Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır


 “Çünki sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur”
 
     2018-ci ildə Azərbaycanın beynəlxalq mövqeləri daha da möhkəmlənib. Mənim həmkarlarımla həm ikitərəfli, həm çoxtərəfli formatlarda bir çox görüşlərim olub. Doqquz ay ərzində mən 12 xarici səfər etmişəm və 15 dövlət və hökumət başçısı Azərbaycana səfərlər etmişdir. Bu, onu göstərir ki, Azərbaycanın çox çevik və çoxşaxəli xarici siyasəti vardır. İkitərəfli formatda əldə edilmiş razılaşmalar icra edilir, Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır və bizim sözümüzə inanırlar. Çünki sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur.
Prezident İlham Əliyev bu sözləri oktyabrın 9-da Nazirlər Kabinetinin cari ilin doqquz ayının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.
Dövlət başçısı vurğulayıb ki, əldə edilmiş razılaşmalar həm ikitərəfli əlaqələrimizi möhkəmləndirir, eyni zamanda, regionda sabitliyin, təhlükəsizliyin, əməkdaşlığın inkişafına xidmət göstərir. Prezident bildirib ki, müsəlman ölkələri ilə əlaqələrimiz həmişə olduğu kimi diqqət mərkəzindədir. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının fəal və dəyərli üzvüdür və bütün beynəlxalq təşkilatlarda, beynəlxalq tədbirlərdə biz İslam həmrəyliyini göstəririk və bunu təbliğ edirik. Ötən il Azərbaycanda “İslam Həmrəyliyi ili” elan olunduğunu xatırladan ölkə başçısı deyib ki, bu sahədə fəaliyyətimiz müsəlman dünyasında çox yüksək qiymətləndirilir. Biz bu istiqamətdə səylərimizi davam etdirəcəyik: “Təsadüfi deyil ki bu il Azərbaycanın ikinci şəhəri, Bakıdan sonra bu dəfə Naxçıvan şəhəri İslam Mədəniyyətinin Paytaxtı adına layiq görüldü. Biz bunu bütün müsəlman aləminin bizə olan hörmətinin təzahürü kimi qəbul edirik”.
     Prezident qeyd edib ki, Azərbaycanda multikulturalizmlə bağlı keçirilən tədbirlər, bu yöndə səylərimiz həm İslam aləmində, həm Avropada yüksək qiymətləndirilir. Dövlət başçısı bu ilin yayında Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlıq prioritetləri sənədi imzalanmasının əhəmiyyətini vurğulayaraq bunu əlaqələrin inkişafı istiqamətində növbəti ciddi addım adlandırıb.
İlin ötən dövrü ərzində iqtisadiyyatın müxtəlif sahələrində, kənd təsərrüfatında əldə olunan nəticələrdən bəhs edən Prezident İlham Əliyev iqtisadiyyatın rəqabətliliyinin artırılması üçün tədbirlərin davam etdiriləcəyini deyib: “Davos Forumunun hesablamalarına əsasən biz iqtisadi rəqabətliliyə görə dünyada 35-ci yerdəyik. Ancaq onu da bilməliyik ki, biz daha da qabağa getməliyik. Ona görə Davos Forumunun hesabatı tam təhlil edilməlidir və təhlil edilir. Bəzi müddəalar var ki, biz orada geridə qalmışıq. Biz onlara mütləq baxmalıyıq və iqtisadiyyatın rəqabətliliyini daha da artırmalıyıq”.
     Dövlət başçısı sosial sahədə də ciddi islahatların aparıldığını deyib. Bildirib ki, şəhid ailələri, Qarabağ müharibəsi əlilləri üçün evlərin tikintisi daha da sürətlə gedəcək. Məcburi köçkünlərin problemləri daim diqqət mərkəzindədir. Artıq 100-dən çox şəhərcik salınıb. Bu il ilk dəfə olaraq özəl sektor Qobu qəsəbəsində məcburi köçkünlər üçün böyük şəhərcik salıb: “Hesab edirəm ki, bu proses Azərbaycanda vüsət almalıdır. Bizim iri şirkətlərimiz, böyük maliyyə imkanlarına malik olan şirkətlər var. Onlar gərək sosial məsuliyyətlərini göstərsinlər”.
Qeyd olunub ki, doqquz ayda 2900 məcburi köçkün ailəsi evlərlə, mənzillərlə təmin olunub. İlin sonuna qədər əlavə 2800 ailə evlərlə, mənzillərlə təmin ediləcək.
     Prezident Bakıda və digər şəhərlərdə qanunsuz tikililərə son qoyulmasının vacibliyini xüsusi qeyd edib. Diqqətə çatdırıb ki, bununla bağlı müvafiq sərəncam imzalanıb, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin icazəsi olmadan bir dənə də bina tikilə bilməz: “Bu məsələ ilə bağlı mən əvvəllər də fikirlərimi bildirmişəm. Bu gün deyə bilərəm ki, artıq bu məsələ öz həllini tapıb. Çünki əvvəlki dövrlərdə təqsiri bələdiyyələr rayon icra hakimiyyətlərinin, rayon icra hakimiyyətləri Bakı Şəhər İcra Hakimiyyətinin, Bakı Şəhər İcra Hakimiyyəti bələdiyyələrin, yəni, bir-birinin üstünə atırdılar. Amma əslində, onların hamısı əlbir idilər. Çünki qanunsuz tikililərdən böyük qazanc əldə edirdilər. Buna son qoyulub, artıq sərəncam imzalanıb. Yəni bu qaydanı pozan cinayət məsuliyyətinə cəlb ediləcək və qanunsuz tikilən binalar dərhal söküləcək. Bakı dünyanın ən gözəl şəhərlərindən biridir və kiminsə tamahı naminə biz şəhərimizi eybəcər hala sala bilmərik.
Eyni zamanda, Bakı Şəhər İcra Hakimiyyətinə göstəriş vermişəm ki, binaların həyətləri abadlaşdırılsın, orada həm yaşlı insanlar, həm də uşaqlar üçün şərait yaradılsın, həyətlər bütün qanunsuz tikililərdən təmizlənsin, lift təsərrüfatı təzələnsin, harada ki, ehtiyac var oraya yeni liftlər qoyulsun. Yəni, mənzil-kommunal təsərrüfatının yeniləşməsi istiqamətində çox ciddi addımlar atılacaq”.


Facebook-da paylaş