SEVMƏYƏN KÖNÜLLƏR BƏRBAD GÖRÜNÜR...

 
     Sakit və durğun dəryanı hərəkətə gətirirb dalğalandıran tufan bəzən gəmiləri parçalayıb dağıdır, insanları təhlükəyə salır, bəzən də həyat və nicat bəxş edir. Böyük şəxsiyyətlər bəşər cəmiyyətinin dalğa mənbəyidir. Xalqın tale yükünü çiyinlərində məğrurcasına daşımağı bacaran parlaq zəka sahibləri özlərinin misilsiz hidayət dalğası – ağılı, təfəkkürü, əqidəsi, inamı ilə xalqını, millətini, sözün əsl mənasında bütövlükdə planeti nicat və xoşbəxtlik sahillərinə doğru aparırlar. Azərbaycan mədəniyyətinin inkişaf tarixində müstəsna rol oynayan şəxsiyyətlərin bir çoxu Qarabağ torpağından çıxmışdır. Təbiətin gözəlliyi, ahəngdarlığı, can dərmanı suyu, havası insanların qanına ilahi istedad, Allah vergisi bəxş etmişdir. Yoxsa ki, nədir bu torpağın möcüzəsi. Qarabağ torpağının belə parlaq zəka sahiblərindən biri Sabir Şirvandır (Zalov Sabir Əvəz oğlu).Sabir Şirvan Cəbrayıl rayonunun Xələfli kəndində anadan olub. Azərbaycan İnşaat Mühəndisləri Universitetini bitirib. “Gördübaba”, “Səs salma, əsən külək”, “Ellər, məni unutmayın”, “Könlümün közü” şeir kitablarının və elmi-tədqiqat xarakterli “Eyvatlıdan Xələfliyədək” (Yusif Dirili ilə həmmüəllif) tarixi-etniqrafik ədəbiyyatın müəllifidir.
   
Bu yazını yazmaq arzusu, istəyi uzun müddət məni tərk etmirdi. Amma nədənsə bu arzunu həyata keçirə bilmirdim. Bir gün Cəbrayıl elinin ziyalılarından olan tanınmış pedaqoq,  Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, şair-publisist Əlibala Zaloğlu ilə söhbətimiz hərlənib Sabir Şirvanin poeziyasının üstünə gəldi. Əlibala müəllim bir anlığa sükut edib, qoy sənə onun bir şerini söyləyim dedi.

 ...Şair qəlbi şeirlər
  Bişirən odlu kürə.
 Söz gərəkdir zövq verə,
 Söz gərək düşündürə...
 

     Sabir Şirvan yaradıcılığının çox mühüm ənənə və yenilik ana xətti var. Onacan heç kəsin söyləmədiyi sözləri Sabir elə söyləyir ki, onun fikirləri, ifadələri, obrazları, hamıya tanış, binədəngəlmə, həmişə mövcud olan bir sərvət kimi qavranılır. Sonra kitablarının arasından Sabir Şirvanın br neçə kitabını - “Gördübaba”, “Səs salma, əsən külək”, “Ellər, məni unutmayın”, “Könlümün közü”nü  götürüb mənə verdi və bərk-bərk də tapşırdı, bu kitabları sənə geriyə qaytarmaq şərti ilə verirəm.
      Kitabları gətirib birər-birər oxudum. Əsər dərhal məni tutdu, qüvvətli təsir altına aldı.
 

 Səs salma əsən külək,
 Burda bir şəhid yatır.
 Sinəsi çiçək-çiçək,
 Burda bir şəhid yatır.
 

     Və gördüm ki, Sabir üçün əsas məqsəd həqiqəti münasib bədii vasitələrlə ifadə etmək, düz söz deməkdir. Onun aləmində söz insanın həqiqətidir.
 Sözdür qənirsiz dilbərim.
 Sözdür allahu-əkbərim.
 Hər deyimin dil əzbərim,
 Dillər məni unutmayın.
 

     El arasında məsəl var: südlə gələn sümüklə çıxar. Demək cövhərdə, mayada olan nə vaxtsa özünü büruzə verir. Sabir Şirvanı lap çoxdantanıyıram… Bir yerdə böyümüşük, ata tərəfdən qohumluğumuzda var. Onun cəmiyyətə, insanlara sevgisini, cəmiyyətin ağrılarına özünəməxsus münasibətini müşahidə eləmişəm.
     Dərin fikirlər, aşiqanə hisslər poeziyası olan Sabir sənətinin ictimai silqətidə böyükdür. Məddahlığı qətiyyətlə rədd edərək aşiqanə sözlər söyləyən şair, həqiqət ifadəsinin digər şəkilindən də - məzəmmət, tənqid, ifşa formalarından ustalıqla istifadə etmişdir.
 

 ...Çətində, darda səndən,
 Olmayıb kömək alan.
 Bərkə-boşa düşəndə,
 Verdiyin vədlər yalan...
 

     Sabir Şirvan poeziyaya böyük yaradıcılıq enerjisi ilə  gəldi və onun yaradıcılığında poetik nəfəs bütövlüyü var. Çox zaman, Talan olunmuş el-obamızdan yana, Qarabağımızdan ötəri yanıb göynüyəndə onun şerlərini oxumaq sankı illərin yarasına məlhəm olurdu...
  

  İdrakına dünya dar,
 Qurbani var, Pəri var.
 Torpağında gör yaşar,
 Neçə hikmət Cəbrayıl.
  Nəğməkarın türküsü,
 Nəhənglərin kürsüsü,
 Xudafərin körpüsü,
 Budur sənət Cəbrayıl.
  İlham küskün, söz giley,
 Sabir sənsiz yandı hey!
 Hər guşəsi bir muzey,
 İncəsənət Cəbrayıl.
  

    Onda elə bil ki, uzaqdan, lap uzaqdan görünən bir işığın gözərən zəif ziyasına yön tutub, hardansa yurd yerindən aşıb gələn bir səsin sehrinə düşüb, ahənrübasına meyyillənib varlığını unudursan.
  Nanəcib, nadürüst düşünməsin dar,
Səbr əhlin nifaqa edəmməz vadar.
İnsanı insana sevgi yaşadar,
Sevməyən könüllər bərbad görünür.
 

    Poeziya, özüdə həqiqi poeziya həmişə hünərdir. Dərdi yaşatmaq, düşmənin vurduğu yaranı qisası alınmamış yaranın sağalmağa qoymamaq, qaysağını qopardıb, gələcək nəsillərin görə biləcəyi bir hala salmaq hər şairin işi deyil. Həqiqi poeziya ustaları da qəhramanlardır, mənəviyyat cəngavərləridir, amansız dövranın zülmətində insanları hicran zülmündən – VƏTƏN həsrətindən qurtarmağın çırağını yandıranlardır.
 

...Mən bir fəsil yaşayıram,
Qaçqınlığın qış fəslini,
Dərdin, qəmin qamət əyən
Dağdan ağır daş fəslini,
Oğlu gedən anaların
Gözlərinin yaş fəslini...
 

     Sabir Şirvan bizim poeziyada Məmməd Araz, Musa Yaqub ənənəsinə sadiq qalaraq təbiəti alim kimi öyrənən şairlərdəndir. O, təbiətə ailm kimi yanaşır. Təbiətin fəlsəfəsini öyrənir. Onun şeirlərinin iti müşahidə qabiliyyəti var və təbiəti olduğu şəkildə elə gözəl obrazlaşdırır ki, elə bil bura da başında ağ çalma kimi qar olan dağla, dibində şarha-şar axıb gedən çay olan dərə ilə baş-başa qalırsan. “Lalə”, “Bənövşə”, “Qızılgül”, “Qərənfil”, “Nərgiz”, “Nar”, “Armud”, “Əncir” şeirləri insanla təbiətin vəhdətinin nümunəsidir.
    Yaradıcı adam ədəbi qəhrəmanının faciəsini ötəri duyğularla yaşamır. Bu ağrı-acılar sözlərə çevrilib qələmə süzülənə qədər ürəkdə qovrulur, bişir. Mən Sabir Şirvanla ədəbi söhbətlərimdə onun daxili dünyasında ağrı-acıları qovurub sözə çevirən qazanın qaynadığını fikrinin aynasından – gözlərindən oxumuşam.Xoşbəxt o qələm sahibidir ki, onun yazdıqları üstündən zaman keçsədə həmişə təzə tər və yenidir: elə bil bu gün deyilib.
    Adətən deyirlər: “Hər qaranlıq gecənin bir işıqlı sabahı var”. Adamlarda inam, ümid hissini qüvvətləndirmək məqsədi və arzusundan doğub bu kəlam. Sabir Şirvanın yaradıcılığı elə bu amala xidmət edir. Doğma torpağa məhəbbət, yurd yanğısı, vətən xalq təəssübkeşliyi, ülvi eşqin tərənnümü, habelə mənəvi saflığa dəvət, insanlığa çağırış onun şeirlərinin əsas qayəsini təşkil edir.
 
Vətən yetirsədə hər dürlü nemət,
Kamil insandı ən böyük sərvət.
Kiçiyə ehtiram, böyüyə hörmət,
Bizə miras qalıb Dədə Qorquddan,
Ürək heç doyarmı bu qədim yurddan.

    İnsanı titrədən duyğular olmalıdır. İnsan sevməyi bacarmalıdır, insan nifrət hissindən xali olmamalıdır. İnsana yaraşmayan, onun paklığına, müqəddəsliyinə, insanlığın təmiz, saf dünyasına ləkə salan nə varsa nifrətlə qarşılanmalı, ikrahla rədd olunmalıdır.
 

Insan düşməsəydi ehtiyaclara,
Başlar əyilməzdi qızıl taclara.
Ömrün baharında şəvə saçlara
Yağan qar tələsdi, mən tələsmədim.

     Can yanğısı ilə yazılmış bu bənd “Könlümün közü” kitabındandır. Sabir Şirvanın yaradıcılığından gətirilən bu nümunə onun yaradıcılığı haqqında müəyyən təssəvür yaradır. Hər kəs öz taleyini yaşayır. Heç kəs qaça bilməz Tanrının müəyyənləşdirdiyi taledən, alın yazısından. Sabir Şirvanda öz taleyini yaşayır, Tanrıdan ona qismət olan taleyi. Şair ömrünü. Sözü hər şeydən uca tutmaq qismətini. Yetər ki, ümüdlər ölməsin.
  

Unudub ən ali rütbəni, çini
Sözdən ucuz tutaq ləli, incini.
…Ümüdlər ölməsin həsrətimizdə…

     Adətən deyirlər: “Hər qaranlıq gecənin bir işıqlı sabahı var”. Adamlarda inam, ümid hissini qüvvətləndirmək məqsədi və arzusundan doğub bu kəlam. Sabir Şirvanın yaradıcılığı da elə bu amala xidmət edir. Doğma torpağa məhəbbət, yurd yanğısı, vətən xalq təəssübkeşliyi, ülvi eşqin tərənnümü, habelə mənəvi saflığa dəvət, insanlığa çağırış onun şeirlərinin əsas qayəsini təşkil edir.Xoşbəxt o qələm sahibidir ki, onun yazdıqları üstündən zaman keçsədə həmişə təzə tər və yenidir, elə bil bu gün deyilib.Sabir Şirvanın əsərləri kimi...
   

Əli ZALOV,
kimya elmləri doktoru,
Azərbaycan Dövlət Pedaqoji Universitetinin
Analitik və üzvi kimya kafedrasının müdiri
 


Facebook-da paylaş