Qəhrəmanlığın milliyyəti olmur... Albert Aqarunov Şuşa uğrunda həlak olmuşdu

 Birbaşa döyüş meydanında cəsurcasına həlak olmuş yəhudi əsilli azərbaycanlı Albert Aqarunov haqqında yazılanları oxuduqca həyəcanımı gizlədə bilmədim. Şəhidlər xiyabanı gözlərim önündə canlandı. Xiyabanda torpağa gömülmüş yüzlərlə qəhrəman Azərbaycan, türk övladlarının xatirəsini andım. Özümdən asılı olmadan redaksiyamızın pəncərəsindən görünən böyük Yasamal qəbiristanlığına baxdım bir xeyli. Gözüm qəbiristanlığı bürümüş yaşıllıqda ilişib qaldı. Xəyallarım da elə o yaşıllığın əlvanlığı, zənginliyi qədər üfüqlərəcən uzandı. Nə üçün məzarlıqlardakı yaşıllıqlar bu qədər heyranedici, cəlbedici görünür? Niyə məzarlıq torpağında bitən bitkilər həyat ağacına bənzəyir? Eyni iqlimdə, eyni təbii mühitdə yaşayırlar- digər bitkilər kimi. Amma məzarlıqdakılar tamam fərqlidi. Yadıma böyük şair Məmməd Arazın bir misrası düşür. Hər şeydən öncə vətəndaşlığı düşünən şair məzarlığa işarə edərək yazır: “Daşlar insanın qəzəbindən, çiçəklər təbəssümündən göyərir orda”.
      Bəlkə də burda bir ilahi həqiqət var. Məzarlıqdakı yaşıllıq burada uyuyan böyük ürəklərə sahib insanların ruhu, əqidəsi, amalı kimi səmaya ucalır. Şəhidlər xiyabanında Azərbaycanın milli qəhrəmanı Albert Aqarunovun da məzarı var. Onun qısa həyatı, maraqlı taleyi və özünəməxsus qəribəlikləri ilə tanış olduqca həyat tarixçəsi simasına yazılmış portreti gözlərim önündə canlanır. Uşaqlıqdan musiqi həvəskarı olub. Musiqi məktəbində nəfəs aləti olan truba sinifini bitirib. Amma məqsədi musiqşünas və yaxud musiqiçi olmaq deyilmiş. Yaşadığı həyatdan görünən odur ki, onun daxilində çağlayan həyat simfoniyasının notları imiş Alberti həmin musiqi məktəbinə meyilləndirən.
     Bakının Əmircan qəsəbəsində, qeyd etdiyimiz kimi, yəhudi ailəsində doğulub -1969-cu ildə. Xarakteri, təbiəti, arzuları kimi qısa həyat yolu da sadələik üstündə qurulub sanki. Suraxanı rayonundakı 154 saylı məktəbin VIII sinfini bitirdikdən sonra peşə məktəbində oxuyaraq sürücü-mexanik təhsili alıb. Dost-tanışlarının, ailə üzvlərinin dediyinə görə Albert hələ yeniyetməlik dövründən zəhmətə alışıb. Müxtəlif işlərdə çalışaraq ailəsinin güzəranının yaxşılaşmasına təşəbbüs göstərib, insanlarla mehriban, sülhə, barışa söykənən ünsiyyətə can atıb hər zaman. Gürcüstanda hərbi xidmətdə olarkən tank komandiri vəzifəsini icra edib. Ordudan sonra doğma şəhəri Bakıya dönərək Suraxanıdakı maşınqayırma zavodunda işləyib. Qarabağ müharibəsi başlayan zaman Albert günlərin bir günü evə dönərək ailəsinə cəbhəyə könüllü yazıldığını deyir. Ailə təşvişə düşür. Erkən yaşda Albertin həyatını riskə atması, onun cəbhədə döyüşmək istəyi ailəni ciddi narahat edir. Onu fikrindən daşındırmağa çalışsalar da, vətənpərvər Albert fikrindən dönmür. Və Qarabağda ermənilərin əliylə alovlanmış müharibəyə yollanır. Elə ilk gündən tank komandiri təyin edilən Albert Aqarunov Şuşada Elçin Məmmədovun başçılıq etdiyi 777 N-li xüsusi təyinatlı batalyonda döyüşür. Onun həyatının ən parlaq əbədiyaşar anları da elə 1992-ci il 8 may tarixi ilə bağlıdır. Bu barədə vikipediyada qeyd olunur: “Şuşaya ilk girməyə cəhd edən erməni tankına flaqman tank kimi şəhərə asılmalı olan "fəxri" erməni bayrağı verilmişdi. Bu tankın komandiri erməni tankçısı olan Qaqik Avşaryan idi. Lakin Avşaryanın 442 nömrəli tankı Şuşaya girməyə cəhd elədiyi anda Albert Aqarunovun 533 nömrəli tankı tərəfindən vurulur. Tankın komandiri Qaqik Avşaryan, sürücü mexanik Aşot Avanesyan, atıcı-artirelist Şahen Sarkisyan elə ilk və son atəşdən maşının kabinəsindəcə məhv edilir”.
     Albert hərbi xidmətdə olarkən döyüş təlimlərinə və texnikasına yaxşı yiyələndiyindən iştirak etdiyi Qarabağ müharibəsində öz təcürbəsindən kifayət qədər bəhrələnir. Döyüş yoldaşlarının dediyinə görə Albertin atdığı mərmi hədəfdən yayınmazmış. Hətta o, adətən bir mərmiyə düşmənin iki texnikasını sıradan çıxarmağı hədəfləyirmiş. Cəbhə yoldaşları onun bu əməliyyatını “yəhudi buterbrodu” adlandırmışlar.
     Albert Aqarunov Dağlıq Qarabağ ərazisində gedən qanlı savaşlarda misilsiz bir vətənpərvər kimi iştirak edir. Xankəndi, Daşaltı istiqamətlərində aparılan döyüşlərdə işğalçıların xeyli canlı qüvvəsini, zirehli texnikasını məhv edən Albert ermənilərin Şuşa şəhərində planlaşdırdığı əməliyyatlar zamanı düşmənin onlarla tankını da sıradan çıxarmağı bacarır. Eləcə də onların bir çox digər hərbi texnikalarını sərrrast atəşlə məhv edir. Ermənilər Albertin ard-arda düzülmüş qəhrəmanlıqlarını gördükcə ona qarşı nifrətləri də aşıb-daşır. Aqarunovun başına 5 milyon rubl pul mükafatı ayırırlar.
    Və Albert Aqarunov Şuşa uğrunda gedən döyüşlərdə snayper gülləsinə tuş gəlir. Cəsur döyüşçünün komandiri Hacı Əzimov həmin dəhşətli səhnəni belə xatırlayır: “Aqarunov mövqeyini dəyişərkən öz tankının düz önündə qalmış şəhid əsgər yoldaşlarının cəsədini kənara çəkmək üçün hərbi maşından çıxır. Əvvəlcə tankı düzgün istiqamətə yönəltməsi üçün mexanikinə göstəriş verir. Daha sonra öldürülmüş şəhidlərə tərəf qaçır və cəsədləri kənara çəkən zaman erməni snayperinin gülləsinə tuş gəlir.
    Beləliklə, Azərbaycanın Milli Qəhrəmanı adını almış Albert Aqarunov 23 yaşında –ömrünün ən gənc çağında müqəddəs torpaq uğrunda canını fəda edərkən dünyasını dəyişir.
      Onun haqqında “Salnamə” sənədli filmlər studiyası “Dostuma məktub” filmini çəkərək məğlubedilmız əsgərin həyatını əbədiləşdirməyə müvəffəq olur. Filmin mənəvi yaddaşlarda buraxdığı əks –səda hər bir vətənpərvər Azərbaycan övaldının qəlbində daimi bir iz buraxır. Xalqımız bu şücaətli əsgərin xatirəsini heç vaxt unutmayacaq. İndi təhsil aldığı 154 saylı məktəb də Albertin adını daşıyır. Ən həssas məqamlardan biri də dostlarının və qardaşı Randik Aqarunovun Albert haqqında söylədikləridir. Onların dediklərinə görə, Albertin daxili ədaləti hər zaman cizgilərində və əməllərində əks olunurdu. Ən nifrət etdiyi şey aqressiya və özündən zəiflərə qarşı xoşagəlməz münasibət olub. Özündən zəiflərə qarşı təzyiq göstərənləri bağışlaya bilmirmiş Albert. Döyüş nöqtələrində jurnalistlərə müsahibədən bir parçanı diqqətə çəkməklə onun xarakterinin bütövlüyünü az da olsa, cızmaq istərdim.
– Adın nədir?
– Albert.
– Hansı millətdənsən?
 – Yəhudi.
– Yəhudiləri Azərbaycan torpağını qorumağa nə vadar edir?
 – Mən bu torpaqda yaşayıram, doğulmuşam burda, yaşayıram burda, daha heç nə məcbur eləmir.
– Bir vətəndaş kimi borcunu nədə görürsən?
 – Gəlib torpağı qorumaqda.
– Nə qədər vuruşmağı düşünürsən?
 – Müharibənin axırına kimi…
       Qarabağ müharibəsi hələ də başa çatmayıb. Albertdən sonra Mübarizlər, Fəridlər gəlib. Bu nəsillərin cərgəsində Albertin addım səsləri də eşidilməkdədir. Doğrudur, o, verdiyi müsahibədə müxbirə “mən müsahibə verə bilmirəm, mən danışa bilmirəm” desə də, əslində, bu ifadə ilə əbədiyyətə qədər danışa bildiyini söyləyib. Bəzən insanın səsini, sözünü, onun içindən keçib gələn arzu və istəklərini, bir sözlə, həyat dastanını, özündən sonra yadigar qoyub getdiyi əməlləri danışır. Düşünürəm ki, Albert Aqarunov həm də kökü yüzilliklərə dayanan və bu gün də böyük məhəbbətlə davam edən yəhudi –Azərbaycan dostluğuna  sarsılmaz bir körpüdür. Elə bir körpü ki tarixlər yola salacaq.      
     Bakıdakı Şəhidlər xiyabanını ziyarətə gələnlər bir qayda olaraq Albertlə də - tarixin bu unudulmaz əsgəri ilə də salamlaşacaq, gələcək nəsillərə bu müqəddəs məkanda şəhidlərin ruhu kimi göylərə ucalan qocaman ağacların, cavan pöhrələrin budaqlarına qonub cəh-cəh vuran, ölümsüzlüyə susamış şərqilər oxuyan bülbüllər də ölümüylə əfsanələşmiş Albert kimi fədailərimizdən bəhs edəcəklər.
Fariz Çobanoğlu


Facebook-da paylaş