Qürbət Zöhrəsi, yoxsa Karvanqıran?

  
Ulduz Qasımın “Qürbət Zöhrəsi” romanına həsr edilmiş ədəbi-bədii esse
   
 
Ulduz Qasıma çox sadə bir sual verdim, cavabını tapa bilmədi... 


Bu yaxınlarda uzaq Moskva şəhərində yaşayan Ulduz xanımın “messenger”inə yazıb ona çox sadə bir sual ünvanladım. Mənim üçün iki vur iki idi, amma Ulduz xanım “cavab vermək çətindi” dedi...


Axı mən ondan triqonometriyanın düsturunu soruşmamışdım, soruşmuşdum ki, hansı əsərinizi daha çox sevirsiz?


Bir az düşündüm, dərinə gedəndə baxdım triqonometriyanın düsturu həyatın düsturundan asanmış. Elə bil bir oğlu sağ, bir oğlu şəhid anadan soruşursan ki, yaşamaq istəyirsən, ya ölmək... 


Elə bil yenə anamı “cırnatmışdım” ki, qardaşımı çox istəyirsən, ya məni? O da bizi ayıra bilməyib əsəbiləşmişdi ki, bu nə səy sualdı adama verirsən? Ana olmasan bilməzsən, övlad beş barmaq misalıdı, ayırmaq olmur. 


Ulduz xanıma da eynən belə mənasız bir sual vermişdim, fərqindəydim. Axı əsər də müəllifin övladıdı, övladı bir-birindən ayrırmaq olur?


-Haqlı olaraq o da yazdı ki, cavab vermək çətindi, əzizim, niyə soruşursuz?


-Heç... Kitablarınız masanın üstündə rəngbərəng, cild-cildi... Uzaqdan gələn dosta, doğmaya bənzəyir, tələsirəm, həyəcanlanıram, amma bilmirəm əvvəlcə hansının əlini sıxım, hansını qucaqlayım. Əlac ona qaldı ki, sizdən soruşum...


Mənim üçün də seçim etmək çətindi dedi: amma madam ki, məndən kömək istəyirsiz, sizə kömək etməyi çox istəyərdim. “Qürbət Zöhrə”sindən başlayın onda.  İstəsəniz “Solmayan nərgizdən”...  ya da yox,   “Maral”dan başlayın. Ya da yox, yox... özünüz seçin. Birinin adını çəkdim, elə bildim o biri əsərlərim məndən incidi. 


Anlayırdım onu, təkcə müəllif, yazıçı yox, axı həm də anaydı Ulduz xanım, nənəydi. Yəni ana və beş barmaq məsəliydi.


Əsərlərini belə bir-birindən ayırıb incidə bilməyən Ulduz xanım Zöhrəydi. 
 
Ulduz xanım bu əsəri 40 ilə yazıb, mən bir günə oxudum...


 “Qürbət Zöhrəsi”ni gecəylə oxuyub bitirdim. Ulduz Qasım məni əsir götürmüşdü sanki. Bu əsirlikdə bircə yolum vardı, dayanmadan bu yolu yüyürmək, qaçmaq, hansısa həqiqətə, hansısa gerçəyə, sona çatmaq istəyirdim. Özü də gecəylə...


Görəsən nə idi o həqiqət? 


Ulduz xanımın heç bir əsərinin təsadüfən yazılmadığını yaxşı bilirəm. Məni həyəcanlandıran da elə bu həqiqət idi. Bir həqiqət də bu idi ki, Zöhrə Ulduz Qasımın içində bir ömür ölçüb-biçdiyi obraz idi. Yəni bir aya, bir ilə yazılmamışdı. Mənə elə gəldi ki, Ulduz Qasım Moskvaya köçdüyü gündən, 40 il öncə mindiyi Bakı-Moskva qatarında başlayıb “Qürbət Zöhrəsi”ni yazmağa. Bütün epizod və parçalarına qədər birəbir deyildisə də, yaşanmış bir ömrün motivləri əsasında yazılmışdı bu əsər, təcrübədən, həyatdan güzgü-güzgü epizodlardı, əmindim.


Ulduz xanım sanki Zöhrəni yazmaq üçün o taleyi əvvəlcə özü yaşayıb, öz içindən keçirib. Əsəri yazmaq ayrı, yaşamaq ayrı. Ulduz Qasım bu əsəri yaşamışdı. Əks halda bir obrazı bizə bunca doğmalaşdıra bilməzdi. 


Bəlkə ona görəydi ki... Ömür necə su kimi axıb keçirsə, mən də bu əsəri eləcə su kimi oxudum.


Zöhrəni ona görə sevdim ki, Ulduz Qasımın yazıçı fantaziyası deyildi Zöhrə, həyat həqiqətiydi.  Elə həmin günün səhəri Ulduz xanımın kitablarının təqdimatı idi. Və mən onu ilk dəfə görəndə də onun simasında o nəcib, alicənab, humanist, öz xoşbəxtliyini sevdiklərinin xoşbəxtliyinə qurban verən Zöhrəni gördüm, əsərin davamını onun üzündəki cizgilərdən, baxışından oxudum. Yəni romanlarındakı kimi həyatda da özünü gizlədə bilməmişdi Ulduz Qasım, bəlkə də gizlətmək istəməmişdi, bilmirəm...
 


Evə gələndə gördüm anam Ulduz Qasımın nömrəsini axtarır...
 
“Qürbət zöhrəsi”ni oxuduğum vaxt kitab masanın üstündə idi, özüm də işdə.  Gəldim evə, gördüm anam nəsə sözlü adama oxşayır. 


-Bu yazıçını tanıyırsan?
-Hə, nə olub ki?
-Onun nömrəsini tapa bilərsən mənə.
-Taparam, nə olub ki?


-Bayaq bu kitabı burda qoyub getmişdin, maraqlı gəldi, götürüb oxudum. Özümü gördüm, öz həyatımı. O xanıma zəng vur, danışım, Zöhrə mənə hardansa  tanış gəldi, amma hardan tanıdığımı yadıma sala bilmirəm deyib gülümsündü. Bu təbəssümün altındakı kədəri də, qədəri də ikimiz də yaxşı bilirdik... O da Zöhrəni hardan tanıdığını yaxşı bilirdi məncə, sadəcə etiraf etmək istəmirdi. Bəlkə də anamın Ulduz xanıma zəng vurmaq istəyi də bir etirafı idi, bilmirəm.
O səni yox e, Azərbaycan qadınını tanıyır, ana.  Yazıçının ən böyük missiyası, ən böyük uğuru da elə burdan başlayır- tanımaqdan. Yazıçıları da həkimlərə bənzədirəm mən. İkisi də insanın içini görməyəndə uğur qazana bilmir...


Bircə fərq var ki, həkimin insanın içini görməyə tibbi avadanlığı çoxdu,  yazıçının isə bircə avadanlığı var, o da qələmdi. 


Ulduz Qasımın qələmini üstünə tuşladığı Zöhrə anama tanış gəlmişdi, anam Ulduz Qasımı yox, Zöhrəni axtarırdı bəlkə də, yəni öz taleyini... Ona sözü vardı, bəlkə də gileyi... 
 
Sevginin ömrü bir an, qalanı xatirəydi... 
 
 “Qürbət Zöhrəsi” bir gənc qızın gələcəklə bağlı arzuları, ümidiylə başlayır. Uşaqlıqdan bəri arzuladığı ixtisasa sahiblənmək üçün tələbə adını qazanan Zöhrə bütün arzularını beləcə çatacağını düşünür. Qarşıda uzun, gözəl, arzu, məqsəd, inam dolu böyük bir ömür vardı hələ. Elə mən də belə düşünmüşdüm.


Ta ki... Zöhrənin həyatını dəyişən “qəza”ya qədər. Bu qəzanın adı Xalid idi. Hər gənc qızın həyatında ən azı bir dəfə baş verən qəzanı deyir müəllif. Doğrudur, Zöhrə avtomobil qəzası keçirməmişdi, mindiyi təyyarə yerə düşməmişdi, qatar altında qalmamışdı, amma hər sevgi bir “qəza” deyilmi?. Yaxşı, ya pis-  ömrü də, 40 ilə dəyişə bilməyən insanı da bir günə dəyişmirmi sevgi? 


    Zöhrə də qəzaya düşmüş, özünü təyyarədən yerə dəymiş kimi hiss edirdi. Ata-anasının onu kənddən şəhərə oxumağa göndərdiyi, ona güvəndiyi, dərslərinin başından aşdığı bir vaxtda nəyinə gərək idi bu sevgi?


    Bakıyla tanışlığı dəmir yol vağzalından, sevgiylə tanışlığı Xaliddən başlamışdı. Amma... Şair demiş, bu sevgisi də daşa dəymişdi, bəxtəvər daşın başına...
     
Anası döydüyü halda belə “ana” deyib ağlayan bir uşaqdı eşq...
 
Necə qovasan, necə deyəsən dur get evinə? Axı gözlənilməz qonaqdı eşq. Hər insanın həyatında olduğu kimi, Zöhrənin də həyatına damdandüşmə gəlmişdi sevgi. Karıxdırmış, həyəcanlandırmış, qorxutmuşdu. 


Qorxaq, ürkək, utancaq bir kənd qızını min bir zülümlə bu eşqə razı salan Xalidin təhsil aldığı universitetin dekanının qızıyla nişanlanmış, Zöhrənin bütün pəmbə dünyası bir andaca qaranlığa dönmüş, dünyası başına uçmuşdu. İlk sevgisi daşa dəyən bir gənc qızın göz yaşının selə-suya döndüyü səhifələri vərəqlədikcə öz-özümə danışmağa başlamışdım. Zöhrənin məni eşitdiyini düşünürdüm. “Kirayənişin” olsam da mən də özümü “Qürbət zöhrəsi”nin bir   “sakin”i sanır, mən də bu əsərdə gecələyirdim.  

 
Sevgi haqqında heç bir təsəvvürü olmayan bir gənc qızın ilk aldanışı məni də incitmiş, məni də təəssüfləndirmişdi.   Bu eşqin anası döydüyü halda belə “ana” deyib ağlayan uşağıydı Zöhrə, amma...


Sevgiyə küsən gənc qızın bütün həvəsini, sevgisini işinə verməkdən başqa yolu yox idi, bəs nə edəydi? Axı ömür kimisə günahlandırmaq, qınamaqla keçmir, çox qısadı... 
Günlər ayları, aylar illəri qovalayır. Zöhrə Universitetin filologiya fakültəsini əla qiymətlə başa vurub qəzetdə məqalələr, radio verilişlərinə mətnlər hazırlayır, tanınır, sevilir, uğur qazanır.... 
Zöhrə yay tətilində tələbə yoldaşı və yaxın rəfiqəsi Mahirəylə birgə kəndə- evlərinə qonaq gedir. Darıxdığı evinə, kəndinə qovuşub- hər şey Zöhrəyə necə xoş gəlir, necə hüzurlu.  Əsərin bu səhifəsində sanki gecənin qaranlığında quşların cəhcəhini eşidir, sən də məst olursan, axı bu əsərin bir “kirayənişin”i də sənsən...


Mən elə bilirdim Zöhrənin həyatı da, “kitab”ı da Xalidlə tanış olduğu gündən başlayır.  Amma hər hekayə ya kiminsə gedişi, ya gəlişiylə başlayarmış... Bu əsər Xalidin gedişindən çox, Vüqarın gəlişiylə başlayır. Mən elə sanırdım Vüqar Xalidin dağıtdığı arzuları, inamı, sevgini bir yerə toplayıb cəm eləməyə gəlib, sən demə...


Qəzaların ən böyüyü qabaqdaymış, sevgisizlik sevgidən də böyük qəzaymış. Vüqara qəza da deməzdim heç, təbii fəlakət, fəsadı ömrə bərabər bir təbiət hadisəsiydi Vüqar.
 
Evlənmək evcik oynamaq deyildisə də Zöhrənin könlünə evcik oynamaq düşmüşdü...


“Qürbət Zöhrəsi” Zöhrənin ən yaxın qrup yoldaşı Mahirəylə birgə Bakıdan Qarabağa-  evlərinə getməsiylə başlayır. Evə getməsilə elçisinin gəlməsi bir olur. Bəlkə də hər qızın arzusu, gözlədiyi bir an idi bu, amma Zöhrənin...


Zöhrə evlənmək yox, ata-anasının təkidindən, peyğəmbərimizin buyuruğundan keçə bilmir deyə bu dəfə elçiyə veriləcək cavabı ata-anasının qərarına buraxır. 
Bu dəfə Zöhrəgilin qapısını döyən elçi kolxoz sədri olan atası İbrahimin işçisi, yaxından tanıdığı biri idi. Zöhrəni Leninqradda yaşayan oğlu Vüqara istəyirdi. 


Yəni, Zöhrəni qürbət həyatıyla başlayır “Qürbət zöhrəsi” ...


Əsəri hər xırda detalına qədər nəql etmək bəlkə ən asan işdi, amma mən bu asan işlə oxucunun haqqına girmək istəmirəm. Qoy oxucu üçün bu yazı sadəcə bir “resenziya” xarakteri daşısın. Hər oxucunun başqa bir qənaətə gələcəyi, hər oxucunun səhvi də, düzü də başqasında görə biləcəyi qədər əhatəli və geniş bir əsərin sujetini nəql etməklə oxucunu çıxdığı bu yoldakı döngə və tinlərlə öncədən tanış etmək, yol göstərmək istəməsəm də, “radar”ın olduğu yerləri nişan vermək istəyirəm. Çünki mən özüm  də bir oxucuyam...
 
Ulduz Qasımın əsərləri adamla hər dildə danışa bilir.... 
 
Sevgi dilidir ... qayğı, diqqət, nəvaziş, insan dilidir bu. 


Biz dilimizə ana dili deyirik, amma insanın ana dili sevgidir məncə. Sevməyi bilməyən insan hansı dildə danışsa, çi fayda... 


Ulduz Qasım sevgi dilində yazır, sevgiylə yazır. Ona görə də əsərləri bunca anlaşılır, bunca sevilir. 


Zöhrənin otaq yoldaşı Nigar, Nərgiz... Qonşu kənddən  olan rəfiqəsi Lumu, ən yaxın tələbə yoldaşı Mahirə, Nərmin.... Bakıda təhsil alan ondan kiçik əmisi oğlu Məhəmməd... Vüqarın qardaşı Mədət, Mədətin yoldaşı Solmaz, Leninqradda kirayələdikləri ikiotaqlı evin bir otağını paylaşdıqları ailənin xanımı Lətifə, Zöhrənin rus qonşusu Anna Fyodorovna... Bunlar əsərdən yadımada qalan ən yaxşı obrazlar idi, pisləri isə qəsdən yadımda saxlamadım...


Bu obrazların hər biri öz orijinallığı, xarakterinin üstün cəhətləriylə sanki ayrı bir dildə danışır- sevgi, qayğı, diqqət, nəvaziş, etibar, inam, sədaqət dilidir bu...  


Təəssüf ki “Qürbət Zöhrəsi”ndə ayrı dillər də var idi - həyatdakı kimi. Kin , qəzəb, hirs, hikkə... 
“Alimlərin apardığı araşdırmalardan müəyyən olmuşdu ki, yağan qar dənələrinin heç biri bir-birinə bənzəmir. Hər dənəciyin öz forması, öz qurluşu var. Qəribədir, deyilmi? Saysız-hesabsız qar dənələrinin bir-birindən fərqli olması məni çox düşündürürdü”.


Müəllif deyir bunu. Əsəri oxuduqca düşündüm, Ulduz Qasımın yaratdığı obrazların hər biri bir qar dənəsidir. Eyni, amma həm də çəkisinə, mənəvi tutumuna, doğmalıq və səmimiyyətinə görə bir-birindən fərqli. 


Qar dənələri kimi onları da bir-birindən ayıra bilmirsən. Hətta milliyyətcə, dincə, dilcə ayrı olanlarını belə ayırmır Ulduz Qasım...


   Məsələn, ailə qurub özüylə birgə Leninqrada apardığı, yanında heç bir doğması, himayədarı olmayan gənc qıza- Zöhrəyə zülm, əzab verən biz idik, özümüzdən, içimizdən, dilimiz, dinimizdən biri. Qonşu Anna Fyodorovna isə başqa millətdən, başqa dindən, dildən idi. Amma Zöhrənin yaaşdıqlarını görmək üçün ayrı bir dinə, dilə ehtiyac yox idi.  Anna Fyodorovna Zöhrəyə verilən zülmə dözə bilməyib onu xilas etmək istəyir. Yad ölkədə kimsəsi olmayan Zöhrəyə analıq edir, Vüqarı “milis”ə verməklə hədələyir və onun gözünü qorxutmağı da çox yaxşı bacarır. 


Müəllifin 343 səhifəlik bir əsərin cəmi bircə səhifəsində verdiyi bu xırda “parça” özü də əsər içində öz ideyası olan böyük bir əsər təəssüratı yaradır. Sevginin, doğmalığın, insanlığın milliyyəti yoxdur deyir müəllif. Nə gözəl!


Ulduz Qasım yaradıcılığının “qırmızı bayraq” əlaməti səmimiyyətidir məncə. Yazıçının ən ali məziyyətini deyirəm. Səmimiyyəti hər yaratdığı obrazla bizə daha doğma, daha şirin gələn müəllifi sevməyə bilmirsən. Təkcə yazıçı yox, insan kimi də səmimiyyəti Ulduz xanımın ən zəif və ən güclü tərəfidir məncə. 


Elə  “Qürbət Zöhrəsi”ni sənə bir gecəyə oxudan da budur -  dilinin sadəliyi, anlaşığı, düşüncəsinin rəvanlığı...
 
Yeni bir “texnologiya” idi Vüqar...
 
Böyük həyat akademiyasıydı kəndimiz. İnsanlara varı, yoxu, zəhməti, səfa çəkməyi, cəfa çəkməyi öyrədirdi- deyir müəllif. 


Məncə, adi bir cümlə deyil bu. Zöhrənin bir cümləlik tərcümeyi-halıdır. Doğrudan da, böyüdüyü mühit, ailə, ailə tərbiyəsi Zöhrəyə bütün bunları ən incə xırdalığına qədər öyrətmişdi. 
Zəhmətkeş, fədakar, qışı bahara döndərə bilən Zöhrə. Baharını qış edənlərin belə qışını bahar elədin, özündən başqa... 


Yazıya pozu yoxmuş?


Bəlkə də vardı... 


Bu sətirləri yaza-yaza əsərin ilk sətirlərinə yenidən qayıdıram.


“Kim deyirsə qədərdən qaçmaq olur, inanmayın! Heç zaman inanmayın... Qədər sizi istədiyi yerə götürür. İstədiyi kimi əlində oyuncaq edir. Istədiyi kimi oynadır, ağladır, güldürür”. 
Əsər bu sətirlərlə başlayır. Qədərdən qaçılmayacağının mən də fərqindəyəm, amma Zöhrəni tanıyandan sonra gördüm ki, o qədərdən qaçmaq yox, qədərə təslim olmaq istəyir.
Hərəkətə keçməyənə heç bir qüvvə kömək edə bilməz deyirlər. Axı sən bu qədəri dəyişmək istəmədin, sadəcə boyun əydin. Hamını xoşbəxt eləməyə çalışdın. 
Hər kəsi xoşbəxt eləmək? 


Mümkündürmü bu?  


 Tanrı belə bacarmır, sən necə bacaracaqdın?


Tanrının ona verdiyi burunu, dodağı, gözü, qaşı belə bəyənməyib dəyişir insan. Qara saçını sarıya, sarısını qaraya, Bakının havasını bəyənməyib Şəkiyə, Şəkinin havasını bəyənməyib Şəmkirə dəyişir insan...


Asandırmı insanı xoşbəxt etmək? Görəsən Tanrı dünyanı hansı üzünə çevirsin ki Vüqarlar, Bəsirələr xoşbəxt olsun, xoşbəxt də yox, insan olsun...


Müəllifin əsərdəki ana xətti də elə budur- hər kəsi xoşbəxt etməyin mümkünsüzlüyü. İnsan öləndən sonra necə sürətlə unudulduğunu bilsəydi, ömrünü kiməsə xoş gəlmək üçün xərcləməzdi, amma... 


Zöhrə bu ömrü “təsadüfən” ailə qurduğu, hardasa ilk görüşdən tanıyıb-sevmədiyi, lakin ömür boyu sevməyə çalışdığı, onla birgə yurdunu, ev-eşiyini, isti ana qucağını, isti ata ocağını qoyub tək-tənha çıxdığı bu yolda, bu qatarda əlini tuta biləcəyi bircə Vüqar vardı. Bir neçə gün öncə ailə qurduğu və tanımadığı bu adam Zöhrə üçün “kitab” idi, içində nə yazıldığını oxumaq, öyrənmək üçün tələsirdi, amma Vüqar və onun ailəsi nəyinki kitab, sanki üstündə istifadə qaydaları çin heroqliflərilə yazılmış yeni bir “texnologiya” idi, Zöhrə bu texnologiyadan heç cür baş aça bilmirdi. 


Çox istərdim bu əsəri sən də oxuyasan. Bəs sən necə, gör sən baş aça bilərdinmi bu yeni texnologiyadan... 
 
Vaxt olsa, bütün məsafələr piyada yoludur, təkcə insan qəlbinə piyada getmək olmur...
 
Əsərdəki hər kəs adının mənasını, anlamını daşımasa, yaşatmasa da adı kimi bir eşq ilahəsiydi, adının taleyini yaşayır, yaşadırdı Zöhrə. Dünya içində ayrı bir dünya, ayrı bir planetdi o. Sevməkdən başqa heç nə gəlmirdi əlindən. Onu sevməyənləri belə sevdi Zöhrə, amma...


Təəssüf ki hamı sevməyi bacarmır. Necə ki... Ocaq saatlarla yanar suyu isidər, amma su bir saniyədə ocağı söndürər. 


Bəzən dünyadakı uzaq məsafə iki qəlb arasındakı məsafədi, o yolu gedib çatmaq olmur. Necə də düz deyir Çobanoğlu. “Vaxt olsa, bütün məsafələr piyada yoludur, təkcə insan qəlbinə piyada getmək olmur, gərək nə iləsə gedəsən”. 


Zöhrənin Vüqarın qəlbinə gedib çatmaq istəyi bir ömrə başa gəldi ona, amma yenə də gedib çata bilmədi. 
 
Zöhrəyə doğru ayaqqabını versən, dünyanı belə fəth edərdi...
 
...Amma Zöhrəyə o ayaqqabını verən olmur. Əksinə...


Toyun səhəri gəlin otağının qapısı alacaqlı kimi döyülür. Vüqarın böyük qardaşının xanımı idi.

“-Zöhrə, zəhmət olmasa mənim ayaqqabımı ver, işə gedirəm.
Çaşdım, ora-bura baxmağa başladım.
-Hardadı Solmaz?
-Hara qoyduğunu bilmirsən?
-Mən?
-Dünən geyindiyin ayaqqabını deyirəm.
İçəri keçib küncdəki gəlin ayaqqabımı götürdü. 
-Aaa, az qala unutmuşdum, saatımı da ver.


Deməli saatla tufli Solmazınmış... Görəsən tay kimin nəyi var məndə? Aydındır, deməli nəyinki ayaqqabı, heç mənim geyinməyə paltarım da yoxdur. Hərədən nəsə yığıb gətiriblər. Niyə axı? Bu aldatmalar nəyə lazımdı? 


Sonra ikinci qardaşının arvadı gəlib sırğaları və üzüyün birini götürdü. Elə bil hamısı sözləşmişdi. Gözlərimə inanmırdım. Sakitcə olanlara tamaşa edir, nə deyəcəyimi bilmirdim”. 
Dünən toyu olan gənc qızın sanki “Olum, ya ölüm” monoloqudur bu. Adam inana bilmir. Toz-pəmbə xəyalları olan Zöhrənin çox yox, elə toyun səhəri günü xəyallarının pəmbəsi gedib tozu qalır...


Oxuya-oxuya düşünürsən, deyirsən ola bilər, həyatdı də... Hələ nə çox ayaqqabısı olacaq Zöhrənin. Amma...


Zöhrəyə alınan yeganə qış ayaqqabısını da qayınanası Bəsirə Leninqrada qonaq gələndə geyinib gedir. Leninqrad kimi soyuq, şaxtalı bir şəhərdə qışı yaz-payız ayaqqabısıyla keçirməsi düzü onun vecinə belə deyildi, ayağı soyuq olsa da olardı, evi, ocağı, ailəsi, uşaqlarının yuvası isti olsaydı... 


Nəyinki Zöhrənin, elə bil bu evin də isti ayaqqabısını kimsə oğurlayıb, bu ocağı qışda, boranda ayaqyalın qoymuşdu. Üşüyürdü bu ocaq, isinmirdi bu ocaq...


    Zöhrə qışı yaz aqqabısıyla keçindisə isinmədi bu ocaq, nəyinki özündən böyüyə, heç özündən kiçiyə belə cavab qaytamadısa da isinmədi bu ocaq, susdusa da, danışdısa da, ağladısa da, güldüsə də isinmədi bu ocaq...


Nəsə bir “fəlsəfə”si vardı bu ocağın, amma Zöhrə “filosof” deyildi...


Görünür, iki ürək bir olmayanda samanlıq seyran olmurmuş. Vüqar buna imkan vermirdi. İki ürək bir ola bilmirdisə də, Zöhrə buna da razı idi. Seyranlıq olmasa da olardı, heç olmasa sakitlik olsun. Axı o böyüdüyü ailədə belə görmüşdü. Düşdüyü ailənin səs-küyü Zöhrənin bütün düzənini korlamış, xoşbəxtliyini, səadətini, dincliyini əlindən almışdı. 
 
Kişilər gedəndə pencəyini, qadınlar gedəndə bütün dünyanı götürüb gedər...
 
Ulduz Qasım sanki bu əsərlə Azərbaycan qadınına “gəl şəklini sözlə çəkim, gör sənə necə bənzəyir” deyir. Fədakar, gözəl, öz xoşbəxtliyini balasının, yoldaşının xoşbəxtliyinə bir an da düşünmədən qurban verən Azərbaycan qadınına...


Əgər ikimizdən biri xoşbəxt olacaqsa, qoy Aygün olsun. Körpələrin nə günahı var, axı onlar valideynlərini seçə bilmir. 


Yox, yox ikimizdən biri xoşbəxt olacaqsa, qoy Aygün xoşbəxt olsun. Atasız böyüməsin qızım, mən hər əzaba qatlaşaram, Vüqar nə desə dinmərəm. Susaram mən. Hə, susaram. Susmağa nə var ki...


Oxuduğu kitablar ona bir şey öyrətmişdi indi. Ən böyük illac susmaq idi.
Dorğudan da, dünyanın ən böyük məktəbidi susmaq, susmaq akademiyadı. Hər adam o məktəbi keçə bilmir deyə həyatımız yaşamaq yox, dözmək olur. 


Kaş Vüqar da, kaş anası Bəsirə də susa bilsəydi. Həyat cənnət olmazdımı, Zöhrə? Sanki Tanrı səni səbr etmək üçün yaratmışdı. Hər kəsə, hamıya səbr eləmək gücü vardı səndə. Amma...


Səbr öz fəslində açan gülü gözləmək üçündür, tikanlıqda eşələnib daha çox yaralanmaq üçün yox. 


Əsəri ilk yarısında Zöhrə Ulduz xanımın obrazıdır, özüdür ki var deyə düşünmüşdüm, amma sona çatanda anladım ki, mən müəllif qədər geniş düşünə bilməmişəm, Zöhrə bütöv Azərbaycan xanımının obrazıdır. O, təkcə Ulduz Qasım deyil, ana, xala, bibimizdir o, bizik, başqası deyil o... Hardan bilirəm? Elə bil ki əsərdəki bütün sözlər kiçik-kiçik güzgülərdi. O güzgüdə Azərbaycan qadını gördüm mən. Sən də oxusan, ananı, bacını, xalanı, bibini, əmin, dayın, bibin qızını görəcəksən. Mütləq kiminsə var bu əsərdə, əziz oxucu. “Qürbət Zöhrəsi”ndə sən də öz doğmanı tapacaqsan, mütləq tapacaqsan...

  
Gedə bilməyən, ayağından daş, ürəyindən fədakarlıq asılan Azərbaycan qadınını deyirəm, səni, məni, onu... 


Bu günlərdə hardansa oxumuşdum, kişilər gedəndə pencəyini, qadınlar gedəndə bütün dünyanı götürüb gedər. Amma gəl bunu Vüqara başa sal...


Anlamır Vüqar. Bu, onun xoşbəxtliyi, Zöhrənin faciəsidir.

 
Anlamamağa nə var ki, dərd anlamaq dərdidir deyərdi müəllimim... Vüqarın bilmədikləri Zöhrəyə, onun xəyallarına, arzularına çox baha başa gəldi- yəni böyük bir ömrə. 
 
Vüqar oğrudur!
 
Yox, yox, 343 səhifəlik böyük bir əsərin bircə səhifəsində belə kimsənin bir qəpiyinə də əl uzatdığını görmədim Vüqarın. Kimsənin evinə, cibinə girmir Vüqar. Amma mənə görə Vüqar dünyanın ən məharətli oğrusudur...


“Uçurtma ovçusu” filmini çox sevirəm, hələ orda bir səhnə var ki, o səhnə illərdir yaddaşıma mismar taxtaya batan kimi batıb qalıb. 


“Həyatda bir tək günah var-  o da oğurluqdur! Həyatdakı digər günahlar hamısı onun törəməsidir. 


-Məni anladınmı?
-Yox, ata.
-Bir insanı öldürdüyün zaman bir həyatı oğurlamış olarsan. Yoldaşının əlindən ərini, uşaqlarının əlindən atasını almış olarsan. Yalan danışdığında birinin həqiqətə yetişmək haqqını oğurlamış olarsan, hiylə etdiyin, birini aldatdığın zaman düzlüyü, haqqı oğurlamış olarsan. Özünə aid olmayan bir şeyi alan insan- bu istər bir can olsun, istər bir dilim çörək, oğrudur və həyatda oğruluqdan ağır bir günah yoxdur”. 


Vüqar ona aid olmayan bir insanı alır həyatdan. Özü də anasının hiyləsi, kələyi, yalanı, yəni dolayısıyla, aldadaraq...


Vüqar oğrudur. Bir tale, bir xoşbəxtlik çalır. Gənc bir qızın yurdunu, yuvasını, Vətənini, xoşbəxt yaşama haqqını, gələcəyini çalır ondan, atası İbrahimin dincliyini, anası Sonanın rahatlığını, Zöhrənin gələcək övladlarının sakit, hüzurlu, mehriban bir ailədə dinc, firəvan böyümək haqqını...
 
Vüqar oğru olsa da, məncə əsərdəki yeganə günahkar Zöhrədir, Vüqar yox... 
 
Bilmirəm, bəlkə də elə deyil. Amma... həyatda fədakarlıqdan böyük qüsur yoxdu məncə. Ötən illərin ən böyük bəlası idi fədakarlıq. Ötən dövr fədakarlıqdan əziyyət çəkirdi, indiki dövr fədakarsızlıqdan. Bilmirəm ötən əsr itirdi, ya biz.

  
Analarımız, xala, bibilərimiz fədakar idi. Analarımız, xala, bibilərimiz hər biri bir Zöhrə idi. Yəni ana, xala, bibilərimizin hər biri bir ulduz idi. Uzaqdan bir zərrə, yaxından bir ümman... 
Yeməyib yedirən, geyinməyib geyindirən azərbaycan qadınını biz hamımız tanıyırıq. Çünki bizik o, amma Ulduz xanım onu bütün dünyaya tanıtmaq istəyir. Ananın, qadının milliyyəti olmur, ana anadır, amma mənə elə gəlir fədakarlıqda Azərbaycan qadını ayrı bir planet, ayrı bir dünyadı. Zöhrə həyat yoldaşıyla birgə Leninqrada gələndə ərinin Rusiyadan gəlməsini gözləyən, ömrünü onu gözləməyə həsr edən Azərbaycan qadınının üzünə gün doğmuşdu deyə düşündüm.  Vüqarın onu Vətəndə qoyub Leninqrada qayıdacağını düşünsəm də, Vüqar məni yanıltmışdı. Amma kaş deyirəm... kaş Zöhrənin ömrü ərini gözləməklə keçsəydi, kimsəsiz bir dam altında uşaqlarını hüzurlu, dinc bir şəkildə böyütsəydi belə Vüqarı bağışlayardım mən. Guya hansı Azərbaycan qadını bağışlamayıb ki. Ömrünün 60, 70-də Vətənə, “ailəm var” deyib evinə qayıdan kişini hansı Azərbaycan xanımı geri çevirdi, sən etibarsız, xəyanətkar, vəfasızsan dedi ki? Heç biri! Bağışlayandır Azərbaycan qadını. Amma sən Vüqarı bağışlaya biləcəksənmi, əziz oxucu? 


Çox istərdim sən də “Qürbət Zöhrəsi”ni oxuyub bu sualla baş-başa qalasan. Mən bağışlaya bilmədim!
 
 
Nə olar saxlayın gedən qatarı...
 
Sanki Zöhrəylə birgə sən də bir qatara minirsən, bir yola çıxırsan. Ümiddən ümidsizliyə gedirmiş bu qatar, amma nə biləsən, bilsən Kəsəmənli tək sən də “saxlayın gedən qatarı” deyərsən... 
 
Axı...
 
Bu qatar vüsaldan həsrətə gedir, 
Vətən ürəyimdən qürbətə gedir, 
Deyəsən ayrı bir qismətə gedir, 
Nə olar, saxlayın gedən qatarı. 
Gülüşü aparır, göz yaşım qalır, 
Bu qatar ayrılıq havası çalır, 
Nə olar, saxlayın gedən qatarı. 
Zamanı doğrayıb biçir bu qatar, 
Sevgimin üstündən keçir bu qatar,
 Mənim göz yaşımı içir bu qatar, 
Nə olar, saxlayın gedən qatarı. 
 
Zöhrənin içindən bir səs... elə hey 
 
Mənim baharımı aparıb gedir, 
Əlini əlimdən qoparıb gedir deyir... 
 
Amma Zöhrə eşitmir. Eşitmir Zöhrə. Kimsəni yarı yolda qoymağı sevmir axı. Vəfalı Zöhrə, fədakar Zöhrə. Bəs onu yarı yolda qoyanlar? Bəs onun içindəki ümidə balta çalanlar? Onlar üçün bu qatara minməyə dəyərdimi? Məncə ən böyük cani insanın ümiddini öldürənlərdi. Sən ayrı planetdənsən, bacım. Vüqar, Bəsirə, Gülər kimilərin sakini olduğu bu planetdə sən ayrı bir planetsən, Lətifə düz deyir.
 
 
Bəlkə də üç alma “ümid”, “inam”, “arzu”dur...
 
Ümumiyyətlə, mənə görə bədii əsərin gücü oxucunu intizarda saxlaya bilməsindədi. “Qürbət Zöhrəsi” bunu bacarır. Əsər boyu intizarda qalır, ümidlə davam edirsən yola, içindən bir səs deyir, Y-Ox, belə qalmaz, dünya da, adamlar da ədalətsiz ola bilər, Tanrı əsla.
 
Üzgünəm, əziz oxucu. Gözlədiyin o xoşbəxt son gəlmir. Çünki nağıl deyil, hekayə deyil, roman deyil, həyat, həyatın bir parçasıdı bu. Guya gözlədiyimiz o xoşbəxt son hər zaman gəlirmi? Filmdə, nağıllarda, o da bəzən!
 
Müəllif sanki əsəri bu ritorik, bir o qədər də bəşəri sual üzərində qurub üzünü oxucusuna tutur:
 
Mən görmədim, bəs göydən düşən üç almanı görən olubmu bu həyatda,   əziz dost?
 
Deyəsən heç kəs əlini qaldırmır, deyəsən, heç kəs dərsinə hazır gəlməyib. Deyəsən bu dərsi öyrənmək olmur, bu dərsdən sinifdə qalır hamı. Olsun, həyat çox gözəl müəllimdi. Bəlkə o da istəmir göydən düşən üç almayla ümid, inam, arzu tükənsin. Bəlkə də üç alma ümid, inam, arzudur. Amma...
 
 
Armud ağacı banan yetişdirə bilərmi?
 
Gözlədiyimiz kimi olmur, “Qürbət Zöhrəsi”nin də sonunda göydən üç alma düşmür- həyat kimi... 
 
Yəni şeytan şeytanlığından, iblis iblisliyindən, adam da adamlığından qalmır. Nə Vüqarın xisləti dəyişir, nə anası Bəsirənin. Necə dəyişsin,  armud ağacı banan yetişdirə bilərmi? Heç vaxt! “Axı hər meyvə dibinə düşür” deyirlər... 
 
Hər ağacın kökündəki sirr açan çiçəyindədi. 
 
Gec-tez çiçək açar ağac, bar verər. Kimin nə əkdiyini görərsən.. 
 
“Qürbət zöhrəsi” də bir ağac olsaydı, hər ailənin sirri övladındaydı. Vüqar kimi, Zöhrə kimi... Tərbiyə necə müqəddəs anlayışmış, əsəri oxuduqca daha yaxşı anlayıram. Elə müəllifin də bizə çatdırmaq istədiyi budur.
 
Amma sən nigaran qalma, əziz oxucu, “adamlar da, həyat da ədalətsiz ola bilər, Tanrı heç vaxt” fikrini boşuna demədim bayaq. Tanrının ədaləti gecikmir, nahaqdan danışdıqları Vüqarın boğazında qəhərə, dərdə, böyük bir ağrıya, şişə dönür. Allah bilir, kimsənin pis gününə, xəstəliyinə sevinməmişəm, Zöhrə də buna sevinmir, düzünə qalsa, yəqin heç müəllif də bu sona sevinə bilmir. O da istəməzdi belə olsun, bu sonu Vüqar özü yazır, Ulduz Qasım yox. Atdığı şər, böhtan boğazında qalır Vüqarın, boğazından o yana keçə bilmir.
 
Necə yaşayırsan sualına bir filmin qəhrəmanı belə demişdi:
-Nə pis yaşayıram, nə yaxşı, nəyə layiqmsə onu yaşayıram.
 
Bu fikir Vüqarın sonunu xatırladır mənə. Vüqar da layiq olduğu sonu yaşayır.
 
Ötən il oxuduğum “Ağ göyərçinlər” kimi, “Qürbət zöhrəsi”ndə də müəllifin verdiyi ideya, ötürdüyü ədəbi “mesaj” olduqca təqdirəlayiq, olduqca nümunəvidir. Danışdığın şər, böhtan, yalan da boğazında sağalmaz bir şişdir. Odur ki, ürəyini təmiz saxla, dilini isə ondan da təmiz..
 
Danışdım də; yalandı, atdım də; şərdi, bir mən bilirəm, bir də Allah demə, gün gəlir hamı bilir; cəzan da, səfan da...
 
Həyatın, İlahi ədalətin ən sevdiyim tərəfidi bu; vurduğu  yerdən vurulur insan. Əsərin ideyasına nəzər yetirdikdə, dil min silahdan kəsərlidir deyir müəllif, mişarla kəsə bilmədiyin başı sözlə kəsərsən, bıçaqla deşə bilmədiyin ürəyi sözlə deşərsən.
 
İnsan insanı sevməyə də, öldürməyə də dilindən başlar. Zöhrəni illərlə, hətta bir ömür diliylə, sözüylə vurur Vüqar. Dilindən, sözündən, boğazından vurulur Vüqar.  Özü də anasının əli, əməliylə. Bəsirəni deyirəm...
 
 
Bəsirənin pəncərəsi kirliydi...
 
    Ona görə hər kəsi ləkəli görürdü... Bir insan düşünün, onun üçün doğruluq, düzgünlük, vicdan anlayışı yoxdu. Adı Bəsirədir onun. Zöhrənin qayınanası, Vüqarın anasıdır. Təəssüf ki, Bəsirələri həyatdan da yaxşı tanıyırıq, ədəbiyyata təsadüfən gəlib çıxmayıb.  


    Adını Bəsirə seçib müəllif, bəlkə də demək istəyir ki, insan adına çəkməyə də bilir, ada çox da arxayın olmayın. Bəzən adı Bəsirə olur, özü bəsirətsiz. Gələcəyi, sabahı, axirətini görə bilmir.


Leninqradda fəhlə işləyən oğluna oğlumun Leninqradda yaxşı işi, təhsili, evi var adı ilə kəndin ən sayılıb-seçilmiş ailəsinin, nəsil-şəcərəsinə mənsub, ali təhsilli, gözəl, ədəb-əxlaqlı qızını almaq istəyir. Və bunu bacarır da. Belə insanların bircə silahı var- o da hiylə. Bəsirə də bu silahından əsər boyu istifadə edir, nə ailəsini xoşbəxt olmağa qoyur, nə övladlarının ailəsini. 
    Çünki Bəsirənin pəncərəsi kirliydi, hər kəsə palçıq atırdı. Əlbəttə ki özündən üstün, özündən əxlaqlı və təmizlərə. 


    Bəsirə hər mənada ondan, onun ailəsindən üstün olan gəlini Zöhrəni heç cür qəbul etmək istəmir. Təəssüf ki sadəcə oğlunu itirməkdən qorxur, onun bədbəxt, işəyaramaz, uğursuz, yalançı, “arvadağız” birisi olmasından yox. Ən böyük faciə bunlar idi əslində, amma Bəsirə elə bilirdi faciə Vüqarın Zöhrəni sevməsi, ona bağlanmasıdı. Ona görə də oğlunu Zöhrədən ayırmaq üçün əlindən gələni edir. 


     Müəllif ailə tərbiyəssinin, ananın övlad üzərindəki təsirinin bir ömrə, bir taleyə, bir qədərə çevrildiyini demək istəyir. Bəsirə Vüqara tərbiyə verə bilsəydi, Vüqarın bu əsərdəki sonu “şiş”ə çevrilməzdi. 


    Oğlunun Zöhrəni sevəcəyindən, onu itirəcəyindən qorxan ana oğlunu əbədilik itirəndə belə bu sondan nəticə çıxarıb düşünə, özünə gələ bilmir. Çünki Bəsirənin bəsirəti çatmır. Özü yazdığı yazıda, bu faciəli sonda belə Zöhrəni günahlandırır, halbuki bu oyunda yeganə gühansız, yeganə qurban Zöhrə idi. Vüqarın qardaşı Mədətin də dediyi kimi, Zöhrə Vüqarın tayı deyildi...


Əsərin ana xətti, müəllifin ötürdüyü ideya mənə Mövlana hikmətini xatırladır. Tayına dəng gəlməyən hər şey ziyan olur; can da, inci mərcan da...


    “Qürbət Zöhrəsi” də tayına tuş gəlməyin, ziyan olan bir gənc qızın ömür manifestidir.  
 
Tanrı deyir, yaxşı qullarımı pis qullarımla imtahan edərəm, amma ona yar etmərəm...
 
     Vüqar qəzaya düşə bilməzdimi, o şiş Vüqarın başında, ürəyində ola bilməzdimi? Xeyr, çünki bunların heç biri Vüqarda yox idi-  nə baş, nə ürək, Vüqarın sadəcə boğazı vardı, şiş yerini elə dəqiq seçmişdi ki... Doğruyla yanlışı ayıra bilməyən, şər-böhtan, yalan, əyri bir boğazın belə layiqli aqibətinə üzüldüm deməyəcəm, kimi aldadıram?


      Müəllif Vüqarın xarici görünüşünü əsərdə çox da təsvirə çəkməyib düzü. Yəni Vüqar enlikürəkdirmi, ucaboydurmu, yaraşıqlıdırmı- məncə müəllif seçimi qəsdən oxucunun öhdəsinə buraxıb. 


      Bunu sadəcə Vüqarın xarakterində görmək olur. Məsələn, Vüqar mənə çox cılız cüssəli, qədd-qamətcə xırda, çox alçaq boylu, yaraşıqsız göründü. Təsvirimdə canlanan Vüqarın mənəvi boyu çox qısaydı, lap ucaboy biri olsaydı belə...


     Bir gənc qızın illərini oğurlayan, bir gənc qızı ev-eşiyindən, yurdundan didərgin salıb yad bir ölkədə rəftarı, davranışı ilə “kimsəsiz” hiss etdirən, ən adi etik qaydalardan belə məhrum, normal ailə tərbiyəsi görməmiş, ədəb-ərkan, qonaq, böyük-kiçik yeri bilməyən birinin boyu 1.80 olsa nə dəyişəcəkdi ki...


   Vüqar təhsil almamışdı. Oxusaydı necə olardı? Görəsən mərhəmət və qiymət bilməyən insanın şəxsiyyətini hansısa bir təhsil tamamlaya bilərdimi? Heç vaxt! 
Bilmirəm hardan oxumuşdum. Sevməyi bilməyən adam quru ağac kimidir deyir, quru ağacın nə meyvəsi olar, nə kölgəsi. Ondan olsa-olsa ancaq odun olar. 
      Bir həyat imtahanı idi Vüqar. Zöhrə bu imtahandan da professor Şirməmməd müəllimin imtahanı kimi  “5” almışdı. 


       Amma bu dərs, bu qiymət ona bir semestrə yox, bir ömrə başa gəlmişdi....


       Həyat kimi... əsərdə də bir göz qırpımında illər gedir, gedəndə də əliboş getmir. Bir gənc qızın xəyallarını, arzularını, gəncliyini aparıb gedir... Amma ürəyi, ruhu durudan duru bu qızı Vüqara yar etməyə ürək etmir. 


     Zöhrə Vüqara da, onun xarakterinə öyrəşir, illər boyu ona başqa rus qadınlarla etdiyi xəyanətlərə göz yumur, bütün həvəsini balalarına salıb,   Aygün və Səidi cəmiyyətə sağlam, layiqli övlad kimi yetişdirmək üçün əlindən gələni edir. Bu illər ərzində bir çox işdə çalışır, hətta sonda kanadalı ortağıyla birgə işlətdiyi şirniyyat biznesini genişləndib yaxşı pul qazanır, ev alır, uşaqlarını oxudur. 


      İllər keçir, uşaqlar böyüyür, tələbə adını qazanır, düşünürsən bəlkə bundan sonra Zöhrənin qaranlıq dünyasına gün doğar, çiçək açar, lakin Vüqarın əlacsız xəstəliyi bu əsərə ayrı bir son yazır. Hər oxucu o sonu bir başqa xəyal edir, bir başqa görür. Çünki müəllif özü də sanki bu “son”da qərarsız qalır... 


      Ulduz Qasımın əsərə ad seçimi də uğurlu alınıb - “Qürbət Zöhrəsi”. Zöhrə işıq saçan ən parlaq ulduzlardan biridir. Rəvayətə görən bu ulduzun bir adı da Karvanqırandır. Karvan dan ulduzu qədər parlaq olan Zöhrəni görcək səhərin açıldığını zənn edib yola çıxır və hava işıqlaşmadığından yolda azıb çovğuna-borana düşür. Lakin Ulduzun Zöhrəsi Karvanqıran deyil, insanlığın gələcək səhərlərinə, böyük mənəviyyatın dan ulduzuna doğru açılan bir sənət, bir ədəbiyyat səhifəsidir.

Azərbaycanın, bir xalqın, bir toplumun yaralı yerinə toxunan bilən Ulduz Qasımın çox ustalıqla damardan qan almağı var...
 
     “Qürbət Zöhrəsi” hər qadının manifesti, hər qadının müəllimi, məktəbi ola biləcək gücdə bir əsərdir. Hər gənc qızımızın kitabxanasında özünə yer etməsi gərəkən bir əsəri mən də oxudum və kitabxanamın əbədi sakininə çevirdim. Sən də kitabxanandakı o yeri boş saxlama deyərdim.


      Çünki Ulduz Qasım yenə hər oxucuya doğma və tanış mövzudan yazıb. Qızlarımızın Rusiyada yaşayan oğlanlarımıza ərə verilməsi. Evliliyə şans oyunu, bazardan aldığımız “qarpız” kimi baxdığımız bir dövrün güzgüsüdür “Qürbət Zöhrəsi”.


     Ayrılıq bir uduşdu, görən düşəcək hansımıza prinsipiylə qurulan ailələrin bəxtinə çox vaxt ayrılıq düşərdi. Çünki ailə püşk deyildi. Həyat insana çox səhvi bağışlayır, məsələn, bazardan aldığın qarpısın qırmızı yox, çəhrayı, şirin yox, turş çıxmasını belə... amma ailədə edilən səhvi insana nə ömür bağışlayır, nə tale... Çünki ailə həyatında uduzmaq bir ömrü uduzmağa bərabərdir.


     Zöhrəyə də bu səhvi kimsə bağışlamadı, heç oxucu da. 


     Zöhrə anasına – “özünüz bilərsiz” deyib susanda içimdəki səs “daş atıb başını tutdu” . İstədim Ulduz xanıma zəng vurub yalvaram ki, noolar, əsərdəki bu bir cümləni dəyişin. 
“Nə bilim, özünüz bilərsiz”...


    Bu, elçi gələndə Zöhrənin ata-anasına dediyi son cümləsi, gələcəkdə yazacağı böyük bir əsərin isə ilk cümləsiydi.   
 
Bu əsərdə təkcə Zöhrə, sən mən... Azərbaycan qadını yox, müəllif özü də uduzur...
 
      Hər qaranlığın sonunda işıq olduğuna bizi inandıran yazıçı bu dəfə özü də bu qaranlığın sonunda işıq tapa bilmir deyəsən... Müəllif sanki insan xarakteri, dəyişməyən insan xisləti qarşısında əl qaldırıb təslim olmaq istəyir. 


      Vüqarın Ölüm ayağında belə Zöhrə “ona sarı getmək istəyirdim” deyir. Amma necə gedim? 
Bəli, bu sual sənədir, əziz oxucu.


     Burdan Moskvaya yol çoxdur... maşın gedir, avtobus gedir, qatar gedir, təyyarə gedir, İnsandan insana isə cəmi iki yol var. ya ağılla gedərsən, ya qəlblə. Kaş qəlbdən qəlbə də taksi, avtobus, qatar, təyyarə getsəydi. Zöhrə o yolların hamısından keçərdi, təki Vüqarın qəlbinə bir yol tapa, bu evdə bir dinclik, hüzur yaradaydı, amma...


     Zöhrə bu yola qəlbini, ruhunu, ürəyinin hökmünü bir qırağa qoyub, ağıl, məntiqlə çıxmışdı. Ailəm, uşağım, isti bir ocağım olar, bəlkə sonra sevərəm də, kim bilir?  Məgər hər kəs sevib ailə qurur? 


    Amma... Zöhrə heç bir yolla Vüqara gedib çata bilmədi. Nə taksi getdi bu yolu, nə avtobus, nə trolleybus, nə qatar, nə təyyarə... Çünki ağıl ağıla, qəlb qəlbə, ruh ruha gedib çatar. Bunlar isə Vüqarda yox idi. 


     Müəllif Vüqar obrazını təsadüfi yaratmayıb. “Qürbət Zöhrəsi” bir məktəbdirsə, Vüqar bu məktəbin ən böyük “müəllim”dir. Çünki insan təkcə qolu, qıçı, gözü olmayanda əlil olmur, ən böyük əlillik ağıl, ən böyük yoxsulluq qəlb yoxsulluğuymuş deyir müəllif.


    “Bunlar hansı dünyada baş verirdi, bilmirəm” deyə-deyə bu dünyanın həqiqətini bundan gözəl yazmaq olmazdı yəqin. Müəllif doğrudan da bizi yaza-yaza, bizdən yaza-yaza həm də ayrı bir dünyadan yazmışdı. 


     Təbiəti dəyişə bilərsənmi? Cənnətməkan Qarabağın havasından Moskvanın şaxtasına, buzuna düşməsi Zöhrəni qorxutmurdu, uzaq başı daha qalın geyinəcəkdi. Bəs insan? 
İnsanın da təbiəti dəyişməz, gərək əynini qalın edəsən düşüncəsiylə ha əynini qalın elədisə də, bu “ocaq” onu isitmədi ki, isitmədi. Böyük bir ömrü göz yaşına bələdi, göz yaşıyla islatdı Zöhrə. Amma...


Təəssüf ki göz yaşında üzmək olmur, əzizim. 
 
Kişi maa Maral dedi...
 
      Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasındakı təqdimat həm də bu şirin cümləylə yadımda qaldı. Azərbaycandakı ilk poliqrafçı alim Şəddad Cəfərovun Ulduz Qasımı “Maral” əsərindəki Maral obrazına bənzətməsi üzümüzdə təbəssüm yaratmışdı. Tədbirdən sonrakı çay süfrəsi arxasında təəssüratlarımızı bölüşəndə isə Ulduz xanım bizi güldürmək üçün nazlana-nazlana anidən qayıtdı ki, “Kişi maa Maral dedi”... 


     Bəs nə desin Ulduz xanım?  Maral da sənsən, Zöhrə də, hətta balaca Yusif də. Əlirza Xələfli isə deyir, Ulduz xanımın yaradıcılığlında bütöv insan obrazı var, ona təkcə Maral, Zöhrə, balaca Yusif  deməklə bu ümman yaradıcılığın hüdudlarını kiçiltmək olmaz.
      

     Bəli, bir həqiqət də budur. Ulduz Qasım yaradıcılığında bütöv insan obrazı var. O təkcə özünü yox, hamımızı yazır. Ulduzlar göy üzünün, alimlər yer üzünün bəzəyidir deyirlər. Bu əsərlə Ulduz Qasımı göy üzünün bəzəyinə bənzətdim, bu dəfə doğrudan da o bizə göydən baxırdı. Onun bizi belə dəqiq görməsi bir fikri xatırlatdı mənə. “Korlar onu görməsə də, o var”. Ulduzları deyirdi Ömər Xəyyam, mənsə Ulduz Qasımı deyirəm.

Ardı var...
 
Təranə Əlizadə, Sənətşünas
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Facebook-da paylaş