Alim və yazıçı qələmi...

 

Azərbaycan klassik ədəbiyyatının öyrənilməsində əməyi keçən insanlardan biri də filologiya elmləri doktoru, professor, yazıçı Kamran Məmmədov olub. Kamran Dadaş oğlu Məmmədov 21 dekabr 1922-ci ildə Şuşada dünyaya göz açıb.
1938-ci ildə indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Dil və ədəbiyyat fakültəsinə qəbul olunub. II Dünya müharibəsi başlayanda təhsilini yarımçıq qoyub cəbhəyə gedir. 1943-cü ildə ağır döyüşlərin birində yaralanır. Müharibədən qayıtdıqdan sonra təhsilini Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Filologiya fakültəsində davam etdirir.

Sonralar Azərbaycan Dövlət Radio Verilişləri Komitəsində ədəbi redaktor, “Uşaqgəncnəşr”də şöbə müdiri işləyir. Azərbaycan EA-nın Nizami adına Dil və Ədəbiyyat İnstitutunun aspiranturasında oxuyur. Sonra ADPU-da baş müəllim işləyir. 1952-ci ildən akademiyanın Dil və Ədəbiyyat İnstitutunda baş elmi işçi, sonra şöbə müdiri olur.
XIX əsr Azərbaycan satirik bədii fikrinin tanınmış tədqiqatçılarından hesab edilən Kamran Məmmədovun 1981-ci ildə “Yusif Vəzir Çəmənzəminli” adlı monoqrafiyası işıq üzü görür. Alim daha sonra Qasım bəy Zakir, Əbdürrəhim bəy Haqverdiyev və Abbas Səhhətin yaradıcılıqları ilə bağlı monoqrafiyalar ərsəyə gətirir. “Yuxusuz illər”, “Ömrün izi”, “Dünyamız uşaq gözündə”, “Azərbaycan yazıçılarının həyatından dəqiqələr” və s. kitabları çapdan çıxır. Alimin xüsusilə “XX əsr Azərbaycan gülüşü” və “Azərbaycan yazıçılarının həyatından dəqiqələr” kitabları elmi-ədəbi mühitdə maraqla qarşılanıb.
Tənqidçi Qulu Xəlilov onun tədqiqatçılıq fəaliyyətini yüksək dəyərləndirərək yazır: “Kamran Dadaşoğlu eyni zamanda nasirdir. Yazıçı qələmi alim qələminə hərarət, canlılıq, elmi üsluba gözəllik bağışlayır. Bu məziyyəti alimin tədqiqatlarında da hiss edirik. Buna görə də onun monoqrafiyaları quru, şirəsiz faktlar yığımı olmur, elmi dəlillər, sübutlar, bədiilik ünsürləri ilə aşılandığından maraqla oxunur”.
Kamran Məmmədovun ümumilikdə 16 kitab və monoqrafiyası, 200-dən artıq elmi və elmi-publisistik məqaləsi işıq üzü görüb. Onun rəhbərliyi ilə 12 nəfər namizədlik dissertasiyası (fəlsəfə doktoru) müdafiə edib.
Akademik Məmməd Arif görkəmli alimin tənqidçilik fəaliyyətindən bəhs edərkən yazıb: “Kamran Məmmədovun yaxşı xüsusiyyətlərindən biri də elmi obyektivliyi unutmadan öz üslubi etibarilə polemik, döyüşkən, ehtiraslı təbiətə malik olmasıdır. Bu səbəbdən də monoqrafiyaları sadə, aydın, eyni zamanda zəngin bir dildə yazılıb”.
Akademik İsa Həbibbəyli isə Kamran Məmmədovu Azərbaycan elmi fikrinə “Görkəmli adamların həyatından səhifələr” janrını gətirmiş, bu janrın əsasını qoymuş alim kimi xarakterizə edir: “Fikrimcə, keşməkeşli və şərəfli ömür yaşamış Kamran müəllimin özünün də həyatının, mənəvi dünyasının unudulmaz, pozulmaz mənəvi səhifələri nəsillər üçün nümunədir”.
Kamran Məmmədov 1986-cı ildən ömrünün sonuna kimi Nizami adına Ədəbiyyat İnstitutunda elmi məsləhətçi kimi fəaliyyət göstərib. Azərbaycan ədəbiyyatına verdiyi töhfələrə görə bir sıra orden və medallara, “Əməkdar elm xadimi”, “Qabaqcıl maarif xadimi” fəxri adlarına layiq görülüb. 6 aprel 1989-cu ildə Bakıda vəfat edib.

Savalan FƏRƏCOV


Facebook-da paylaş