Şuşa türməsindəki girovlarımızdan biri azad edildi? - Bəs haradadır?..

 
     2017-ci il fevralın 1-də Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində, cəbhənin Talış istiqamətində Ermənistan hərbçiləri tərəfindən saxlanılmış Azərbaycan vətəndaşı, 1995-ci il təvəllüdlü Hüseynzadə Elnur Elman oğlunun işğal altında olan Şuşadakı qanunsuz “cəzaçəkmə müəssisəsi”ndən azadlığa buraxılması barədə xəbərlər yayılıb.

Bu haqda Xankəndidəki separatçı nəşrlər qondarma separatçı rejimin qeyri-qanuni fəaliyyət göstərən “prokurorluğu”na istinadla məlumat yayıb. Məlumatda bildirilir ki, 2017-ci il fevralın 1-də Talış kəndi yaxınlığında “...“Artsax”ın sərhədini pozduğuna görə həbs edilmiş” E. Hüseynzadə “məhkəmə”nin kəsdiyi “cəza müddətinin bitdiyinə görə 2019-cu il fevralın 2-də azadlığa buraxılıb”.

Separatçı mənbələr E.Hüseynzadənin son 3 gün ərzində harada olduğu və rəsmi Bakının bu barədə məlumatlandırılması haqda heç bir məlumat verməyib.

Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən də bu barədə heç bir rəsmi informasiya yayılmayıb.

Güman edirik ki, müvafiq qurumlar tezliklə məsələyə aydınlıq gətirəcək.

Sultan Laçın


Facebook-da paylaş