Yaddaş ağrısı

     Şövkət Horovlu həm nasir, həm şair kimi Azərbaycan ədəbiyyatının tanınmış simalarındandır. Açığını deyim ki, onun şeirləri nə qədər qüssəli olsa belə, yenə də hər zaman zövqlə oxumuşam. Çünki Şövkət xanımın şair ilhamı təbiətin ona verdiyi bir nemətdir. Duyğuları, düşüncələri həyat həqiqətlərinə söykənir. Ağrılı poeziyası var. Dərdi başının üzərində gəzdirə bilən şairimizdir. Bəlkə elə ona görə də onun poetik əsərləri bu qədər dərdli və hüznlü olur. Şövkət Horovlu dərdin poeziyasını yaratmaqda çox mahirdir. Onun “Yaddaş ağrısı” poeması adından da göründüyü kimi, iztirablı yaşantılarının bəhrəsidir. Poema Vətən torpaqlarının işğalından sonra dünyasını dəyişərək məmləkətin qərib yerlərində dəfn olunanların əziz xatirəsinə həsr olunub. Təsadüfi deyil ki, tənqidçi və ədəbiyyatşünas  Vaqif Yusifli də “Yaddaş ağrısı” lirik poemasını çox yüksək dəyərləndirir: 
     “Onun Şəhriyarın “Heydərbabaya salam” ahəngində yazdığı “Yaddaş ağrısı” lirik poeması mən deyərdim Şövkət xanımın ən gözəl poemasıdır. Onun Qarabağ həsrətini, ömrün ötən illərilə bağlı xatirə yanğılarını çox poetik ifadə edir. Bu poemada yurd itgisindən doğan həsrət və kədər lap zirvə məqamına çatıb...”
     Mən deyərdim ki, nəyinki “yaddaş ağrısı”, şairin digər bədii yaradıcılıq nümunələri, xüsusilə sevgi şeirləri də poetik zirvə ucalığından oxunur. Bütövlükdə Şövkət Horovlu yaradıcılığı müasir poeziyamızı lirik duyğularla zənginləşdirən səhifələr yaradıb. “Yaddaş ağrısı” poeması isə tariximizin poeziya dililə yazılmış müəyyən bir parçasıdır. Bu parçanı oxuculara təkrarən təqdim etməkdə bir məqsədimiz var; ağrı-acı dolu tariximizin poetik salnaməmizdəki daha bir mənbəsini gələcək nəsillərə nişan vermək...
 
                                           
 
Yaddaş ağrısı
(Lirik poema)

                                            “Heydərbaba, gələmmədim gec oldu!”


Qarşımdadır ağ varağım, qələmim,
Qanad açıb ilham atım, ələmim.
Göz yaşımda ləngərlənir dərd gəmim,
Nədən belə sonsuz oldu ayrılıq,
Cəhənnəmə gedən yoldu ayrılıq?
 
Çöldə bürkü... üşüyürəm, soyuqdur,
Həsrətimdən sinəm oyuq-oyuqdur,
Nuru sönməz ocaq bizdən ayıqdır.
Çapım ora yenə xəyal atımı,
Yetirim pirinə söz sovqatımı.
 
Zirvədə çən, dağda duman sürünmür,
Yolun sonu görünmür ki, görünmür.
Bu vəfasız fələk başıma dönmür,
Balasızdı indi uçuq yuvalar,
Yurd quşunu yad quşları qovalar.
 
Qalıb yaz tufanlı gəncliyim onda,
Atalı-analı dincliyim onda.
Nəğməkar illərim, hardasız, harda?
Sanmayın ki, şair dönük çıxıbdır,
Gördükləri onu yaman yıxıbdır!
 
Nədən yolu ziyarətdən salmayım?
Səhər-səhər gül hüsnünə dalmayım?
Ruhu dərman havasını almayım?
Əlimizdən kim alıbdır bu haqqı,
Sər köhlənə mindiribdir nahaqqı?
 
İlk sevgimi nədən gedib gəzməyim,
Tellərimə gül-çiçəkdən düzməyim?
Qol götürüb el toyunda süzməyim?
Yaş artdıqca ürək yaman kövrəlir,
Torpaq çəkir, il üstünə il gəlir.
 
Deməyin ki, dostlar, bu nə həvəsdir?
Ürəyimdən havalanan bir səsdir.
Sənsiz mənə bu gen dünya qəfəsdir,
Tanrı bizə dərd verdikcə bəs demir,
Biz dözürük, atlı zaman gözləmir.
 
Nə qismətdi alnımıza yazılıb?
Qapılardan paslı qıfıl asılıb.
Necə deyək oğuz eli basılıb,
Nədən suçu özümüzdə görməyək,
Qisas alıb mərdliyə tac verməyək?
 
Hesab çəkib yaddan qisas almasaq,
Yala yatıb Misiri qılınc çalmasaq.
Adımızın qayğısına qalmasaq,
Kimdi gəlib halımızı soruşan?
Bundan sarı pərişanam, pərişan.
 
Lələk salsın göydən durna qatarı,
Yaza bilim bu ağrını, qübarı.
Gedə bilsəm Xudafərin yuxarı,
Qanad açar Savalanla yurdum, oy!
Məndən öncə şax yeriyə ordum, oy!
 
Ömür keçir, ürək hələ söz dolu,
Tüstülənir sinəm hələ köz dolu,
Görməmmədim o yerləri göz dolu,
Daşların da gül bələnən anında,
Məni görün “Şıx bulağ”ın yanında.
 
Ayrılıqdan dərdim dağa dönübdür,
Duyğularım bir dustağa dönübdür.
Gözüm yaşlı bir bulağa dönübdür.
Aşıq məni sazda yada salanda,
Məni görün toy-mağarın yanında.
 
Qız görsəniz yanaqları allanan,
Qolda sənək, kəhriz üstə sallanan,
Baxışından neçə ürək hallanan,
El qızının vüsal eşqi canında,
Məni görün Xan çinarın yanında!
 
Vaxt dolanar o dağlara gün doğar,
Çaylar daşar, gül göndərər yara yar.
El köçünü biz tərəfə haylayar,
Tanış-biliş məni sizdən soranda,
Məni görün “Xəlfə bağ”ın yanında.
 
Uşaq idik hərəmiz bir məhlədən,
Əyin-başı geyinərdik köhnədən.
Yarımazdıq nə sacdan, nə təhnədən,
Papaq atıb Novruz payı alanda,
Məni görün köhnə “Dam”ın yanında.
 
Çöldə başaq torlayardıq əlinən,
Xırman vaxtı fırlanardıq vəlinən,
Arpa-buğda sovurardıq yelinən,
Elin varı yenə də car olanda.
Məni görün, dostlar, “Yal”ın yanında,
 
“Orta kəhriz” paqqıldayıb axanda,
Eşqə düşən xəyallanıb baxanda.
Köç yellənib “Üçtəpə”yə qalxanda
Mirsahib də at yalına yataydı,
Güllər bacı murazına çataydı.
 
Qoca dünya, Mirsahibi neynədin?
Sən Nəsiri, nər Vahidi neynədin?
Qardaş getdi ürəyimi teylədin,
Ondan qeyri əzizim yox, giram yox,
O gedəli qapımdan bir girən yox.
 
“Gözəlağa qaçan dərə” dururmu?
“Daşlı güney” yolçuları yorurmu?
Qonşu Əziz çöldə dəryaz vururmu?
Qurulurmu bəlim, dərz tayası,
Axtarardıq altında quş yuvası.
 
Yadımdadır: Tanrıqulu, Uğurru,
Gün duran vaxt çöldə başaq yığırdı.
Bir də gördük onlar bar-bar bağırdı,
Ağılların quş yuvası çaşdırıb,
Qara gürzə dil çıxarıb fısqırıb!
 
Dəllək Qulam görün nələr eylədi,
Neştər alıb diş yerinə teylədi;
Əl qaldırıb Allah Kərim! Söylədi,
Yenə xeyir bir iş çıxdı əlindən,
Xilas etdi iki gənci ölümdən.
 
Atam Qulam duz-çörəkli kişiydi,
Xeyirə-şərə çox gərəkli kişiydi.
Tikəsini yarı bölmək işiydi,
Ondan sonra novrağımız dağıldı,
Eh, nə deyim, ömür də bir nağıldır!
 
Xudayara elə ustad deyərdi,
Yad eyləyib həmişə baş əyərdi,
Surə Quran.. Pak ruhunu öyərdi,
Mərd olublar bizim köhnə kişilər,
İndi hanı sözü bütöv igid, ər?!
 
Etibarlı dostu idi Yal Murad,
Kolxoz sədri Cəmil, Əşrəflə Ziyad,
El içində Qazanmışdı təmiz ad,
Qan düşsəydi bağlayardı obada,
Ağsaqqala hörmət vardı ziyada.
 
Gələnlərdən qalıbdırmı heç biri?
Dünya durur, işindədir xəlbiri.
Gah şərbəti, gah içirir zəhəri,
Görən varmı bu dünyanı gözütox,
Dünyanın da gərdişinə mizan yox.
 
Məmiş kişi mülayimdi, fağırdı,
Həyətində tut çırpdırıb yığardı.
Nübar bibim qoyun, inək sağardı,
Ələ düşməz bir də pendir dürməyi,
Yadımdadı qaqqıldayıb gülməyi.
 
Həmid dayı kasıb-kusub dayağı,
Tanınırdı Zeynalabdin sayağı.
Vardan-yoxdan ona qaldı bir bağı,
Kasıblığa heç çəkməzdi xəcalət,
Əvəzində eldən aldı min rəhmət.
 
Əvəz kişi qoruqçuydu bağlara,
Bir-bir nişan qoydurardı zoğlara,
Toxunsaydın bir salxıma, bir nara,
Duyuq düşüb hənirini alınca –
Dəhrəsini tolazladı dalınca.
 
Salxımların sulananda qorası,
Dolaşardıq meyvələrin arası.
Piralının qurtarmazdı davası,
Yazıq anam and-aman eyləyərdi,
Sonra bizi möhkəm kötəkləyərdi.
 
“Kəndaltı”ndan gətirərdik odunu,
Heyvanların yoncasını, otunu,
Anam yığıb dəyirmanın ardını,
Təndirində duzsuz kömbə salardı,
O gün bizdə əsl bayram olardı.
 
Anam Zərin sevinc nədi bilməzdi,
Hey ağlardı, üzü bir yol gülməzdi,
Ana nənəm “Quycaq”lı qız Gülgəzdi,
Nakam gedib, kam almayıb dünyadan,
Yetim qalıb anam, xalam o vaxtdan.
 
Çox çəkmişdi qohum-qardaş cəbrini,
Bölüşmüşdü dərd-qəmini, səbrini.
Sevərdilər hamı Zərin bibini.
Nankor çıxdı Xasagülü Rustamı,
Zatıqırıq söyləyərdi kənd -  hamı.
 
Mələm mamam qardaşqızı deyərdi,
Saçımızı hörə-hörə öyərdi.
Kənd adına “Kələ Mələk” deyərdi,
Hünərliydi beş kişinin əvəzi,
Qılınc kimi kəsərliydi hər sözü!
 
Göyçək nənəm eyləyərdi biş-düşü,
Doxsandaydı, düşməmişdi bir dişi.
Qurşağında noğul, badam kişmişi,
Əldə çəlik mağar boyu süzərdi,
Bəy-gəlinə şam yandırıb düzərdi.
 
Yadigardı O “Mollalı” əlindən,
Bayatısı heç düşməzdi dilindən.
Yasovulun, Yüzbaşının əlindən,
Baş götürüb bizim elə gəlmişdi,
Horovlunu doğma yurdu bilmişdi.
 
Qələm yanır... gözlərimi yaş alıb,
Söz köhlənib, dostlar, yaman baş alıb!
Qınamayın, yaddaş bir az korşalıb,
Bacarmadım, xatirələr dil açdı.
Nə qoruyub saxladımsa qazancdı.
 
Ələsgərin qoz ağacı çinardı,
Bar gətirdi, qol-qanadı sınardı,
Xudu, Vəli çırpıçıydı, çırpardı,
Uşaq-böyük tökülüşüb yığardıq,
El-obada canbir qəlbdə yaşardıq.
 
Surxay kişi vardı “Yal”da, ambardar,
Qıfıllardı ambarlarda hər nə var.
Göz oxşardı divar boyu çuvallar,
Kim apardı, hesabını vurardı,
Gözü daim “qafan” üstə olardı.
 
Eh! Yadıma nələr düşdü, a dostlar,
Novruz idi, millənirdi ocaqlar.
“Sarımçaq”da yellənirdik o ki var,
Səs yayıldı Yusif mərəkə salıb,
Sevdiyini kəhriz üstən qaçırıb.
 
Dədə-baba adətimiz beləydi,
Giley-güzar, umu-küsü heç nəydi,
Bağışlardıq düşmən qapı döysəydi;
Elə o gün ailələr barışdı,
Toy şənliyi bəh! Novruza qarışdı!
 
Qonşu oğlun çəpər altda sinəndə,
Oğrun-oğrun titrək səslə dinəndə,
Anam qalxıb kəhriz üstə yenəndə,
Kaş ki mən də boylanaydım o yana,
Oxuyaydıq “Eyvanımız yan-yana”.
 
Yaylaqdaydıq, söz vaxtına düz çəkər,
Yan-yanaydı əmim quran dəyələr.
Daş kələkdə yığılardı düyələr,
Dünyamalı əmim vardı dəyərli,
Geri dönə ömrümün o illəri.
 
Köç qalxardı “yellicə”dən, “Çaxmaq”dan,
Doyammazdıq o dağlara baxmaqdan,
Nə biləydik düşmən elə o vaxtdan,
Göz dikibmiş belə cənnət diyara,
Ellərimiz düşüb qaçqın, avara.
 
Ruhum orda qalıb, quru can məndə,
Ahım donub qarlı qışın zilində,
Gəlmək yasaq, ixtiyar yox əlimdə,
Nolaydı bir bəxtim çəkə gətirə,
“yal”dan baxan məzarlığa bir kərə.
 
“Ocaq damı”... brda bir el yatıbdır,
Allah, indi ot-ələfə batıbdır,
Ruh harayı Tanrıya da çatıbdır,
Xanım anam məzarında dardadır,
Yol gözləyir, oğlu-qızı hardadır?
 
Çoxu burda başa vurub ömrünü,
Nakam gedib, daşa vurub ömrünü.
“Ocaq damı” neynədin sən Tellini,
Anam getdi gözüyaşlı dünyadan,
Yarımdaı nə oğuldan, bacıdan.
 
Yenə fikrim dolaşıbdır deyəsən,
Kim köçübdür, kim qalıbdır görəsən?
Tavad, Səbrə... kaş hardadı biləsən?
Qaçqın, köçkün- hərə düşüb bir yana,
Kor qalaydı “hay”ı doğan o ana.
 
Orta məktəb çox az idi o illər,
Cəbrayılda dərs alardıq birtəhər,
Məhəmmədə, Mahmuda çox heyiflər,
Eh, dünyada kim əbədi qalandı,
Yenə könlüm qəm əlində talandı...
 
Qorxmaz, bayram elə sinə dəftəri,
Bir nəfəsə neçə şeir deyərdi.
Yetim hüseyn ac-yalavac gələrdi,
Nə qoysaydı Göyçək nənəm çantama,
Hər gün dərsdə yetirərdim mən ona.
 
Çəp düşərdi iki kəndin arası,
Qızışardı “sünnü”, “şiyə2 davası.
Vuruşmağa qalardı bir çarası,
“Əfəndilər” bərk hücuma keçərdi,
Horovlunun əlindən dad çəkərdi!
 
Gözəl idi o küsüşüb barışmaq!
Qımışıb da qucaqlaşıb sarışmaq.
Bir-birinə “hünər”indən danışmaq,
Çöx keçməzdi, girərdik biz qol-qola,
Çantamızı alıb çıxardıq yola.
 
Qarı dava dava başa varan illərdi,
Ağrı, aclıq üzə duran illərdi.
Azar-bezar can aparan illərdi,
Güləbəstə o il qarda batmışdı,
Nənəm dedi: qaraçuxası yatmışdı.
 
Qonşu Niyar yıxılı evin dirəyi,
Yazıq daşdan çıxarardı çörəyi.
Səvzə, Zərif Seyidlinin göyçəyi,
Allah, necə gözəl canlar var idi,
Topdağıtmaz xanımanlar var idi.
 
Mələk mama elə Novruz gəldimi,
Qurudardı gündə fərməz, cecimi.
Hərdən də bir yoxlayanda mücrünü,
Dam-bacadan pusqu qurub güdərək,
Qardaş-bacı elə eyni dəcəldik.
 
Rəndavanın işi-gücü davaydı,
Özü qoçaq, ağzı bir az yavaydı,
Telqaranın toxuduğu hanaydı,
Kafiyadan qalardımı heç geri?
Qızıl idi ilmə çalan əlləri.
 
Dönə bilsəm yenə də bir uşağa,
“Kəndaltı”ndan yenə üzü aşağa.
Yemlik, qanqal vura dizə, qurşağa,
 
Anam məni zəmi boyu gəzəydi,
Sonra tutub əl-qolumu əzəydi.
 
Horovlunun çətənəsi, gəcəfi,
Tut bağları, şərabı şan-şərəfi,
Gəlinlərin əriş-arqac kələfi.
Boyaqçılar minbir rəngdə boyardı,
Naxışlara baxanda göz doyardı.
 
Bir aləmdi, dən dolması, daşması,
Salmasaçaq ayranaşı, dovğası,
Əyirdəyi, qovudu, qovurğası,
Eh, necoldu, damağımda dad qaldı,
El dağıldı, obamızda yad qaldı.
 
Gölün suyun aparardıq arx ilə,
Dəyirmanı fırladardıq çarx ilə.
Gülməmməd də haqq alardı nırx ilə,
Qara dava nə vardısa soymuşdu,
El-obanı quru yerdə qoymuşdu.
 
“Daşqaraltı”, “Mərəndi”ni dərərdik,
“Sarı kavra”, çardaqlarda sərərdik.
“Nənəmüzümü” dosta sovqat verərdik,
Tutulardı gilənarın xonçaı,
Bal əriyi, yay alması, alçası.
 
Kom söndürdü babam çatan ocağı?
Beşiyimdi Horovlunun qucağı!
Tərlan yurdu oldu sarın yatağı.
Günahsız qan doğru deyib atalar –
Nankorların gözlərinə tez durar.
 
Olanlarla ocaq-ocaq oyulaq,
Qalanalrı haraylayaq, ayılaq!
Bütövləşək, o tay, bu tay bir olaq.
Ələ düşməz çaylaq boyu gəlməyim,
Dostlar, sizlə bir sevinib, gülməyim.
 
Qarlı dağalr necə düşdü araya,
Dərd dil açıb, dərman hanı yaraya?
Güzarınız bir də düşsə oraya,
Məni də bir yad eyləyin, a dostlar,
Əlvida yox, salam deyin, a dostlar.
 
Məclislərdə məndən də bir söz deyin,
Dərdim, sizsiz burda oldu yüz deyin!
Ölənəcən yolda qaldı göz deyin,
Əluzalı boşalmadı ürəyi,
Qədər buymuş, qınamadı fələyi.
 
Dünya haqdı, daləti itirməz,
Belə zülmü heç Tanrı da götürməz,
Ana torpaq yada şenlik bitirməz,
Az qalıbdı, yağı burnu ovular,
Duman keçər, sular axar, durular.
 
Qara günü qablamışıq, Şəhriyar!
Namus-arı ovlamışıq, Şəhriyar!
Qeyrəti də tovlamışıq, Şəhriyar!
Əsir getdi oğuz elin yavrusu,
Dərin oldu Məlikməmməd quyusu!
 
Qaldıq, Dədə yaman günə, yaman hey!
İnsafdırmı ölə ümid-güman hey?
Oğru gəlib doğru oldu, aman hey!
Başda verdik yerimizi şahmara,
Ürəyə bax – nökər hara, şah hara?!
 
Sən deyəni indi biz də deyirik,
El qəmini təkəmseyrək yeyirik.
Gah qeyrəti, gah zamanı geyirik,
Allah Kərim! Bir ümidə min əvəz,
Vuran oğul atasına gənəşməz!
 
Biz yavanıq, yağ axını yağ sarı!
Naşıdadır köçümüzün avsarı,
Faydası nə, ha inildə, ha zarı,
Kələfimiz bərk dolaşıb, ay ustad,
Səbr kasamız dolub-daşıb, ay ustad!
 
Düşmən həmən, təzələnən dövrandı,
Vaxta baxmır, fitnə-fəsad hamandı,
Baş açmırıq, çox qarışıq zamandı,
Desək de ki, hər işdə biz milliyik,
Birimiz fars, birimiz rusdilliyik.
 
Xəmirimiz su aparar hələ çox,
Can dərdinə torpaq dərdi gələ, yox!
Soydaşların mini acdı, biri tox.
Hərə közü qabağına çəkillər,
Qardaşını sel apardı demillər.
 
Dözümün də oalr həddi törpüsü,
Aramızda salaq könül körpüsü.
Havalansın türkün zəfər türküsü.
Arxımızdan sular yenə axacaq,
Qarı düşmən yana-yana baxacaq.
 
Qardaş getdi, fələk vurdu belimdən,
Dərya doldu göz yaşımın selindən.
Ana yurdum! Heç düşdünmü dilimdən?
Yolumuzdan bu qar-boran sovuşa,
Həsrət könlüm o yerlərə qovuşa!
 
Ziyarətdən əsən yellər apar, gəl!
Ürək səndə bir tavana tapar, gəl!
Tələs, durma, xoş müjdəyə çapar, gəl!
Zümrüd quşum, qanadına al məni,
Anam yatan məzarlığa sal məni!..
 
Güvənc yerim, şaman dağım, ay ulum,
Bir yaxın gəl, qoy könlünü mən alım.
Həsrətliyəm, ay başına dolanım,
Qazan, Uruz intiqamı alar, hey!
“Ağ çadır”da Beyrək toyun çalar, hey!
 
əzəlki tək səsin gəlsin gur yenə,
Sənsiz inan, ağız verməz gör mənə!
Əlim yetmir əyilməyən zirvənə,
ətəyini Məkkəm, Kəbəm bilim, oy!
Axır gündə qucağında ölüm, oy!
 
Daş sinəndə ocaq çatsın igidlər,
Ağ at minib, yala yatsın igidlər.
Qılınc çalıb, şeşpər atsın igidlər,
“İç oğuz”um, “Dış oğuz”um bir olsun,
Basat kimi igidi var oğuzun!
 
Çaldıranla öyünəkmi sən bilən?!
Vətən oldu ayaq altda sərilən.
İki qardaş – kimdi yenən, yenilən?
Təbriz idi, İrəvandı ölənlər,
Qisassızdı, ana bağrı bölənlər!
 
Ana yurdum! Od-ocağın sönməyə.
Boz qurdumuz boz körpəyə dönməyə.
Bayrağımız ucalıqdan enməyə.
Yurdsuz serçə gəlib yuva asammaz,
Cığal tülkü bir də qurdu basammaz!
 
Sal qayatək versək kürək-kürəyə,
Sərhədlərdə dönsək polad dirəyə,
Bölünmərik bir də Güney-Quzeyə,
Aramızda həsrət buzu əriyər,
Anaların Araz yası kiriyər...


Facebook-da paylaş