60 YAŞIN MÜBARƏK ƏZİZ ADAŞIM YAXUD BAŞI QARLI SAVALAN DAĞINA BƏNZƏYƏN ƏLİ İSGƏNDƏROVA AÇIQ MƏKTUB...


  Əli müəllim, 60 yaşınız tamam oldu. 60 illik ömrünüz mübarək olsun. Məlum səbəblərdən bu yazını vaxtında yaza bilmədim.

Əziz Əli müəllim, siz Azərbaycanın mənəvi sərvətinə Tanrının bir payı - elm, bilik, dünyagörüşü payısınız. Sizin dağ çiçəkləri kimi kövrək könlünüzdən, yaylaqlardakı büllur bulaqlar kimi saf qəlbinizdən sizi sevənlərin könlünə yollar uzanır, körpülər qucaq açaraq gəl-gəl deyir. İnanın ki, bilikdən, duyğudan və təsəvvürdən ibarət açarla istənilən könülü açmaq, ora yol tapmaq olar.

Siz bu gün üçün yox, yarın, illər sonra üzünüzü ağardacaq, sizi yaddaşlarda yaşadacaq könül oxşayan saraylar tikirsiniz: tarixi həqiqətə, dünəni bu günə gətirirsiniz. Bu günü isə zamanın axarında yaşadacaq tarix yazırsınız. Siz təbiət etibarı ilə xalqa, VƏTƏNƏ və insanlığa xidmət etmək üçün bu dünyaya qonaq gəlmisiniz. Gələcəkdən geriyə boylanıb baxanda əminəm ki, yaddaşınız sizə heç vaxt əzab verməyəcək... 

Hörmətli, Əli müəllim! ...Siz yaşınızın kamillik, müdriklik çağını yaşayırsınız. Sizin ömür karvanınızın yükü hamının könlünü oxşayan xeyirxah əməllərinizdir. Sadəlik, düzgünlük və əxlaqi saflıq sizin həyat fəlsəfənizin məhək daşıdır. Ömrümüzün tale-qismət payı bizlərə yaradıcılığa, sözə, peşəsinə sadiqliyi ilə seçilən şəxsləri tanıdır. Sizin gərgin əməyinizdən, düşüncə və baxışlarınızdan süzülən nümunələr həyatımızı zənginləşdirir, ruhumuzu qidalandırır.

Bu günlərdə 60 illik yubileyini qeyd edən əziz Əli müəllim siz də öz dəst-xəttiniz və prinsipiallığınız ilə seçilən, yaradıcılığınız ilə mənəvi dünyamıza rəng qatan dostlarımızdansınız.

...Doğma elinizin, təbiətinizin gözəlliyini əks etdirən yazılar yazırsınız, tarixi sənədlər tapıb ortaya çıxarırsınız... Bir növ adət-ənənələrin qoruyucusu, yaşınızdan irəli gələn səlahiyyətin verdiyi məsləhətçi kimi çıxış edirsiniz. Siz cəmiyyətə xidmət etmək üçün üzərinizə götürdüyünüz həyat yükünün məsuliyyətini şərəf və ləyaqətlə daşıyırsınız. Böyüyən gənc nəsli gələcəyə aparan yolda bir dan ulduzuna bənzədirəm sizi. Sizdən ötəri VƏTƏNİN hər guşəsi doğmadır, əzizidir...

Ömrünüzün neçə illəri qaldı geridə... Fəqət bu illərdən çoxlu bədii-publisistik yazılarınız, sizin necə məsuliyyətlə çalışmağınız haqqında xəbər verir. İctimai həyatda fəal mövqeyiniz... öz təvazökarlığınız, ədəb ərkanınınızla hörmət və nüfuz sahibi oldunuz... 

Əziz dostum, bir ömürdə siz insanlıq nümunəsi oldunuz, VƏTƏNƏ sevgi məktəbi yaratdınız. ...Açdığınız insanlıq yolu ilə sizi sevənlər inamla, sizinlə fəxr edərək və qürur duyaraq gedə bilərlər... Siz doğma Yardımlının hər bir daşı, torpağı, gülü, çiçəyi, bulağı, çayı ilə öz azad ruhunuzun xassə və xüsusiyyətlərini tam təzahür etdirə bilirsiniz. 

Dünyanın ən şöhrətli yazıçılarından olan Qabriel Qarsia Markesin dəfnində bir kolumbiyalı ziyalı demişdi: “Sağ ol Qabo, sən bizim dünyaya baxışlarımızı dəyişdin. Bizi başqa bir dünya ilə tanış etdin”. Gözəl və düşündürücü sözlər idi. Yazıçının, sənət adamının əbədi yaşayacağına təminat verən sözlər idi.

Əziz adaşım dünyada bir günəş var. O hamının günəşidir... Mən sizin yaradıcılığınızı dəfələrlə oxumuşam, öyrənmişəm. Bu dünyada siz hamının günəşinə bənzəyirsiniz. İllərdir nə qədər könüllərə işıq saçmısınız, sönməyəcək nur vermisiniz. Hesab edirəm ömrünün 60-cı ildönümünü yola salan Əli müəllimin həyat yolu gənclik üçün örnəkdir.

Zəngin, əlbətdə mənəvi zəngin adamların ömrü xəzinədir. Ondan faydalanmaq, örnək götürmək istəyənlər üçün. Mənim və sənin iddiası ilə sağa-sola çəkilən dünya xeyrxahlarındır.

Diqqətini, qayğısını – dünyanın yaşamaq haqqını çiyinlərində daşıyan insanlardan əsirgəməyən xeyrxahların... Məhz sizin kimi insanların.

Əziz dostum, Siz VƏTƏNİMİZİN VƏTƏNDAŞISINIZ çox mənada... həm də tarixi yaşatmaq kimi cəfakeş fəaliyyət sahibisiniz... Sizin kimi nadir insanlar mənsub olduqları xalqdan mükafat ummur...Siz isə təbiət etibarı ilə təmənnasız adamsınız...

Əziz adaşım Sizi 60 illik yubileyiniz münasibəti ilə ürəkdən təbrik edirəm, Uca Tanrıdan Sizə möhkəm cansağlığı, uzun ömür diləyirəm.

60 yaş yaradıcı insanın ən kamil vaxtıdır. Siz bu kamilliyi həyat amalına çevirməyi bacarmış istedadlı, öz peşəsini dərindən bilən və sevən şəxsiyyətsiniz.

Arzu edirəm ki, illərin təcrübəsinin bəxş etdiyi keyfiyyətlər Əli İsgəndərovu - əziz qardaşımı daha yüksək zirvələrə daşısın.

Əziz adaşım, 60 illik yubileyiniz mübarək!

 

Hörmətlə Əli Zalov

ADPU-nun Analitik və üzvi kimya kafedrasının müdiri,

Kimya elmləri doktoru

 



Facebook-da paylaş