1921-ci ildə kimya üzrə Nobel mükafatçısı – FREDERİK SODDİ (1877-1956)

 


Frederik Soddi  ingilis şəhərçiyi İstbornda ticarətçi ailəsində anadan olmuşdu (1877-ci ilin sentyabrın 2-də). O, Oksford universitetini  fərqlənmə diploma ilə bitirir (1898). Frederik Soddi  aspiranturada saxlayırlar və sonrakı iki ildə Oksfordda kimya üzrə tədqiqatlar aparır, dissertasiya müdafiə edərək fəlsəfə doktoru elmi dərəcəsi alır. Ernest Rezorfordun rəhbərliyi altında radioaktiv elementlərin xassələrini öyrənməyə başalyır. Soddi radiumun radioaktiv parçalanmasını tədqiq edərək sübut edir ki, bu parçalanmanın nəticəsində helium əmələ gəlir (1903). Bu, bir elementdən başqa bir elementin əmələ gəlməsinin ilk rəsmi təsdiq olunması idi. Sonrakı ildə Soddi göstərdi ki, radium isə uranın tədricən parçalanması nəticəsində əmələ gəlir. Alim belə bir ehtimal irəli sürür ki, bu çevrilmənin gedişində aralıq element əmələ gəlməlidir. Soddinin ehtimalının doğruluğunu amerikalı fizik Bertran Boltvud təsdiq etdi və bu elementi ionium adlandırdı (1906).Frederik Soddi çoxsaylı tədqiqatlardan sonra belə bir nəticəyə gəlir ki, müxtəlif atom kütləli elementlər eyni kimyəvi xassələrə malik ola bilərlər (1910). İndi bu hadisə elmdə izotoplar adlandırılır. Sonrakı növbəti iki ildə o, öz təcrübələrini genişləndirir və onlara radioaktiv olmayan elementləri  də daxil edir. Soddi izotoplar konsepsiyasını irəli sürür. Yəni eyni elementin atomları bir-birindən fiziki xassələrinə görə fərqlənir. Eyni elementin bütün izotopları dövri cədvəldə eyni yeri tutur, amma atom kütləsinin qiymətinə görə bir-birindən fərqlənirlər.
Soddinin Qlazqo Universitetindəki fəaliyyət dövrü çox məhsuldar olmuşdur. Məhz bu dövrdə Soddi radioaktiv yerdəyişmə qanununu kəşf etmişdir. O, təsdiq edirdi ki, atomdan alfa-hissəciklər ayrıldıqda bir elementin dövri cədvəldə iki yer sonra yerləşən elementin izatopuna çevrilməsi baş verir, beta-şüalanma olduqda isə bir yer əvvələ yerdəyişmə baş verir. Yerdəyişmə qaydası bir çox radioaktiv elementin parçalanma ardıcılığını qabaqcadan söyləməyə imkan vermişdi. Bu və ya digər şüalanmanın  əsasında tədqiqatçılar əmələ gələn elementləri müəyyən edə bilir və onları D.İ.Mendeleyevin dövrü cədvəlinə daxil edirdilər. Soddinin kəşfləri kimya üçün fundamental əhəmiyyət kəsb edirdi. Ənənəvi kimya nəzəriyyəsinə görə elementlərin atom kütlələri tam ədədlərlə ifadə olunmalı idi. Əksər hallarda təcrübi nəticələr az da olsa kənaraçıxmaların olduğunu göstərirdi. Məhz izotoplar nəzəriyyəsi bu hadisəni düzgün izah etməyə imkan verdi. Soddi əvvəlcədən söyləyirdi ki, izotopların radioaktiv parçalanma sürəti məlum olduğundan dağ süxurlarının geoloji yaşını müəyyən etmək üçün onlardan istifadə etmək olar (1920). Son nəticədə onun ideyası karbon-14 izotopunu istifadə etməklə müxtəlif obyektlərin yaşını təyin etmə metodunun yaranmasına gətirib çıxırdı. Amma bu, yalnız 20 il sonra, amerika kimyaçısı U. Libbi tərəfindən edildi.
Frederik Soddiнэ  “radioaktiv maddələrin kimyası sahəsində xidmətlərinə və təbiətin tədqiqatları və izotopların mənşəyi haqqında işlərinə görə”  Nobel mükafatına layiq görülmüşdür (1921). O, həmçinin London Kral Cəmiyyətinin,SSRİ Elmlər Akademiyasının, İsveç Kral Elmlər Akademiyasının, Rusiya Elmlər Akademiyasının üzvü olmuşdur.
Frederik Soddi Birləşmiş Krallığın Şərqi Susseks qraflığında Brayton şəhərində 79 yaşında (22 sentyabr 1956-cı ildə) vəfat etmişdir. 
 
 
Əli Zalov,
Kimya elmləri doktoru, professor
Azərbaycan Dövlət Pedaqoji Universitetinin 
Analitik və üzvi kimya kafedrasının müdiri


Facebook-da paylaş