Bəkirova Lalə Rüstəm qızı...
Bu ad Lalə xanımı tanıyan hər kəsə doğmadır. Onu tanıdıqca bir müəllimə, bir vətəndaşa, bir rəhbərə layiq bütün müsbət xüsusiyyətləri görürsən. O müəllim olsa da, daha çox bir sərkərdə xüsusiyyətinə malikdir. Əslində onun haqqında yazmağı çoxdan planlaşdırmışdım. Düzünü desək, onun fəaliyyət dairəsi o qədər çoxdur ki, ümumiləşdirib bir xarakter yaratmaq üçün düşünmək lazım idi. Hər hadisənin bir səbəbi var, bu səbəbi də səbəblər səbəbi bilir. Mən qadınların cəmiyyətin mühüm bir hissəsi olduğuna inananlardanam. İnanıram ki, qadın rəhmi, qadın zərifliyi hər sahədə özünəməxsus dərəcədə əhəmiyyətlidir.
Dediyimiz kimi, Lalə xanımı tanıyanlar onun nə qədər çalışqan, nə qədər zəhmətsevər, eyni zamanda da ətrafındakı hər kəsə vəzifəsindən asılı olmayaraq diqqət verən insan olduğunu bilirlər. Adətən, hər bir insan öz işini sevir, gördüyü işin nəticəsinin yüksək olmasına çalışır. Çalışır, amma bütün varlığı ilə işin nəticəsinə köklənən insanlar o qədər də çox deyil. Bunu da hamımız bilirik.
ADNSU tarixində böyük alimlər olub, onların adları tarixə yazılıb. Mən də həmişə ürəyimin ən dərin guşələrində Lalə Rüstəm qızı Bəkirovadan yazmaq istəmişəm. Əlbəttə, bu yazı artıq başqa formatda olacaq. Amma, vaxtını dəqiq deyə bilmirəm, çünki, planlarımız çoxdur, hansı işin nəticəsində nə yazılacaq, bunları gələcəkdə biləcəyik. Hələlik yazılmalı olan məsələlərdən danışaq.
Əslində mən ədəbiyyat adamı deyiləm, amma elə insanlar var ki, onların kimliyini yazmasan ürəyin rahat olmur. Lalə xanım elmlər doktorudur, böyük bir kafedranın müdiridir. Amma hər şeydən əvvəl insan insan olaraq təhlil olunanda görürsən ki, hamı fərqlidir. Yaxşı müdir də olmaq olar, yaxşı alim də. Bunlarla birlikdə yaxşı insan olmaq da varsa, deməli bu insan öz dəyərini hər tərəfdə təsdiq edib.
Lalə xanımın xidmətlərinin qısa siyahısını təqdim etsəm sözlərimin mənasını izah etmiş olacağam. Bu işlər onun xidməti vəzifəsi deyil, Azərbaycan gəncliyinə, elmə, təhsilə yönəldilmiş işlərdir. Məni cəlb edən də onun məhz bu xüsusiyyətləridir. İnsan öz məqsədinə, öz peşəsinə ürəkdən sadiq olanda mütləq fərqlənir.
Bəkirova Lalə Rüstəm qızı Qazax rayonunun Əskipara kəndindən olsa da, Laçın rayonunda müəllim ailəsində anadan olub. Atası Rüstəm müəllim Laçında təyinat üzrə işləməyə gedib və uzun müddət orada yaşayıblar. Ona görə Lalə xanım həmişə Laçına öz ana torpağı kimi baxıb. Bunları yazmaqda məqsədim bu insanın niyə bu qədər Vətən eşqi ilə yaşamasının səbəbinə bir qədər aydınlıq gətirməkdir. Məlimdur ki, Qazax rayonunun 7 kəndi, o cümlədən Əskipara kəndi erməni işğalına məruz qalıb, hələ də o kəndlərə qovuşmağımızı gözləyirik. Həm Əskipara, həm də Laçın erməni vandallığının üzünü görüb. Lalə xanım Laçın azad olunanda söz verib ki, kafedranın profesor-müəllim heyətini doğma Laçına aparacaq. Allah bu günləri görməyi hamımıza nəsib eləsin. Bu iki bölgənin həsrəti bu insanı daha da dözümlü və mübariz etmişdir. Eyni zamanda, vəfa borcu deyilən bir hissin daha dərin olmasını təmin etmişdir.
Lalə xanımın müdiri olduğu Cihaz mühəndisliyi kafedrasında üç ixtisas tədris olunur. Cihaz mühəndisliyi, Biotibbi texnologiyalar mühəndisliyi, Metrologiya və standartlaşdırma. Kafedra müdiri kimi fəaliyyətinin ilk günlərində Biotibbi texnologiyalar mühəndisliyi ixtisası üzrə çox möhtəşəm bir Elmi-praktiki seminar təşkil etdi. Seminarın mütəşəkkil təşkili rektor professor Mustafa Babanlını çox razı salmışdı, onun bu seminarda dediyi sözlər yadımızdan çıxmaz: “İlk dəfədir ki, bu qədər akual mövzunu əhatə edən, doktorantlar və tələbələr üçün əhəmiyyətli olan bir tədbirin keçirilməsi barədə rektorluğa kafedra tərəfindən təklif gəlmişdir və bu formatda seminar keçirilmişdir.” Bu vaxt hələ pandemiya yox idi, seminarlarda onlayn bağlantılar məhz bu seminardan sonra həyata keçirilməyə başladı.
Belə seminarlar hər üç ixtisasda müntəzəm olaraq keçirilmiş, tələbələrin və doktorantların effektiv kadrlar kimi yetişməsində mühüm rol oynamışdır. Rəhbərin tələbkar olması əslində çox yaxşı bir işdir, Lalə xanım kafedranın doktorantlarına, magistrlərinə qarşı tələbkar olmaqla bərabər, onların işlərini yerinə yetirməsi üçün bütün imkanlardan istifadə edir.
Məlumdur ki, Beynəlxalq Elmi-Praktiki Konfransların keçirilməsi ölkəmiz üçün nə qədər əhəmiyyətlidir. Əgər desəm ki, Bəkirova Lalə Rüstəm qızı belə bir konfransı öz gücü hesabına, kafedranın resursları hesabına təşkil etmişdi, fikrimi tam mənasında düzgün ifadə etmiş olaram. Bu konfrans 2019 ildə keçirilmişdi, konfransa 450-ə qədər elmi məqalə və tezis göndərilmişdi, bu materiallar da nəşr olunmuşdur. Konfransa dünyanın bir çox ölkələrindən nümayəndələr gəlmişdi, elə bir möhtəşəm konrans keçirildi ki, ADNSU rəhbərliyi bu konfransın növbəti ildə də keçirilməsini məqsədəuyğun hesab etmiş və bu konfrans 2020-ci ildə onlayn həyata keçirilmişdir. MIMSC – MODERN İNFORMATİON MEASUREMENT AND CONTROL SYSTEMS:PROBLEMS AND PERSPECTİVES ‘2020” 2019-2020 illərdə keçirilmişdir. Qeyd etmək lazımdır ki, bu konfrans bu il ADNSU-nun 100 illik yubileyinə həsr olunmuşdu. Bu konfrans artıq dünya ölkələrində tanınır, konfransa 500-dən artıq elmi məqalə və tezis göndərilmişdir.
Lalə xanım kafedranın yaradıcısı, onun və digər müəllimlərin müəllimi olmuş, informasiya texnologiyaları üzrə dünya səviyyəli alim Tofiq Əliyevin yubileyini təşkil etməsi, ona daimi minnətdarlıq hissi vəfa borcu deyilən bir hissin onda nə dərəcədə olduğunu özündə əks etdirir.
Bir məsələni xüsusi qeyd etmək istəyirəm. Bu yaxın zamanlara qədər Azərbaycanın klinikalarında tibbi texnologiyaları qurmaq və təmir etmək üçün mütəxəssislər həmişə xarici ölkələrdən dəvət olunub. Bu ixtisasın çox aktual olduğunu, bu ixtisasa daim ciddi tələblər olduğunu bilirik. ADNSU-nun Cihaz mühəndisliyi kafedrasında bu ixtisasın olmasına baxmayaraq, tələbələrin praktik öyrənmə məsələsi çox çətin olur, çünki, tələbələr kliniki-mühəndislik praktikası kursu keçməlidir. Bu kursu keçməyən, tibbi cihazlar və aparatların qurulması, insan orqanizminin tədqiqi prosesini praktiki müşahidə etməyən tələbə gələcəkdə mütəxəssis kimi yetişə bilməz. Bu məsələdə hörmətli rektor, professor Mustafa Babanlının da Lalə Bəkirovaya bütün lazım olan dəstəkləri verməsini də xüsusi qeyd etmək istəyirəm. Eyni zamanda, bizim tələbələrə bu yolda ciddi kömək edib, öyrənmək üçün şərait yaradan klinikalarında xidməti böyükdür. Bu tələbələr məzun olduqdan sonra klinikalarda, Azərbaycanın tibbi servis mərkəzlərində işlə təmin olunur. Artıq Azərbaycanın klinikalarında ADNSU məzunları olan tibbi mühəndislər fəaliyyət göstərir. Bu bir tarixdir, bu tarixin yazılmasında Mustafa Babanlının və Lalə Bəkirovanın xidmətləri danılmazdır. Lalə xanım dəfələrlə tibbi servis mərkəzlərinə getmiş, onlarla müqavilə bağlamış, tələbələrin bu servislərdə tibbi texnologiyaları öyrənməsini təşkil etmişdir.
ADNSU-da keçirilən “Məzun-karyer sərgilərində” Lalə xanımın kafedrası ilə əməkdaşlıq edən, tələbələrin karyer həyatında onlara şərait yaradan müəssisələrin sayı daim digər kafedralardan çox olur.
Bəkirova Lalə Rüstəm qızının saydığım xidmətlərini oxuyan, bu işlər barədə məlumatı olanlar yazdıqlarımın onun fəaliyyət sahəsini tam əhatə etmədiyimi də qeyd edə bilərlər, onun işləri daha geniş sahələri əhatə edir. Lalə xanım praktik və onlayn keçirdiyi tibbi texnologiyalara həsr olunmuş seminarlarda, konfranslarda ixtisasın məzunu, hamımızın bir azərbaycanlı doktorant və tədqiqatçı kimi xüsusi dəyər verdiyimiz Fransa Universitetində çalışan Elmar Yusiflinin tibbi texnologiyalara aid müasir məlumatları bizim tələbə və doktorantlara da çatdırmasına şərait yaradır. Təsisçi Üzvü olduğu beynəlxalq "ALIM elmi assosasiyası"-nda Azərbaycan və dünyanın qabaqcıl ölkələrindən olan elm xadimlərini Azərbaycanın inkişafı naminə bir məqsəd ətrafında toplamaq, azərbaycan elminin dünya elminə inteqrasiyası məqsədi ilə birgə layihələr həyata keçirmək, Azərbaycanın istedadlı gənclərinin xaricdə təhsilinə dəstək vermək məsələlərində Lalə Bəkirovaya uğurlar arzulayırıq. Bütün bu işlərdə onun bir məqsədi var: ”Vətənimiz Azərbaycan naminə”.
Daha bir məsələni də qeyd etməsəm olmaz. Ölkəmizin işğalçı Ermənistanla apardığı müharibənin ilk günlərindən müharibədə olan tələbələrə, şəhid olmuş məzunların ailələrinə bütün kollektivi ilə birlikdə dəstək olmuşdur. Şəhid olmuş məzunumuz Dmitri Solntsevin ailəsi Lalə xanıma, Cihaz mühəndisliyi kafedrasına onlara göstərdiyi qayğıya görə xüsusi təşəkkür edirlər. Şəhid olmuş məzunumuz Məhəmmədəli İbrahimlinin anası “mənim övladımın müəlliminin onun üçün bu qədər ağlaması mənə bir təsəlli oldu” dedi və bu Lalə xanımın şəhid olmuş tələbələrimizin ailələrinin daim yanında olmasını onun bu vətənin əsil vətəndaşı olduğunu bir daha təsdiq edir.
Daha bir göstəricini qeyd etmək istəyirəm. Lalə xanımın yaxşı ailəsi, yaxşı təhsil görmüş övladları var. Həyat yoldaşı Elxan müəllim kafedranın bütün işlərində yaxından iştirak edir, işlədiyi müəssisədə tələbələrə yüksək səviyyədə kömək edir, tələbələrə etdiyi bu köməyi bir növ özünün də borcu hesab edir.
Yuxarıda qeyd etdiyimiz bütün bu məsələlər əlbəttə dövlətimiz tərəfindən qiymətləndirilmiş, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Cihaz mühəndisliyi kafedrasının müdiri, texnika elmləri doktoru Lalə Rüstəm qızı Bəkirova Tərəqqi medalı ilə təltif olunmuşdur. Dövlətimizə, Prezidentimiz İlham Əliyev Cənablarına Lalə Rüstəm qızı Bəkirovaya Tərəqqi medalı verdiyi üçün təşəkkür edirik. Lalə Rüstəm qızı Bəkirovaya verilmiş Tərəqqi medalı Azərbaycan təhsilinə, Azərbaycan gəncliyinə xidmət edən alimlərə verilmiş qiymətdir.
Lalə Rüstəm qızı Bəkirovanı Tərəqqi medalı ilə təltif olunması münasibəti ilə təbrik edirik, gələcək işlərində qarşıya qoyduğu məqsədlərə nail olmasını, Azərbaycan təhsilinə əhəmiyyətli xidmətlər göstərməsini arzulayırıq.
Amaliya Murad
Facebook-da paylaş