Elmin Zəlimxan Qarayevi...

 Və ya elmdə yeri görünən kişi...
                                                   
     Onun adını hələ 1990-cı illərdə-  tələbə olarkən Azərbaycan Dövlət Pedaqoji Universitetində (keçmiş APİ) eşitmişdim. Kimya elmləri doktoru, professor Zəlimxan Qarayevin “Qeyri üzvi kimya” və “Bioqeyri üzvi və Biofiziki kimya” dərslikləri mənə o vaxtdan tanış idi. Kimdir Zəlimxan Qarayev? Azərbaycan kimya elminin inkişafında özünün nüfuzlu mərtəbəsiylə seçilən və bu sahədə yüksək dərəcədə hazırlıqlı elmi kadrların, alim və mütəxəssilərin yetişməsində xüsusi rolu olan bir insan, bir elm fədaisi, bir elm çırağı - Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarixində adı çəkilən məşhur simalardan biri. İlk tədqiqat işlərini hələ tələbəlik illərindən kafedralarda aparmış, bir çox məzunlar bu ali məktəbi bitirdikdən sonra öz elmi fəaliyyətlərini davam etdirərək, elmdə böyük cığırlar açmış, dünya şöhrəti qazanmış və elmi məktəblərini yaratmışlar. Onlardan Azərbaycan respublikası Elmlər Akademiyasının akademikləri Yusif Məmmədəliyev, Bahadur Zeynalovun, müxbir üzvləri Heydər Əfəndiyevin, Şamxal Məmmədovun, Məmməd Mövsümzadənin, Cümşüd Zülfüqarlının, kimya elmləri doktorları və professorlardan Yusif Musabəyovun, İsgəndər Bağbanlının, Şıxbala Əliyevin, Püstəxanım Rzazadənin, Ağarəfi Ağayevin, Allahverdi Verdizadənin adları ilə yanaşı Zəlimxan Qarayevin də adını iftixarla çəkmək olar.
      Zəlimxan Qarayev Qazax rayonunun Şıxlı kəndindən 16 yaşından (İkinci Şıxlı) çıxaraq Bakıya gəlib və təkbaşına, özünün fədakar zəhməti, elmi hünəriylə Azərbaycan elminin fəxri sayılacaq mötəbər bir mərhələyə yüksələ bilib. Hələ tələbəlik illərindən xoş bir təsadüf nəticəsində dünya şöhrətli alim Yusif Məmmədliyevin də diqqətinə tuş gəlib. Günlərin bir günü gecə saat 10-11 radələrində Yusif Məmmədəliyev görür ki, Elmi Tədqiqat İnstitutunun otaqlarının birində işıq yanır. Baxır ki, laboratoriyada bir gənc ağ xalatda kimyəvi maddələrlə- reagentlərlə çalışır. Deyir, oğlum, çalış sağlamlığını da qoruyasan, bütün gün ərzində kimyəvi məhsullarla çalışmaq olmaz. Lakin elm yollarında israrlı və inadlı olan Zəlimxan Qarayev işlərini daim məsuliyyətlə davam etdirərək elmin zirvələrini fəth etmək yolunu tutur.
   Alim haqqında bu yazını işləmək üçün xeyli zəhmətə qatlaşıb araşdırma apardım. Onun yaxın, doğma dostlarıyla, oğlu Şamil Qarayevlə  tanış olub söhbət etdim. Haqqında əsas elmi məlumatları da oğlunun köməkliyi ilə  dostu və yetirməsi olan Qazax Xeyriyyə Cəmiyyətinin yaradıcılarından biri Rövşən Babanlıdan tapa bildim. Rövşən Babanlının şəxsi kitabxanasında və elmi arxivində alimin əsərləri və onun haqqında yazılmış məqalələr də vardı. “Dəli kür” qəzetində çap olunmuş “Alimin şərəfli ömür yolu” sərlövhəli məqaləsini də gözdən keçirdim. Daha sonra “Qazax mahalının alimləri” ensiklopedik nəşrində də Z.Qarayevdən bəhs edən məlumatlar da diqqətimi çəkdi . Rövşən müəllim elmin üfüqlərinə doğru addımlamaqdan usanmayan cəfakeş ziyalı Zəlimxan  Qarayevə dair  qoruyub saxladığı mənbələri göstərdikcə ona olan sevgisini də  şirin söhbətə çevirir , haqq dünyasında olan alimin hər kəsə müyəssər olmayan ,insanlığa bəzək  nadir keyfiyyətlərindən danışırdı..Bir qulağım onda olsa da , bir tərəfdən də  alimin aftobioqrafiyasından xəbər verən sətirləri yaddaşıma cəm edirdim..
 “Qarayev Zəlimxan Şamil oğlu 1929-cu il dekabrın 24-də Qazax rayonunun İkinci Şıxlı kəndində dünyaya gəlmişdir. O, həmin kəndin orta məktəbini bitirdikdən sonra 1947-ci ildə indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin Kimya-təbiət fakültəsinə qəbul olunmuş və oranı 1951-ci ildə fərqlənmə diplomu ilə qurtarmışdır. Həmin il Azərbaycan Elmlər Akademiyasının neft İnstitutunun aspirantı olmuşdur. 1955-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək “Kimya elmləri namizədi” alimlik dərəcəsi almışdır.   

     1955-69-cu illərdə Azərbaycan Elmlər Akademiyası Qeyri-üzvi Fiziki kimya institutunda müxtəlif vaxtlarda böyük elmi işçi, elmi katib və laboratoriya müdiri vəzifəsində çalışmışdır.  1967-ci ildə doktorluq dissertasiyasını müdafiə etmiş, 1970-ci ildə professor adına layiq görülmüşdür.
    1969-cu ildən Z.Ş.Qarayev tədris sahəsində fəaliyyət göstərmişdir. Azərbaycan Tibb Universitetində Bioqeyri üzvi və Biofiziki kimya kafedrasına fasiləsiz olaraq 26 il rəhbərlik etmişdir. Tanınmış alim 1995-ci ildən təqaüdə çıxmışdır. Professor Qarayev 250-dən çox elmi əsərin, 24 kitabın, 4 irihəcmli dərsliyin müəllifidir. Dəfələrlə Azərbaycan elmini beynəlxalq və ittifaqmiqyaslı tədbirlərdə təmsil etmişdir. Onun kitab və dərslikləri bir neçə müsabiqənin qalibi olmuşdur. Hətta alim öz dərslikləri haqqında tanınmış rus-sovet alimlərindən məktublar da almışdır. Bu məktubların birində Ukrayna Elmlər Akademiyasının həqiqi üvü V.V.Samsonov yazırdı: “Mən sizi təbrik edirəm. Kitabınız hər cürə tərifə layiqdir. Hətta mən elm adamı olaraq ondan çox şey öyrəndim”...
      Kimya sahəsində özünəməxsus cığır, yol açmış, daha doğrusu, özünün kimya məktəbini yaratmış alim 1981-ci ildə Azərbaycan SSR əməkdar elm xadimi adına layiq görülmüşdür. Respublikada Kimya elmi sahəsində elmi kadrların hazırlanmasında onun xidmətləri böyük olmuşdur. Belə ki, onun rəhbərliyi altında bir çox alim, elmi-pedaqoji kadr yetişmişdir. Görkəmli alim ömrünün 82-ci pilləsində  Bakı şəhərində vəfat etmişdir”.
      Professor Zəlimxan Qarayevlə uzun illər dostluq etmiş, bir yerdə çalışmış Bakı Dövlət Universitetinin professoru 86 yaşlı Əyyub Əzizov da alimin işıqlı xatirəsini yad etdikcə gah kədərlənir, gah da üzünə təbəssüm qonurdu: “1961-ci ildən Elmlər Akademiyasının Kimya İnstitutundan tanıyırdım onu. Rəhmətlik bütöv, dolğun bir şəxsiyyət idi. Uzun illər Azərbaycan Tibb Universitetində özünün yaradıcısı olduğu kafedraya rəhbərlik etmişdi. Bu kafedrada mənə də dərs saatı vermişdi. Orda tələbələrə dərs deyirdim. Ona görə də onu çox yaxşı tanıyıram. Zəlimxan Qarayev sözün gerçək çalarında alim müqəddəsliyinə tapınmış bir ziyalı idi. Yazıb-yaratmaqdan doymurdu. Hər zaman prinsipial, aydın mövqeyi ilə seçilirdi. Yaxşılıq etmək fürsəti, məqamı yarananda çalışardı ki, onu əldən verməsin. Tələbələrlə xoş rəftar, xoş ünsiyyət qurmağı bacarırdı. Hələ gənc vaxtlarında Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda müəllim kimi çalışmışdı. Təqaüdə çıxandan sonra da bu peşəni 10 ilə yaxın bir müddət ərzində respublikanın müxtəlif ali məktəblərində davam etdirmək ona qismət oldu. Övladlarını sevgiylə böyütməyi bacaran bir ailə başçısı idi. İki qızı, bir oğlu da yüksək dərəcəli ali məktəb məzunudur. Tibb Universitetinin məzunu olmuş və Oftolmologiya sahəsidnə namizədlik dissertasiyası etmiş qızı Gültəkin Qarayeva ömrünün və elmi fəaliyyətinin  çiçəklənən çağında –cəmi 48 yaşında dünyasını dəyişmişdir. Digər bir qız övladı Gülnarə Qarayeva  da Tibb Universitetinin məzunudur, hazırda müalicə işi sahəsidnə həkimlik peşəsini şərəflə yerinə yetirir. Babasının adını daşıyan oğlu Şamil Qarayev də Lomonosov adına Moskva Dövlət Universitetinin Tarix fakültəsini bitirib. Müasir hərbimizin dövləti və dövlətçiliyi qoruyan xüsusi bir sahəsində ləyaqətlə çalışıb və hazırda istefaya çıxmış polkovnikdir.Atasına məxsus ziyalılıq, cəmiyyətə,həyata ,bütövlükdə varlığa sağlam münasibət  oğlunun da dünyagörüşünün əsas mahiyyətinə çevrilərək onu toplum içərisində  fərqləndirir...
     Göründüyü kimi, əməkdar elm xadimi Zəlimxan Qarayev doğma Vətənə onlarla alim, ziyalı bəxş etdiyi kimi, öz ailə üzvlərini də elmin işığına, nuruna qərq edə bilib. Alimin həyat yoldaşı -rəhmətlik Səlminaz Quliyeva da Fizika-riyaziyyat elmlər nazmizədi kimi uzun illər Azərbaycan Memarlıq və İnşaat Universitetinin Fizika kafedrasında baş müəllim, dosent kimi çalışıb.
     Onu da deyim ki, Zəlimxan Qarayev haqqında düşünəndə həmişə xalq şairi Söhrab Tahirin “Yaxşılıq” şeirindən misralar yadıma düşür.
Yaxşı olma yaxşılıqdan ötəri,
Yaxşılıq et, qoy olmasın xəbəri.
Ək, dünyada birə yüzdür səməri,
Qızıl taxıl dənəsidi yaxşılıq,
Ver özgəyə, dönəsidi yaxşılıq.      
     Zəlimxan müəllim dünyaya yaxşılıq etmək üçün gəlmişdi. Yadımdadır. Bir dəfə bir iş yoldaşım mənə dediki, qızım ali məktəbə sənəd verəcək, anası ağır xəstədir . Qorxuram ki, qız qəbul ola bilməyə, anasının halı daha da pisləşə.  Elə həmin gün qızın atasını da götürüb Zəlimxan müəllimin evinə yollandım. Əhvalatı olduğu kimi ona danışanda, xeyli mütəəssir oldu və ona mütləq kömək edəcəyini dedi. Doğrudan da, qız həmin il ali məktəb tələbəsi oldu və Zəlimxan müəllimin sayəsində bir ana qızının uğuruyla xəstəliyi özündən uzaqlaşdrıb uzun ömür qazandı. Ümumiyyətlə, rəhmətlik hər zaman cəmiyyətə, xalqa, doğma el-obasına fayda vermək haqqında düşünür, bu amalla yaşayırdı”.
       Azərbaycan Kimya elminin parlaq simalarından biri, professor Zəlimxan Qarayevin bu il dekabrın 24-də 90 illik yubileyi olacaq. Dostları, doğmaları və elmi ictimaiyyətimizin tanınmış nümayəndələri onun əziz xatiəsini  bir yerdə yad edəcəklər.
     Bu gün o, həyatda olmasa da, onun elmi irsi yaşayaraq alimin ruhuna daim hörmət və ehtiram gətirir. Qələmə aldığı kimyaya dair onlarla əsər dil açıb alimin yerinə danışır- “Kimya və həyatın sirləri”, “Dövri sistemin sonu varmı?”, “Kimyanın sirləri açılır”, “Atomun quruluşu” və ya qeyri-üzvi kimyanın ən müxtəlif sahələrini yarımkeçiricilər bölməsini, kvant mexanikasını, özünün doktorluq dissertasiyası olan nadir torpaq elementlərini, namizədlik dissertasiyası olan metalların karroziyaya uğrama prosesini əhatələyən əsərləri kimya sahəsində gənc nəslin meydana çıxmasına yol göstərir. Necə deyərlər, işıqlı bir mayak funksiyası daşıyır.
       Zəlimxan Qarayevin yazı dili də orijinaldır. Özünəmxəsusluğu ilə seçilir. Belə ki, o, kimya və təbiət elmlərindən danışanda şairanə bir dillə danışmağa, yazmağa üstünlük verir. Sanki kimyanın, fizikanın, digər təbiət elmlərinin poetikasını yaradır. Ona görə də onun əsərləri daha tez qavranılır, öyrənilir, üstəgəl elmi fəlsəfəsiylə insan ruhuna mənəvi qida verməyi də bacarır. Təsadüfi deyil ki, kvant mexanikası üzrə tanınmış kimyaçı alim Rza Abbasov xatirələrinin birində yazır: Məndə kimya elminə, kvant kimyasına həvəsi, marağı hələ doğulduğum Gədəbəydə orta məktəbin yeddinci sinifində oxuduğum zaman Zəlimxan Qarayevin “Atomun qruluşu” əsəri yaratmışdı. Bu, rast gəldiyim qarşıma çıxan  təsadüfi  faktlardan sadəcə biridir .  Reallıq isə ondan ibarətdir ki, alimin elmi rəhbərliyi altında onlarla kimya elmləri namizədi, doktoru, professoru səviyyəsinə yüksəlmiş kadrlar var. Onların hər biri professor Zəlimxan Qarayevi hörmətlə yad edir, ustad müəllimlərini daim xoş xatirələrlə yada salırlar.
      Alimin  ömrünün son illərində işıq üzü görmüş “Mənəvi dünyamızdan səhifələr” kitabı da çox şirin bir dillə yazılıb və bədii, elmi-fəlsəfi  janrın çox gözəl  bir  nümunəsi olaraq   maraqla oxunur. Kitab insan və təbiət münasibətlərindən, mənəvi-ekoloji tarazlığın pozulmasından bəhs edir. Müəllif bu kitab vasitəsilə insanları doğru yola çəkməyə çalışır. Təkcə bir elm xadimi kimi nəinki doğru yolu göstərmək, həm də yazdığı sətirlərlə əl açıb Tanrıya dua edir. Dua edir ki, insanlar dünyanın nizamını pozmasın. Həqiqətən, bu kitabı mən də həvəslə oxudum və yaddaşımda ruhumu duruldan, məni özümü dərk etməyə yönəldən çox şeylər qaldı. Alim hər bir sətirində, hər bir düşüncəsində ədalət hissini, ləyaqəti insanların başının tacı hesab edir . Ədalət və ləyaqət hissindən böyük mənəvi hakim tanımadığını bəyan edir. Görkəmli elm fədaisinin mənəvi dünyası ilə tanışlıq mənə qədim xalqlardan özünəməxsus “şərəf qanunları” olan “Qızıldərili”lərin, onlara hindular da deyirlər, bir deyimini xatırladır: “Yolu azmış adamlara qarşı anlayışlı ol. Cəhalət, kibir, qəzəb, paxıllıq, acgözlük itmiş ruhdan qaynaqlanır. Yollarını tapmaları üçün dua et!.
     Professor Zəlimxan Qarayev də itmiş ruhların cəmiyyətdəki fəsadlarından ürək ağrısı ilə yazıb: “...Allah ölümü azmış ki, insanlar öz-özünü və bir-birini məhv etmək həvəsinə düşmüşlər. Hələ də cəmiyyətdə əqidəsi düzgün, mənəviyyatı saf, əxlaqı saf adamlar sarıdan mövcud kasıbçılıq və bunun nəticəsində kütləvi cinayətkarlıq, quldurluq, soyğunçuluq, qarət, pul qopartmaq, adam oğurluğu da daxil olmaqla oğurluq, girov götürmək, çirkin yollarla var-dövlət toplamaq, sərvət sahibi olmaq hərisliyi kimi mənəvi dəyərlərdən, əxlaqi normalardan uzaq əlamətlərin qalması dünyamıza meydan oxuyur. İndi bu ehtiras, bu hərislik, bu həvəs insanı ifrat dərəcədə riyakar və zalım etmişdir. Bəşəri həmişə olduğundan daha çox xəyanətə, cinayətə sürükləmiş, görünməmiş insan fəlakəti, insan faciəsi yaratmışdır. Belə ki, övlad valideyni, valideyn övladı qəsdən öldürür; dost dostu arxadan vurur, qardaş qardaş qanı axıdır. Adamlar addım başına bir-birinə kələk gəlir, bir-birini aldadır.  Bir sözlə, şüurlu, ağıllı insan dəli olmuş, sağlam ruhunu itirmiş kimi hərəkət edir...”
   Göründüyü kimi, Zəlimxan Qarayevin mənəvi dünyasından süzülüb gələn bu düşüncələr cəmiyyətin müasir mənzərəsindən qaynaqlanaraq onu daim narahat bir ömür yaşamağa vadar etmişdi.  
   Alim öldü, aləm öldü deyimi də var. Bu deyimin gerçək tərəfi ondan ibarətdir ki, indi müasir Azərbaycan kimya elminin bir fədakarı Zəlimxan Qarayev aramızda yoxdur. Lakin hardan, hansı səmtdən baxsan, onun yeri görünür. Zəlimxan Şamil oğlu Qarayevin elmimizdəki yeri indi onun elm aləminə miras qoyduğu əbədi yaradıcılığına köçüb. Bu yerin qədir-qiymətini şair xüsusi dəyər verdiyi insanların simasında daha qiymətli ifadə edir:
Hasardan düşən daş kimi,
Ağızdan düşən diş kimi,
Üzükdən düşən qaş kimi,
Yeri görünən kişi...
       Elmin işığı təkcə mövcud olduğu öz dövrünə, öz zamanına yox, keçmişə və gələcəyə də düşə bilir. Yəni bu baxımdan Zəlimxan Qarayevin yeri hər zaman görünəcək - keçmişdən də, gələcəkdən də.
     Sevindirici hal odur ki, bu nəslin, bu soyun davamçıları var. Alimin Azərbaycan elmini müxtəlif sahələrdə təmsil edən nəvələrini nəzərdə tuturam. Görkəmli alimin, Azərbaycan elmində məktəb yaratmış böyük şəxsiyyətin tibb, iqtisadiyyat, hüquq sahəsində çalışan intellektual səviyyəli nəvələri, həm də onun mənəvi varisləri hesab olunur.
   Sonda dostu professor Əyyub Əzizovun bir ifadəsi də yada düşür. Bu dünyadan bir alim, bir Zəlimxan Qarayev də keçdi. Adının şərəfini ən çətin məqamlarda da uca tutmağı, qorumağı bacaran bir alimdən söhbət açmışdıq. Soyadındakı “qara” ifadəsinin bir anlamı da “başçı, böyük, cəsarətli, güclü” deməkdir. Bu sözün sifət çalarları elm aləmində, onun tanıyanların qəlbində işıqlı xatirələr qoyub getmiş alimin şəxsiyyəti və ömür yolu ilə tamamilə səsləşir. “Zəlimxan” da qalib xan, qalib gələn xan, bir az da dərinə getsək, sağlam, sağ-salamat, qüsursuz, nöqsansız mənalarını verir. Bütün hallarda Zəlimxan Qarayev adı Azərbaycan elmi ictimaiyyətinin mənəvi yaddaşında bütövlük, hallalıq, ədalətlilik, əzmkarlıq, zəhmət və mərdlik rəmzi,  əbədiyaşar bir elm qalası kimi qalacağına inanmamaq sadəcə mümkün deyil.  

Fariz Çobanoğlu,
Azərbaycan Yazıçılar Birliyinin üzvü


Facebook-da paylaş