Şuşanın unudulmaz ağsaqqallarından biri

  
     Hər bir insan öz ömrünün davamını sağlığında əməlləri ilə yazır. Tarix isə heç nəyi öz səhifəsindən silib atmır; yaxşını da, pisi də öz güzgüsündə göstərir, gələcək nəsillərə çatdırır.
Ənənəmə sadiq qalaraq bu yazıda da hər çiçəyinin, hər otunun, bir ovuc torpağının, bir udum havasının, bir qurtum suyunun ətrindən doymadığım, öz qeyri-adi gözəlliyi ilə dünyanı heyrətləndirən Şuşanın bir ağsaqqalı haqqında xatirələrimi danışacağam. Bunu özümə mənəvi borc bilmişəm.
     Söhbət xalqımızın ən gözəl adət-ənənələrini, mənəvi dəyərlərini qoruyub saxlayan, ailədə və cəmiyyətdə böyük nüfuz sahibi kimi tanınan, adı hər yerdə hörmətlə yad edilən, Böyük Vətən müharibəsinin od-alovlarından keçən, Şuşa deyə-deyə bu dünyadan əbədi mənzilə köçən bir el ağsaqqalından - Əliyev Xasay Ağalar oğlundan gedir.
Xasay Əliyev Şuşanın ən hörmətli ağsaqqallarından biri idi. 94 il ömür yaşamış bu müdrik-nurani insanı gənc yaşlarımdan tanıyırdım. Şuşa Uşaq Sağlamlıq Sanatoriyasında tərbiyəçi-müəllim işləyirdi. Övladlarından biri ilə orta məğktəbdə oxumuşam. On bir övlad böyüdüb, boya-başa çatdırmış nümunəvi valideyn idi. Səliqəli geyimli, şirin söz-söhbətli, rəvan danışıqlı, geniş məlumatlı, gülərüzlülü bu insan hər kəsdə xoş ovqat yaradardı. Başındakı kişi papağı ona çox yaraşırdı.
    Şuşanın işğalından sonra Bakının Yeni Yasamal yaşayış massivində qonşu olmuşduq.
    Tez-tez görüşərdik. Hər görüşümüzdə də Şuşa və şuşalılarla bağlı xatirələrimizdən, işğal altındakı el-obalarımıza tezliklə qayıdacağımıza ümidlə baxırdı. Uzun illər rayon veteranlarının sədri olmuşdu. Bu el ağsaqqalını tanıyanların hamısı onu Xasay müəllim, Xasay əmi, Xasay baba deyə çağırardılar. Müəllim peşəsinin sahibi idi.
Aramızdakı yaş fərqindən asılı olmayaraq çox yaxın dost idik. Onun nurlu çöhrəsindən heç vaxt təbəssüm əskik olmazdı. Uşaqla uşaq dilində, böyüklə böyük dilində danışardı. Hər görüşümüzdə məndən soruşardı: Əyyub müəllim, təzə nə yazmısan? Şuşa və Qarabağla bağlı yazılarımı dinləməkdən doymurdu. Deyirdi ki, məqalə və şeirlərin bir anlığa olsa da xəyalımı qədim el-obalarımıza aparır... Azərbaycan muğamlarını çox sevirdi.
     Hərdən də zarafatlaşanda ən çox xoşladığı “Qocalar” adlı şeiri söyləməyimi xahiş edərdi. Mən də həvəslə söyləyərdim:

Söykənər çəliyə xəyal içində,
Ömürdən gün yola salar qocalar.
Qızmar günəş altda, əkin-biçində,
Ozan nəğmələri çalar qocalar!
Dünyanın malından gözünü çəkər,
Mənasız yaşamaz, bağ-bostan əkər.
Bəzən Fərhad kimi qayalar çapar,
El-oba qeydinə qalar qocalar!
Hər sözü işlədər öz məqamında,
Qiyməti yüksəkdir qanan yanında.
Vətən məhəbbəti axar qanında,
“Koroğlu cəngisi” çalar qocalar!

    Səmimi deyim ki, bu poetik misralardakı bütün yüksək mənəvi keyfiyyətləri, gözəllikləri özündə cəmləşdirən, halalığı hər şeydən üstün tutan, qonaqpərvər bir kişi idi, Xasay əmi!
Ömür-gün yoldaşı - Tovuz xanımın bişirdiyi dadlı, ətirli xörəkləri və xoşladığı kəklikotu çayı süfrəsinin bəzəyi idi. Dəfələrlə mən də Xasay əminin gözəl süfrəsinin qonağı olmuşam. Süfrə ətrafında bir qayda olaraq tariximizdən, milli-mənəvi dəyərlərimizdən, işğal altındakı el-obalarımızdan, xalq qəhrəmanlarından: Qaçaq Nəbidən, Qaçaq İldırımdan, Qaçaq Kərəmdən, Qaçaq Mahmuddan,  şuşalı xanəndələrdən, elm və təhsil xadimlərindən danışmaqdan yorulmazdı.
Çox məlumatlı, dünyagörüşlü insan idi. Xasay müəllimin oğlanların özümə qardaş, qızların isə bacı bilmişəm. Xasay əmi övladları ilə fəxr edərdi. Övladları isə ata-analarının başlırına pərvanə kimi fırlanırdılar.  

    Xasay əminin ailəsində bir-birinə qarşılıqlı hörmət, böyük-kiçik yeri bilmək, övladlarının, gəlinlərinin, nəvə-nəticələrinin yaşlı insanlara diqqət və qayğıları məndə xoş təəssürat yaradıbdır. Bu müdrik kişinin həyatdan köçmüş xanımına  sonsuz sevgisi adamı valeh edirdi. Valideynlərindəki yüksək keyfiyyətlər övladlarına da keçibdir.
Xasay əminin övladlarının hamısı ali təhsillidirlər. Qardaş-bacılar müəllim, həkim, hərbiçi, hüquqşünas, mühəndis peşələrinə yiyələnərək müxtəlif sahələrdə çalışırlar. Sözün əsl mənasında Xasay əminin ocağının davamçıları valideynlərinin adına ikiqat hörmət gətirirlər.
Hələ Şuşada olanda “Azərbaycan müəllimi” və “Şuşa” qəzetlərində yazdığım “Uşaq tərbiyəsində valideyn nüfuzunun rolu” və “Uşaq tərbiyəsinin spesifik xüsusiyyətləri” adlı pedaqoji yazılarımda Şuşadakı nümunəvi valideynlər sırasında Xasay müəllimin ailəsinin də adını fəxrlə çəkmişəm.
Artıq bir neçə ildir Xasay əmi cismən aramızda yoxdur, lakin mənən həmişə bizimlədir. Ondan həm xoş xatirələr, həm də fəxri vərəqələr, diplomlar və Böyük Vətən müharibəsindəki iştirakına görə medallar qalmışdır. Tanıyanların hamısı Xasay müəllimi hörmətlə xatırlayırlar. Övladları və nəvə-nəticələri bünövrəsi Şuşada qoyulmuş gözəl mənəvi dəyərləri ataları Xasay müəllimin və anaları Tovuz xanımın adlarına layiq qoruyub saxlayırlar.
Sonda düşünürəm ki, Xasay əminin məzarı Bakıda olsa da, ruhu Qarabağın zümrüd tacı sayılan:

Küçələri sal daşlarla döşənmiş,
Bağ-bağçası qızılgülə bələnmiş,
Süfrəsinə zəm-zəm suyu çilənmiş,
Qız-gəlini gülməxməri geyinmiş...
- Şuşa adlı şəhərdə dolaşır.

    İnanınırıq ki, Azərbaycanın Məkkəsi sayılan Şuşamız tezliklə qüdrətli ordumuzun sayəsində düşmən tapdağından azad olunacaq, təkcə Xasay əminin yox, yüzlərlə soydaşlarımızın niğaran ruhları Şuşaya qovuşacaqdır.
 
Əyyub Şırlanlı, 
şair-publisist, AYB-nin üzvü, “Tərəqqi” medallı əməkdar müəllim 


Facebook-da paylaş