İçimizdən boylanan Vətən...

Şuşa ağrısı, Şuşa sevgisi


          Girdiyim mağazada qızın biri qəşəng-qəşəng xalaları başına yığıb onlara paltar satırdı. Xalalardan biri onun suyuşirinliyini sezib, nə yaman dilli-dilavər qızsan, dedi- haralısan?
-Şuşalıyam, xala, Şuşanın Engels küçəsindən.
    Üzüm başqa səmtə idi. Üzlərini görməsəm də, səslərini eşidirdim. Cırtandan fərqli olaraq, mən işıq gələn tərəfə yox, səs gələn tərəfə çevrildim. Hə, yanılmamışdım, bu balaca qız Şuşadanmış, özü də Engels küçəsindən. İlahi, axı bu qız Şuşanın işğalından da balaca olar, bəs o hansı Engels keçəsindəndi? Yəni dünyanın harasındasa başqa Şuşa varmı ki, bu qız həmin Şuşadakı Engels küçəsindən olsun? Mən bilən, dünyada bircə dənə Şuşa var, ona da bizim nə əlimiz, nə ünümüz çatır. Elə bil gözəl olan nə varsa, foto olub- Şuşa kimi... İndi hamımzı o fotonu ürəyimizin ən dərin yerindən, evimizin ən gözəl guşəsindən asmışıq.
Öz-özümə, qoy, bu dəqiqə dəqiqləşdirərik- dedim.
-Yaman da Şuşa görmüsən axı.
-Qız tərs-tərs üzümə baxdı. Deyəsən, bir az “şişirtdim”, çünki qızın elə bir siması vardı ki, yüz gün də əlləşib-vuruşsa, tərs baxmaq onda alınmazdı. Sanki bu qızın gözləri üzündən gizlin gülümsəyirdi- özü də hər an, hər saniyə...
-Niyə görməmişəm ki, Şuşadanam. Nolsun ki, 92-də doğulmuşam. Daha doğrusu, 95-də.
     Qarşımızda dayanmasaydı, üzünü görməsəydik, deyərdi, 75-ci ildənəm, özüm də neçə illər Şuşanın Engels küçəsində yaşamışam. Üstəlik, qız bu sözləri elə əminliklə deyərdisə, ona inanmamaq kimsənin ağlına gəlməzdi. Amma o qızın bütün cizgiləri uşaq olduğunu ələ verirdi, təəssüf ki heç kəs onun Şuşanı gördüyünə inanmazdı. Ya da yox, siz bu qıza inanın. Mən inanmayıb qana düşdüm. İlahi, kim məni bunun əlindən alacaq? Qız əməlli- başlı elə bilir ki, ona sataşıram. Deyir, heç kəs şuşalılara heç nə deyə bilməz.
-Axı mən şuşalılara nə dedim ki?
-Daha nə deyəcəksən? Şuşanı görməmisən- dedin. Görmüşəm, o yana da keçmişəm.
   Mən bu qızın Vətən sevgisinə qibtə etməkdən başqa heç nə edə bilməzdim, ona görə də susdum. Əlində olsa, qoşalülə tüfəngdən mənə iki dəfə atəş açardı, haqsız da sayılmazdı. Bəlkə hər gecə yuxusunda Şuşanı görür, hər gün orda dolaşır. Bəlkə, yurdunu hamıdan yaxşı tanıyır- mən bilmirəm. Bəlkə onun Engels küçəsində bir evi, bir yuvası var. Bəlkə elə bu gün işə də Engels küçəsindən gəlib- öz evindən, öz yurdundan. Bəlkə də səhər işə gələrkən Şuşanın dolanbac küçələri ilə addımlayıb, Üzeyir bəyin ev-muzeyinin önündən ötüb, Xan qızı Natəvanın imarətinin yanından keçib, Vaqifin məqbərəsini ziyarət edib, yol boyu Şuşanın qala divarlarına tamaşa edib, qədim məscidləri, türbələri seyr edib, xan çinarlarının kölgəsində dincəlib. Mənsə elə bilmişəm, o qız səhər şəhərin boz və rəngsiz küçələriylə addımlayıb. Mən hardan biləydim? Hardan biləydim ki, o gözləri şəhla qız səhər işə öz içindən qaçıb gəlib, Şuşa onun içindədi. Bəlkə də gözlərinə baxanda anlamalıydım ki, o qızın öz pəncərəsi, öz nəğməsi, öz xarı bülbülü var. Mən o qıza inandım, inandım ki, o qızın Şuşası da var. O, Şuşasız ola bilməz. İnsanları kənddən çıxarmaq olur, kəndi insanlardan çıxarmaq olmur.
     ...İndi mən o qızla dost olmaq istəyirəm. Axı mən ona “Şuşasızsan” demək istəməmişəm. Mən ona “sən yarımın qasidisən, əyləş, sənə çay demişəm” demək istəmişəm, o isə məni yanlış anlayıb. Olsun! Mən onun içindəki yurdu gördüm, o yurdun havasını uddum, o yurdda gəzib-dolaşdım. O qız məni Şuşaya aparacaq- Şuşadakı baba ocağına. Mən o qıza, o qızın ümidinə, o qızın Vətən sevgisinə inandım. İndi o mənə balaca bir qız kimi yox, Şuşanın Engels küçəsi boyda görünür.
     Nə bəxtəvərsən, Şuşa. Üzünü görməyən, küçələrini gəzməyən, suyundan içməyən, havanı udmayan körpən belə şuşalıdı, özü də Engels küçəsindəndi. Bu balaca qızda nə qədər cəsarət, nə qədər döyüşkənlik varmış. Belə gənclərimizi bir yerə yığıb yenidən böyük bir Şuşa salmaq olar- nə qəm!
      İtirilən hər şeyi bir formada yerinə qoymaq olur, dəyərdən başqa. Nə yaxşı ki biz dəyərimizi itirməmişik. Hamımızın içində ümid, arzu var, amma bu qızın Şuşa ümidi, Şuşa inamı, Şuşa arzusu bizə bir başqa yaraşdı- sağlığımıza qismət.
    İndi biz o günü gözləyir, o günə inanırıq ki, Şuşanın ürəyimizdəki, evimizdəki fotosunu aparıb elə Şuşanın özündən asacağıq.   
Təranə Əlizadə


Facebook-da paylaş