərə aid Xocalı-Gədəbəy mədəniyyət abidələrini, son Tunc və ilk Dəmir dövrlərinə aid Nekropolu, Kurqançölünü, eramızın IV-VII əsrlərinə aid kilsələri, XIV əsrə aid Xocalıda Hacı Əli günbəzini, 1356-cı ildə inşa olunmuş dairəvi türbəni, XVIII əsrdə tikilmiş Əsgəran qalasını və başqalarını göstərmək olar.
Azərbaycanda Kiçik Qafqaz dağ və dağətəyi rayonlarında, Kür-Araz çayları arasında son Tunc və ilk Dəmir dövrlərinə aid arxeoloji mədəniyyət Xocalı-Gədəbəy mədəniyyəti abidələri adlandırılır. Xocalı-Gədəbəy mədəniyyət abidələri emalatxanalar, qəbirlər və ibadətgahlardan ibarətdir. Mədəniyyətin yayıldığı ərazidə misəritmə kürələri, mis və tunc məmulatları hazırlayan emalatxanaların qalıqları, çaxmaq daşından, alət və silahların istehsal tullantıları aşkar edilmişdir. Buradan Neolit dövründə yaşayan insanlara aid əmək alətləri də tapılmışdır. Torpaq, daş qutu qəbirlər və kurqanlarda ölülər bükülü, uzadılmış, oturdulmuş vəziyyətdə dəfn olunmuşdur. Qəbirlərin keramikası demək olar ki, eynidir. Qəbirlərdən tunc, qılınc, təbərzin, toppuz, ox, yaba, xəncər, nizəucluğu, bardak, qazan, cilov, bilərzik, üzük, sümükdən hazırlanmış bəzək əşyaları, gildən və daşdan hazırlanmış müxtəlif məmulatlar aşkar edilmişdir.
Bu faktlar sübut edir ki, Xocalı Azərbaycanın ən qədim yaşayış məskənlərindən biridir. Keçmiş SSRİ-nin tanınmış etnoqraf alimləri və yerli etnoqraflar qədim dövrə aid abidələri daha çox Xocalı və Xankəndi yaxınlığında apardıqları tədqiqatlar zamanı tapmışlar. Onlar arxeoloji qazıntılar zamanı kurqanlara, qəbir daşlarına və müxtəlif yaşayış məskənlərinə rast gəliblər. Qədim Xocalı qəbiristanlığındakı 11 saylı kurqandan tapılan muncuqlar, üzərində eramızdan əvvəl 1307-1275-ci illərdə Assuriya çarı Adadnirariyə aid mixiyazılar, eləcə də müxtəlif çeşidli bəzək əşyaları, saxsıqablar, şüşə muncuqlar yerli sakinlərin Şərq ölkələri ilə geniş iqtisadi-mədəni əlaqələrindən xəbər verir. Azərbaycanın Kiçik Qafqaz dağ və dağətəyi ərazilərində eramızdan əvvəl XIII-VII əsrlərdə yayılmış arxeoloji mədəniyyət ilk dəfə Xocalı yaşayış məskənində və Gədəbəy rayonunda tətbiq olunduğundan bu abidələr Xocalı-Gədəbəy mədəniyyəti nümunələri adlandırılır. Alimlər sübut ediblər ki, Xocalı-Gədəbəy mədəniyyəti son Tunc və erkən Dəmir dövrlərinin xarakterik xüsusiyyətlərini özündə cəmləşdirir. Qəbirlərdən tunc, qılınc, nizə ucluğu, silahlar, ox, yaba, təbərzin, toppuz, bilərzik, sümükdən hazırlanmış bəzək əşyaları, gildən və daşdan hazırlanmış müxtəlif əşyalar aşkar edilmişdir. Aparılan toponomik araşdırmalar göstərir ki, xalqımızın uzaq keçmişindən tutmuş bugünədək olan məşğuliyyəti Xocalı toponomiyasında da öz əksini tapmışdır.
Xocalının erməni işğalından sonra tapdaq altında qalan tarixi-dini memarlıq abidələri
Alban məbədi (905-ci il)–Şuşa kəndi.
Alban məbədi (1100-cü il)–Çanaxçı kəndi
Alban məbədi (1065-ci il)–Çanaxçı kəndi
Alban məbədi (1100-cü il)–Xaçmas kəndi
Alban məbədi (1122-ci il)–Xansıx kəndi
Alban məbədi (1202-ci il)–Armudlu kəndi
Günbəz–Xocalı kəndi
Qoç və yəhərşəkilli qəbir daşları–Xocalı kəndi
Qədim tarixə malik olan Alban abidələri - Xocalı kəndi
Qədim Alban kilsəsinin qalıqları - Kərkicahan qəsəbəsi
“Börgün qayasında olan kilsə” alban kilsəsi–Meşəli kəndi
“Yeddikilsə” Alban kilsəsi–Meşəli kəndi
“Durpasuda olan kilsə” Alban kilsəsi–Meşəli kəndi
“Balaca suda olan kilsə” Alban kilsəsi–Meşəli kəndi
“Əvəzin yurdunda olan kilsə” (Alban kilsəsi)–Meşəli kəndi
Xocalı qəbiristanlığı e. ə. VIII-VII əsrlər
Bundan başqa tarixi–memarlıq abidələri kimi
Teymurləngin qalası - Meşəli kəndi

Xocalı rayonu ərazisindəki Əsgəran qalası XVIII əsrdə Qarqar çayının sağ və sol sahillərində Qarabağ xanı Pənahəli xan tərəfindən inşa etdirilib. İki istehkamdan ibarət olan qala çay daşından inşa olunmuşdur. Qalada yerləşdirilən piyada qoşun xanlığın paytaxtı Şuşa şəhərinə şərqdən olan düşmən basqınlarının qarşısını almaq məqsədilə inşa edilmişdir.
Əsgəran qalası öz quruluşuna görə daha çox müdafiə səddinə bənzəyir. Onu Azərbaycanın çoxəsrlik müdafiə sədləri ənənəsinin son örnəyi saymaq olar. Gözəl və qeyri-adi landşaftı olan bir yerdə salınması, ağır və bütöv həcmlərin ətraf təbiətlə üzvi bağlılığı Əsgəran qalasının memarlığına son dərəcə təsirli görünüş verir.
XIV əsrə aid abidələrdən biri də, Xocalı kurqanları sahəsində, yonulmuş ağ daşlardan tikilmiş Xocalı abidəsidir. Abidənin on iki bucaqlı quruluşda olması və giriş qapısının çox qabarıq, lakin sadə daşdan oyma ornamentlə işlənməsi, Xocalı türbəsini dövrün başqa abidələrindən xeyli fərqləndirir. Xocalı türbəsinin daş üzü qopub töküldüyündən, onun xarici görünüşü qeyri-adi bir şəkil almışdır.

Təhmasib KƏRİMOV,
Memarlıq və tikinti şöbəsinin müdiri, baş memar


Facebook-da paylaş