Bizi bizdən kim qoruyacaq?!...


Azərbaycanda gedən hadisələr belə demək mümkünsə, çox acınacaqlı vəziyyət alıb. Hər gün qulağımıza müxtəlif şəkildə hadisələrin cərəyan etməsi gündəmə təzahür etməkdədir. Sosial şəbəkələrə daxil olmaqla tükürpərdici hadisələr insanı təşvişə salır. Bu və bunun kimi hadisələr haqqında, görəsən, düşünən varmı?!...Bir müddət əvvəl ailə -məişət zorakılığı ilə bağlı hadisədə 23 yaşlı  gənc möminə xanım əri tərəfindən əli- qolu kəsilərək, yaşadığı binanın səkkizinci qatından yerə atılmasının sosial şəbəkə vasitəsilə, yəni tik- tokda şahidi olduq. Hadisənin gedişi sürətlə yayıldı. Bəzi ağzından süd iyi gələn "başdanxarab"  gənclər həyat yoldaşını  xəyanətə görə  bilə - bilməyə, isbatlı- isbatsız qətlə yetirərək, insan həyatına son qoyurlar. Tədricən bu yöndə gedən hadisələr çox qorxunc  vəziyyət almaqdadır. Belə bir durumdan sonra qız anaları tərəddüd içindədirlər ki, qızlarını kimə ərə verib, kiminlə qohum olsunlar. Çünki belə dözülməz hallar kəndbəkənd, şəhərbəşəhər yayılmaqdadır. Fikrimin davamı olaraq, həqiqətən, kəndlərdə, rayonlarda qardaş qardaşı, qayınata gəlini, ata öz oğlunu, oğul öz atasını, hətta bu yaxınlarda bir gəlin də qayınanasını baltalayaraq qətlə yetirdiyini eşitdik. Nə ad verək gündəmdə gedən hadisələrə? İnsanlar niyə belə vəhşiləşib? Bu suala cavab axtaran varmı?! Bu azmış kimi, hətta bəzi qansız, şərəfsizlər küçədə yaşayan insanlardan  imdad gözləyən dilsiz ağızsızlara da hücum edərək günün günorta vaxtı balta ilə öldürür və tik- tok istifadəçisi tərəfindən yayılaraq,  gündəmə bomba kimi düşür. Mən özüm sosial şəbəkədə gördüm amma axıra kimi baxa bilmədim. Haşiyə- (Hansı ki elə rəhmli insanlar var ki, öz cibindən heyvanlara yemək alaraq qarınlarını doyuyurlar.

Mən əvvəl elə düşündüm ki, bu hadisə Türkiyədə baş verib. Demək, mən yanılmışam. Bu hadisə müsəlman dövləti olan Azərbaycanda baş veribmiş. Bu gün insanlar artıq biri- birindən hürkür. Elə vəziyyət yarana bilər ki, belə "qanıpozuqlar" yolda  insanlara da qəfildən hücum edib baltalaya bilərlər. Həqiqətən, adam evdən çımağa qorxur ki, görəsən, başıma hansı hadisə gələ bilər. Sanki Azərbaycan kriminal bir ölkəyə çevrilib. Bu yaxınlarda eşitdik ki, kiminsə kimdən xoşu gəlməyib və fürsət edincə silahla atəş açaraq qətlə yetirib. Bu və buna bənzər hadisələr tez - tez sosial şəbəkədə qarşımıza çıxmaqdadır. Belə hadisələri görən insanlar necə təşviş içində yaşamasınlar? Aidiyyatı orqanlar bilməlidir ki, çox ciddi düşünməyin vaxtıdır!
Allahını tanımayan yüksək vəzifəli şəxslər unudurlar ki, Allah təbiəti yaradanda hər bir işi bilərək yer üzünə əta edib. Gəlin bir anlığa düşünək: Deyək ki, yer üzündə nə pişiklər, nə də itlər yaşayır. Nələrin baş verdiyini düşünə bilsələr, Türkiyədə  "uyutulsun" deyərək qərar imzalanmazdı. Deyilənə görə, insanlara ziyanlıq verirlər. Bir düşünən yoxdur ki, bu heyvanlar bizə möhtacdırlar. İnsan, görəsən, bir qarışqanı yarada bilərmi?! Niyə onlar yaşamalı deyillər? Axı onların da yaşamaq haqqı var yer üzündə. Bir az baş sındıran olsa, bu canlıların insanlara olan xidmətlərini dəyərləndirərlər. Türkiyədə zəlzələ baş verəndə nə qədər xidməti vəzifədən kənar itlər insanların tapılmasında yardımcı oldu. Türkiyədə tez - tez meşə yanğınları baş verir. Sizlərə insanlarla yanaşı kömək edən itlər deyilmi?! Olsun pişiklər. Pişiklər olmasa hər yeri krisa, siçovul, gənə basar. Necə ki Fransada bu hadisə baş vermişdi. Çünki ilk olaraq itin- pişiyin öldürülməsi haqqında fərman imzalayan və icra edən Fransa idi və nəticəsi də göz önündə olub. Bir vaxtlar bütün dünyanı krisa basmışdı. Yəqin ki, hamımız məlumatlıyıq. Krisanın necə antisanitar və mikrobyayan bir canlı olduğunu çox yaxşı bilirik. Bəs bütün bunlara rəğmən nədən it, pişik öldürülməlidir? Bu gedişlə də bəzilərinin əlinə fürsət düşdüyü üçün günün günorta vaxtı iti baltalayıb çığırda- çığırda öldürür, digəri kənardan baxır və yaxına gedə bilmir. Bir digərləri də hadisəni telefonla çəkib sosial şəbəkə vasitəsilə istifadəçilərə çatdırır. Belələri haqqında  təcili tədbir görülməsə, arxada gələn gənc nəsil daha da vəhşi yetişəcək. Bu gün uşaqlara "humanistlik nədir?" deyə ailələrdə təbliğ edilmir. Digər bir insan peyda olub ki, harada pişik görür əlilə başından basaraq öldürür. Eləsi var əlini- ayağını kəsərək şikəst edir.  Məgər bunlar Allahdan qorxmurlar? Deyək ki itin- pişiyin kökünü kəsdiniz. Bəs düşünmürsüz ki, bütün ölkəni "gənə" adlı parazit basacaq? Bütün bu olaylar insanların məhvinə verilən fərman deyilmi? Bəli, bütün bu deyilənlər müasir dövrün insanlarının əlilə baş verən hadisələrdir. Bəs gündəmdə özünə qəsd edən gənclərə nə deyək? Heç düşünən varmı ki, gənclər niyə on üç, on beş yaşlarında intihar edirlər?  Niyə gəncliyimizin psixologiyasında belə vərdişlər yaranıb? Bunun kökündə nə dayanır?

Televiziyalarda, sosial şəbəkələrdə rüsvayçılıqları ictimaiyyətə çatdırıb təbliğ edincə, bu gün bunun kimi hadisələrin kökünü araşdırmaq daha da vacib deyilmi? Görəsən, vəziyyəti düşünüb narahat olan varmı ki, niyə Azərbaycan boşanmaların sayına görə dünyada ikinci yerdə durur. Boşananlar həddindən  artıq çox, amma evlənib ailə quran azdır. Ailə quranlar da dünyaya uşaq gətirmək haqqında, deyərdim ki, heç düşünmürlər. Gənclərdən soruşanda ki, niyə ailə qurmursan? Cavabında deyir ki, " özümə baxa bilmirəm, evim yox, işim yox, evlənib ailəmi nə ilə saxlayacam". Unutmayaq: gənc nəsil yavaş - yavaş tükənir. Belə getsə genefond yoxa çıxacaq. Xalqı düşünməyib öz kefində olanlar bir nüansı da yaddan çıxarırlar ki, Azərbaycan 44 gün düşmənlə savaşda 4 minə yaxın şəhid verib və hələ də verməkdədir. Baxmayaraq ki, müharibə bitib. Çünki biz şərəfsiz, murdar bir düşmənlə üz-üzəyik. Ailələr qurulmasa, yeni -yeni oğlan uşaqları dünyaya gəlməsə, gələcəkdə Vətənin sərhədlərini kimlər qoruyacaq??? Hansı əsgər və zabitdən söz gedəcək? Bu məsələni başda oturanlar təcili  düşünməlidir ki, gənclər evlə, işlə təmin edilsin ki, yeni gənc nəsil ailə qura bilsin və dünyaya övlad gətirsinlər.

P.S. Belə gənclər yetişməlidir ki, Vətəni düşməndən və bizi, bizdən qorusun...

Təranə Şəms


Facebook-da paylaş