“Ağ göyərçinlər” – sözün qanadlandığı səma...

                                                                                                                                                                                                   Sənət üfüqləri
 
Yaman qəribədir dünyanın işi...
   
     Onunla tanışlığımız tam təsadüfən baş verir. Gözlənilməz “qəza” kimi... Toqquşuruq, göz-gözəl gəlirik, amma səs-sədasız. Ulduz Qasımın kitablarının arxa üzündən uzaqlara boylanan qərib baxışını deyirəm. Təsadüflərə də inanmıram ki, deyim, bu baxış da bir təsadüfdi.
     Kitabın arxasındakı bioqrafiyadan müəllifin mühacir ədəbiyyatının nümayəndəsi olduğunu və demək olar ki, gənclik illərindən Moskva şəhərində   - vətəndən uzaqda yaşadığını öyrənirəm. 

Hə, mən yarpaqların dilini bilirəm, 
Məsələn, xış-xış...
Yəni aman ayrılıq əlindən...

- deyir o baxışlar.. 
    
    ...Susuram və bir daha əmin oluram ki, qələm uzağı yaxın edəndi. Vətənin bu qərib qızıyla yolumuz hardasa rastlaşardımı? Çətin! Amma qələmi onu gör haralara gətirib çıxarıb. Gözləmədiyim bir anda “Azərbaycan” nəşriyyatının 6-cı mərtəbəsində oturub kitablarını vərəqləyirəm, amma onun bundan xəbəri də yoxdu heç. Demək, doğrudan da qələm üçün məsafə, uzaqlıq, yaxınlıq anlayışı yoxdu. Yəqin şair də elə belə yerdə deyib...

Yaman qəribədir dünyanın işi;
Heç vaxt yollarında
dayanmadığın,
Heç həndəvərində dolanmadığın
 Gəlib birdən sənə nə şirin olur!

      
       Doğrudan da, indi tanımadığım bu xanım müəllif də, masa üzərində göz oxşayan kitabları da mənə necə şirin gəlir. Hər kitabı bir-bir götürüb adına baxıram, qərarsızlığım daha da artır. 
      Ulduz Qasımla bu yeni, bu gözlənilməz, bu ani tanışlığa, dostluğa hansı kitabından başlayım deyə düşündüyüm vaxt sanki gözüm önündən bir topa bəyaz göyərçin sayrışıb keçir. Göyərçin arzudu, ümiddi, bəs “Ağ göyərçinlər”?   
    Kitabı elə ordaca bir neçə saata oxuyub bitirəndə anlayıram ki, yanılmamışam, “Ağ göyərçinlər” də bir arzu, bir ümid, bir duadı ki, mənzilinə yenicə yetişib.... “Ağ göyərçinlər”i oxuduqca müəllifin yaradıcılıq aləmi düşündüyümdən də geniş bir üman kimi dayanır qarşımda...
  

Bütöv Azərbaycan obrazını ustalıqla sevdirən Ulduz Qasım...


  ...Xatırlayıram, axırıncı dəfə illər öncə “Geriyə baxma qoca” nın balaca Muradı məni belə həyəcanlandırıb duyğulandırmışdı. Yusiflə tanışlığım isə mənə illərdir bunca duyğulanmadığımı xatırladır. Balaca Murad İlyas Əfəndiyevin öz prototipi idi, Yusif isə bütöv Azərbaycanın prototipi, ümumiləşmiş obrazıdır. O prototip ki, bircə arzusu var- yer üzündə heç zaman müharibə, savaş olmasın. Körpələr atasız, anasız qalmasın, Millətindən, dinindən asılı olmayaraq yer üzündə müharibəyə, zorakılığa son qoyulsun. Uşaqların üzü gülsün, uşaqlar xoşbəxt gələcəyin təminatçısı olsun, yurdundan yuvasından, uşaqlığından-  yəni Vətənindən ayrı düşməsin...
 
Necə ki balaca Yusif uşaqlığından – yəni Şuşasından ayrı düşür... 
Bir filmdən xatırlayıram.

-Nə zaman böyüdün? – sualına
Filmin qəhrəmanı: 
-Mən heç vaxt uşaq olmadım...
- deyir.
  

  ...Çünki o, 6 yaşında Vətənindən uzaq düşüb başqa bir şəhərə köçmüşdü. Eynən Yusif kimi... Elə bununla da bitir onun uşaqlığı. Kimsəni bu əsər qəhrəmanının, səni sətir-sətir duyğulandıran bu obrazın 6 yaşı olduğuna inandıra bilməzsən. Çünki dünyayla hələ təzə-təzə simsar olmağa başlayan, anladığından çox anlamadığı bir vaxtda, isti evində, xoşbəxt ailəsində, ata-anasının dizi dibində hər şeydən xəbərsiz uşaq dünyasında öz uşaq şıltaqlığıyla böyüyən, yüyürən 6 yaşlı Yusifin gözü önündə gecəylə qaçhaqaç düşür. Evlərindən ən sevimli oyuncağını belə götürməyə imkan tapmadan, yolların ağına düşür..  Müharibənin ortasında, odun-atəşin içində nə baş verdiyini anlamayacaq qədər körpə olan Yusif yolun yarısında acır, amma hamı onu qınayır ki, görmürsən ölürük? Nə yemək? Belə yerdə də acarlar? 
    Uşaq nə bilsin ölüm-dirim savaşıdır bu? Kaş heç bilməsəydi, amma bilir. Onu göydən leyləklərin gətirdiyini sandığı bir vaxtda gözü önündə hamilə qadın öldürülür. “Dünya”nın əlləri hələ doğulmamış körpənin qanına batır. Həyata göz açmamış, hələ doğulmamış uşağın acı taleyi sanki Yusifi silkələyir, ayıldır, bir andaca böyüdür. Yoox- deyir içindən, mənə yalan danışıblar, uşaqları leyləklər gətirmirmiş. Yusif ən məhrəm, ən gözəl yalanından da uzaq düşür...
    Dünyadakı ən böyük yalan onu leyləklərin gətirməsi deyilmiş sən demə. Beləcə... Leyləklər ağ, insanlar qara günə çıxır. Ana bətnindəki körpənin dünyadan kam almadığına sevinirsən. Duruşundan, əllərindən, baxışından qan daman dünyanın sakini olmayan hər kəsi xoşbəxt sanırsan - hətta ana bətnində güllələnən körpəni də.  
 
     Bəlkə də doğulmadan boğulan, dünyadakı ən təmiz, ən müqəddəs Vətəninə - ana bətninə qan çilənən bütün körpələrin yerinə də böyüyərdi Yusif, amma...

      

Heç 200 metr getməmiş qonşunun balası ölür, balasını qoyub getməyən ana fəryadı görür Yusif. Ana ölüm bahasına balasını torpağa basdırıb, duasını qılıb müharibənin acı qoynuna atılır. Bir gözü arxada, bir gözü öndə...
İndi necə böyüsün Yusif? 
Birinin bətnində, birinin yanında ölür balası. Biri balasıyla ölür, biri balasız... 
Müharibənin sərt küləyinin qışın sazağından daha betər qarsdığı bir vaxtda Yusif böyüməyi də ar bilir özünə... Qaçhaqaçda, bathabatda da bir an olsun Yusifin içindəki o diri, o oyaq səs susmur:
     “Deməli, doğrudan da müharibə çox dəhşətli bir şeydi, filmlərdə göstərdikləri kimi... Yoxsa mənim gözəl anamın çöhrəsindən o təbəssüm silinməzdi. Allahım, axı bu müharibələr niyə olur?
     Niyə bütün istəklərini savaşsız, qan tökülmədən, insanları öldürmədən etmirlər? İnsanları yaralı, şikəst, qadınalrı ərsiz, uşaqları yetim qoyurlar? Yoxsa insanlığın buna gücü çatmır, ağılları bunu düşünəcək qədər inkişaf etməyib. Böyüklər, dövlət başçıları, siyasətlə məşğul olanlar niyə indiyə qədər buna bir çözüm tapmayıblar?
   Bəs niyə bu qədər yeniliklər edən, kosmosa yollar açan, aya, ulduzlara uçan böyük ağıl sahibləri bunu da düşünmürlərY Yoxsa özləri bunu yaşamayıblar?
    Filmlərdə görməklə deyil... Həyatda hər şey bambaşqadır. Hər şeyini itirmiş bu adamların üzünə baxmaq olmur...!”
 
Bir kiçik ümid var idi, amma o, qapıları bağladı, pəncərələri çırpdı...
   

  Bəli, bir ümid var idi, müəllifin də, balaca Yusifin də ümidi vardı ki, düşmənlə ön cəbhədə döyüşən Yaqub komandir körpələri də, Vətəni də qoruyacaq. Müharibə dayanacaq, hər kəs əl-ələ verib öz doğma ocağına, Şuşasına, Yusifsə uşaqlığına qayıdacaq. Amma...
     Bir qapı da belə çırpılır üzünə - Şuşası, uşaqlığı kimi atası da yoxdu daha- o da Yusifin oyuncaqları, isti evi, isti duyğuları kimi erməni gülləsinə tuş gəlir, o da şəhid olur. 
      Anasını sevməyən və gəlin kimi qəbul etməyən dözülməz, içi nifaq, kin dolu sevgisiz nənə, içində nəyinki iki balasına, bütün dünyaya sevgi gəzdirən, dərs keçdiyi körpələri bir fidan, azadlıq carçısı, sevgi toxumu kimi dünyaya səpmək istəyən ana və özündən bir neçə yaş böyük qardaşıyla birgə dövlətin şəhid ailəsinə verdiyi Bakıdakı üçotaqlı mənzilə yerləşir Yusif. Amma sevimsiz və sevgisiz nənə burda da gün vermir onlara, iki uşaq və ana müharibədən salamat çıxırsa da bu kin, nifaq dolu nənənin caynağından salamat çıxa bilmir. Başını götürüb məktəbdəki başqa bir müəllimin bağ evinə köçən Zeynəbin indi yeganə dərdi bu iki şəhid balasını ataları kimi qəhrəman böyütmək, Vətənə ləyaqətli əsgər yetişdirməkdi...
    
Üzünə çırpılan bütün qapıların acığına...

... daha müqəddəs bir qapı açmaq istəyir Yusif - dünyanın, insanın, insanlığın üzünə, nifaq, kin, vəhşilik dolu qəlbinə... 
     Xəlil babayla toqquşan taleyi Yusifin yolunu dəyişir... Elə oxucunun “Ağ göyərçinlər”lə qanad çırpıb uzaqlara pərvazlanması da burdan başlayır... Sanki səni, uzaq, dünyanın qan-qada, güllə-boran köksündən qoparıb  təmiz, ümdə bir yerə uçurur “Ağ göyərçin”lər. 
    Yusif biləndə ki, insan təmiz, saf qəlblə Tanrı dərgahı Məkkəyə gedib Ulu Yaradana üz tutsa, indiyədək müşgül sayılan istəyinə çatar, nə yolla olur-olsun o müqəddəs məkana getmək arzusuna düşür.  Çünki xeyli vaxtdır anası gülmür Yusifin, çöhrəsi solub, simasına qonan kədər bir türlü dağılıb getmir... Anasının üzünə baxa bilmir Yusif. Dənizdə oynamaq üçün səslədiyi qonşu uşağın ayağını müharibədə itirdiyini və uşaqlara qoşulub oynaya bilmədiyini görəndə həmyaşıdının üzünə baxa bilmir Yusif...  Atası şəhid düşən neçə uşağın imkansızlıqdan məktəbə belə gedə bilmədiyini görür, onların üzünə baxa bilmir Yusif.  Dünya özünü günahkar bilmir, amma Yusif bilir...  Bu nəhəng dünyanın düşünə bilmədiyini düşünür balaca Yusif...  Çünki dünya laldı, dünya kardı, dünya kordu!. 
    Məkkəyə getdəcək, o da dua edəcək, amma necə? Onu ora kim aparar, bu barədə nə qardaşına bir söz deyə bilər, nə anasına, nə Xəlil babaya. Amma ora getməlidir, mütləq getməlidir! 
    6 yaşlı Yusif oxucu qəlbindəki sərhədləri də Məkkənin sərhədlərini aşdığı kimi aşır. Onu necə bu qədər sevirsən, ona necə bu qədər bağlanırsan, onla necə bu qədər simsar olursan – özün də bilmirsən. 
   Yusif sənsən, mənəm, odur... Yusif bizik, Yusif müəllifin özüdür. Yusif Ulduz Qasımın arzusu, dünyaya hayqırdığı səsi, sözüdür. 
   
Ulduz Qasımın dünyaya, insanlığa duası, amanı, fəryadıdır bu “Ağ göyərçinlər”....
    

 Hələ bir neçə gün öncə nəşriyyatda Fariz müəllimin masası üzərindəki kitablarını sıralayanda belə başa düşdüm ki, müəllifin yaradıcılığı bizim 30 illik qara bağrımıza – Qarabağımıza... Qarabağın, Xocalının fonunda müharibə mövzusuna həsr olunub. Başımıza gətirilən müsibətləri qələmə alan müəllif fantaziyasından daha çox real həyat hadisələrinə söykənib. 
     Yoxsa Çobanoğlu oxuduğu ilk kitabının hələ ilk sətirlərində bu qədər həyəcanlanmaz, kitabı yarımçıq qoyub təəssüratını qeyd etmək ehtiyacı duymazdı:
    “Yazıçı Ulduz Qasımın "Xocalı şikəstəsi" romanını oxuyuram. Dəhşətli Xocalı faciəsini əks etdirən əsəri birbaşa, dayanmadan oxumaq mümkün deyil. Arada özünü toparlayıb, yenidən oxumalısan. Normal hisslərə sahib adam bu əsəri sakit düşüncə ilə oxuya bilməz, hökmən sakitləşdirici dərman atmalısan. Erməni vandalizminin törətdiyi hadisələr, xalqın başına gətirilən müsibətlər əsərdə qan donduran təsvirlərlə qələmə alınıb. Xocalı hadisələrini insan ürəyinin qabığını soyan belə göynərtili bədii detallarla yazıldığı başqa bir əsər təsəvvür edə bilmirəm, romanın hər səhifəsində erməni vəhşiliyinin, barbarlığın, vandalizm aktının Azərbaycanın sinəsində açdığı qanlı şırımları görür, dəhşətli səhnələrdən baş götürüb qaçmaq istəyirsən. Amma hara qaçacaqsan, kitab bir daha qanlı tarixi yaddaşla üz-üzə qoyur. Gözlərinin aynasını tutan göz yaşlarını silib bir də oxumalı, mənfur düşmənin namərd, xain, insanlığa qara ləkə salmış əməllərilə boyanmış səhifələri ard-arda çevirməlisən. Həyəcan, ürəyi ağıza gətirən səhnələr , qanlı qətliamın əsərdə çırpınan qəlbi insanı susdurur, dünyanın bu dəhşətli həqiqətlərə göz yummasından əsəblərin tab gətirmir, dilin söz tutmur. Sənət , ədəbiyyat isə yazıçı qələmində tarixi, zamanı, baş verənləri kifayət qədər yetərli bir güclə ittiham edib....
    "Xocalı şikəstəsi " çox amansız bir kitabdır ; tarixi mühakimə etmək, ermənizmi dünyaya tanıtmaq, həm də mənəvi yaddaşı silkələmək, unutqanlığa sipər çəkmək üçün...”
....Ulduz xanım Cəbrayılda doğulub. Vətən içində vətənini itirən xanımın əsərlərindəki ayrılıq, hicran, nisgil də bu səbəbdən insana içdən, doğma gəlir, oxucuda zərrə şübhə oyatmır. Onun bir qələm, söz adamı, bir yazıçı kimi özünü kiminsə yerinə qoymağa o ağrı-acıları duymağa ehtiyacı yoxdur. Ayrılığı çəkən bilər misalı. O həm uzun illərdir Vətəndən uzaqda yaşayır, həm də uzun illərdir doğulduğu yurdun qapısnı aça bilmir. “Ağ göyərçinlər” Ulduz xanımın yurdun qapısını açmaq arzusu, istəyi, duasıdır. Məkkəyə min bir müsibətlə yetişən müəllifin diləyi Tanrıya necə tez yetişir. Yazımın əvvəlində demişdim, təsadüflərə inanmıram. Müəllifin bu əsəri 28 illik bağrı qan Şuşamızın işğaldan azad olunduğu günlərdən iki ay öncə bitirməsi də təsadüf deyil məncə. Sanki bu 44 günlük savaş da, bu qələbə də, uşaqların yurda, Vətənə dönən sevinci də Ulduz Qasımın Tanrıya yetişən duasıdır. 
Nəyinki uşaqların, qocaların, dinc sakinlərin, hətta ana bətninin belə müharibə gördüyü, güllələndiyi  amansız dünyanın sakini olmaq müəllifi də utandırır. Biz qurtulduq, bəs doğulmamış ölənlər, bəs dil açmamış dünyalarını dəyişənlər necə olsun? – deyir “Ağ göyərçinlər”...
 
Bütün dünya uşaqlarının dinc yaşaması üçün həyatını təhlükəyə atan Yusif Azərbaycandı...
    

 “Ağ göyərçinlər”i dəyərli edən səbəb çoxdur, ən maraqlısı isə əsərin hər yaşda oxucunun anlayacağı dildə qələmə alınmasıdır. Uşaq ədəbiyyatı nümunəsi kimi də əsər olduqca dəyər kəsb edir. Məncə uşaqları humanist, sevgi, şəfqət dolu böyütmək, onları əxlaqi-mənəvi ruhda tərbiyələndirmək üçün Yusif olduqca örnək, nümunəvi bir obraz kimi yaradılıb.
      Əsər ideya, məzmun cəhətdən də olduqca orijinal qələmə alınıb. Əsərin alt qatı ilk baxışdan anlaşılmayan, amma insanı düşündürən, diqqətli oxucunun tuta biləcəyi mesajlarla doludur. Məsələn, götürək elə əsərdəki Andrey və Maykl obrazını. Biz onları əsərin sonlarına yaxın tanısaq da, ideya yükünün əsas daşıyıcılarından biridir onlar. Yusifin Məkəyə- yəni dünyaya ədalət, sülh çağırışına, arzusuna yetişməsində Andrey və Maykl obrazının da qoşulması heç də təsadüfi deyil. Müəllif Yusifə bu müqəddəs yolda dəstək olan, onun sülh, əmin-amanlıq çağırışına cani-könüldən dəstək verib bu yolda əlindən gələn köməyi əsrigəməyən, Yusifi  humanistlikdə, imanda, əxlaqda özünə örnək götürüb müsəlmanlığı qəbul edib Əli və Ömər olan bu iki obraz demək istəyir ki, rus və ingilis də istəsə dünya daha dinc, müharibəsiz, uşaqlar daha xoşbəxt olar. 
     Necə gözəl düşünülüb. “Ağ göyərçinlər”in mənə sevdirən mesajı da elə bu oldu - üç göyərçin obrazı. Bütün dünya uşaqlarının dinc yaşaması üçün həyatını təhlükəyə atan Yusif Azərbaycandır, Maykl ingilis, Andrey isə rus. Onlar əl-ələ verməsəydi, Yusif arzusuna çatmazdı. Andrey və Mayklın timsalında dünyaya çatdırılan mesaj da müəllif ustalığından xəbər verir.
     Ulduz Qasım “Ağ göyərçinlər”lə oxucunu həyəcanlandıra, duyğulandıra bilir, kədərləndirib sevindirə bilir. Bir-birinə qarışan bütün bu hisslərin fonunda əsəri bir su içimi müddətinə oxuyub-bitirdiyinə təəccüblənirsən,  çoxdandı kitab oxumağa vaxt tapmırdın, indi isə yaxşı bir film ki əsərin də bitməsini istəmirsən-  doğma birindən ayrılmaq kimi... Doğma biriylə sağollaşmaq qədər çətindir Ulduz Qasım yaradıcılığından qopmaq.   
 
   Çiçəklər dünyanın ulduzlarıdır, ulduzlar kainatın çiçəkləridir- deyir Fabrizio Karamanya... 

...Yaradıcılığıyla yenicə tanış olduğum Ulduz Qasımı da kainatın bir çiçəyi kimi gördüm mən. Dünyanı gözəlləşdirmək, dünyanı cənnətə döndərmək arzusuyla alışıb-yanan bir çiçək... Yusifin dilindən oxunan dua Ulduz Qasımın dünyaya pıçıldadığı müqəddəs mesajı, ən gözəl arzusuydu. Necə ki balaca Yusifin timsalında Məkkəyə gedən, o müqəddəs məkanda Tanrıya duasını yetirən müəllifin diləyi çin çıxdı. Balaca yusiflər böyüyüb dədə-baba yurduna qayıtdı. Ulduz Qasımın bu romanı yazdığı ərəfədə Azərbaycan əsgəri də Şuşada, Laçın, Kəlbəcərdə roman yazırdı- qəhrəmanlıq romanı. Sanki Ulduz Qasımın Yusif obrazıyla dünyaya yüksəltdiyi səsi əsgərlərimizin qulağına hamıdan tez gedib çatmışdı... 
 
Bir Ulduz işığında necə müqəddəs arzular var...
     

    Öncədən xəbərdar etmək, müəllifin yaradıcılıq həyəcanına, sehrinə xələl gətirməmək, oxucuya haqsızlıq etməmək adına əsərin əsas süjetini nəql etmək istəmədim. Bir neçə saata oxuyub bitirdiyim, sehrinə düşüb əlimdən yerə qoya bilmədiyim əsəri qoy digər oxucular da mənim kimi həyəcansız oxuya bilməsin. Müəllifin 6 yaşlı Yusifi Məkkəyə necə yetirdiyini, bu yolda hansı çətinlikdən, kimlərdən, haralardan keçib getdiyini qoy oxucu “Ağ göyərçinlər”dən öyrənsin, məndən yox.
    Təfərrüata varmadan təəssüratımı qeyd etdiyim bu yazıyla istədim 6 yaşlı Yusifi Bakıdan Məkkəyə- tək-tənha aparıb çıxaran Ulduz Qasımı siz də tanıyasız. Görəsiz ki bir Ulduz işığında necə müqəddəs arzular var. Ulduz Qasımın işığı yaşadığı uzaq Moskva şəhərindən dünyanın hər yerinə düşə bilər. Mən onda o işığı gördüm - adı kimi... 
     Ulduzlar insanları gözəlliyi, parlaqlığı, əlçatmazlığı ilə necə cəlb edirsə, Ulduz Qasım da “Ağ göyərçinlər” əsərilə diqqətimi elə cəlb etdi. “Ağ göyərçinlər”in dördüncü gözəgörünməz göyərçini də məncə müəllifin özüydü. Sülh göyərçini, sülh carçısı... Ki mən onu əsər boyu hər an hiss edib, duydum. Ulduz Qasımın əsər boyu döyünən ürəyinin ritminə necə kar qalmaq olardı ki... Axı mən dünya deyiləm... 
     Hər kitab bir görüşdü. Ulduz Qasımla görüşümüz çox olacaq məncə. “Xocalı şikəstəsi”, “Mən aşiqəm Qarabağda”, “Tələbə gündəliyi”, “Qarabağda qiyamət”, “Qürbət zöhrəsi”, “Açılmayan sirlər” var hələ. Növbəti görüşlərə...
 
Ardı var...
 
Təranə Əlizadə, 

sənətşünas
 
 
 


Facebook-da paylaş