QİSMƏT
(Davamı)
Komissar üzünü bələdçi oğlana tutub, -ay bala, sən deyirdin biz kimin evinə düşəcəyik?
Yoldaş komissar, bax o yuxarıdakı evi görürsünüz, bacasından tüstü çıxır.
Komissar diqqətlə oğlan göstərən yerə baxıb:
-Hə, -dedi.
O bu kənddə ən hörmətli kişilərdən biri olan Nejaf kişinin evidir. Buralarda hamının yaxşı tanıdığı Qara Məhəmmədin qardaşı Nejaf kişini deyirəm.Bəlkədə eşitmiş olarsınız, Qara Məhəmmədin dəvələri o taya keçmişimiş.İran xanı da vermək istəmirmiş.Qara Məhəmməd gedib gecə xanın evindən körpə oğlan uşağını götürüb gətirib.Səhər xan məsələni biləndə dəvələri böyük pay-pülüşlə yükləyib gətirib uşağı alıb aparıb.Onlar belə igid, həm də mərd adamlardı.Biz də bu gecə Nejaf kişinin qonağı olacağıq.
Bələdçi oğlan atı irəli sürüb Nejafın doqqazının ağzında saxladı.
-Ay Nejaf kişi!
İçəridən bir qədər boğuq, ancaq ötkəm bir səslə kimsə:
-Nədi ay bala, nə istəyirsən, -dedi.
Mənəm ay Nejaf kişi Xudafərinli Qiyasın oğlu Arifəm.
Başında qara qoyun dərisindən tikilmiş yun papağı olan orta boylu, enli kürəkli, saqqalı tamam ağarmış bir kişi doqqaza tərəf ağır addımlarla yaxınlaşdı.
-Arif, bala bu vaxt xeyirdimi?
-Nejaf kişi rayondan gəlirik. Axşama düşdük.Dedik bu axşam sizdə gecələyək.Qonaq qəbul eliyərsinizmi?
Nejaf kişi qonaqlara diqqətlə baxıb, hərbi geyimli, əli silahlı bu adamlardan ağlı bir şey kəsməsədə, boğazını artlayıb:
-Əlbəttə, ay bala.Deyiblər qonağın ruzisi özündən qabaq gəlir.Xoş gəlibsiniz. Atları çəkin içəri, -dedi.
Nejaf kişi atlara diqqətlə baxıb:
-Arif, atlar həm ac, həm də tərlidir. Bayırda qalsa soyuqdan çərləyərlər.Mənə kömək elə atları tövləyə çəkək. Bax o tayanı görürsənmi yabanı götür bir xeylax ot gətir tök atların qabağına qoy yesinlər. İnsan oldu, heyvan oldu gərək aclıq çəkməsin.Aclıq bütün varlıqların qənimidir.İndiki zamanda ay bala çoxları aclıq çəkir.Yenə şükür allaha biz vaxtında çalışıb özümüzə qış azuqəsi toplamışıq.Hələ nə özümüzün, nə də heyvanımızın korluğu yoxdur.
Qonaqlar əllərini yuyub isti sobanın başında oturmuşdular. Evin divarından asılan çıraq ətrafı işıqlandırır, içəridə insanlar hərəkət etdikcə kölgələr bir-birini qovur kimi o yan bu yana qaçırdı. Uzaq yol gəlib yorğun olan qonaqlara isti samovar çayi içdikcə ləzət verirdi.
Qonaqlar təzə bişirilmiş isti yeməyi yeyib doyduqdan sonar komissar Nejaf kişidən kənddə ki, cavanları xəbər aldı.
-Nejaf kişi, bu kənddən neçə nəfər cəbhəyə gedib?
-Çox, ay oğul. Elə mənim bacım oğlu Rəhim, İsrafil oğlu Ərşad, Almurad oğlu Bəşir, Ağamalı oğlu Həbi, Mikayıl... Saymaqla qurtararmı.
Komissar bir qədər fikirləşib:
-Yaşı cəbhəyə düşən cavanlardan kənddə kimlər var?
Kimin yaşı düşürsə çağırırlar.Onlar da sorğu sualsız gedirlər. Mənim bacım nəvələri var, Əşrəf, Mərdan yəqin bu gün sabah onlarıda çağıracaqlar. Day kənddə başı papaqlı bir cavan qalmayıb.
-Nejaf kişi, deyirlər bacınız oğlu Əşrəf yaxşı ovçudur? –komissar ikibaşlı sual verdi.
Nejaf kişi də özünü o yerə qoymayıb:
-Hə, bizim bu dağlarda çoxlu ov heyvanları – kəklik, dağ keçisi, hələ mənim cavanlığımda maral da var idi, -dedi. Bu, tikanl məftillər Arazın qırağına çəkiləndən sonar onlar da bu dağlarda azalıdı.Bilirsən niyə? – Bu heyvanlar Arazın o tayından, bizim bu dağlara qarşı yatan quzeyin o biri üzündən gəlir. Ora Qaradağ mahalıdır.Babam danışırdı ki, Qaradağın bizim tərəfimizdən görünməyən o biri üzü buradan – yəni Diridağından da daha sərt qayaları olan bir yerdi.Buralara dağ keçiləri vaxtı ilə o torpaqlardan gələrmiş.
Komissar maraq qarışıq bir nəzərlə Nejaf kişini süzüb:
-Nejaf kişi, Əşrəfi çağırtdıra bilərsənmi?
-Hə, indi uşaqları göndərərəm çağırsınlar, -dedi.
Bir qədər sonar içəri 25-26 yaşlarında cavan bir adam daxil oldu. Nazik, hündür boylu,enli kürəkli, düz biçimli bu oğlanın sifətinə yaraşan çoxda böyük olmayan hilala bənzər bığları var idi. Gələn adam evədkilərə ədəblə salam verib, üzünü Nejaf kişiyə tutdu:
-Dayı, uşaqlar dedilər məni çağırmısan?
Nejaf kişi:
-Hə Əşrəf, əyləş.
-Nejaf kişi, üzünü hərbi geyimli adamlara tutub:
-Komissar səni görmək istəyir, -dedi.
Əşrəf hamıdan aşağı tərəfdə əyləşib maraqla qonaqlara, bir də onlara yaxın yerdə divara söykənmiş silahlara baxdı.
Komissar çöl-bayırda şaxtadan, gündən yanıb, bərkimiş qartal baxışlı, iri əlləri olan bu cavan oğlanı maraqla süzüb bir başa mətləbə keçdi.
-Əşrəf, ailənizdə siz neçə qardaşsınız?
Komissarın bir başa mətləbə keçməsi Əşrəfi heç çaşdırmadı.Bu da komissarın gözündən yayınmadı.Deməli, qorxan oğul deyil.Belə torpaqda elə belə də oğullar yetişməlidi.Halal olsun bunu əkən kişiyə, süd verən anaya.
Əşrəf düşündü ki, cəbhəyə əsgər toplanması komissarın ən vacib işidir.Ona görə də bu kənddə cəbhəyə yararlı olan neçə adamın olmasını müəyyənləşdirməyə çalışır. Özünü o yerə qoymadan:
-İki nəfərik. Mən, bir də kiçik qardaşım Mərdan, -dedi.
-Sizə cəbhəyə çağırış haqqında kağız gəlibmi, -komissar, -sual verdi.
Əşrəf komissarın üzünə dik baxdı:
-Xeyir, gəlməyib. Qardaşım Mərdan hələ balacadır.Mənə də nə vaxt gəlsə getməyə hazıram.Biz vətənimizi qorumaq üçün dünyaya gəlmişik.Bir də bilmək olmaz ölüm bizi harda haqlayacaq.Bu qismət işidir.
Komissar bu oğlanın belə ürəkli danışmasına məhəttəl qalmışdı. İnsanlar bəzən ölümə aparan qanlı cəbhəyə gedən yoldan yayınmağa çalışırdılar. Ancaq bu oğlan heç nədən qorxmadan hər şeyə hazır olduğunu düz gözümün içinə baxaraq söyləyir.
-Görünür bu dağların keçilməz təbiəti belə igid oğullar yetişdirir. İnsan təkcə ata-anasının deyil, həm də böyüyüb boya-başa çatdığı torpağın, bulaqlarından doyunca su içdiyi dağların övladı olur. Bayaq Arif dedi axı, Əşrəf Qara Məhəmmədin bacısı nəvəsidir. Bunun dayısı Qara Məhəmməddə oğrlanmış dəvələrini geri almaq üçün tək başına o tayda xanın evini gecə ilə basıb beşikdən körpə uşağını gətirib.Atalar düz deyib “igid oğul dayısına oxşayar”.
Komissar bu yaraşıqlı oğlana baxıb gündüz Təkə yatandan gələndə gördükləri dağ keçilərini xatırladı.
-Əşrəf, deyirlər sən yaxşı ovçusan, düzdü?
Əşrəf komissarın mövzunun qəflətən belə dəyişməynin fərqinə varmadan, təvazükarlıqla gülümsəyərək:
-Nə deyim, vallah. Biz, bu dağların övladıyıq, ümidlə ruzi dalınca getdiyimiz bu qocaman dağlar, dərin dərələr hələ bizi naümüd, əli boş geri qaytarmayıb.
Komissar bu cavan oğlanın belə gənc yaşlarından kamil olmasına da məhttəl qaldı. Bayaqdan bəri ürəyində saxladığı fikirin dilinə gətirdi:
-Əşrəf, bir həftəyə mənə bu dağlarınızdan bir keçi ovlayıb gətirə bilərsənmi?
-Qismətinizdə varsa gətirərəm, -Əşrəf suala iki başlı cavab verdi.
Komissar:
-Yəqin bizi qismətimiz bura gətirib. Axı, deyirlər insan qismətini axtardığı kimi, qisməti də onu axtarır.Yoxsa, biz bura necə gəlib çıxardıq.Bir həftədən sonar səni gözləyəcəm.
-Oldu! Bəlkə də daha tez gəldim.Bu sizin qismətinizin gəlib çıxmasından asılıdır.
-Ovun qanlı olsun, igid oğul! Yaxşı, indi get dincəl, -komissar dedi.
…Əşrəf Diridağının ov bəndərgahlarını yaxşı tanıyırdı. Axşamdan hazırlaşıb gecədən yola düşmək istəyirdi. Nənəsi Xeyrənsə xanım Əşrəfə üzünü tutub:
-Əşrəf, sən bu dağlarda böyümüsən, həm də yaxşı ovçusan.Ancaq bu dəfə ova yox, elə hesab elə ki, vacib bir tapşırıq yerinə yetirməyə gedirsən. Ona görə də sözlərimə diqqətlə qulaq as, dedi.
Əzizim, dağı danlar,
At oxun dağıdanlar.
Naşı ovçu ov vurmaz,
Qayıdı dağı danlar.
Ovçu, ovçu ha maral,
Budu getdi ha maral.
Belə can almaq olmaz,
Can alırsan hamar al.
…Diridağının başından gün hələ çıxmamışdı. Əşrəf Mazannənə pirindən Qumlağa tərəf Buğda zəmisinin Xudafərin körpüsünə baxan üzündə, qara sal qayanın başında daldalanıb ətrafı bir qızıl quş kimi yuxarıdan seyr edirdi.Yavaş-yavaş dərələr işıqlanır, necə deyərlər “iti qurddan artıq seçmək olurdu”.Əşrəf qəflətən gördüyü mənzərəyə özü də inanmaq istəmədi. İlahi, bu qədər uğurlu ov ola bilərmi, özü də çətin ələ düşən dağ keçisi?
Aşağıdan boz qayaların arası ilə bir topa vəhşi keçi düz ovçunun üstünə gəlirdi.Aralarındakı təkə çox böyük uzun buynuzları ilə üzərinə çıxdığı qayalara şahənə bir görkəm verirdi.Gah sürüsündən qabağa keçir, gah da geri qalırdı.Bu hətəkətləri ilə sanki demək istəyirdi buraların böyüyü mənəm.Nə istəsəm onu da edə bilərəm.
Hava getdikcə işıqlanırdı.Artıq Əşrəfin iti ovçu gözləri qarşısında onu həyəcana gətirən mənzərəni aydın görürdü. O, keçilərə bir-bir diqqətlə baxdı. Onları saydı, bü topada on altı keçi var idi.Yenə də diqqəti bayaqkı məğrur başçıya qayıtdı.Bizim qismətimiz bu olmalıdır, -fikiri ürəyindən keçdi. Qoy, bir az da gözləyim, daha da yaxına gəlsinlər. Zaman Əşrəfə çox uzun gəlirdi.Elə bil hər şey dunyada donmuşdu.Təkcə hərəkət edən bu dağ keçiləri idi.Onlar da gəlib güllə mənzilinə çıxmırdılar.Uzaqda qayanın başına bir topa kəklik gəlib qondu.Havaların hələ soyuq olmasına baxmayaraq onlar səhərin ala-toranında seyrək-seyrək oxuyurdular.Əşrəf hərdən kəkliyin səsi gələn tərəfə baxsa da diqqəti keçilərdən yayınmırdı.Artıq sürü güllə mənzilinə gəlib çatmışdı.İlk qənşərə çıxan elə bayaqkı yekə təkə oldu.Qayanın üstünə çıxıb ətrafı seyr etdi.Gah sağ, gah da sola, hərdən aşağıya, hərdəndə yuxarıya basin çevirib baxırdı.Elə bil buralarda nəyinsə yerində olmadığını aydınlaşdırmağa çalışırdı.Vəhşi heyvanlar ovçuların iyini tez duyurlar.Ancaq Əşrəf təcrübəsindən bilirdi ki, hvanın nəm, rütubətli olması onun qoxusunu ətrafa yayılmasına imkan verməyəcək.
Daha vaxt idi.Gecikmək olmazdı.Atası Süleymandan qalan tüfəngin tətiyini çəkib nişangahı gözünün qabağına gətirdi.Elə bu anda cavan bir keçi gəlib Əşrəflə düz təkənin arasında dayanıb, qoca başcını qoxuladı.Cavan keçi Əşrəfin niyyətini dəyişdirdi.Yox, atəş açmaq olmaz.Cavan heyvanıda yaralayaram.Gözləyim.Bəlkə aralanar.Cavan keçinin isə elə bir fikir yox idi. O heç kənarda iştahla otlayan digər keçilərə əhəmiyyət vermirdi. Bayaqkı hərəkətlərini təkrar edir, başı ilə sürünü başçısına hərdən toxunurdu.Cavan keçinin bu hərəkətlərindən bezən təkə iri buynuzları ilə qəflətən onun qarnına toxundu.Qəfil zərbədən hürkən cavan keçi hoppanıb kənardakı daşın üstünə çıxdı.Həmin anda da Buğda zəmisinin qayalarında əks-səda verən güllə səsindən bayaqkı kəklik topası pırr eləyib havaya qalxdı, keçilər isə qəfil səsdən dəstələnib gəldikləri istiqamətdə geryə qaçdılar. İri buynuzlu başçı geriyə qayıdıb qaçan sürüsünün dalınca ümidsiz baxıb, bir an yerində donub qaldı, sonra qabaq ayaqlarını irəli atmaq istədi, bacarmayıb başı üstündə qaya parçası kimi üstdən aşağı dığırlandı.
Gördüyü mənzərədən sevinən Əşrəf dərindən nəfəs alıb gizləndiyi daşın arxasından çıxıb üstündə oturdu. Başçısız geri qayıdan sürü qayaların arxasında yox olanda, elə bil kimsə Əşrəfə sən bir ailəni başçısız qoydun. Bu günah deyilmi?
Bu düşüncələr Əşrəfin bayaqkı sevincini bir anda yox elədi. Oturduğu daşın soyuqluğunu elə bil indi hiss etdi. Ayağa durub həmişə üstündə gəzdirdiyi iti bıçağını cibindən çıxarıb yerdə cansız uzanan məğrur başçının iri buynuzlarından yapışıb kəsdi.Sonra da çətinliklə olsa da çiyinlərinə qaldırıb qayaların arası ilə gedən dar cığırlarla kəndə qayıtdı.
Onun belə tez salamat gəlib çıxmağına evdəkilər – nənəsi Xeyrənsa xanım, anası Güləbəyim xanım, atası Süleyman kişi, bacıları Sayad xanım, Zeynəb xanım kiçik qardaşı Mərdan çox sevindilər. Anası Güləbəyim xanım yerdə uzanmış iri gövdəli heyvana baxıb:
-Oğul, bu çox layiqli pay olacaq, -dedi. İndi hazırlaş vaxtı itirmədən rayona gedək.Komissar yəqin bizi gozləyir.Səni ora tək buraxmaq istəmirəm.Zamana psdi, heç kəsə ehtibar yoxdu.
Qısa vaxtdan sonra Güləbəym xanımla Əşrəf Mazannənədən aşıb, kasa yolla Yellicədən, Daş Veysəllidən keçib gün əyiləndə Cəbrayıla çatdılar. Əşrəf rayonda az olmuşdu, onların günü dağlarda keçirdi. Ana-bala Cəbrayılın köhnə, qədim dar küçələri ilə soraqlaşa-soraqlaşa gəlib komissarlığa çatdılar.
Hərbi geyimli komissar səliqə ilə soyulub, təmiz ağ bezə bükülmüş dağ keçisinin nəhəng cəmdəyinə baxaraq:
-Əşrəf, sənin haqqında zəndimdə yanılmamışam, -dedi. Sən elə doğrudan da o dağların oğlusan. Get, o dağlarda ol. Səni hələ cəbhəyə çağırmaycağam.Nə vaxt lazım olsa onda xəbər göndərərəm gələrsən.
Əşrəf anası Güləbəyimlə gecəni Cəbrayılda tanışları gildə qalır.Səhər açılanda getdikləri yolla geriyə Diridağına qayıdırlar.Çullu quzeyinin dibinə çatanda ana-bala artıq çox yorulmudular.Qarşıda isə hələ Çullu quzeyinin böyük yoxuşu var idi.Günəş Diridağının o üzünə adladığından qüzeyi kölgə tutmuş, soyuq hava bir azda soyumuşdu.Yolçular uzaq yodan gəldiklərindən susuzluq da onları taqətdən salmışdı. Quzey yuxarı qalxdıqca kolların dibində qalan qardan Əşrəf susuzluğunu yatırmaq üçün xışmalayıb ağzına atır sinəsində hiss etdiyi sərinlik ona aldadıcı bir ləzzət verirdi. Paltarı tərləyib kürəyinə yapışmışdı.Həmişə çöl-bayırda olan Güləbəyim xanım – Əşrəf, tərli-tərli çox qar yemə sənə ziyan edər – desə də susuzluğun verdiyi əzaba dözmədiyindən oğlu ona əhəmiyyət vermirdi.
Nə isə, uzun sözün qısası yolçular gecədən xeyli keçmiş gəlib Xudayarlıya çatırlar.
Gecəyarısı yatan Əşrəf iki günün yorğunluğundan, tərli-tərli yediyi buz kimi soyuq qarın təsirindən səhər oyananda başında və sinəsində güclü ağrılar hiss edir.Axşama yaxın bədəni qızdırmadan yanmağa başlayır.Kənd adamları, başı çıxanlar hərə bir məlhəm təklif edir.Nə illah eləsələr də, Əşrəfin vəziyyəti irəliyə gəlmir ki, gəlmir.Qızdırmadan yanan bədəni, susuzluqdan quruyub çatlayan dodaqları getdikcə öləziyən sifəti onun halının pisləşdiyindən xəbər verirdi.
Vaxt keçdikcə osgürəyi artan Əşrəfin indi nəfəs alması da çətinləşmişdi. Rayondan qayıtdıqdan on üç gün sonra, Novruz bayramından bir həftə keçmiş Əşrəf sonuncu dağ keçisini vurduğu saatda, səhər təzəcə açılanda işıqlı dünyay əbədi göz yumdu.
Özü dediyi kimi, onu vaxtsız ölüm 25 yaşında haqladı.Qisməti bura qədər imiş.Əşrəf bu dağların övladı idi, elə bu dağların da əbədi sakini oldu.
Əşrəfin yas məslisin də anası Güləbəyim xanımın dediyi bayatı hamının sinəsini dağladı.
Mən aşiqəm baxtı kəm,
Bağbanım yox bağ tikəm,
Mən fələyə neynədim.
Fələk mənə baxdı kəm.
Əzizim, dağda yandı,
Gün batdı, dağ dayandı.
Getdin odum söndürəm
Odumdan dağ da yandı.
Əşrəfi Mazannənə pirinin yaxınlığında uca bir təpədə dəfn elədilər. Onun ömür-gün yoldaşı, qonşu Qumlaq kəndindən olan cavan arvadı Münəvvər xanım 40 günlük körpə oğlu Miqanla tək qaldı…
Əli Zalov,
Kimya elmləri doktoru, professor
Azərbaycan Dövlət Pedaqoji Universitetinin
Analitik və üzvi kimya kafedrasının müdiri
Facebook-da paylaş