1925-ci ildə kimya üzrə Nobel mükafatçısı – RİXARD ADOLF ZİQMONDİ (1865-1929)

Rixard Adolf Ziqmondi Avstriya imperiyasının Vyana şəhərində anadan olmuşdur (1865-ci ildə aprelin 1-də). Ziqmondi kimyanı Vyana Universitetində və Vyana Texniki Universitetində (1887), sonra Münhen Universitetində (1887) öyrənmişdir. Üç il sonra o, üzvi kimya üzrə doktorluq dərəcəsi alaraq Münhen Universitetində asistent vəzifəsində işləməyə başlayır (1890).Bir qədər sonra Ziqmondi şüşə və farforun rənglənməsi problemi ilə maraqlanır və bu maraq onu kolloid kimyanı öyrənməyə gətirib çıxarır. O, hesab edirdi ki, şüşəyə rəng verən maddənin təsiri olduqca kiçik və o vaxt mövcud olan mikroskop ilə görünməyən, yaxşı paylanmış inert hissəciklərin hesabına yaranır. Deməli, belə hissəciklərin vizual təsdiqi mümkün deyildi, həm də kolloid məhlulların özləri çöküntü vermirdi.
Ziqmondi kolloid sistemlərin təbiətini müəyyən etmək məqsədi ilə bir sıra texnologiyalar işləyib hazırlayır. O, hissəciklərin özünü görmək üçün immersiya ultramikroskopu yaratmışdır. Yeni yaratdığı mikroskopun köməyi ilə Ziqmondi şüşəyə rəng verən maddələrin özlərini necə aparmalarını öyrənir və müəyyən edir ki, rəngin dəyişməsi kolloid hissəciklərin koaqulyasiyası ilə izah olunur. Bu tədqiqatların gedişində Ziqmondi kolloid sistemlərin dəyişməsini öyrənir. Alim müəyyən edir ki, kolloid məhlulda qızıl hissəcikləri mənfi yüklənmiş olur. O, ehtimal edir ki, eyni yüklənmiş hissəciklər arasında qarşılıqlı itələmə onların davamlılığının təmin edir və çökməsinə imkan vermir. Kolloid məhlula duz əlavə etdikdə elektrik cəzbetmə mərkəzləri yaranır və onların ətrafında qızılın toplanması o vaxta qədər davam edir ki, kolloid suspenziyadan hissəciklər çökmür. Aqrqqasiyanın baş verməsi üçün kolloid məhlullarda qızıl hissəcikləri bir- birindən hansı məsafədə olmasını Ziqmondi hesablamışdır.
Rixard Ziqmondiyə “kolloid məhlulların heterogen təbiətinin müəyyən olunması və müasir kolloid kimyada fundamental əhəmiyyətə malik üsulların işlənib hazırlanmasına görə” kimya üzrə Nobel mükafatı verilmişdir (1925).
Sonralar Qettingen universitetində işlərini davam etdirərək Ziqmondi ultrafiltrlərin köməyi ilə aparılan tədqiqatlara rəhbərlik etmişdir. Bu texnologiya çoxlu sayda maddələrin öyrənilməsi zamanı (gel strukturlar da daxil olmaqla) özünü doğrultmuşdur. Rixard Ziqmondi kalloid məhlulların heterogen təbiətini müəyyən edərkən işləyib hazırladığı metodlar müasir kalloid kimyada mühüm əhəmiyyət kəsb edir.
Müasir nanotexnologiyanın atası hesab edilən Rixard Ziqmondi 1919-cu ildə istefaya gedir və Qentingendə vəfat etmişdir (1929-cu ilin sentyabrın 23-də).
Əli Zalov,
Kimya elmləri doktoru, professor
Azərbaycan Dövlət Pedaqoji Universitetinin
Analitik və üzvi kimya kafedrasının müdiri
Facebook-da paylaş