Pedaqoji Universitetin direktoru Cəlil Məmmədzadə kimdir?


      

     XIX əsrin sonu, XX əsrin əvvəllərində Şuşa  Azərbaycanın elm, təhsil, mədəniyyət və sənət beşiyi idi.”Zaqafqaziyanın konservatoriyası” adlanan Şuşada dini və dünyəvi məktəblər, kitabxanalar, mətbəələr, muğam  evləri, xeyriyyə cəmiyyətləri, şeir-sənət məclisləri fəaliyyət göstərirdi. Cənubi Qafqazda ilk dünyəvi məktəb – qəza məktəbi1830-cu ildə  məhz Şuşada  açılmışdı. Çünki burada yeni tip məktəblərin fəaliyyəti üçün münbit şərait var idi, açılan dünyəvi məktəblər  Şuşanın maarifpərvər insanları tərəfindən rəğbətlə qarşılanır, maddi və mənəvi dəstək qazanırdı.Şuşada dünyəvi məktəblərin (qəza, real və şəhər məktəbinin)  yaranması yeni ziyalı nəslinin yetişməsində müstəsna rol oynadı. Şuşalı gənclərin buradan başlanan  təhsil yolu Türkiyə, Ukrayna, Rusiya və Avropa universitetlərinə qədər  uzanaraq onları şöhrətin uca zirvəsinə yüksəltdi.Adını Azərbaycanın təhsil və  mədəniyyət tarixinə yazmış belə ziyalılardan biri də Kiyev Politexnik İnstitutunun məzunu Cəlil Məmmədzadədir. O, çox gənc ikən böyük şöhrət sahibi olmuş, eyni vaxtda  xalq maarif komissarının müavini, Ali Pedaqoji İnstitutun direktoru, “Maarif və mədəniyyət” jurnalının redaktoru, “Azərnəşr”in direktoru, teatr idarəsinin sədri vəzifələrində çalışmışdır.Böyük vəzifə sahibi olmasına baxmayaraq  tale üzünə gülməmiş, həyatının ən qaynar, ən məhsuldar dövründə dünyasını  dəyişmişdir.Repressiya olunmasa da, ölümündən sonra heç vaxt adı çəkilməmiş, zəngin fəaliyyəti haqqında yazılmamış, unudulmuş, bəlkə də unutdurulmuşdur...

   Şuşadan başlanan yol
   Cəlil  Məmməd oğlu   Məmmədzadə 1888-ci ildə Şuşada tacir ailəsində anadan olub. 7 yaşında  məhəllə məktəbinə gedən  Cəlil Məmmədzadə (bəzi mənbələrdə Məhəmmədzadə yazılır) iki il müddətində  burada oxuyub- yazmağı və hesabı öyrənib, sonra təhsilini Şuşa realnı məktəbində davam etdirib. Həmin məktəbin əsası  1881-ci il sentyabrın 20-də  qoyulmuşdu. Real məktəb 6 sinifli idi.  O dövrdə Azərbaycanda cəmi bir real məktəb (Bakıda) və bir klassik progimnaziya (Gəncədə) fəaliyyət göstərirdi. Bu isə, bir tərəfdən, əhalinin orta təhsilə olan ehtiyacını, digər tərəfdən də sənaye və ticarətin artmaqda olan tələbini əsla ödəmirdi. Bu tələb və ehtiyac Şuşada özünü xüsusilə büruzə verirdi. Burada orta məktəbə olan ehtiyac get-gedə artırdı. Şuşada progimnaziya yaradılması  tələbinin nəticəsiz qalmasını görən şəhər əhalisi 1880-ci il iyunun 30-da Peterburqa-Qafqaz komitəsinə yazırdı:"Şuşa şəhər sakinlərinin təhsilə olan cidd-cəhdinə (Şəhər məktəbində 400-dən artıq şagirdin oxuması bu cəhdi bir daha təsdiq edir) və şəhər ictimaiyyətinin arzusuna əsaslanan Gəncə qubernatoru Şuşa şəhərində 6 sinifli real məktəb açmağı xahiş edir. Şəhər ictimaiyyəti həmin məktəbi müvafiq bina ilə təmin etməyi və bu ildə 7500 manat pul ilə kömək etməyi öhdəsinə götürür".
 Cəlil  Məmmədzadə sonralar  tərcümeyi -halında yazırdı:”Real məktəbin 5-ci  sinfində oxuyana qədər çox az  dini bilgim, bir az da  təsərrüfatla bağlı bacarığım var idi. 5-ci sinifdə oxuyanda özünütəhsillə məşğul olmağa başladım. Məqsədim Gəncə gimnaziyasında oxumaq idi. İki il Gəncə gimnaziyasında oxuduqdan sonra  Kiyev gimnaziyasına köçürüldüm. Həmin illərdə ailəmizin maddi vəziyyəti  kəskin şəkildə pisləşmişdi. Gimnaziyada oxuduğum üç il müddətində onlar mənə maddi kömək edə bilmədilər. Müstəqil yaşamağa və işləməyə başladım”. O dövrdə ailənin bütün çətinlikləri Cəlilin üzərinə düşmüşdü. Həyat yoldaşının, kiçik qardaşının və atasının Kiyevə - onun yanına göndərdiyi qohumlarının qayğısına qalmaq da Cəlilə həvalə olunmuşdu.

Doğma və uzaq Kiyev
O dövrdə Kiyev şəhəri Azərbaycandan nə qədər uzaqda olsa da, bir o qədər də ziyalılar üçün doğma və yaxın idi. Şəhərdə müsəlmanlara xüsusi hüsn-rəğbət vardı.Həmin illərdə  Kiyevdə 17 yaşından 29 yaşınadək təqribən 200 azərbaycanlı tələbə təhsil alırdı. 1910-1914-cü illərin yeni inqilabi yüksəlişi dövründə Kiyev şəhərinin məhz azərbaycanlı tələbələrinin təşəbbüsü ilə 1913-cü il aprelin 17-də Ümumrusiya Müsəlman Tələbə Təşkilatı yaratmağa cəhd göstərilmişdi. Lakin imperiyanın başqa şəhərlərindəki ali məktəblərin müsəlman cəmiyyətlərinin üzvü olan tələbələrin iştirakı ilə təşkil edilmiş yığıncaq polis və mühafizəçilər tərəfindən zorla  dağıdılmışdı.
Kiyev gimnaziyasını bitirən Cəlil Məmmədzadə Kiyev Politexnik İnstitutuna daxil olur. Burada o, mühəndis-texnoloq ixtisasına yiyələnməklə yanaşı, həm də    fərdi dərslər verməklə pul qazanır. Onun 9 illik gimnaziya, 5 illik ali təhsili vardı. Kiyevdə yaşayarkən o ictimai-siyasi fəallığı ilə seçilib.”Kiyev şəhəri müsəlman tələbələr təşkilatı”nın fəal üzvlərindən biri olub. Cəlil Məmmədzadənin üzvü olduğu “Kiyev şəhəri müsəlman tələbələr təşkilatı”nın qarşısında iki məqsəd dururdu:1)  qarşılıqlı kömək; 2) müsəlman tələbələrinin mədəni səviyyəsinin yüksəldilməsi. Həmin təşkilatda onunla birgə Möhsün İsrafilbəyov (Qədirli), Hüseyn bəy Axundov, Mustafa Quliyev də səmərəli fəaliyyət göstərib. Fevral-burjua inqilabından sonra həmin təşkilat iki yerə bölünüb:1) bolşevizmi dəstəkləyənlər;  2) millətlərin öz müqəddəratını təyin etməsini dəstəkləyənlər.
Cəlil Məmmədzadə ikincilərin yanında olmuş, “Müsavat” partiyasının ideyasını dəstəkləmiş, “bərabərlik, qardaşlıq, sülh” şüarı altında mübarizə aparmış, Y.V.Çəmənzəmənlinin sədri olduğuTürk Ədəbi Mərkəziyyə firqəsi “Musavatin” fəal üzvlərindən biri olmuşdur.

Yeni hakimiyyətlə əməkdaşlıq
 1920-ci ildə Moskvada tələbə yoldaşı Möhsün İsrafilbəyovla (Qədirli) (o, Kiyev Müqəddəs  Vladimir  Universitetində oxumuşdu)  görüşü onun bolşevizmə meyil etməsinə səbəb olur. Həmin vaxt Möhsün Qədirli Azərbaycan Xalq Hərbi Dəniz İşləri Kommisarlığı siyasi idarəsinin rəisi vəzifəsində işləyirdi. Ürəkdən istəməsə belə, o 1920-ci ildə Bakıya gəlir, yeni hakimiyyətlə əməkdaşlıq edir. Azərbaycan SSR Siyasi İdarənin nəzdindəki mədəniyyət şöbəsinin müdiri vəzifəsində (iyun 1920 - dekabr 1920) çalışır. Eyni zamanda partiya kurslarının mühazirəçisi kimi 120 nəfərin siyasi hazırlıq keçməsində mühüm rol oynayır.Rus və ukrayna dillərini mükəmməl bilən C.Məmmədzadə  partiya siyasi  kurslarında  inqilab hərəkatının tarixindən, siyasi iqtisadın əsaslarından mühazirələr oxuyur.İctimai-siyasi fəallığı ilə seçilən  C.Məmmədzadə  17 iyul 1920-ci ildə bolşevik partiyası sıralarına qəbul edilir. 5 dekabr 1920-ci ildən 5 noyabr 1921-ci ilə kimi xalq ictimai təminat komissarının şəxsi katibi olub. 1921-ci ilin fevralında Rusiya ilə ictimai təminatla bağlı əlaqələri genişləndirmək məqsədilə  Moskvaya,  oradan isə ailəsini Bakıya gətirmək üçün   Kiyevə ezam olunur. Anasının Kiyevdə xəstələnməsi ilə əlaqədar olaraq üç ay orada qalmalı olur. Burada da  siyasi  fəaliyyətdən ayrılmır, əksinə, bu sahədəki  fəaliyyətini daha da  genişləndirir. 1923-cü ildə Azərbaycan K(b)P MK-nın Bakı şöbəsi katibinin  müavini təyin edilir. Bir müddət Xalq Komissarları Sovetində işlər idarəsində çalışır.

Nazir müavini, direktor (rektor) və “Maarif və mədəniyyət” jurnalının redaktoru
1923-1928-ci illər Cəlil Məmmədzadənin həyatının ən məhsuldar dövrüdür.1923-cü ilin dekabrında o, Azərbaycan Xalq Maarif Komissarının müavini təyin olunur və 1928-ci ilə kimi həmin vəzifədə çalışır. Həmin dövrdə xalq maarif komissarı  onunla birlikdə Kiyevdətəhsil alan Mustafa Quliyev ( o,Kiyev Müqəddəs Vladimir Universitetində oxumuşdu)  idi.
“Весь Азербайджан” (1924) ünvan və sorğu kitabında  Azərbaycan Xalq Maarif Komissarlığı haqqında verilən məlumatda oxuyuruq:
Xalq Maarif Komissarı- M.Quliyev
Xalq Maarif Komissarının müavini- C.Məmmədzadə
Xalq Maarif Komissarlığının Kollegiyası: Sədr -M. Quliyev,  üzvlər: C.Məmmədzadə, M.Şahbazov, B.Bünyatov, Ə.Pepinov, S.Blyaxun, Manuçyan.
XMK-nın Kollegiya katibi - О.А. Cəlalbəyov
XMK-nın işlər idarəsi  – М. Əhmədov
    Azərbaycan Dövlət Universitetinə V.İ.Leninin adının  verilməsi haqqında  Azərbaycan  SSR Xalq Maarif Komissarlığı kollegiyasının 23 yanvar 1924-cü ildə keçirilən növbədənkənar iclasının protokolunu xalq maarif komissarının müavini kimi Cəlil Məmmədzadə  və kollegiyanın katibi O. Cəlalbəyov imzalamışdır.
1924-1926-сı illərdə o, həm də  ölkədə maarif və mədəniyyətin yayılmasında, mədəni inqilabın həyata keçirilməsində, savadsızlığın ləğvində  mühüm rol oynayan “Maarif və mədəniyyət” jurnalının məsul katibi (redaktoru) olmuşdur. O, redaktor olduğu illərdə  prof.Fridolin, Ə.Pepinov redaksiya heyətinin üzvü, Hacınski  isə katib olmuşdur. Jurnalın 1924-cü il (12 №-si), 1925 -ci il (8 №-si), 1926-cı il (12 №-si)  onun redaktorluğu ilə nəşr edilmişdir.Maraqlıdır ki,  həmin dövrdə C.Məmmədzadə həm də “Azərnəşrin” direktoru, teatr idarəsinin  sədri olub.1926-cı ildəo,daha bir məsuliyyətli vəzifəyə - Ali Pedaqoji İnstituta direktor təyin olunur və ADU-nun Pedaqoji fakültəsinə birləşənə kimi instituta rəhbərlik edir.

   I Türkoloji qurultayın təşkilatçılarından biri
Bəllidir ki, I Bakı Türkoloji Qurultay  1926-cı il fevralın 26-dan martın 6-dək davam etmişdir. Türkoloji qurultayın ilk günündə partiya fraksiyasının ilk iclası keçirilib. İclasda 35 nəfərin çıxışı nəzərdə tutulsa da,  22 nəfər  məruzə edib. Xalq maarif komissarının müavini kimi çıxış edən C.Məmmədzadə  latın əlifbasının  əhəmiyyətindən danışıb, ərəb əlifbasının texniki çətinliklərini əsaslandırıb, tatar və özbək nümayəndələrinin  əlifba ilə bağlı   fikirlərinə münasibət bildirib.Cəlil Məmmədzadənin  S.Ağamalıöğlu, İ.Hikmət, B.Çobanzadə ilə birlikdə  Türkoloji qurultayın rəhbərliyində  təmsil olunması onun  elmi-siyasi nüfuzuna dəlalət edir. Qurultayda o həm də mandat komissiyasının sədri olub, 131 nəfər iştirakçı (onlardan cəmi 1 nəfəri –A.Sultanova qadın idi) haqqında geniş  məlumat verib. Qurultayın işində fəal iştirak edən Cəlil Məmmədzadə  qəbul edilən qətnamələrin  redaktəsi məqsədilə yaradılan komissiyanın 26 nəfər üzvündən biri olub. Qurultayda latın əsaslı yeni türk əlifbasına keçid, ədəbi dilin formalaşması, çap nəşriyyat işinin Avropa standartlarına uyğunlaşdırılması və terminologiyadan istifadə qaydaları, ortaq türkcənin yaradılması kimi böyük əhəmiyyəti olan məsələlərin müzakirəsində fəal iştirak edib. Bu  məqsədlə 5 nəfərdən ibarət yaradılan xüsusi  komissiyanın üzvü olub. Türkoloji qurultayın 3 mart səhər iclasında o, yeni türk əlifbası məsələsi  ilə bağlı geniş məruzə edib.
  
I Türkoloji qurultayda çıxış: əlifba məsələsi
    Ağamalıoğlunun sədrliyi ilə keçən iclasda  professor Jirkovdan sonra Azərbaycan dilində edən çıxış edən  Cəlil Məmmədzadə sonra məruzəsinin məğzini rus dilində iştirakçıların diqqətinə çatdırıb. O, çıxışını əlifba məsələsi üzərində quraraq deyir:”Qurultayımız qarşısında bir əsas məsələ, əlifba məsələsi durur ki, terminologiya, orfoqrafiya və ibtidai məktəblərimizdə tədrisin üsullarının əsas əməli məsələlərinin  həlli də ondan asılıdır”. Sonra ərəb əlifbasının genezisindən, yayılmasından, türk-tatar xalqlarının onu qəbul etməsindən bəhs edir. Əsaslandırır ki, ərəb əlifbası türk-tatar xalqlarının bütün tələblərinə cavab vermədiyindən islahatçıların ərəb əlifbasını təkmilləşdirməsi ilə bağlı təşəbbüsləri heç bir fayda verməyəcək. Ərəb hərflərinin  sözün  əvvəlində,  ortasında,  axırında  və ayrılıqda  fərqli yazılması, sağdan sola yazılması çətinliklər yaradır. Histologiya, riyaziyyat və tibb fənləri üzrə dərsliklərin nəşrində çoxlu problem yaranır. Türk-tatar dilində olan “o”, “u”,”i” səsləri burada yoxdur.Ərəb dilində “cümə axşamı” sözünü yazmaq üçün düz 10 nöqtə qoyulmalıdır, əgər nöqtələr düzgün qoyulması “cümə axşamı” sözü “çərşənbə” oxunacaq. Xeyli belə nümunələr verdikdən sonra o,  yeni türk əlifbasının (latın qrafikalı əlifbanın) üstünlüklərindən bəhs edir, “əcdadlarımızdan, ulu babalarımızdan miras qalan ədəbiyyatı itirməmək, kənara atmamaq” şərti ilə  yeni əlifbanın qəbul edilməsinin vacibliyini əsaslandırır:”Hazırda elə bir vəziyyətdə yaşayırıq ki, artıq əlifba islahatı, ərəb əlifbasından xilas olmaq məsələsi ilə müəyyən dərəcədə məşğul olmuşuq. Biz iki məsələni izləməliyik: birincisi, Avropa mədəniyyətinə yaxınlaşmaq məsələsini və ikicisi, bizdə fəhlə-kəndli kütləsi arasında olan, bizə köhnə hökumətdən miras qalan savadsızlığın tezliklə aradan qaldırılması vəzifəsini.Bunu yalnız yeganə yolla- mükəmməl, yaxud mükəmməlliyə yaxın olan, həmin xalqın fonetikasına cavab verən, texniki baxımdan rahat əlifba vasitəsilə nail olmaq  mümkündür. Belə əlifba isə latın əsaslı yeni türk əlifbasıdır”. Sonra Cəlil Məmmədzadə yeni əlifba məsələsinin yarandığı illərə diqqət çəkir. Xalq maarif komissarının müavini kimi savadsızlığın ləğvi sahəsində görünən işlərdən danışır, yeni əlifbanın qəbulunu savadsızlığın ən yaxşı yolu hesab edir, məktəblərdə birinci qruplarn (1-ci siniflərin)  yeni əlifba ilə təhsil aldıqlarını bildirir. Savadsızlığın ləğvidən danışan Cəlil Məmmədzadə qeyd edir ki, iki il ərzində savadsızlığı aradan qaldıran 70 minə yaxın adam var. Bizim bütün fəhlə rayonlarımızı gəzmək və orada savadsızlığını ləğv edən on minlərlə fəhlə görmək olar...Bu kütlələr başa düşüblər ki, onların yeganə xilası fonetikaların  texnikalarına uyğun gələn və onlara mədəniyyətə qovuşmağa imkan verən yeni əlifbadır.Güman edirəm ki, bu cəbhədə ikinci Oktyabr meydana gətirmək, fəhlə-kəndli kütlələrini əsrlərlə davam edən ərəblilikdən, savadsızlıqdan azad etmək üçün Qurultay bu məsələni yalnız fəhlə-kəndli kütlələrinin mənafeyinə müvafiq araşdıracaq”

   “Yeni əlifba və türk xalqları”
   Türkoloji qurultayda əlifba, imla, terminologiya məsələlərinin müzakirəsində fəal iştirak edən Cəlil Məmmədzadə redaktoru olduğu “Maarif və mədəniyyət” jurnalda “Yeni əlifba və türk xalqları” adlı (1926, №2, s.21-25) məqalə ilə çıxış  etmişdir. Maraqlıdır ki, jurnalda bütün materiallar əski əlifba ilə verildiyi halda o, öz məqaləsini  yeni əlifbada (latın) vermişdir. Cəlil Məmmədzadə məqaləsində Azərbaycan, türkmən, özbək, Krım, Dağıstan, tatar və başqa türk xalqlarının mədəni səviyyəsinin aşağı olmasının səbəbini təhsilsizlikdə görərər yazırdı:”..türk xalqlarının mədəni qüvvələrini nəzərdən keçirməli olsaq görərik ki, onların savadlıları olsa-olsa 10-12%-dir, onların da 4-5 %-i ali və orta təhsillilərdir”. Məktəblərin milliləşdirilməsi məsələsinə toxunan Cəlil Məmmədzadə yazır:”.. məktəbləri aşağıdan yuxarıya qədər milliləşdirmək istədikdə qarşımıza ərəbin dini ilə  bərabər  içərimizə soxulan dilimizdə, imlamızda və əlifbamızda olan ərəbçilik çıxıyor,...cəhalətimizin əsas səbəbi haman bu ərəbçilikdir”.
1921-ci ildә Xalq Komissarları Soveti tәrәfindәn Dadaş Bünyadzadәnin başçılığı ilә Əlifba Komitәsi yaradıldı. 1922-ci ildә N.Nәrimanovun başçılıq etdiyi xüsusi komissiya geniş müzakirәlәrdәn sonra latın qrafikalı yeni Azәrbaycan әlifbasının layihәsini hazırladı.1922-ci ildә latın qrafikalı ilk yeni türk әlifbası işıq üzü gördü. Əlifbanın hazırlanmasında  C.Axundzadә, F.Ağazadә ilə yanaşı  Cəlil Mәmmәdzadә də iştirak edirdi. 1923-cü il oktyabrın 20-də Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi  "Yeni Azərbaycan əlifbasının dövlət əlifbası kimi tanınması haqqında" dekret vermişdi. Görülən bu işləri təqdir edən müəllif  türkoloji qurultayda da 101 səs lehinə, 7 səs əleyhinə olmaqla həmin əlifbanın qəbul olunmasını alqışlayaraq yazır: ”Türk-tatar  əməkçisinin tam mənası ilə azadə həyat yaratması, əski ərəbçilikdən əl götürüb yeniliyə doğru getməkdədir”. Elə bu səbəbdən də öz məqaləsini nümunə kimi  yeni əlifba ilə verir.  Jurnalın ”Oktyabr inqilabı və Azərbaycanda maarif” (1926, 10-11, s.2) adlı baş məqaləsində Cəlil Məmmədzadə qısa bir müddətdə  Azərbaycanda ibtidai, orta və  ali təhsil sahəsindəki nailiyyətlərdən bəhs edir, ümumi maarifi iqtisadi inkişafın əsas təməl prinsipi hesab edir. Qeyd edir ki, I dərəcəli məktəblərdə 100 mindən artıq oğlan və qız bir yerdə oxuyur, bu məktəblər üçün Bakıda və qəzalarda 14  pedaqoji texnikum fəaliyyət göstərir. Həmin texnikumları bu il (1926-cı il-F.R.) 450 nəfər müəllim bitirəcəkdir. Ölkədə 60 orta məktəb, 12 sənaye və kənd təsərrüfatı, 1 əczaçılıq, 2 mamaçılıq, 1 diş həkimliyi  texnikumunun, Dövlət  Darülfünunun  tibb, pedaqoji, Şərq fakültələrinin, Politexnikumun  kənd təsərrüfat, texnoloji və mühəndis fakültələrinin, Ali Pedaqoji İnstitutun, Dövlət Konservatoriyasının, rəssamlıq məktəbinin fəaliyyət göstərdiyini bildirir. Təhsil almağı zəhmətkeşlərin azadlıq yolu səciyyələndirən  Cəlil  Məmmədzadə maarif və mədəniyyət cəbhəsindəki mübarizədə Zaqafqaziya Ali Kommunist Məktəbinin rolunu da yüksək dəyərləndirir.

   Ali Pedaqoji İnstitutun ilk yubileyinin təşkilatçısı
Cəlil Məmmədzadə Ali Pedaqoji İnstitutun direktoru olarkən onun təşəbbüsü ilə pedaqoji ictimaiyyətin iştirakı ilə  institutun ilk yubileyi keçirilmiş, “Azərbaycan Ali Pedaqoji İnstitutu. (Beş illik və üçüncü buraxılış münasibəti ilə) (1926) kitabı nəşr edilmişdir. Məcmuənin üz qabığnda institutunn yerləşdiyi binanın –indiki İqtisad Universitetinin əsas binasının şəkli verilmişdir. Mündəricatdan sonra V.İ.Leninin, N.Nərimanovun (institutun təşkilatçılarından biri kimi), fizika-riyaziyyat şöbəsinin dekanı Məmməd Əfəndizadənin, tarix-ədəbiyyat şöbəsinin dekanı İsmayıl Hikmətin, təbiyyat-aqronomi şöbəsinin dekanı Səlimə Osmanzadənin, tarix-ictimaiyyət şöbəsinin dekanı Əziz Ubaydulinin  şəkilləri verilmişdir. Məcmuədəki materiallar  3 bölməyə ayrılmışdır:1) Ali Pedaqoji İnstitutun tarixçəsi; 2) idarə və təşkilati işlər; 3) xatirələr və duyğular.
Jurnal institutun direktoru Cəlil Məmmədzadənin “Tədris və tərbiyə- 5 il” məqaləsi ilə açılır. Məqalədə APİ-nin 5 illik tarixinə qısa nəzər salınır, ikinci dərəcəli məktəblər, pedaqoji məktəblər, peşə və  sənaye məktəbləri üçün  ali təhsilli müəllim hazırlamaq məqsədi ilə açılan  institutun ali məktəb kimi formalaşmasından sonra  universitetə çevriləcəyi bildirilir. Sonra institutun ixtisasları, tədris laboratoriyaları, fənn kabinələri, kitabxana, tələbə kontingenti (cəmi 162 nəfər)  haqqında məlumat verir. Bəlli olur ki, institutda  Kommunist Firqəsi Özəyi, LKGİ Özəyi, İcraiyyə Bürosu, Yeni Əlifba Dostları cəmiyyəti, Beynəlxalq İnqilabçılara Yardım cəmiyyəti, İşçi fakültəsi nəzdində fənni, ictimai və həmkarlar ittifaqları dərnəkləri, xüsusi qiraətxana, Lenin guşəsi fəaliyyət göstərir. İnstitutun  fəaliyyətini təhlil etdikdən sonra C.Məmmədzadə yazır:” Şuralar Azərbaycanının bu yolda 100% məqsədinə nail olduğunu iddia edə bilməriz, xeyr, görüləcək işlərimiz irəlidədir; bu beş yıl müddətində Darülfünun Pedaqoji fakültəsi adını qazanan Pedaqoji İnstitutunun qarşısında çox böyük və mühüm vəzifələr duruyor, bunlardan ən mühümi bu məktəbdə şura və proletar məfkurəsinin daha dərinləşməsi, tədris işlərinin qüvvətlənməsi və məktəbin fənn və ictimai həyatına aid təchizatın mükəmməlləşməsidir. Proletar və zəhmətkeş kəndli düşmənləri artıq əmin olmalıdırlar ki, bu binanın meyvələri ən yaxın bir zamanda yalnız Azərbaycan şura və zəhmət məktəblərini deyil, bəlkə Şuralar Azərbaycanına göz dikən Şərq Şura Cümhuriyyətlərinin məktəblərini də qırmızı müəllimlər ilə təmin edə biləcəkdir”.
Sonra Tarix-ədəbiyyat (İsmayıl Hikmət), Təbiyyat-aqronomluq (S.Osmanzadə), Fizika-riyaziyyat (Məmməd Əfəndizadə), Tarix-ictimaiyyat (Ə.Ubaydulin) fakültələri (şöbələri), Qadın İnstitutu (S.Xuramoviç), Şaiq pedaqoji texnikumu (E.Əfəndizadə)   ilə bağlı məqalələr verilir.“İdarə və təşkilat işləri” bölməsində  institutun təsərrüfat həyatı (Həbib bəy Mahmudbəyov), tələbə təşkilatları (M.Həmzazadə), kommunist firqə təşkilatı (S.Ramazanov), Qadın İnstitutunda firqə işləri (Rəhimə Səlim) və  komsomol təşkilatının (E.Əsgərzadə) 5 illik fəaliyyəti ümumiləşdirilir. “Xatirələr və duyğular” bölməsində Xəlil Fikrətin  müəllimlərə tövsiyələri, Bəkir Çobanzadənin, Abdulla Şaiqin, Ə.Novruzinin, M.İbrahiminin, E.Sərdarlının  xatirələri yer alıb. Məcmuədə Xalq Maarif Komissarı Mustafa Quliyevin, vaxtsız vəfat etmiş ədəbiyyat şöbəsi məzunu M.İ.Mirəhmədzadənin və   Mirzə Əlinaği Rəcaninin (institutun ikinci buraxılışı), Qadın İnstitutunun müdiri Sara xanım Xuramanoviçin, Şaiq pedaqoji texnikumunun müdiri Qafur Əfəndizadənin, institutun direktor müavini Həbib bəy Mahmudbəyovun, institutun ilk direktoru   F.Rzabəylinin və müəllim-tələbələrin  16 kollektiv şəkli verilmişdir. Cəlil Məmmədzadənin “Mədəniyyət və maarif” jurnalının 1926 -cı ilin 5-6 sayında  Ali Pedaqoji İnstitutla bağlı geniş məqaləsi nəşr olunmuş, institutun əməkdaşlarının şəkilləri verilmişdir.
Çox qızğın ictimai-siyasi və pedaqoji fəaliyyət göstərən C.Məmmədzadə 20-ci illərdə Azərbaycanda mədəni həyatın inkişafında mühüm rol oynamış, milli ziyalıların öncüllərindən biri olmuşdur. Həmin dövrdə teatr idarəsinin  sədri olan C.Məmmədzadə  fəhlə-kəndli teatrının yubileyi ilə bağlı maraqlı  məqalə yazmış və onu “İşçi-kəndli teatrosunun yubileyi” (“Maarif və mədəniyyət”,1926, №4, s.1-2) adı ilə nəşr etdirmişdir.
 16 iyul 1926-cı ildə Azərbaycan SSR Xalq Komissarları Soveti “Ali Pedaqoji İnstitutun yenidən təşkili” ilə bağlı qərar qəbul etdi.1926/27-ci tədris  ilinin sonu, 1927/28-ci tədris ilinin əvvəlində Ali Pedaqoji Kişi İnstitutu, Ali Pedaqoji Qadın İnstitutu  Bakı Dövlət Universitetinin Pedaqoji fakültəsi ilə birləşdirildi. Birləşmiş fakültənin  ilk dekanı Cəlil  Məmmədzadə oldu.
  Cəlil Məmmədzadə 1929-1932-ci illərdə  Gəncə dairə partiya komitəsində təşkilat şöbə müdiri kimi şəhərdə gedən tikinti və yenidənqurmu işlərinə rəhbərlik edir. Daha sonra Azərbaycan K(b)P MK-nın  sosial-mədəni qrupunun  rəhbəri olur.

Ə.Cavadın  “Göygöl” şeiri və  həbs  təhlükəsi   
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Siyasi Sənədlər Arxivində AK(b)P Nəzarət Komissiyasının 24 mart 1926-cı il tarixdə keçirilən iclasında Cəlil Məmmədzadənin “Maarif və mədəniyyət” jurnalında Ə.Cavadın  “Göygöl” şeirini nəşr etdiyinə görə məsuliyyəti məsələsi müzakirə olunur. İçlasın 21 saylı protokolunda aydın olur  ki, bu məsələ əvvəlcə Azərbaycan K(b)P MK katibliyinin 13 dekabr 1925-ci il tarixli iclasında  müzakirə olunduqdan sonra materiallar xüsusi şifrə ilə  Nəzarət Komissiyasına göndərilib.  Cəlil Məmmədzadə yoxlama  komissiyasına təqdim etdiyi izahatında bildirir ki, Ə.Cavadın “Göygöl” şeirini redaksiyada  iki dəfə oxuyub və  müzakirə edib. Şair şeiri Gəncə ətrafında yerləşən, hər tərəfdən  yaşıllıqla əhatə olunan Göygöldə dincələrkən  yazıb. Şeir Göygölün gözəlliyinə həsr olunduğundan onu çap etməyə razı olub. Nəzarət Komissiya Əhməd Cavadın  “Maarif və mədəniyyət” jurnalında  nəşr olunan  “Göygöl”  şeirini  (1925,№ 2(22)) diqqətlə oxuyaraq  belə qərara gəlir ki, şeirdə antisovet təbliğatı olmadığına görə, bu məsələ bağlansın və arxivə verilsin. Bunula da o, həbs olunmaq təhlükəsindən qurtarır.
Onu repressiyadan yalnız ölüm qurtara bilərdi
Cəlil Məmmədzadə1932-ci ilin yanvarından ömrünün sonuna kimi ASŞC MQQ – İKM ictimai-mədəni qrupun rəhbəri vəzifəsində və Şura Kontrolu Komissiyasının müvəkkili aparatında çalışıb. Geniş ictimai-siyasi və mədəni-maarifçilik fəaliyyəti ilə seçilən C.Məmmədzadə 1922-1924-cü illərdə Azərb.K(b)P  Şəhər Komitəsinin üzvü, 1923-1928-ci illərdə Bakı Şurası üzvü, 1932-ci ildən Azərb.K(b)P MK Plenumu və Prezidiumu və Azərbaycan Sovet Şuralar Çəmiyyəti  Xalq Komissarları Şurasının, Xalq Maarif Komissarlığı Kollegiyasının üzvü olub. Azərbaycan KP MK-nın üzvü seçilməsi ilə bağlı Cəlil Məmmədzadəyə verilən xasiyyətnamədə  göstərilir ki, o, sovetləşmənin qızğın tərəfdarı (?!) olmuş, sovetləşmədən az sonra  Moskvadan Bakıya gəlmiş, partiya sıralarına üzv yazılmış,  partiya işində ləyaqətlə və vicdanla çalışmış, özünü kommunistlərin sadiq  dostu kimi göstərmişdir. Əslində isə o, hələ  Kiyevdə oxuyarkən  bolşevik əqidəli tələbə yoldaşlarından ayrılaraq müsavatçıların ideyasını dəstəkləmişdi.  AXC-nin süqutundan sonra bolşevik dostlarının təkidi ilə  Bakıya gəlmiş və   bolşevikər partiyasına daxil  olmuşdur. Onun müsavatçı olması ilə bağlı  öz əli ilə yazdığı tərcümeyi-hal indi də saxlanılır. Digər tərəfdən,  dostlarını- Dadaş Bünyadzadəni, Mustafa Quliyevi,Möhsün İsrafilbəyovu cismən məhv edən repressiya maşını qətiyyən onu sağ buraxmazdı. Onu repressiyadan, Sibirin qarlı-çovğunlu çöllərindən  yalnız ölüm qurtara bilərdi. Bu, belə də oldu. O, uzun sürən xəstəlikdən sonra 7 iyun 1934-cü ildə 46 yaşında Bakı şəhərində vəfat etdi.  Onun ölümü ilə bağlı “Kommunist” qəzetində Azərb.K(b)P MK və Bakı Komitəsinin, Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin, Azərbaycan Sovet Şuralar Çəmiyyəti Xalq Komissarları Şurasının, Şura Kontrolu Komissiyasının, Azərbaycan Sovet Şuralar Çəmiyyəti Xalq Maarif Komissarlığının, Azərbaycan Həmkarlar İttifaqları Şurası prezidiumunun, Azərbaycan Maarif İşçiləri İttifaqının Mərkəzi İdarəsi və rayon şöbələrinin, Xalq Səhiyyə Komissarlığının, “Kommunist” qəzeti (türkcə) redaksiyası və əməkdaşlarının başsağlığı elanları  və neqroloq verilmişdir. Cəlil Məmmədzadənin dəfninin təşkili ilə bağlı xüsusi komissiya yaradılmış,8 iyun 1934-cü ildə onunla vida görüşü 26 Bakı Komissarı adında  sarayda keçirilmiş, elə həmin gün saat 4-də dəfn olunmuşdur.

Fərrux Rüstəmov, 

ADPU-nun İbtidai təhsil fakültəsinin dekanı,
pedaqoji elməri doktoru, professor,
Əməkdar elm xadimi


 
 


Facebook-da paylaş