Pakistan mətbuatında Azərbaycanın birinci xanımı Mehriban Əliyeva haqqında məqalə dərc edilib

 

Pakistanın tanınmış "Daily Times" qəzetində və qəzetin internet saytında jurnalist Afşan Malikin "Mehriban Əliyeva: qəhrəman müsəlman lider" sərlövhəli məqaləsi dərc olunub.
Azərbaycan Respublikasının Pakistandakı Səfirliyindən "Report"a verilən məlumata görə, məqalədə vurğulanıb ki, Mehriban xanım Əliyeva Qərb və Şərq mədəniyyətinin möhtəşəm sintezinin simvolu kimi İslam dünyasının qadınları üçün ilham mənbəyi olub. Mədəniyyət və incəsənətin təbliğində əsas simalardan olaraq, o, islami və insani dəyərlərin qorunmasına daim öz əhəmiyyətli töhfəsini verib. 1995-ci ildə onun təşəbbüsü ilə yaradılan Azərbaycan Mədəniyyətinin Dostları Fondu müxtəlif tədbirlər və nəşrlər vasitəsilə Azərbaycanın mədəni sərvətlərinin təbliğ edilməsində mühüm rol oynayıb. Özünəməxsus aydın vətəndaş mövqeyi olan xanım lider Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri kimi siyasi həyatda mühüm rol oynayır.
Məqalədə Mehriban xanım Əliyevanın rəhbərliyi altında 2004-cü ildə təsis olunan Heydər Əliyev Fondunun Azərbaycanın müxtəlif yerlərində yeni xəstəxanaların, məktəb və kolleclərin inşaatında əhəmiyyətli rol oynadığı qeyd edilib.
Məqalədə Mehriban xanım Əliyevanın mədəniyyət sahəsində gördüyü işlərdən bəhs olunaraq, onun Azərbaycanın ənənəvi klassik musiqisi olan muğamın qorunması üçün tədbirlər həyata keçirdiyi, eləcə də müxtəlif etiqadlar arasında tolerantlıq, harmoniya və dinc birgəyaşayışın vətəni olan Azərbaycanda çoxsaylı məscid, kilsə və digər məbədlər inşa etdirdiyi oxucuların nəzərinə çatdırılıb.
Müəllif 2015-ci ildə Bakıda keçirilən 1-ci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın Avropa Olimpiya Komitələrinin İcraiyyə Komitəsi tərəfindən Avropada idmanın inkişafında xüsusi xidmətlərinə görə Komitənin ən yüksək mükafatı olan "Yüksək Orden"lə təltif olunduğunu vurğulayıb.
Məqalədə bildirilib ki, Mehriban xanım Əliyevanın rəhbərliyi ilə İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsi tərəfindən 2017-ci ildə Bakıda təşkil olunan tədbir müsəlman ölkələri arasında dostluğun gücləndirilməsi baxımından mühüm nəticələrin əldə edilməsinə səbəb olub. O, Azərbaycanın İslam aləmində oynadığı önəmli rolunu qeyd edərək - "Biz İslam tarixi və irsinin bir hissəsi olmaqdan, İslam dəyərlərini bölüşməkdən qürur duyuruq. İslam sülh və mərhəmət dinidir”- deyə bəyan edib.
Azərbaycanla Pakistan arasındakı qardaşlıq münasibətlərinin təzahürü olaraq, Heydər Əliyev Fondu 2005-ci ildə Pakistanda baş verən dağıdıcı zəlzələdən dərhal sonra bu ölkədə xeyriyyəçilik fəaliyyətlərinə başlayıb. Mehriban Əliyevanın təşəbbüsü ilə zəlzələdən ən çox zərər çəkən dağılan bölgələrdən olan Müzəffərabadın Rara bölgəsində 500 şagirdlik qızlar məktəbi tikilib.
Müəllif birinci xanım Mehriban Əliyevanın Pakistanın müxtəlif əyalətlərində səhiyyə, təhsil və humanitar sahələrində silsilə layihələr həyata keçirməsindən bəhs edib.
Məqalədə vurğulanıb ki, xanım Mehriban Əliyeva tərəfindən icra olunan sosial və humanitar layihələr onun Pakistana dair səmimi münasibətinin təzahürüdür. Həyatın müxtəlif sahələrindəki roluna və fəaliyyətinə görə, Mehriban xanım Fransanın "Şərəf Legionu” ordeni, Küveytin "Fəxri diplom”u, Pakistanın "Hilal-e Pakistan” ordeni, Polşanın "Xidmətlərə görə” ordeni və Serbiyanın "Sreten” ordeni ilə təltif edilib.
Sonda müəllif doğum günü münasibəti ilə xeyriyyəçi müsəlman xanıma – Mehriban Əliyevaya möhkəm cansağlığı, xoşbəxtlik və nəcib fəaliyyətində uğurlar diləyib.


Facebook-da paylaş