HALAL KİŞİ (davamı)

Bu dəhşətli günlərdən təxminən otuz il sonra həmin ürəyi gedən adamla atam bir kolxozda işləməli olur. Həmin yerdə atam üç aya qədər işlədikdən sonra  kolxozun sürüsünü təftiş etdikdə qoyunların birində həmin kolxoza aid olmayan nömrə nişanı üzə çıxır. Belə nömrə nişanını qulaqlı qoyunların qulağının içərisinə, qulağı çox qısa olan kərə heyvanların qabaq qoltuğunun altına vururdular. Gəncliyində atamın xilas etdiyi ürəyi gedən adam – indi ferma müdiri iki ayağını bir başmağa dirəyir ki, bu heyvanı Zal bura gətirib. İndi bu məsələ adi görünə bilər. O dövr üçün belə işlər hörmət, nüfuz sahibi üçün böyük ləkə hesab edilirdi, həm də bu iş cinayət xarakterli olduğundan bir neçə il də azadlıqdan məhrum etmə cəzası da ola bilərdi. Atam nə qədər təkid edirsə ki, bu işdən onun xəbəri yoxdur, atamı gözü götürməyən ferma müdiri inadından əl çəkmir ki, çəkmir. 
İş o yerə çatır ki, atam qəzəblənir, səs-küy yaranır. Səs küyə gəlib yığışan adamlardan biri – bizim həmkəndlimiz – Qiyas kişi irəli yeriyib qəzəblə ferma müdirinə üzün tutur:
–Əyə ay filankəs, deyəsən, sənin başın xarab olub. Keçən il-heç onda Zal burada işləmirdi-bu qoyun hələ quzu idi. Sürüdən bir erkək götürüb onun əvəzinə sənə filan yerdə vermədimmi?  
Söhbət bu yerə çatanda ferma müdiri, ləyaqətli və vicdanlı birinə şər-böhtan atdığına görə insanların kinayəli baxışı altında xəcalət çəkə-çəkə mərəkədən uzaqlaşır. 
Bu əhvalatdan sonra atam bir daha o ferma müdirinin işlədiyi kolxozda onunla bir yerdə işləmir. 
İkinci belə bir əhvalat 1985-ci ildə Horovlu kolxozunda olmuşdu. 
Qardaşım Əzizlə mən eyni vaxtda ölkənin müxtəlif diyarlarında hərbi xidmətdə olmuşuq. Əziz məndən üç yaş böyükdür. Nədənsə orduya bir qədər gec çağrıldığına görə biz bir birimizdən bir il fərqlə hərbi xidmət çəkmişik. Əziz orduya getməmişdən qabaq Horovlu kolxozunda atama kömək edirmiş. Həftədə bir dəfə zootexnik gəlirmiş, atamın şəxsi heyvanları bir kənara ayırıldıqdan sonra kolxoza aid təzə doğulmuş quzuları nömrələyirmiş. Belə tədbirlərdən birində bizim quzuların biri təsadüfən kolxoza aid quzuların içərisində qalır və nəticədə heç kəsin xəbəri olmadan nömrələnir.
Bu əhvalatdan sonra Əziz də, mən də orduya gedirik. Bir yaz günündə Rayon Xalq Nəzarət Komitəsindən kolxoza yoxlama gəlir. Bizim heyvanlar kolxozun sürüsündən ayrılır, bütün qoyunların nömrələri yoxlanır. Kolxoza aid heyvanlar hamısı yerində və heç bir kəm-kəsir olmur.
Atama aid heyvanlar yoxlananda isə bir qoyunun qoltuğunun altında nömrə nişanı müəyyən edilir. Yoxlamaya rəhbərlik edən adam üzünü atama tutaraq:
–Zal kişi, kolxozun bütün heyvanları yerindədir. Bəs bu heyvan niyə nömrəlidir? Sözün düzü, bir həftədir mən burdayam, sənin davranışın, qonaqpərvərliyin, zəhmətsevərliyin vicdanlı bir adam olduğunu göstərir. Övladların haqqında da mənə danışmısan. İnanmıram ki, sənin kimi kamil olan bir kəs belə iş görsün. Bu nə məsələdir?–soruşur.
Atam da əvvəlcə bu işə məəttəl qalır: “Bu nömrəli qoyun dəqiq bilirəm ki, mənim öz heyvanımın balasıdır. Bəs bu nömrə məsələsi hardan gəlib çıxıb?” Sonra dəqiq yadına düşür ki, bu qoyun quzu olanda Əziz təsadüfən səhv salıb onu nömrələdib. Elə beləcə də yoxlamaya izahat edib:
–Yoldaş nəzarət sədri, bu qoyun mənim öz heyvanımın balasıdır. Onu indi əsgərlikdə olan oğlum səhvən bilmədən nömrələdib.
Sədr də gülümsəyib:
–Ola bilər Zal kişi. İnanıram ki, bu elə belə də olub. Yoxsa sən belə iş görən adama oxşamırsan. Biz hər şeyin öz qaydasında olduğunu aktda yazacağıq. 
  Yoxlama komissiyası xudafizləşib getmək istəyəndə atam onları buraxmır, Molla Alı yatağının aşağısındkı yaşıl bağların arasındakı bulaq başına dəvət edir. Həmin nömrəli heyvanı kəsir, məclisin şirin yerində bacım Safuranın yoldaşı Hüseyn də gəlib çıxır. O zaman Hüseyn rayonda milis leytenantı işləyirdi. Yoxlama sədri və Hüseyn bir-birini yaxşı tanıyırmış. Məclis təzədən qızışır. Atamın şəninə çoxlu təriflər deyilir. 
Hətta sədr deyir ki, bu günlərdə mən müşahidə etdim ki, Zal kişi danışanda doğru danışır, verdiyi sözün üstündə durur, əmanətə xəyanət etmir, hiss olunur ki, hər bir işdə namusludur, əllərini və gözlərini haramdan daim qoruyur. Belə kişilər indi çox azdır. Biz də belə kişilərin qədr-qiymətini bilməliyik.
Vaxtilə bu hadisələrin bir hissəsinin şahidi olmuş Hüseyn İsbəndiyar oğlu bu barədə öz fikirlərini mənimlə bölüşmüşdü. O, insanlar tərəfindən edilən yaxşılıq və pisliyi çox obrazlı təsvir etmişdi:
-Müdriklər mərd, qoçaq, pak, ürəyi daima qeyrət hissi ilə döyünən insanlar tərəfindən edilən yaxşılıq dediyimiz əməli, sanki əlçatmaz dağ zirvəsində qayanın sinəsindəki arı pətəyindən günəşin istisində aramla süzülən balın ömrünə bənzədirlər. Ona görə də yaxşılıq bir çox halda namərd insanların yaddaşlarından tez silinir. Pislik isə namərdlərin iç dünyasında uzun müddət insanlara qarşı toplanmış kin-küdrətin, paxıllığın, xainliyin son həddə çatdığında, öz iradələrindən asılı olmadan palçıq vulkanı kimi sinələrini deşir. Nəticə də aydındır: namərdlərin köksündən kükrəyib çıxan vulkanın, yandırdığı yaralar insanların qəlbində əbədi yaşamaqla, izi mənən heç vaxt unudulmur. 
 
Əli Zalov,
Kimya elmləri doktoru, professor
Azərbaycan Dövlət Pedaqoji Universitetinin
Analitik və üzvi kimya kafedrasının müdiri


Facebook-da paylaş