1929-cu ildə kimya üzrə Nobel mükafatçısı – HANS KARL AVQUST SİMON FON EYLER-HELPİN (1873-1964)




Məşhur isveç biokimyaçısı Hans Karl Avqust Simon Fon Eyler-Helpin Almaniyada Auqsburqda anadan olmuşdur (1873-cü ilin fevralın 15-də). Hans Helpin riyaziyyatçı L.Eylerin nəslindəndir. Berlin Universitetini bitirmişdir (1895). Qettingen Universitetində Nernstin (1896-1897) və Berlin universitetində Vant-Hoffun rəhbərliyi altında çalışmış və Stokholm universitetində  fəaliyyət göstərmişdir (1897 -ci ildən). Bir neçə ildən sonra Stokholm Universitetinin professoru olmuşdur (1906-cı ildən). Sonra həmin universitetin Biokimya İnstitutunun direktoru (1929-1937), Üzvi Kimya İnstitutunun (1938-1948)  və eyni zamanda Vitamin İnstitutunun direktoru olmuşdur (1940-cı ildən).
Hans Helpinin əsas işləri Emil Fişerin elmi rəhbərliyi altında biokimyəvi proseslərin mexanizmlərinin öyrənilməsinə həsr olunmuşdur. O, şəkərlərin spirtə qıcqırmasının kinetikasını tədqiq etmiş və mexanizmini aydınlaşdırmışdır. İlk dəfə fermentləri tədqiq edərək (1905-1940) canlı orqanizmlərdə kimyəvi reaksiyaların sürətinin fermentlərin təsiri ilə artmasını müəyyən etmiş və bu hadisəni biokataliz adlandırmağı təklif etmişdir. O, ilk dəfə Vilştetter R.M. ilə  birlikdə ferment molekulunun kimyəvi fəal qruplardan və kolloid daşıyıcıdan ibarətdir olduğunu söyləmişdir  (1922). O, müəyyən etmişdir ki, karotin fizioloji aktivliyinə  görə A vitamininə yaxındır (1928). Karotinin iki izomeri var: α-karotin və β-karotin. β-karotin meyvə və tərəvəzlərin sarı, narıncı və yaşıl yarpaqlarında olur. Məsələn, ispanaqda, kahıda, pomidorda, şirin kartofda çoxlu miqdarda karotinə rast gəlinir.
Hans Helpin müəyyən etmişdir ki, maya fermentləri ilə bütün nukleotidlərin dehidratasiyası reaksiyasının bioloji katalizatoru kozimaza fermentidir. O, belə nəticəyə glmişdir ki, fermentlərin strukturunda koferment və apofermenti ayırmaq lazımdır (1933). Şişlərin biokimyasını öyrənmək sahəsində Hans Helpin böyük xidmətlər göstərmişdir.  
Hans Helpin həmkarı Artur Qarden birlikdə kimya üzrə Nobel mükafatına layiq görülmüşdür (1929). Hans Helpin Prussiya Elmlər Akademiyasının, Bavariya Elmlər Akademiyasının, Göttingen Elmlər Akademiyasının, SSRİ Elmlər Akademiyasının, İsveç Kral Elmlər Akademiyasının, Yaponiya Elmlər Akademiyasının, Dei Linçei Akademiyasının, Rusiya Elmlər Akademiyasının, Fransa Elmlər Akademiyasının üzvü olmuşdur.
Böyük alim olan Hans Helpin 91 yaşında Stokholmda vəfat etmiş və Norra beqravninqsplatsen qəbirsanlığında dəfn edilmişdir (6 noyabr 1964-cü ildə).
 
 
Əli Zalov,
Kimya elmləri doktoru, professor
Azərbaycan Dövlət Pedaqoji Universitetinin 
Analitik və üzvi kimya kafedrasının müdiri


Facebook-da paylaş