“Ədalət”dən tanıdığımız Şamxal...

      Bir səhərin sevinci...
 

      Əziz Şamxal, səni tanıyan bilir ki “Ədalət” əmin əllərdədi. “Ədalət”i vərəqləyəndə biz səni görməsək də, sən bizi yaxşı görürsən - yazanımızı da, yaza bilməyənimizi də.  
      Biz səni “Ədalət”i sahmana salan oğlan kimi tanıyırıq, yaşlı nəsil isə Şəmsəddin Şəbiyevin oğlu kimi . İndiyə qədər səni Yardımlı jurnalistika tarixinə adını qızıl hərflərlə yazan ilk üç peşakar jurnalistdən biri, yardımlı Rayon İcra Hakimiyyəti Başçısı Aparatı Ərazi İdarəetmə Orqanları ilə iş şöbəsinin baş məsləhətçisi, ehtiyatda olan zabit, kapitan olan atana görə tanıyanlar yəqin bundan sonra da atanı sənə görə tanıyacaq, sevəcək. Zaman dayanmır axı, həyat həm də bumeranqdı. İllərlə sənə görə tanıdıqları övlad vaxt gəlir səni tanıdır, səni hörmətlə yenidən yada salır - kölgəsində minlərin dincəldiyi qol-budaqlı nəhəng bir ağac kimi. Elə ən böyük bağban atadır - cəmiyyətə faydalı övlad böyüdən ata...
     Sənə “oğlum” deyən Hüsniyyə xanımdan soruşdum, mənə də qızım deyirsən, de görüm indi hansımızı çox istəyirsən, oğlunu, yoxsa qızını? Həmin məqamda Hüsniyyə xanımın gözümün içinə baxıb susması da cavab idi. Düzü, indiyə qədər elə bilirdim o kimsəni məndən artıq sevməz. Gördüm yanılmışam. Sənin kölgənə mənim kölgəmdən daha çox güvənirmiş. Elə ona görə mən də susdum. Sən o sevgini qazana bilmişdinsə, daha danışmağın yeri yoxdu. 
    Hər dəfə hörmətlə yanaşdığın baş redaktorumuz Əli müəllim də xətrini çox istəyir. Bircə problem var ki, hər dəfə adın yadından çıxır. Amma Allah var, hər dəfə səni səsləyəndə baş hərfini özü xatırlayır, gerisini biz gətiririk. Demək, baş redaktorumuzun da yadındasan. Sənə hamıdan gözəl xitabı da elə Əli müəllim edir, “ağayana oğlan” deyir.  
    Əli müəllim yanılmaz, axı sənin qapın da, qəlbin də hamıya açıqdı -  əl tutmağı sevirsən. Necə ki 15 ildir “Ədalət”in əlini buraxmırsan.  Bəlkə də bitirdiyin Bakı Dövlət Universitetinin “Tarix”i -  elə bu tarix yolu səni  “Ədalət”ə gətirib çıxarıb. Hələ tələbə vaxtı qapısını açdığın “Ədalət” illərdir doğma ünvanına çevrilib. 
    Ünvan demişkən, neçə ildir Nəşriyyatda qonşuyuq axı. Hətta aramızda belə bir şüar da var; “Ədalət”ə gedən yol “Qarabağa aparan yol”dan keçir. Necə ki keçdi, axı keçməyə bilməzdi...       

      Hər gün “Qarabağa aparan yol”un yanından keçib “Ədalət”ə tələsənlərdən biri də sənsən. Ona  görə sənə “ədalətin əlləri” deyirik...  Qəzeti  sahmana salan, səhifələrinə naxış vuran, sığal çəkən əllər... İşin göründüyü qədər asan deyil. Gündəlik qəzetin ağır yükü həm də sənin çiyinlərinə düşür. Qəzetdəki ölçü-biçiləri, məsafələri, nizam-tarazlığı qorumaq insandan həm də hər kəsin bacarmadığı səbr, istedad tələb edir. Hər birimiz bilirik ki qəzetin taleyi təkcə onun məzmunundan asılı deyil, bu məsələdə forma da önəmlidir. Hələ bəlkə də forma– təqdimat birinci, məzmun ikincidir. Çünki məzmunu təqdim edən formadır. Bax elə bu mənada sən ”Ədalət”in formasını biçirsən.  Asan deyil, səhifələri imzalar arasında elə bölməlisən ki, bu yazı o yazıdan incik düşməsin, bu imza o imzaya kəm baxmasın.
        Oxucu bilməsə də, biz yaxşı bilirik ki, qəzetin görünən tərəfinin əziyyəti görünməyən tərəfinin əziyyətindən çox olur. Necə ki, sən bir gün işə gəlməsən “Ədalət” axsayar, neçə imza, neçə söz oxucusuna gecikər, hər Qasiddə bir “Ədalət” kəm gələr. 
      ...Bilmirəm Qasidin qarşısından keçəndə dayanıb “Ədalət”ə baxmısanmı heç, mən çox baxmışam. Və hər dəfəsində ürəklənmişəm, ümidlənmişəm. Düşünmüşəm, Qasidin belə “Ədalət”i var, dünyanın niyə olmasın...
        Yaxşı ki mətbuatın da “Ədalət”i, onu oxucusuna gecikdirməyən çaparı, belə qoçaq əsgəri var... Təsadüfən deməyiblər ki, insan adına çəkər. Sən də adını belə doğrultmusan. Anlamı “Müşket” - silahlı əsgər, igid mənasını daşıyan adın, varlığın, yaradıcılığınla mətbuat aynası olan qəzet səhifələrini, eləcə də “Ədalət”i  rəngləndirib sahmana salırsan. Sən də “Ədalət”in əsgərisən, ədalət cəhbəsində böyük hünərlə döyüşürsən. Nə fərqi var, sənin də silahın “klaviaturandı”.
       Bildiyim, anladığım qədər işini ustalıqla görürsən. Xoşumuza gələn əsas tərəfin isə bu deyil, sənin bir gənc olaraq xüsusi zövqə, ədəbi mütaliəyəyə sahib olmandı. Görünür, bu mütaliənin, peşənin gözünə qarışan bu sağlam keyfiyyətinin təsiridir ki, dövlət, xalq, peşə sevgini heç zaman ikinci plana ata bilməmisən. Mətbuatda qazandığın hörmət də bu sadiqliyindən qaynaqlanır. Müəllimim deyirdi, “gülməyə nə var, hamı bacarır, əsas ağlamağı bacarmaqdı”. Sən bacarırsan. Çünki ağrıya bilirsən, duya bilirsən, elə bundandı ki, hər kəsə əl tutmağa çalışırsan. Biz də sənin doğum gününü təsadüfən yadımızda saxlamamışıq. Kim bir-birini qonşu qədər yaxşı tanıyar ki... Tanıyasan və sözünü deməyəsən. Bu, pis olardı. Elə ona görə də doğum gününü bəhanə edib sözümüzü demək fürsətini qaçırmadıq. 
       Əzəldən belədi; bu otağın işığı o otağa da düşər. İşi nə qədər çox olsa da, “Ədalət”in əlləri zaman-zaman bizə də uzanır. Kompüterimiz sözümüzə baxmayan kimi nəsə sən yadımıza düşürsən. Çünki kompüter sənin sözünə yaxşı baxır. Səni görən kimi düzəlir. Deyəsən, o da xətrini çox istəyir.     

        Bu günə qədər inandığın yolla getmisən, əqidən, vicdanın, dürüstlüyün, mənəviyyatınla birgə sevgi qazandığın bu yolda - “Ədalət”də sənə uğur diləyirik... Bilirik ki, bu gün də dünyaya gəldiyin bir səhərin sevinciylə yaşayırsan. Həmişə olmasa da, bəzən belə olur. Bir səhərin sevinci insanı bir ömür tərk etmir. 
        Bir sevincini də yadına salım. Halbuki o sevincin içərisində təkcə sənin yox, bütün xalqın ürəyi döyünürdü, haqqın gəlişinə hamımız sevinirdik, amma sən... Yadımdadır, 44 günlük Vətən Müharibəsində prezidentin qələbə tvitlərinin admini olmaq istəmişdin...

Təranə Əlizadə
 
 


Facebook-da paylaş