1958 və 1980-ci illərdə kimya üzrə Nobel mükafatçısı – SENQER FREDERİK (1918-2013)




Frederik Senqer Qlosterşir qraflığında Redkom şəhərində həkim ailəsində anadan olmuşdur (1918-ci il avqustun 13-də). Onun atası ingilis missioneri kimi çində həkim işləmiş və 40 yaşında İngiltərəyə qayıdaraq Siseli Kridson ilə evlənmişdir. İngilis biokimyaçısı olub iki dəfə Nobel mükafatı almış dörd nəfərdən biridir (Mariya Küri –fizika, 1903 və kimya, 1911; Laynus Polinq – kimya, 1954 və sülh, 1962; Con Bardin – fizika 1956 və 1972 ). O, kimya üzrə iki dəfə Nobel mükafatı almış yeganə alimdir (1958 və 1980).Kembric universitetində o, fizika, kimya , biokimya və riyaziyyat kursunu öyrənmiş və təbiət elmləri üzrə bakalavr dərəcəsi almışdır (1939). Bu ərəfədə onun valideyinləri – atası 60, anası isə 58 yaşında xərçəng xəstəliyindən vəfat etmişlər.Frederik Senqer Piri Normanın rəhbərliyi altında bitkilərdən qida zülallarının alınması mövzusunda doktorluq dissertasiyası işləməyə başalmışdır (1940). Piri Norman kafedranı tərk etdiyinə görə onun elmi rəhbəri Albert Noyberqer olmuşdur. Bununla əlaqədar Senqerin elmi mövzusu dəyişdirilərək lizin amin turşusunun metabolizminə həsr edilmişdir. O, doktorluq dərəcəsi almışdır (1943). Nyuberqer Londondakı Milli Tibbi Tədqiqatlar İnstitutuna keçdikdən sonra Senger Kembricdə qalmış və  biokimya kafedrasının professoru olan Çarliz Çibnellin qrupuna birləşmişdir (1943).
Əvvəllər Chibnell artıq inək insulininin amin turşusu tərkibini müəyyən etmək üçün iş görmüşdü. O, Sengerə ilk növbədə zülalın amin qruplarına diqqət yetirməyi təklif edir. Senger Çibnellin tədqiqat qrupunda Tibbi Tədqiqatlar Şurasından elmi işləri üçün maliyyə dəstəyi aldrı və sonra əsas tibbi tədqiqatlara görə Beyt Memorial Mükafatına layiq görülür (1944-1951).
Emin Fişer ehtimal etmişdir ki, zülallar öz aralarında peptid əlaqələri  ilə əlaqələnmiş aminturşulardan ibarətdir (1902). Onun tədqiqatları əsasında Senqer peptid zəncirinin son qruplaşmasını kimyəvi yolla müəyyən etməyə çalışdı. O qeyd edirdi ki, yumşaq qələvi şəraitlərində zülallar peptid rabitələri qırılmaqla onu əmələ gətirən aminturşulara parçalana bilər, aminturşuları isə xromatoqrafk metodun köməyi ilə təyin etmək olar (1945). Senqer zülal zəncirlərini açmaq üsulunu kəşf etmişdir (1949).  Senqer ilk olaraq turşu istifadə etməsinə baxmayaraq tezliklə müəyyən etdi ki, fermentlər olduqca daha dəqiq təsir edir. Senqer insulin molekulunun tamamlanmış quruluşunu təqdim etmişdir (1955). Bu, müfəssəl öyrənilmiş ilk zülal molekulu idi. Sengerin ilk uğuru (1952 və 1951-ci illərdə) iki iribuynuzlu insulin polipeptid zəncirinin, A (21 amin turşusu qalığı) və B (30 amin turşusu qalığı) tam amin turşusu ardıcıllığının təyin edilməsi olmuşdur. Bundan əvvəl, zülalların nizamsız bir quruluşa sahib olduğu ümumiyyətlə qəbul edilirdi. Bu ardıcıllıqları müəyyən edərək, Sanger zülalların xüsusi kimyəvi tərkibə malik olduğunu sübut etdi.
Bu faktı təsdiqləmək üçün Senger yun zülallarının amin turşusu tərkibini təyin etmək üçün Riçard Lavrence Millington Sing və Archer John Porter Martin tərəfindən irəli sürülən ayrıcı xromatoqrafiya metodunu təkmilləşdirdi. Senger kimyəvi reagent kimi 1-fluor-2,4-dinitrobenzoldan (indi Senger reagenti, fluorodinitrobenzol, FDNB və ya DNFB kimi də tanınır) istifadə etmişdir. Bu maddə Bernhard Çarlz Sondersin Kembric Universitetinin kimya fakültəsində kimyəvi döyüş zəhərləyici vasitələri üzərində apardığı araşdırma nəticəsində əldə edilib. Senger reagentinin köməyi ilə polipeptid zəncirinin bir ucunda N-terminal amin qrupunu qeyd etmək mümkün olmuşdur. Daha sonra Senger həm xlorid turşusu, həm də tripsin kimi proteolitik fermentlərdən istifadə edərək insulinin qısa peptidlərə qismən hidrolizini həyata keçirdi. Peptidlərin qarışığı iki qarşılıqlı perpendikulyar istiqamətdə iki ölçülü elektroforezdən istifadə edərək süzgəc kağızı vərəqində ayrıldı.
Bu əməliyyatları təkrarlayaraq, Senger ilkin qismən hidrolizin müxtəlif üsullarından istifadə etməklə əldə edilən peptidlər dəstinin ardıcıllığını təyin etdi. İnsulinin tam quruluşu daha qısa iki peptid zəncirlərindən qurulmuşdur. A və B zəncirləri üç disulfid rabitəsi (A zəncirində iki zəncirlərarası və bir zəncirdaxili) olmadan fizioloji cəhətdən qeyri-fəal olurlar. Senger və başqaları bu disulfid rabitələrinin  yerini təyin etdilər və insulin molekulunun ümumi formulunu C337N65O75S6 kimi müəyyənləşdirdilər.
Sengerin gəldiyi əsas nəticə ondan ibarət idi ki, insulin zülalının iki polipeptid zəncirinin spesifik amin turşusu ardıcıllığı var və buna görə də istənilən zülalın özünəməxsus ardıcıllığı olmalıdır. 
Bu nailiyyətinə -  “zülalların, xüsusən insulinin strukturunu müəyyən etməyə gərə” görə Frederik Senger kimya üzrə ilk Nobel mükafatına  layiq görüldü (1958).  
Senqerin bu kəşfi DNT-nin (və ya RNT) genetik materialındakı əsaslar ardıcıllığı ilə zülalların amin turşusu ardıcıllığının kodlaşdırılması haqqında sonralar irəli sürülmüş Krik fərziyyəsi üçün çox mühüm idi. Onun bu əsərlər insulin və digər hormonların sintetik istehsalı üçün əsas olmuşdur.
Onun işləri biokimya və yeni yaranan elm – molekulyar biologiya üçün əhəmiyyətli nəticələrə malik idi. Onun apardığı tədqiqatların nəticələri tamamilə sübut etdi ki, zülallar peptid rabitələri ilə zəncirvari birləşmiş aminturşulardan ibarətdir. Senqer, müəyyən etdi ki, zülal unikal strukturlu xüsusi kimyəvi maddədir və zəncirdə hər bir yer müəyyən aminturşu ilə tutulmuşdur. O, həmçinin sübut etdi ki, fermentlər zənciri əvvəlcədən müəyyənləşmiş yerdən qıra bilər. Bu, üsulun istifadəsi çoxlu sayda digər zülalların strukturunu müəyyən etməyə imkan verdi.
Hələ Nobel mükafatı alana qədər Senqer genetikanın öyrənilməsi ilə məşğul idi. Senqer nukleotidlərinin sayı bir çox hallarda bir neçə yüz olan RNT zəncirinin ardıcıllığını öyrənməyə cəhd etmişdi (1958). Həmkarları ilə birlikdə fermentlər tətbiq edərək RNT zəncirini daha kiçik zəncirlərə qıraraq onların  hər birində amin turşularının ardıcıllığı izlənilmişdir (1960). 
Senqer bakterial virusun DNT-sinin zəncirində azotlu əsasların ardıcıllığını müəyyən etmişdir (1948). Bu, DNT zəncirinin dəqiq öyrənilməsi üzrə ilk  hadisə idi.
Frederik Senqer “nuklein turşularında azotlu əsas ardıcıllığların müəyyən edilməsindəki xidmətlərinə gərə” kimya üzrə ikinci dəfə Nobel mükafatına  layiq görülmüşdür (1980). 
Bundan əlavə o, bir çox mükafat və medallarada layiq görülmüşdür. Belə ki, Morqan-Kordey medalı (1951), London Kral cəmiyyətinin üzvü (1954), Britaniya imperiyasının Komandor ordeni (1963), Beynəlxalq Qayrdner mükafatı (1971, 1979), Kopli medalı (1977), Ueland mükafatı (1978), Luiza Qros Xorvis mükafatı (1979), fundamental tibbi tədqiqatlara görə Albert Lasker mükafatı (1979), Xidmətə görə orden (1986) və s. təltiflərə layiq görülmüşdür.
F.Sengerin karyerası ərzində onun rəhbərliyi altında ondan çox aspirant çalışıb, onlardan ikisi həm də Nobel mükafatına layiq görülmüşdür. Onun ilk aspirantı tədqiqat qrupuna qoşulan Rodney Porter olmuşdur (1947). Daha sonra, Porter anticisimlərin kimyəvi quruluşu ilə bağlı işinə görə Cerald Edelmanla (Cerald Maurike Edelman (1929-2014) - amerikalı immunoloq və neyrofizioloq, 1972-ci ildə Fiziologiya və Tibb üzrə Nobel Mükafatı laureatı) Fiziologiya və Tibb üzrə Nobel Mükafatını bölüşdü (1972). 
Elizabeth Blackburn (Elizabet Helen Blackburn (1948) Amerika sitogenetik alimi, Fiziologiya və Tibb üzrə 2009-cu il üçün Aleksey Olovnikovun irəli sürdüyü nəzəriyyəyə görə (1971) “xromosomların telomerlər və telomeraz fermenti tərəfindən mühafizə mexanizmləri” kəşfinə görə Nobel Mükafatı almışdır. Kerol Qreyder və Cek Şostak ilə birlikdə) London Kral Cəmiyyətinin üzvü (1992), ABŞ Milli Elmlər Akademiyasının xarici üzvü (1993) və Tibb İnstitutunun əməkdaşı (2000), Avstraliya Akademiyasının müxbir üzvü (2007)) aspiranturaya girmiş və Sengerin laboratoriyasında işləmişdir (1971-1974). 
Senger Marqaret Coan Hove ilə evlənmişdir (1940). Ailənin üç övladı var idi - Robin (1943), Piter (1946) və Salli Coan (1960). Alimin dediyinə görə, evdə sakit və xoşbəxt ailə ocağının qorunmasında və saxlanılmasını təmin etməkl həyat yoldaşı ona işində hamıdan çox kömək etmişdir.
O, Tibb elmi-tədqiqat şurasındakı vəzifəsindən 65 yaşında istefaya çıxmışdır (1983). O, Kembricdə yaşayır və bağda işləməyi sevirdi.
O, Beynəlxalq “İnsanlığa xəbərdarlıq” aktını imzalamışdır (1992).
Frederik Senqer Kembiricdə 95 yaşında xəstəxanada yuxuda olarkən vəfat etmişdir (19 noyabr 2013-cü ildə). Alimin nekroloqunda qeyd edildiyi kimi, o, özünü “sadəcə laboratoriya ilə məşğul olan adam” və “akademik cəhətdən görkəmli deyil” hesab edirdi.
Senger cəngavərlik təklifindən imtina etdi, çünki ona “Cənab” deyə müraciət edilməsini istəmədi. Bu münasibətlə o demişdi: “Cəngavərlik sizi xüsusi edir, elə deyilmi? Amma mən xüsusi olmaq istəmirəm”.
“Vellcome Trust” və Britaniya Tibbi Tədqiqatlar Şurası tərəfindən alimin adını daşıyan Senger Araşdırma Mərkəzi (indiki Senger İnstitutu) yaradılmışdır (1992). İnstitut Kembric ştatının Hinckston yaxınlığında, Sengerin evindən bir neçə mil aralıda yerləşir. İnstitut 50-dən az işçi ilə Senger tərəfindən şəxsən açıldı (4 oktyabr 1993-cü ildə)  və insan genomu və digər orqanizmlər üzrə tədqiqatlar aparmağa başladı. İnstitutun hazırda 900-dən çox əməkdaşı var və dünyanın ən böyük genomik tədqiqat mərkəzlərindən biridir.
Sengerin anası kvaker (Kvaker “Dostların Dini Cəmiyyətinin” rəsmi adı. XVII əsrin ortalarıında İngiltərədə İngilis İnqilabı zamanı yaranan protestant xristian hərəkatı. Kvakerizmin yaranma tarixi adətən 1652-ci il hesab olunur) olmasa da, hər iki oğlu dünyaya gəldikdən qısa müddət sonra atası kvakerizmi qəbul etdi və uşaqları da bu dində böyüdü. 
Senger Allahın varlığına dair dəlil tapmadığını, ona görə də aqnostik olduğunu söyləyirdi. “The Times”a verdiyi müsahibədə (2000) o, deyirdi: “Atam sadiq bir kvaker idi və mən kvaker kimi böyüdüm. Kvakerlər üçün həqiqət çox vacibdir. Mən bu inancdan ayrıldım. Onun həqiqəti axtardığı göz qabağındadır, amma həqiqət öz təsdiqini də tələb edir. Allaha inanmaq istəsəm belə, mənim üçün çox çətin olardı. Onun varlığının təsdiqinə ehtiyacım var”.
Britaniya Biokimya Cəmiyyəti Sengerin 1944-1983-cü illərdə tədqiqatlarını qeyd etdiyi 35 laboratoriya jurnalının kataloqu və saxlanması üçün “Vellcome Trust”dən qrant almışdır (2007).
 
 
Əli Zalov
Kimya elmləri doktoru, professor
Azərbaycan Dövlət Pedaqoji Universitetinin 
Analitik və üzvi kimya kafedrasının müdiri


Facebook-da paylaş