33 ilin təcrübəsi
Neftçi Azər danışır...
-Azər bəy, Bu il Neftin müasir, müstəqil Azərbaycan dövlətinin tarixinə mühüm hadisə kimi daxil olmasının 27, Heydər Əliyevin 2001-ci il 16 avqust tarixli Fərmanı ilə sentyabrın 20-si “Neftçilər Günü” kimi qeyd olunmasının isə 20 yaşı oldu. Bəs sizin Neftdəki yaşınızın neçə ili tamamdı?
-Belə deyim də, neftdə nə qocayam, nə cavan- 33 yaşlı neftçiyəm.
- Demək, sizin neftçilik yaşınız neftin Azərbaycan tarixinə müasir hadisə kimi daxil olmasından da, “Neftçilər günü”ndən də yaşca böyükdür.
-Bəli, elə mən özüm də neftçi yaşımla yaşıdam. Çünki mən elə bilirəm neft sahəsinə addım atdığım həmin gün doğulmuşam. Özümü başqa sahədə təsəvvür edə bilmirəm.
-Neftçi olmağa necə qərar verdiz? Gəlin Azər Mahmudini qara qızıla, neftçiliyə gətirən bu zəhmətli yoldan danışaq ki, sizi daha yaxşı tanısınlar.
-1968-ci ildə Ağcabədi rayonunun Qədim Sarıcallı kəndində doğulmuşam. Zəhmətkeş bir ailədə dünyaya göz açmışam. Anam evdar qadın, atam isə elə həmin məktəbdə gözətçi işləyib. Ata-anamın əl-ələ verərək böyüdüb ucaltdığı zəhmətkeş ailəmizdən həkim də, mühəndis də, əli qabarlı fəhlə də həyata vəsiqə alıb - 4 qardaş 3 bacıyıq. Bir bacım və qardaşım sağlamlığımızın keşiyində dayanmaqdan zövq alan, peşəsini layiqincə yerinə yetirməyi özünə vicdan borcu bilən həkimdir. O biri bacı və qardaşım da ali və orta ixtisas təhsillidir.
Mən isə bildiyiniz kimi- neftçiyəm. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanmışam. Hərbi xidmətini postsovet məkanında 1985-1988-ci illərdə Xabarovskı şəhərinin Komsomolski Amur diyarında başa vurub ordudan qayıtdıqdan sonra böyük qardaşım Hüseyn Mahmudinin məsləhətilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “AZNEFT” İstehsalat Birliyi Nəriman Nərimanov adına Neft və Qazçıxarma İdarəsində operator vəzifəsində işə düzəldim. Çox çəkmədi ki neft, bu qara qızılın incəlikləri məni özünə çəkdi və mən neftçiliyimə hər gün daha çox bağlandım. O gün bu gündür- artıq 33 ilə yaxındır ki, həmin idarədə çalışıram. Neft idarəsi mənim ikinci evim, neftçilik isə atalıqdan sonrakı ikinci vəzifəm oldu.
- Neftçiliyi, bu layiqli peşəni özünə vəzifə bilən neftçidən soruşmaq istəyirəm, ölkədə neftçiyə verilən dəyər, diqqət sizi qane edirmi?
-Əlbəttə. Başda prezidentimiz İlham Əliyev olmaqla hər kəsin diqqəti, qayğısı üzərimizdədir. Bu diqqətin, qayğının əsasını qoyan Ulu öndərimiz Heydər Əliyevin adını çəkməyi özümə borc bilirəm. Neftçilərin fədakar əməyinə, təhlükəli iş şəraitinə layiqincə həsr olunmuş bədii əsərlər, musiqilər, filmlər var. Bunların hər biri dövlətin, xalqın bizə, işimizə, diqqətidir. Düşünürəm ki, yenə yazılacaq, yenə çəkiləcək o filmlər, neftçilərin əməyi hər zaman tərənnüm olunacaq. Çünki hər kəs bizim hansı çətinliklə işlədiyimizi bilir. Şairi də, yazıçısı da, rəssamı da. Ona görə də çəkdiyimiz zəhmət, göstərdiyimiz fədakarlıq diqqətsiz qalmayıb, zaman-zaman sənətə çevrilib və çevrilməkdədir.
-Çətinlik demişkən, bir az da neftin görünməyən tərəflərindən danışaq. O tərəfləri ki, o ancaq siz neftçilərə tanışdır.
-Mənim idarədəki əsas xidmətim neft buruqlarının təmiri ilə bağlıdır. Biz növbəli işlə çalışırıq. Hər kəsin əsas vəzifəsi öz növbəsində məsuliyyətli olmasıdır. Çünki buruqların təmiri-bərpası işlərində xırda bir səhv böyük fəlakətə, faciəyə səbəb ola bilər. Odur ki, texniki təhlükəsizlik qaydalarına son dərəcə diqqət və ayıq başla əməl etməlisən. Dövlətimizin taleyi neft sərvətləri üzərindən qurulduğundan biz bu işin məsuliyyətini hamıdan çox dərk edirik. Kollektivdəki dostlarımız- bizə rəhbərlik edən müdiriyyətin də etibarını qazanmaq asan iş deyil. Mən də digər iş yoldaşlarım kimi hər zaman çalışmışam onların yanında bu etibarı doğruldum, həyatda olduğu kimi, çalışdığım sahədə də inam, güvənc yeri ola bilim.
-Bir az da neftçinin ailəsindən danışaq. Bu neftçi ailəsində kimlər böyüyür?
-Bu neftçi ailəsində üç övlad böyüyür. İki qız, bir oğul. Qızlarım orta ixtisas təhsilli, oğlum Vasif Mahmudi isə ikinci sinif şagirdidir. Ən böyük arzum övladlarımın bir vətəndaş olaraq dövlətimizi sevməsi, Azərbaycanımızda qürurla yaşamaq səadətinə qovuşmasıdır. Hər zaman demişəm, uşaqlarımıza Vətəni sevməyi öyrətməliyik, qalan şeyləri özləri sevəcək. Çünki Vətənini, yurdunu sevməyən heç nəyi, heç kəsi sevə bilməz. Hər şey Vətəndən başlayır. Həm də Vətənimiz sevilməyə layiqdir axı. Gör başı nələr çəkib. Mən həmişə bu gündən, gələcəkdən danışmağı sevmişəm, keçmişdən yox. Ona görə də Vətənimin də bu günündən, gələcəyindən danışmaq istəyirəm, keçmişindən yox. Nə yaxşı ki tarixi ədalət bərpa olundu. Bizə bu günü, bu fərəhli gələcəyi bağışlayan prezidentimizə, ordumuzun hər bir əsgərinə minnətdaram. Günü –gündən çiçəkləyən, qol-budaq açan Qarabağımız indi düşmənə göz dağıdır. Mənim də bir tərəfim qarabağlıdır. Qarabağın bir ucu da mənim elim-obam Ağcabədi rayonu Sarıcallı kəndidir. Bu gün nəyinki mən, biz hamımız qarabağlıyıq- elə dünən də elə idi. Elə olmasaydı əl-ələ verib çətin günləri geridə qoya, 30 il uğrunda mübarizə apardığımız tarixi ədaləti bərpa edə bilməzdik. Bu günlərdə bir ilini tamamladığımız bu zəfərdə, bu qələbədə - 8 noyabrda, Şuşadakı o fərəhdə, o sevincdə hər birimizin payı var. Nə xoş bizə ki, biz bu qalib ölkənin vətəndaşı, neftçiləriyik. Övladlarıma da hər zaman bunları aşılayıram. Qoy onlar keçmişlə yaşamasalar da, keçmişi də unutmasınlar.
...Bəli, mən bu günündən, gələcəyindən danışmağı sevən Azər Mahmudini maraqlı, bir o qədər də fərqli bir obraz kimi dinlədim. Ümumiyyətlə, Vətənini, millətini, işini, peşəsini sevər hər kəs özlüyündə bir obrazdır. Özünün də dediyi kimi, hətta sovetlər dövründə neftçilərə hər zaman önəm verilib, dərsliklərdə, kitablarda, filmlərdə onlardan bəhs edilib. Hər yazıçının qəlbinin dərinliyində onlarla bağlı xırda da olsa bir ideya, bir istək olub. Məsələn, o adı dillər əzbəri “Neft daşları”na səfərə gedib, neftçilərin işlədiyi o çətin, məşəqqətli, bir o qədər də doğma, isti mühiti gözündə, qəlbində, yaddaşında özüylə gətirib bir yazı, bir hekayə başlamaq. Yəqin hər yazıçı böyük məmnuniyyətlə bir neftçi obrazı yaratmaq istərdi. Azər Mahmudi də bir neftçi obrazıdır. Halal zəhməti özünə güvənc yeri bilən bir obraz. O obraz ki, neftçiliyi özünə şərəf bilir. Biz isti evimizdə dincələndə o da digər neftçilərimiz kimi soyuq, külək, isti bilmədən şərəfli peşəsini layiqincə yerinə yetirir. Demək, o da bu yazının qəhrəmanıdır - qara qızıl çıxaran qəhrəmanı...
Təranə Əlizadə
Facebook-da paylaş