Parlayan hind gözəllikləri və mənim azərbaycanlı olmaq sevgim...


     Açığı, bu qədər rəngi ilk dəfədi bir yerdə görürəm.  Deyəsən, göy qurşağı karıxıb yerə enib - indi burda cümlə xilqət rəngidir. Zinət əşyaları par-par yanır, üzəri muncuq işləməli geyimlər göz oxşayır, mebellər belə gül-çiçək açıb burda. Bir tərəfdən də hind musiqisinin əsrarəngiz avazı... Rəqs edən hind gözəlləri...
    Bütün bu qarmaşa və gözəlliyin ahəngi mənə “Bollivud” səhnələrini xatırladır. Bəlkə “Əl Oyunları Sarayı” yerinə təsadüfən SPACE kanalına gəlib çıxmışam, burda da həmişəki kimi hind kinosu gedir?

    

 
    ...Özümü itirmişəm, bilmirəm hansı tərəfdən gedim, bilmirəm ilk olaraq kimi dindirim, kimi danışdırım. Hansı rəngdən başlayım? Əlbəttə, qaradan! Bu oğlanların, qızların hansına baxırsan qapqaradı. Hə, ilk dəfədi qaranı bu qədər işıqlı görürəm. Hamısı adama təbəssüm edir, salam verir. Günəşin, zəhmətin, alın tərinin yandırdığı çöhrələrindəki nuru danmaq günah olar, adam qara olanda nolar ki?!
Yaxşı ki tək deyiləm, Hüsniyyə xanım dilimizin qıfılını açır.
-Ay kəkilli, bu şərf neçiyədi?
Oğlan kəkilli sözünü anlamasa da, “neçəyədir” sualını yaxşı anlayır və cavabı gecikmir: - 40 manat.
 -Sən qan-qan deyirsən, adə, qırx manat nədi? Beş manatlıq şərfdi də...
    Satış işində ona bələdçilik edən azərbaycanlı köməkçisi dillənir: - Təmiz kaşmirdi, xanım.
    Kəkilli bizə baxıb sadəcə təbəssüm edir, bəs neyləsin? Guya başa düşür, cavab vermir? Qoy bu kəkilli başa düşməməyində olsun, biz tərpənək, hələ qarşısında dayanmalı xeyli piştaxta var.
    

      Başqa bir “stend”in qarşısında dayanırıq, hər yer muncuq, hər yer gərdanlıq, biləklik. Əlinə götürürsən, ovucun par-par yanır, işığı gözünə düşür. Eləsi var bəlkə bir kilo, bəlkə daha çoxdu. Bəs hind gözəlləri bu bəzək əşyalarını boyun-boğazlarına necə taxıb-taxışdırırlar? Hələ üstəlik də elə rəqs edirlər, deyirsən, bəs quş havada səkir.
     Sahibi deyir, baxın, bunlar əsl əfqan sikkələridir. Təmiz əl işi boyunbağıdır. Əlimə götürdüyüm çəhrayı qolbağının üzərindəki daşların qolumda necə bərq vurduğuna diqqətlə baxdığımı görüb: - Kapur şəhəri yaqut, zümrüd, sapfir kimi daşlarına görə dünyada məşhurdur- deyir 

    
      Aksessuarların sehrindən zorla ayrılıb başqa bir rəngarəng piştaxtanın önünü kəsdiririk, hamısı şifon koftalardır... üstü başdan-başa işləmə daş-qaş...
-Neçəyədir, xanım?
-35 manat.
Qıraqdan kimsə replikasından qalmır: -Yaman sanballı koftadı.
-Təmiz əl işidir, xanım, özüm işləmişəm - sahibinin cavabı gecikmir.
   Adam bu koftanı elə əməyə xatir almaq istəyir, geyinmək üçün yox. Elə bil asılqanda daha gözəl görünər və heç ağlına da gəlməz ki, götürüb əyninə geyinəsən...
   ...
Daha bir piştaxtanın qarşısını kəsidiriblər, yaxınlaşırıq ki, görək burda nə baş verir. Yaxınlaşıb görürük hind ədviyyatların ətri adamı bihuş edir.

-Neçiyədir bu sarıkök?
-40 manat
-O hindistanlının alnına sürtdüyü də bu sarıkökdəndi?
-Bəli, xanım.
-Onda heyif o sarıkökdən. 
-Niyə?
-Bəs bu bahalığında sarıkökü də adam üz-gözünə sürtər?

  Bu da satıcıyla alıcının söhbəti...
  Qadının biri də o tərəfdən dillənir: - Gəlsinlər onlara nə qədər desəniz sarıkök verək. Nə olub sarıkökümüzə, gedib bazarımızdan ən yaxşısını alaram. Qurban olum Vətənimin sarıkökünə, hilinə, razyanasına...
   
Heyif ki hindistanlı sadəcə təbəssüm edə bilir. Dilimizi bilsəydi, xalam ona başa salardı ki, 40 manata sarıkök olmaz, yeri əynə...
    
     Növbəti dayanacağımız divarboyu düzülmüş ayaqqabılardı. Amma aşağıdan yuxarı baxıb dəqiqləşdirə bilmirsən ki, bunlar ayaqqabıdı, yoxsa suvenir.

-Soruş gör bunlar suvenirdi? – yanımdakı “dilmanc”a xitab edirəm.
Sahibkar dediyimi anlayan kimi bizə təbəssümünü ləngitmir: -Xansına baxış istersiz?
Bu sahibkar da dilimizdən vur-tut iki kəlmə söz mənimsəyib, onu da düz mənimsəməyib. Olsun, buna da şükür.
-Bu ayaqqabını adam ayağına geyinməyə qıymır axı. Bir şey ki ayağa geyiləcək, bu boyda həngaməyə nə ehtiyac? Bəlkə bu ayaqqabıların başqa sirri var-
  biz bilmirik.
  Fikrim ona tərcümə olunanda gülümsünür.
- Cənnət ki qadının ayağı altındadır, daş-qaş niyə onların ayağı altında olmasın ki?!
  
 Üzəri daş—qaşlı daha bir ayaqqabını göstərərək:- Baxın, bu, bizim gəlin ayaqqabılarımızdır, üzərində gördüyünüz hər şey əl işidir, maşın tərəfindən hazırlanmayıb.
    Birini Hüsniyyə xanımın ayağında yoxlamaq qərarına gəlirik. Bu ayaqqabıyla Hünsiyyə xanımın ayağının altındakı cənnət ikiqat gözəl görünür. Düz deyirmiş hindistanlı. Bu piştaxtada isə hindlilərin qadın surətinə olan rəğbət və heyranlığını bir daha görürük...
     

     Qarşısında dayandığımız növbəti piştaxtada isə gözümə aksessuar, paltar, ayaqqabı, ədviyyat, ətir yox, yekə bir “plakat” dəyir. O da urdu dilində olmasınmı? Olsun!
     Bir kişi stulunu qoyub oturub “plakat”ın qarşısında, bilmirsən tamaşaya gəlib, yoxsa sirk gösrətməyə.  
Yanındakından soruşuram: -Yaxşı, digərlərini bildik, bəs bu alnısarıköklü burda nə işə baxır?
-O da fala baxır.
-Yəni deyirsən, ordan bura fala baxmağa gəlib?
-Bəli, hərə öz bacarığını götürüb gəlib də - qarşı tərəf yarızarafat, yarıgerçək gülümsünür.
-İndi bu sahibkarları başa düşdük, məxsusi hind məhsullarını götürüb gəliblər. Bəs bu falçı nə ağılla vurub ordan bura gəlib? Bu da fala indiski baxır?
-Nə bilim, vallah, deyir, adamın əlinə baxıb taleyini söyləyirəm.
-Belə çox bilirsə, ona denən insanın taleyi əlində yox, alnında yazılır. 
-Məni əlimdən oxumaq olmaz, alnımdan oxuya bilərsə, 15 manatı məndə- bunu da başqa bir xanım deyib, gülümsünür. 
-Budey, mənim alnım, necə tələm-tələsik yazıbsa, heç Allah da öz xəttini oxuya bilməz- kənardan kimsə atmacasından qalmır. 
    Onda sən əlini gətir falına baxsın- deyirəm, deyir, əlim evdə qalıb, indi bu, mənim alnıma baxıb taleyimi deyə bilməz?
    Bunu soruşan adam elə ciddi dayanıbsa, deyərsən, bəs doğrudan da, əli yadından çıxıb evdə qalıb. Bu məqamda qeyri-iradi hər kəsin diqqəti adamın əlinə yönəlir. Dəqiq baxanda görürsən ki, doğrudan da adamın əli hardasa qalıb. Görəsən, baxıcı onun bu əlinə baxıb o biri əlinin hansı cəbhədə, hansı minada qaldığını deyə bilərmi? İnanmıram! O, Azərbaycanın falına baxa bilməz. Görə bilməz ki, biz hansı ağrıların içindən keçib gəlmişik. Alın yazımızı təzədən yazmışıq, görə bilərmi? Bilməz!  
      
    ...Ağız deyəni qulaq eşitmədiyi bir yana, bu basabasda biri də durbinə bənzər sarı qoşagöz aləti silah kimi üzərimə tuşlayıb, bircə “əllər yuxarı” deməyi qalıb.
       Üzümdəki donuq ifadəni görəndə, qayıdıb təbəssüm edir: Narahat olmayın, üzərinizdə heç nə yoxdu.

-Üstümdə nə axtarırdın ki? Ordan baxanda silah gəzdirənə oxşayıram?
-Yox, xanım, Bu, insanlar üzərindəki hər hansı mənfi enerjini, kəm göz və cadunu yoxlamaq üçün xüsusi alətdir.
 
  ...Hə, bircə bu qalmışdı, sağ olun, onu da gətirmisiz-  deyib bu qəribə adamla da belə sağollaşıram.
   Fikirləşdim, indi bu aparatını ölkəmizin üzərinə tuşlasaydı, Azərbaycanın üstündə nə qədər göz tutardı. Amma bu, o “göz”dən deyil. Hindistanlıların bizə maraqla baxan gözlərini deyirəm. Üzümüzə təbəssüm edən gözləri gördükcə sevinməyə bilmirəm. Qonaqlarımız bizi danışdırır, ölkəmiz haqqında nələrisə öyrənmək istəyirlər. Məqsədləri təkcə öz mallarını, öz mədəniyyətlərini təqdim etmək deyil, həm də bizi öyrənmək idi.
     İndi isə sonuncu dayanacaq kimi sərginin təşkilatçısı Şarma Radcinin yanında dayanmışam. Deyir, “Hindistanın ən yaxşıları - Ən böyük eksklüziv Hindistan məhsulları ticarət tədbiri”nin əsas məqsədi Azərbaycan və Hindistan arasındakı iqtisadi və mədəni əlaqələrin möhkəmlənməsidir. Sərgi həm mədəni, həm də iqtisadi baxımdan böyük önəm daşıyır. Yüksək keyfiyyətli məhsul və xidmətlər  nümayiş etdirən bu sərgidə 75 Hindistan şirkəti iştirak edir. Hindistan Ticarət Palatası və Hindistanın Azərbaycan səfirliyi bu ticarət yarmarkasını Azərbaycanda 2013-cü ildən etibarən hər il təşkil edir.
     Təşkilatçı Şarma Radci bu gözəlliyə sərgi desə də, mən səyahət deyərdim. Bu sərgi vasitəsilə Hindistana səfər etdim. Hindistanı heç bu qədər yaxından tanımamışdım. Onlar oxudu, biz oynadıq. Onlar oynadı, biz izlədik. Biz aldıq, onlar satdı, biz qarşıladıq, onlar gəldi. Qonağı Bakı qədər sevən ikinci şəhər tanımıram. Qonaq Bakıya çox yaraşır. “Hindistan”ı Bakıya qonaq gətirənlər olduqca şən, gülərüz, sevimli və bir o qədər də maraqlı idilər. Amma qınamayın məni, bütün bu gözəllik və qarmaşanın içində mənə azərbaycanlı olmaq daha xoş göründü. Bir də azərbaycanlı olmaq istədim, bir də, bir də, bir də...
   

Təranə Əlizadə

      
     


Facebook-da paylaş