Vətənin qürbətdəki Asyası...
Belə bir deyim var ki, bacı ana yarısıdı! Doğrudan da bu fikirdə həqiqət yükü böyükdür. Amma mənim bacım tək ana əvəzi deyil, uzun illərdir ki, ailə üzvlərimin hamısını əvəz edir mənim üçün. 40 ilə yaxındı ki, böyük bacım Ukraynanın paytaxtı Kiyev şəhərində yaşayır, insanların sağlamlığı keşiyində dayanır. Hazırda orda müharibə gedir. Qərib bir ölkədə müharibənin dəhşətlərinə sinə gərmək hər qadının hünəri deyil. Hər gün yaralıların qayğısına qalir, gecə -gündüz bomba təhlükəsi altında yaşasa da siğinacaqlara getməyib öz vəzifəsini vicdanla yerinə yetirir. Asya bacım tibb bacısı kimi sülh vaxtı da qonşuların, uzaq yaxınların koməyinə çatıb qocalara, kimsəsiz insanlara həyan olub.
Ankoloji İnstitutdakı işləri onu yorub əldən salsa da həm qadın, həm də ana kimi evdarlıq vəzifəsini də gözardı etmir. Evinə gələn qonaqlar onun aşbazlıq məharətindən ağızdolusu söz açırdılar. Bişirdiyi mürəbbələr, hazırladığı şorabalar adla deyilirdi. Həyat yoldaşı Rafik və yegənə oğlu Cəmilin qulluğunda evdar qadınlardan daha yaxşı dayanır. Onların səliqə səhmanlı, zövqlü geyimləri də bacımın məharəti idi. Evliliyinin ilk günlərindən evə bazarlığı öz öhdəsinə götürən bacım adətən kənd təsərrüfatı məhsularını bazardan almır. Paytaxta yaxın kəndlərdən birində yerləşən bağlarının həyətində kənd təsərrüfatı məhsullarını öz əlləri ilə becərərək süfrəsini orqanik meyvə və tərəvəzlə təmin edir. Bu məhsullardan qonşularına da pay yiğıb gətirir. Onun becərdiyi məhsullar isə saymaqla bitmir. Şənbə bazar günləri kartof, soğan, pamidor, xiyar, lobya, göyərti yetişdirməklə, həmçinin bağdakı meyvə ağaclarına qulluq etməklə məşğul olur.
Həmçinin həyətdə toyuq- cücə də saxlayır. Heyvanları çox sevən bacımın ev pişik və iti də var və onların da qayğısına özü qalir. Halbuki evimizdə olanda bağdan meyvə dərməyə belə düşməzdi. Qurt-quşdan, ilan çayandan qorxardı. Qan görəndə az qala ürəyi gedərdi. Amma həyat onu sərt qaya kimi möhkəm etdi. Bu gün İşlədiyi müəssisəyə gələn xəstə insanlara öz köməyini əsla əsirgəmir. Bağlarının meyvələrindən xəstələrə, iş yoldaşlarına da pay aparır.
Orda yaşayan, Ukraynanın öz vətəni kimi müdafiə edən həmvətənlərinə həyan olur, onlardan diqqət və qayğısını əsirgəmir. Bu ölkəyə yeni gələnlərə də yardım edir. Evi olmayanları öz evində müsafir edir. Yaralı və ya xəstə həmvətənlərinə evdə bişirib gətirdiyi yüməkləri öz əlləri ilə yedirir. Mən boynuma alıram ki, bacımın gördüyü bu nəhəng , saysız hesabsız işlərin öhdəsindən gələ bilmərəm. İşləri çatdıra bilmərəm. Ağdaş rayonundan olan Aidə xanım bacım haqqında ağızdolusu söz açaraq belə vətənpərvər, istiqanlı, zəhmətkeş, ailəcanlı, fədakar, mərhəmətli, azərbaycan dəyərlərini sahib çıxan, adət-ənənələrimizi qoruyan bir qız dünyaya gətirib tərbiyə etdikləri üçün valdeynlərimə rəhmət oxudu. Onun qədər qoçaq, zəhmətkeş və səmimi bir insana az rast gəldiyini dedi: ”Mənim övladım onun çalışdığı institutda müalicə alırdı Bəzi doğmalarımdan daha artıq mənə və övladıma can yandırırdı Biləndə ki, Azərbaycandan gəlmişik, bizə ikiqat hörmətlə yanaşdı. Deyirdi ki, sizə nə lazım olsa çəkinməyin, mənə deyin. Təkcə bizə deyil başqalarına da can yandırırdı. Yeganə dərdi vətəndən uzaq düşməsi idi. Ailəsi, doğma ata- baba ocağı üçün çox darıxırdı. Bu gün orda dəhşət yaşanır.
Allah onu və ailəsini müharibədəki qırğından qorusun! Onun ad günüdür. Mən və ailə üzvlərim ona sağlam can sağlığı və övladının sevincli günlərinin görməsini arzu edirik. Tezliklə doğmalarına qovuşsun, Amin!“
Mənim Asya bacım həm də hədsiz mehribanlığı ilə özünü hər kəsə sevdirir. Heç zaman heç kəsin qəlbinə dəyməzdi. Mənim bacım ailə üzvlərimizin, bütün qohum əqrəbanın da sevimlisidir. Namaz qılan, islam dini qaydalara yetərincə riayət edən, əməli ilə sözü, davranışı ilə dedikləri üst-üstə düşən əziz bacım Allahın istəkli bəndəsidi. Qızımın sevimli xalası, qardaşlarının ən sevimli bacısı, ana əvəzi, onların övladlarına bibi kimi yardımçı olan, nəslimizin sevimli ağbirçəyi bacım! Ad günün mübarək! Özünə nə arzu edirsənsə çin olsun, tezliklə vətənə dönəsən, Amin!
Hüsniyyə Zülfüqarqızı
Facebook-da paylaş