Əlifin son döyüşü...

     Azərbaycanın Milli Qəhrəmanı, mayor Əlif Hacıyev öz ölümü ilə milyonlara igidlik nümunəsi göstərdi. O, düşmənə sübut etdi ki, təkbətək və mərdi-mərdanə döyüşdə Azərbaycanın qorxmaz oğulları onların “dərsini” verməyə qadirdirlər. Əslində Əlif bunu ermənilərə Dağlıq Qarabağ hadisələri başlamamışdan xeyli əvvəl sübut etmişdi. 1980-ci illərdə Xankəndidə milis zabiti işləyən Əlif Hacıyev ermənilərlə mübarizə aparırdı. Milis rəisi onu dilə tutub “yola gətirməyə” çalışsa da gənc hüquqşünas hər dəfə haqqın-ədalətin tərəfində duracağını bildirmişdi. Axırda hiylə işlədərək onu ləkələdilər və həbs etdirdilər. Belə ad qoydular ki, guya Əlif vətəndaşdan rüşvət alıb və ifşa olunub. Əslində erməni zabitlər rəisin tapşırığı ilə onun iş otağında asılmış pencəyinin cibinə pul qoymuş və sonra guya cinayəti “aşkar” etmişdilər. Yalançı erməni şahidlərin ifadələrinə əsasən vicdanlı milis baş leytenantı nahaqdan tutularaq 7 illik həbs cəzasına məhkum edilmişdi. Lakin Əlif Hacıyev keçmiş SSRİ-nin bütün rəhbər inzibati orqanlarına müraciət edərək nahaqdan həbs edildiyini və bunun qurama bir iş olduğunu bildirirdi. Sonda ədalət zəfər çaldı və o, bəraət alaraq azadlığa buraxıldı. Bu, o zaman idi ki, artıq ermənilər meydanlarda “miatsum” deyə bağırırdılar.

Əlif Hacıyev Azərbaycan SSR daxili işlər nazirinə müraciət edərək xidmət etmək üçün doğulub boya-başa çatdığı Xocalıya göndərilməsini xahiş etdi. Onun xahişi nəzərə alındı və Xüsusi Təyinatlı Polis Dəstəsinin komandiri və Xocalı aeroportunun komendantı təyin edildi. O vaxt ermənilər İrəvandan Xankəndiyə axışıb qüvvələrini orada cəmləşdirməyə qərar vermişdilər. Vertolyotla əsasən başbilənlər gəlirdilər. Ancaq mayor Əlif Hacıyev komendant təyin olunandan sonra İrəvandan gələn vertolyotları gətirdiyi adamlarla birlikdə geri qaytarırdı. Bu, erməniləri bərk əsəbiləşdirsə də Əlifin yaxşı silahlanmış dəstəsindən çəkinirdilər. Beləliklə, 1992-ci il fevralın 25-dək ermənilər Xocalı aeroportuna yaxın buraxılmadı. Lakin həmin gün gecə...
O gecə təpədən-dırnağadək silahlanmış yüzlərlə erməni sovet ordusunun 366-cı motoatıcı alayı ilə birgə Xocalı üzərinə hücuma keçdi. Ağır artilleriyanın, 50-yə qədər tankın, BTR-in və BMP-nin köməyilə hücuma keçən düşmənlər ilk zərbəni Xocalı aeroportuna vurdular. Mayor Əlif Hacıyev iyirmi nəfərə qədər döyüşçü ilə müqavimət göstərsə də zirehli texnikanın qarşısını almaq mümkün deyildi. Çünki polis dəstəsi yüngül silahlarla-avtomat və tapançalarla silahlanmışdılar. Qüvvələr müqayisəolunmaz dərəcədə qeyri-bərabər idi. Odur ki, igid komandir düşmənin istifadə etməməsi üçün aeroportun idarəetmə sistemini partlatmağı əmr etdi. Yalnız ondan sonra Əlif Hacıyev ani olaraq geri çəkilib Xocalı sakinlərini mühasirədən çıxarmağı düşündü. Onlar belə də etdilər.
Şaxtanın qılınc kimi kəsdiyi bir gecədə gənc şəhərin sakinləri pərən-pərən düşüb yaxınlaşan ölümün pəncəsindən xilas olmaq üçün hara gəldi qaçırdılar. Ancaq hara üz tuturdularsa qarşıda ermənilərin pusqularına rast gəlirdilər.
Qarlı düzlər , meşələr, təpələr al qana boyanmışdı. Ağdama pənah aparamağa çalışan xocalılar gecə səhərədək istiqaməti o qədər dəyişdilər ki, axırda hara getdiklərini heç özləri də bilmədilər. Bəziləri yolu azaraq düşmən yuvasına-erməni kəndlərinə getdilər və əsir alındılar.
Əlif Hacıyev və 6-7 nəfər polis şəhər əhalisinin bir dəstəsini qoruyaraq xilas etməyə can atırdılar. Nəhayət, səhər açılanda təpələrdən birində erməni quldurları ilə üz-üzə gələn Əlif Hacıyev əmr verdi ki, adamları xilas etmək üçün ermənilərlə döyüşüb vaxt udmaq lazımdır. Xocalılar təpənin arxası ilə Əsgərana tərəf uzaqlaşsalar da yarı canları döyüşənlərin yanında qaldı. Əlif və komandirlik etdiyi döyüşçü polislər bir addım da geri çəkilmədilər. Onlar əlli nəfərdən artıq quldurla döyüşə başladılar və bir neçə erməni yaraqlısını məhv etdilər. İgid komandir yoldaşlarına demişdi ki, bu son döyüşdür, biz köpəkləri öldürüb qisasımızı almalı, çalışıb qanımızı baha satmalıyıq. Sonra döyüş bir neçə saat çəkdi...
Ertəsi gün təsadüfən oradan keçən bir dəstə Xocalı sakini Əlifi əli avtomatının tətiyində, üzü düşmən tərəfə uzandığını görüb sevindilər. Lakin yaxınlaşanda həlak olduğunu gördülər. Bütün xocalıların sevdiyi Əlif Azərbaycanın fəxrinə belə çevrildi...
Milli Qəhrəmanımız, Azərbaycan polisinin yetirməsi mayor, Əlif Hacıyev Azərbaycan xalqının qəlbində həmişə yaşayacaqdır. Allah rəhmət eləsin!

İmza: Vəli İlyasov


Facebook-da paylaş