Xanın erməni məsləhəti və Qaranın cavabı - Xatirə
Qarabağa aparan yol professor Minəxanım Nuriyeva-Təkləlinin görkəmli xanəndə Xan Şuşinski ilə bağlı qələmə aldığı xatirə yazısını təqdim edir:
Ermənilərlə yola getmir
Xan Şuşinski Ağdamda olarkən həmişə oturduğu çayxanaya gəlib, çayçı Qaranın xidmətindən, mərifətindən məmnunluğunu tez-tez bildirərdi. Yanındakılar, "Xan əmi, gəlmişkən bir az nəsihət edin, ermənilərlə yola getmir, onlara tez-tez sataşır", - deyir.
Özü sakit, həlim bir insan olan Xan əmi təşvişə düşür:
- Qara, oğlum... - deyə uzun-uzadı nəsihətə başlayır. Qara da böyük xanəndənin hörmətini saxlayıb dinmir. Nəhayət, dostluq, barış, ehtiyat tədbirləri... barədə nəsihətin bitib-qurtarmadığından səbri tükənmiş Qara ötkəm-ötkəm deyir:
- Ay Xan əmi, burax, qoy düşmənliyimizi edək dayna!
"Zabıl" dediniz...
Moskvada Kreml sarayında konsert gedir. Azərbaycanı təmsil edəcək musiqiçilər arasında Xan Şuşinski də var. Konferansye artıq əlində dəftəri üçüncü dəfədir ki, "nə oxuyacaqsınız", - deyə soruşur, öz təvazökarlığı ilə məşhur olan Xan əmi bircə kəlmə ilə "Zabul", - deyə təmkinlə cavab verirdi.
ƏTRAFLIREKLAMXanım da sanki bu zəhmli ağsaqqal kişinin inadı qarşısında bir söz söyləyə bilmir. Konsert bitir, lal-dinməz oturan müğənni niyə onun oxumasına izn verilmədiyini soruşur. Konferansye ona cavab verir:
- Mən soruşduqda hər dəfə "zabıl" (rusca, "unutdum") dediniz.
Leninin özündən soruş
O zaman bütün söhbətlərin başında əsas məsələyə keçməzdən öncə Leninlə, Kommunist Partiyası ilə bağlı məqamlar xüsusi yer tuturdu. Bu dəfə də Xan Şuşinski ilə müsahibə aparan jurnalistin Leninlə bağlı verdiyi suallardan təngə gələn Xan əmi "ay bala, özünü də, məni də niyə yorursan? Dur, get, bilet al təyyarəyə, uç Moskvaya, sənə nə lazımdır, Leninin özündən soruş", -deyir və özünəməxsus saf bir sadədilliklə ünvanı söyləyir.
Əbülhəsən xan İqbal şərəfinə...
Əsil adı İsfəndiyar Aslan oğlu Cavanşirov olan sənətkar bu adı 16 yaşında alıb, bundan sonra Xan çağırılıb. Yeniyetmə yaşlarında öz ustadı İslam Abdullayevlə birgə iştirak etdiyi məclisdə "Kürdü-Şahnaz" muğamını elə bir tərzdə ifa edib ki, toy adamları vəcdə gəlib bir səslə "elə bil Xandır ki durub", - deyiblər.
Cavan müğənni həmin illərin məşhur Təbrizli xanəndəsi Əbdülhəsən Xan İqbalın üslubunda oxuyub. Onun yolu ilə heyrətamiz bir tərzdə ifa etdiyinə görə müəllimi ona Xan Şuşinski adını verib".
Facebook-da paylaş