MÜQƏDDƏSLİK
(Poema ixtisarla verilir)
(Azərbaycan Respublikasının birinci vitse prezidenti, millət vəkili, YUNESKO və
İSESKO-nun xoşməramlı səfiri, birinci xanım Mehriban Əliyevaya hörmət və ehtiramla)
Təbiətin ən gözəl,
Ən bakirə çağında
Dünyaya bir qız gəldi
Mir Cəlal ocağında.
Körpənin taleyindən
Hamı xəbərsiz idi.
Heydərin ocağında
Zərifə adlı mələk
Sevgiylə böyüdürdü
Gələcəyin lideri
İlham adlı igidi.
Laylası şirin oldu,
Nağılları bitmədi,
Axşamdan ta sübhəcən.
Ay getdi uzaqlara,
Günəş doğdu Xəzərdən.
Nura döndü hər tərəf, —
Həyət, bağça, eyvan, ev.
Beşiyin başındaydı
İki böyük şəxsiyyət —
Mir Cəlal Paşayevlə
Nəsir İmanquliyev.
Arif ata olmuşdu,
Aida xanım ana.
Dünya bir yana idi,
Bu od-ocaq bir yana.
Əzizləyib sevdilər
Onu ürəkdən, candan.
Qismətin Tanrı yazdı,
Ad qoydular — Mehriban.
***
Mehribanlıq dünyanın
Yaşamaq imkanıdı,
Mehribanlıq müqəddəs
Qadınlıq dastanıdı,
Analıq dastanıdı.
Mehribanlıq xoş məram,
Haqq, ədalət səsidi.
Dünyanı xilas edən
Gözəllik zirvəsidi,
Kamillik zirvəsidi.
Mehribanlıq ən büllur
Bulaqlardan durudu,
İşığa möhtacların
Gözlərinin nurudu.
Mehribanlıq müqəddəs
“Ana”, “Vətən” sözüdü.
Azərbaycan adında
Həqiqətin özüdü.
Mehribanlıq yurdumun
Bəşəriyyət nağılı.
Qala divarlarımın
Yeni ömrü, sığalı.
Mehribanlıq fatehlik,
Dünya muzeylərindən
Tapılan çeşnilərim,
Tapılan naxışımdı.
Çiçəklərin gözüylə,
Gözəllərin gözüylə,
Nənələrin gözüylə
Dünyaya baxışımdı.
Mehribanlıq tarımın,
Kamanımın səsini,
Muğamın heyrətini,
“Heyratı” qeyrətini,
Qarabağ naləsini
Yer üzünə yayandı.
Mehribanlıq xalqımın
Milli sərvətlərinin
Keşiyində dayandı.
Bilirik, Mehribanlıq
Mehribanlıq güllərin
Yer üzündə əkəcək.
Ali Baş Komandanla
Kəlbəcərə, Şuşaya,
Laçına, Zəngilana,
Ağdama, Füzuliyə,
Zəfər yolu çəkəcək!
Kimsəsiz körpələrin
O, ümid çırağıdı.
Ağbirçək nənələrin,
Ağsaqqal babaların
Sevimli qonağıdı.
Gələndə dərdlilərin
Quruyur göz yaşları.
Vətənin qeyrət çəkən
Qızları- bacıları,
Əsgərlər- qardaşları.
Xalq ruhuna köklənib
Qəlbinin kövrək simi.
Tarixlərdə qalacaq,
Fatmeyi - Zəhra kimi.
Ulu Sara Xatuna
Əqidə yoldaşıdı.
YUNESKO-nun ən yüksək,
İSESKO-nun ən ali
Titulunu daşıdı.
Millətlərə sevdirdi
Kamanımı, neyimi.
YUNESKO-da keçirtdi
Akademik Yusifin
100 illik yubileyini.
Ulu Novruz bayramın
Bəşərin qeyri-maddi
Sərvəti elədi, O.
Millətin cəfakeşi —
Xalq bilir: belədi, O.
Əməli heyrət olub,
Düşməninə, yadına.
Amalı qeyrət olub
Hörmət, şöhrət gətirdi
Millətimin adına.
Onun adı gələndə,
Elim, obam öyünür.
Onun köksü altında
Qarabağ, Təbriz, Göyçə,
Dərbənd, Borçalı adlı
Böyük ürək döyünür.
O ürəyin telləri
Minillik tariximin
Haqq sözü, haqq səsidi.
O ürəyin sahibi
Qadınlığın ən uca,
Əlçatmaz zirvəsidi.
Nəciblik kökdən gəlir,
Kökü dərin qatlarda.
Qüruru uca dağdı.
Bir budağı Ərdəbil,
Bir qolu ulu Şirvan,
Unudulmaz Lənkəran,
Bir yanı Qaradağdı.
Köksündə Vətən adlı
Bütöv ürək döyünür.
Bir qolu Xan Arazdı,
Bir qolu da Ana Kür.
Beşiyi başındadı,
Kamanımın, tarımın,
Yadların göz dikdiyi
Xalı-xalçalarmın.
Xalıdan söz açdımsa,
Xalı düşdü yadıma.
Anam toxuyan xalı.
Çəmən kimi bəzəkli,
Ətir qoxuyan xalı.
Anam, öz əllərinlə
Mənə bir xalı toxu.
Əriclərin üstündə
Göyçə mahalı toxu,
Dəmir qapı Dərbəndi,
Borçalını unutma,
Təbriz mahalı toxu.
Çeşnisini deyərəm:
Qılınc, qalxan, tar, qaval,
“Cəngi”, “Yallı” havası,
Bir də qayada qartal.
Arğacları keç, toxu,
Rənglərini seç, toxu.
Elə toxu ki, onun,
Hər ilməsi qərinə,
Dönəsi əsr olsun,
Elə etmə çeşnidə
Keçmişdən kəsir olsun.
Xalı düşüb yadıma,
Anam toxuyan xalı.
Çəmən kimi bəzəkli,
Ətir qoxuyan xalı.
Anam düşüb yadıma,
Gözümə getmir yuxu.
Elimin ağbirçəyi,
Hanan əric-arğaclı
Əlinə qurban olum,
Mənə bir nağıl danış,
Dilinə qurban olum,
Mənə bir xalı toxu,
Mənə bir xalı toxu.
Alqış olsun xalıya
Sığal çəkən əllərə.
İlmələr həyat verir
Çiçəklərə, güllərə.
Yerliyi mavi səma,
Yeləni milli naxış.
O xalının üstünə
Göydən ulduzlar yağmış.
O “Nəlbəki”, o “Buta”,
“Malıbəy”lidi o da.
Allah, barmaqlar necə,
İpi bürüyüb oda?
Xalıya köçürmüşdü
Ərdəbil dağlarını,
Təbrizin, Qarabağın,
Alma, nar bağlarını.
Araz qan rəngindəydi,
Yasdaydı Göyçə gölüm.
Şuşada solmamışdı
O vaxt Xarı bülbülüm.
Mənim müqəddəs kəndim
Meşəlini yağılar
Hələ yandırmamışdı.
Dərd qəddimi əyməmiş,
Məni sındırmamışdı.
Bənövşələr, nərgizlər
Vaxtsız bükülməmişdi.
Ağbirçək anamın da
Qanı tökülməmişdi.
Əsir deyildi hələ
Xalçam, xalılarım da.
Qan gölündə üzmürdü
Körpə balalarım da.
Bir an çıxmaz yadımdan
Meşəli soyqrımı.
Anamın evimizdə
Yandırılmış hanası.
İntiqama çağırır
Şair Əli Mahmudun
Şəhid olmuş anası.
Xalı düşüb yadıma,
Anam toxuyan xalı.
Çəmən kimi bəzəkli,
Ətir qoxuyan xalı.
O xalının üstündə,
Bütöv Azərbaycanın
Sərhədləri toxunsun.
Qüdrətli ordumuzun
Zəfər marşı oxunsun.
Torpağıma dikilən
Bütün gözlər oyulsun.
Ən uca zirvələrdə
Sərkərdəmiz İlhamın
Qranitdən yonulmuş
Heykəlləri qoyulsun.
Tomris kimi cürətli,
Sara Xatun qeyrətli,
Natəvan tək xeyirxah
Müqəddəs bir varlığın.
Adı Mehriban xanım!
Onun müdrikliyiylə
Yer üzündə hamıya
Bəlli oldu ünvanım.
Avropa ellərində
O qədim muzeylərin,
Şah əsərləri mənim.
Min illərdi düşmənlər
Adıma çıxmış qənim.
Tarixdən gizlədilmiş
Qarabağ xalıları,
Şirvanın xalçaları.
Yad adlara yazılmış
Xalqın müqəddəs varı.
İşıq saldı tarixin
Gizli vərəqlərinə.
Oturtdu düşmənləri
O şər, böhtan yerinə.
İlmələrdə oxutdu,
Tarixini, adını.
Həqiqətin fatehi
Anam, bacım Mehriban,
Başda tacım Mehriban-
Azərbaycan qadını!
Ürəkləri titrədən
Mənim kamanım, tarım,
“Cəngi”m, “Yallı”m, “Qatar”ım
Bütün bəşəriyyətin
Qanını qaynatsa da,
Yerindən oynatsa da,
Gözləri qamaşdıran
Günəşə baxmırdılar.
Bizi sevməyənlərdə
Ağıl az, düşüncə dar.
Mehriban Arif qızı
Qaranlıqlar içində,
Gur bir məşəl yandırdı.
Muğamımı tanıdıb
Qərbi heyrətləndirdi.
İlahi qüdrətimə
Dünyanı inandırdı.
Onu doğan ananın,
Elmin sərt yollarında
Günəş kimi yananın,
Məzarı qarşısında
Dayanıb baş əyirəm.
Analar anasına,
Sonalar sonasına
Doğma bacı deyirəm,
Doğma ana deyirəm.
Qaynata Ulu öndər
Qaynana mələk kimi.
Əllərinin şəfası
Qaranlığın düşməni.
Qəlbi həssaslıq simi.
Zərifə adlı ana
İşığın hakimiydi.
Xeyirxahlıq səsiydi,
Paklığın zirvəsiydi.
Oğul verdi xalqıma
Amalı nurla dolu.
İlhamla davam edir
Müstəqilliyin yolu,
Ulu Öndərin yolu.
İlhamla davam edir,
Eniş-yoxuşlu yollar.
Dünyanı qucaqlayıb
Güclü, qüdrətli qollar.
Öyün, Azərbaycanım,
Heydərin davamçısı
İlham adlı sərkərdən,
İlham adlı oğlun var!
Bizim Türk dünyasının
Müdrik ağsaqqalından,
Çingiz Aytmatovdan
Bir müsahibə aldım.
Yazıçı dünyasına
Beləcə, heyran qaldım.
Fərəhlə söhbət açdı,
Ulu öndərimizdən.
Dedi, uğurunuz çox,
Halıyam dərdinizdən.
Həm də sevinirəm ki,
Heydərin davamçısı,
Ölkənizin başçısı
Gənc İlham Heydər oğlu
“Yaşadığımız əsrin
Lider etalonudu”.
Nura qərq olmuş yolu,
Tanrı qorusun onu.
Öyün, müqəddəs Vətən!
Dünya möhtacdı bu gün
İşığına, nuruna.
Neçə dövlət rəhbəri
Hələ növbə gözləyir
İlhamın hüzuruna.
Daha gur yanacaqdı
Millətimin çırağı,
Millətimin ocağı.
Doğma Azərbaycandan
İşıqdı, nurdu bu gün
Dünyanın umacağı.
Öyünsün Azərbaycan!
Andımız, inamımız
YUNESKO-da bəşərin
Qırx səfirdən biridir
Xalq elçimiz Mehriban,
Birinci xanımımız,
Səs vermişik hamımız.
Şərəf gətirdi sənə:
Anamız Azərbaycan!
Onun mərhəmətindən
Bulaqlar sulu olur.
Ucqar dağ kəndlərinin
İşığı, yolu olur.
Hər yerdə göz oxşayır
Yeni-yeni məktəblər,
Təzə xəstəxanalar,
Təzə kitabxanalar.
Ona minnətdar olur
Hər kənddə, hər şəhərdə
Yol gözləyən balalar,
Yol gözləyən analar.
Tikilən məktəblərin
Bilmək olmur sayını.
Kimsəsiz körpələrin,
Kimsəsiz qocaların
Gözünü yolda qoymur,
Kəsmir bayram payını.
Şəhid analarının,
Şəhid atalarının
Köməyi, gərəyidi.
Onu xalqa sevdirən
Köksü altda döyünən
Dağ boyda ürəyidi.
Onun həyat məramı
Mömünə Xatun kimi
Tarixlərin şahidi,
Qadınlıq nağılıdı.
Əkilib-becərilən
Milyon-milyon pöhrələr
Əlinin sığalıdı,
Ruhunun sığalıdı.
Tutduğu vəzifələr
Haqdan gələn haqqıdı.
Dünya müqəddəsliyi
Mehribanla tanıdı.
Qadınlıq zirvəsidi,
Analıq zirvəsidi,
Cəsarət dastanıdı,
Dahilik dastanıdı.
Bəşər öz səfirini
Bax, beləcə tanıdı.
Tolerantlıq dünyanın
Ali qanunu kimi.
Sülhə aparan yolun
Ədalətli hakimi.
Səsi uzaq ellərdən,
Minnətdarlıqla gəlir.
Qoy öyünsün qoca Şərq,
Dinləsin gənc Avropa.
Xəzərin sahilində,
Düşmənlərə göz dağı—
Al bayrağım yüksəlir.
Avropa, aç gözünü,
İkili standartlar
Sonuna çıxa bilər.
Hansı suçlu baxışlar
Ədalətin gözünə
Nə vaxt düz baxa bilər?
“Avropa oyunları”,
Söylə, suçun nəyidi?
Avropa İttifaqı
Sənin xətrinə dəydi.
Qolunun qandalını
Açdı Azərbaycanım.
Təşkilat Komitəsinin
Sədri Mehriban xanım.
İslam həmrəyliyinin,
İndi səsi, sorağı
Qoca Şərqin qapısı
Bakımızdan gur gəlir.
Türküstan ellərindən
“Gəl birləşək”—yüksəlir.
Həmrəylik oyunları
Təşkilat Komitəsinə
Sədrlik, səlahiyyət,
Vitse prezidentimiz,
Ürəyimiz, canımız,
Birinci xanımımız
Mehribana verildi,
Ona layiq görüldü.
***
Ulumdu, ulusumdu,
Qədim Bakı kəndləri.
Divarına, daşına
Kərpic-kərpic yazılmış
Tarix min ildən bəri.
“Bu qala bizim qala,
Həmişə bizim qala
Tikmədim özüm qalam,
Tikdim ki, izim qala...”
Qəbir daşlarındakı
Naxışlar pozulurdu.
Bu müqəddəs diyarın
Tarixi yozulurdu.
Daş abidə, daş yaddaş
Oxundu sətir-sətir.
Məscidlər, minarələr
Başım üstündə çətir.
Qorunur — Mehribanın,
Kişilik qeyrətidi.
Saxta tarixçilərin
Sonuncu heyrətidi.
***
Onun təşəbbüsüylə
Hərə bir ağac əkdi,
Hərə bir gül becərdi.
Təbiət xalısını
Boz səhralara sərdi.
Parklar, bağlar çoxalır,
Fəvvarələr bərq vurur.
Eşitdim dədələrdən,
Eşitdim nənələrdən:
“Mehriban balamızın
Adı xalqına qürur”
Ehtiyacı olanlar,
Evsiz-yurdsuz qalanlar,
Hələ gənclik çağında
Çiçək kimi solanlar,
Onun mərhəmətilə
Dərd əlindən sovuşur —
Arzulara qovuşur.
Qızmar, günəşli gündə
Bir sərin meh kimidi.
Suya təşnə güllərə,
Çilənmiş şeh kimidi.
Kövrəklik anadandı,
Müdriklik qaynatadan.
Göydən gələn mələkdi.
Özü nənə olsa da,
Gəlin kimi də təkdi.
Ailə -alınmaz qala,
O gəlindi, anadı.
Heydər Öndərə nəvə,
İlhamın qol-qanadı.
“Xocalıya ədalət”
Qızı Leylanın andı.
Onun çağrışı ilə
Yatmış dünya oyandı.
***
Ermənilik- fəlakət,
Bəlli oldu hər kəsə.
Avropa utanacaq,
Əgər haqqı deməsə...
Bəşər haqqı deməsə
Kəsilərmi qan izi?
Soyqrım tanınmasa
Qınamasınlar bizi.
Qisaslar alınacaq,
Torpaq qaytarılacaq.
Yanacaq yurdumuzda
Söndürülmüş hər ocaq.
Arzunun arzuları
Bilirəm, gül açacaq.
Bir daha sönməyəcək
İşıq saçan od-ocaq.
***
Mehriban xanım nənə,
Nəvələri bal kimi.
Gülüşlər gül yağışı
Bir sonsuz vüsal kimi.
Addımlar inam oldu,
Addımlar İlham dolu.
Heydər əlçatmaz zirvə,
Nəsli uludan ulu.
Qüdrətim çatacaqmı
Onu vəsf eləməyə?!
Güvənmişəm Tanrıya
Mən də şairəm deyə.
O, elə günəşdi, əbədiyyətdi:
Nə qürub edəsi, nə də batası.
Vətəni ucaldıb arzuya yetdi,
Durdu keşiyində millət atası.
Başımın üstündə ilıq nəfəsi,
Qəlbimdə sönməyən bir sevgisi var.
Göylərə ucalan əzəmətindən,
Sevindi zirvələr, sevindi dağlar.
Onun yadigarı müstəqilliyim,
Hər gün gözəlləşən kəndim, şəhərim.
Əbədi sərvətim qanunum, dilim,
İlhamla açılan nurlu səhərim.
Onun yadigarı balaca Heydər
Müqəddəs bir nəslin qolu, budağı.
Bir ordu yaratdı, güclü, səfərbər,
Önündə ağ bayraq qaldırar yağı.
***
Ata el ağsaqqalı—
Arif Mir Cəlal oğlu.
Alimlərin alimi
Yurda, Vətənə bağlı.
Saçı dağların qarı,
Simasından nur yağır.
Bu dünyanın dərdləri
Alnına salıb cığır.
Ata yurdu Ərdəbil,
Ana yurdu Qarabağ.
Vətən parça-parçadı,
Sinəsinə çəkib dağ.
Heyhat, vaxtsız itirmiş
Aidə xanım kimi
Ömür-gün yoldaşını.
Müqəddəs sevgisini,
Bir alim sirdaşını.
Şərqşünaslıq elminin
Əlçatmaz zirvəsiydi.
Azərbaycan gözəli,
Azərbaycan səsiydi.
Ərəb şairlərini
Öyrənib tədqiq etdi.
Əbədi yaşasa da,
Həyatdan vaxtsız getdi.
***
“Bir gəncin manifesti”
Mir Cəlal dünyasıydı.
O, dünyadan köçəndə,
Ziyalılıq yasıydı.
Haqq evinə qovuşdu
Haqqın carçısı kimi.
Uşaq paklığındaydı
Qəlbinin kövrək simi.
Pisliyə qalib gəldi-
Qələbəsiydi onun.
Çox sevilən şairlər,
Müdrikləşmiş alimlər
Tələbəsiydi onun.
Dövlət Universiteti
Məkkə, Mədinəsiydi.
Dünyadan umacağı.
Təkcə paklıq — bəsiydi...
Təbiətin ən gözəl,
Ən bakirə çağında
Dünyaya bir qız gəldi
Mir Cəlal ocağında.
***
Şər, böhtan deyənlərin
Dilini bağla, Allah!
Sən şərin düşmənisən,
Yadında saxla, Allah!
Yalanı düşmənlərə
Pulla satanlar da var.
Həqiqətdən xəbərsiz
Ara qatanlar da var.
Uğurları görməyən,
Gözləri kordu onlar.
Palaz qudaqları var
Doğruya kardı onlar.
Böhtan bazarlarında
Olublar söz dəllalı.
Yaltaqlıq yalağında
Düşmən artırır yalı.
Qrantlar satqınlara
Verilən tula payı.
Vətəndən üz döndərir
Yurdunu yağmalayan,
Xocalını yandırıb
Sinələri dağlayan
Erməni olur dayı.
Sən ey satqın, fitnəkar,
Dünyaya qucaq açan
Yoluma, izimə bax.
Sənin öz xəyanətin
Axırına çaxacaq.
Şər, böhtan deyənlərin
Dilini bağla, Allah!
Sən şərin düşmənisən,
Yadında saxla, Allah!..
Əli MAHMUD,
AYB və AJB-nin üzvü, ”Qarabağa aparan yol”
qəzetinin təsisçisi və baş redaktoru
Facebook-da paylaş