Laçına getmişdim...
Hətta vaqon bələdçisindən xahiş etmişdim ki, Ağdamı keçən kimi məni oyatsın.
Belə də oldu. Oyanıb əl-üzümü yudum. Yol çantamı götürüb çıxışa doğru addımladım. Qatar yanlarını basa-basa artıq sonuncu stansiyaya - Xankəndinə yaxınlaşırdı.Həmişəki kimi Nəcəf dayını axtardım, - "Taksi Nəcəf"i...
Nəcəf dayı bizim qonşu kənddən idi - Mişni kəndindən. Çox mədəni, mehriban, istiqanlı bir kişi idi. Uşaq idim, bizə gəlmişdi. Atamla söhbət edirdi. Deyirdi ki, doktor (atam həkim idi - R.Q.), mən sizin uşaqlarınızı çiynimdə daşımağa hazıram...
Gülürdüm həmişə, düşünürdüm ki, Nəcəf dayı bizi niyə çiynində daşımaq istəyir görəsən?
Sonralar bir müddət görə bilmədim Nəcəf dayını, gəlib-getmirdi. Böyüyəndə öyrəndim ki, Ağdama köçüb, - daha Laçında yaşamır.
Sarı rəngli "Taksi"si var idi Nəcəf dayının. Hər səhər "Bakı-Xankəndi" qatarının qarşısına çıxar, Laçına gedən sərnişinləri götürüb yola düşər, həmin gün də Laçından Bakıya gedən adamları axşama yaxın "Xankəndi-Bakı" qatarına çatdırardı. Bu idi Nəcəf dayının işi. Hətta bayram-bazar günlərində də bu qaydada işləyirdi.
- Qardaşoğlu, xoş gəlmisən!
- Biyyy, Nəcəf dayı, xoş gördük!
Özü tanıyıb yaxınlaşmışdı mənə. Hələ bir hal-əhval tutmamış dil-ağız da etdi. Dedi ki, doktor yaxşı kişi idi, Allah rəhmət eləsin, bizim kisəmizdən getdi. Şükürlər olsun ki, yerində sənin kimi oğlu qalıb...
Təşəkkürümü bildirdim və... yola düşdük.
"Ağa körpüsü"nü keçib, dolama yollarla Şuşaya qalxdıq. "Şuşa yarması"nı keçəndə isə Nəcəf dayıdan xahiş etdim ki, Zarıslıda saxlasın, könlümə piti düşüb. Həm də ki, bu, bir ənənə idi - çox az adam tapılardı ki, Zarıslıdan keçə, amma dayanıb piti yeməyə. Ayrı cür olurdu Zarıslı pitisinin dadı...
Qalxdıq "Lisaqor"a. Sonra "Yeddi qat", "Qala dərəsi", "Kahalar" və nəhayət... "Köhnə poçt" - Laçın.
Nəcəf dayı məni düz kəndimizə gedən avtobusun dayandığı yerə kimi gətirdi. Xudahafizləşib, tezcə də "Xankəndi - Bakı" qatarına aparacağı sərnişinlərinin dalıyca getdi.
Avtobusun sürücüsü - qarlı-çovğunlu qış günlərində belə enişli-yoxuşlu dağ yollarında sükanı məharətlə, yüksək peşəkarlıqla idarə etdiyinə görə saysız-hesabsız sərnişinlərinin hörmətini qazanmış Bahadur dayı məni mehribanlıqla qarşıladı. Hələ bir az canıyananlıqla da, - Kəndə gec-gec gəlirsən ha, bacıoğlu, - dedi.
Xətrini çox istəyirdim bu sadə zəhmət adamının, - təəssübkeşliyinə görə. Deyirdi ki, hər dəfə televizorda "Alıyev" sözünü eşidəndə ürəyi dağa dönür.
Bahadur dayı Heydər Əliyevin Moskvada yaşayıb-işlədiyi illərdən danışırdı. O zaman Heydər Əliyev Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosu üzvlüyünə namizəd idi. Rus əlifbasına görə Mərkəzi Komitənin Baş Katibi Andropovdan sonra ikinci gələn "Alıyev" olurdu ki, Bahadur dayının da diqqətini elə bu çəkirdi: - "Gör harda, - Moskvada ikinci adamdır həmyerlimiz", - deyirdi. Deyirdi və qürrələnirdi, fəxr edirdi.
Bir az da baməzəliyinə görə istəyirdim onun xətrini. Danışırdı ki, bir dəfə Nəbinin qızının (Kamilə xalanı nəzərdə tuturdu, - ömür-gün yoldaşını - R.Q.) xətrinə dəymişdim. Yığışıb atası evinə gedirdi. Ha çalışdım, fikrindən daşındıra bilmədim. "Qayıt" dedimsə də, qayıtmadı. Əlacsız qalıb özüm də qoşuldum ona. Bir xeyli yanaşı addımladıq. Soruşdum, - Kamilə, hara gedirsən? Dedi ki, - Atam evinə, bəs sən hara gedirsən? Dedim, - Mən də qaynatam evinə. Belə deyəndə güldü və ikimiz də qayıtdıq evimizə.
Kəndimizə çatanda axşamın düşməsinə hələ çox qalırdı. Qəbiristanlığa gedib ata-anamın məzarını ziyarət etdim. Sonra kəndimizin mərkəzi sayılan "Poçtun qabağı"na gəldim. Burada kəndin çox hörmətli ağsaqqalları olan Şirin kişini, İxtiyar əmini görüb hal-əhval tutdum. "Kənd soveti"nə gedib Xəlil dayı ilə görüşdüm. Bitirdiyim orta məktəbdə isə direktorumuz Şiraslan müəllim, şəxsiyyətlərinə hörmətlə yanaşdığım Yaqub müəllim, Saday müəllim məni səmimiyyətlə qarşıladılar. Adlarını çəkdiyim-çəkmədiyim bu insanların hamısının bircə iradı vardı mənə: - Gec-gec gəlirsən! Və hamısı da evinə qonaq dəvət edirdi. Seçim qarşısında qalmışdım, - necə edim ki, heç biri inciməsin...
Saatın cingiltili səsi beynimə işlədi. Yalnız pəncərəmdən "Alov qüllələri"ni görəndə anladım ki, bu, yuxu imiş, - nə Laçın? Laçın işğaldadır. Kəndimiz Alxaslı da.
Amma az qalıb, lap az qalıb. İnşallah, yenilməz sərkərdəmiz İlham Əliyev xalqa bir müraciətində də Laçının işğaldan azad olunması müjdəsini çatdıracaq. Gedəcəyik o yerlərə, - doğma, əziz yurd yerinə. Fəqət o zaman nə Nəcəf dayı olacaq, nə Bahadur dayı. Nə Kamilə xala olacaq, nə Şirin kişi, nə İxtiyar əmi, nə də Xəlil dayı. Daha Şiraslan müəllim, Yaqub müəllim, Saday müəllim də qarşılamayacaq məni.
Bu da işğalın bir ağrısıdır.
Təsəvvür edirsinizmi bu ağrını?
Çətindir.
Elə deyilmi?
Rahib Qarayev,
polis-polkovniki
Facebook-da paylaş