Hər eldə işıq saçan bir müəllim var, bizim də Sevincimiz...
Məktəb ümid, inam yeridir. Bu səbəbdən yaşadığımız ərazilərdəki hər məktəb ən önəmli bina, ən əhəmiyyətli qurumlardan hesab olunsun gərək. Məktəblər bizim övladlarımıza hörmət, söz, fikir, din azadlığı, elm və bilik, ən başlıcası isə bütün insanlığa şəfqət toxumları əkilən yerdi və bu şəfqət toxumlarını kimlər əkir? Əlbəttə ki, ilk növbədə müəllimlər, öyrətmənlər. Təsadüfi deyil ki, dünyanın nəhəng imperiyalarını idarə etmiş qüdrətli sərkərdələr, qılınc-söz bahadırları belə ölürkən öz müəllimlərinin ayaqları altında dəfn olunmalarını arzulamışlar. Təkcə busayaq tarixi faktlar müəllimiliyin necə böyük bir sənət, ülvi bir peşə olduğunu təsdiqləmiş olur.
Mənim də yaşadığım əraziyə yaxın bir elm, bilik, mədəniyyət, mərifət məbədi, yuxarıda qeyd etdiyim kimi insanlığa şəfqət və hörmət toxumlarının əkildiyi bir məktəb var.Sağlam pedoqoji kollektivilə seçilən, Aygün xanım Hüseynovanın rəhbərlik etdiyi Neftçi Qurban adına 288 saylı tam orta məktəbdən, daha doğrusu bu məktəbin ibtidai sinif müəllimi Sevinc xanım Həsənovadan danışmaq istəyirəm. Əslində danışmaq yox, bu müəllimə təşəkkür etmək, bütün valideynlər adından minnətdarlıq duyğularımı ifadə etməyi özümə borc bilirəm.
5 yaşlı nəvəm Hüseyn bu məktəbin hazırlıq sinifinə gedəcəkdi. Oktyabrın əvvəlləri idi. Əvvəlcədən bilirdim ki, olduqca çətin xarakterli bir uşaqdır, mühitə çox ləng adaptasiya oluna bilər. Elə belə də oldu. İlk həftələr məni də, müəllimini də çox incitdi. Amma xoşbəxtlikdən bəxtimizə yaxşı müəllim çıxmışdı. Adı kimi özü də sevinc bəxş edən bir müəllim. O tək mənim nəvəmə deyil, bütün uşaqlara, bütün körpələrə qucaq açan təbəssümü ilə şagirdlərin qəlbini tezliklə fəth edə bildi. Onu da deyim ki, ilk həftələr nəvəm məni qucaqlayıb, əllərimi buraxmadığından sinifdə müəyyən qədər onunla birgə qalmalı olurdum. Tədricən bu da ötüşdü. Qısa müddət ərzində onda müəlliminə hədsiz bir güvən, qırılmaz bir inam, etibarlı bir sevgi yarandı. Nəvəm balaca Hüseyn Sevinc müəllimi həm də bir valideyn gözündə görməyə başladı. Bu hissi uşağa aşılayan müəlliminin qayğıkeşliyi, nəzakəti və nəvazişi oldu.
Bildiyim qədəri Sevinc Zakir qızı Həsənova 1979-cu ildə Bakı şəhərində anadan olub. Lökbatan qəsəbəsindəki 139 nömrəli məktəbi bitirib. ADPU-nin məzunudur. Universiteti bitirdikdən sonra çalışdığı yer də, elə adını qeyd etdiyim tam orta məktəbdir.
Sevinc Həsənovanı bizim ailə yenicə tanıyır. Fəqət o, uzun illərin öyrətmənidir və indiyə qədər yüzlərlə şagirdin müəllimi olub, demək yüzlərlə ailənin sevimlisinə çevrilib. Bəs onu sevdirən əsas xüsusiyyətlər hansılardır? Bu o xüsusiyyətlərdir ki, ən yaxşı müəllim kateqoriyasına seçilənlərin xüsusiyyətləri hesab oluna bilər.
Sevinc müəllim hazırlıqlı müəllimdir, dəqiqliyi sevir, hər bir şagirdə ayrıca dəstək və qayğı göstərir, təhsildə ardıcıllıq və sabitlik prinsipinə söykənir. Ayrıca qeyd edim ki, nəzakətlidir. Şagirdlərlə hörmətlə rəftar edir. Heç bir şagirdi utandırmır, tələbkardır, aydın izahlar verməyi bacarır, yumor hissi var, bu səbəbdən də ruhi sakitlik yaratmağın öhdəsindən məharətlə gəlir. Bunlar ümumiləşdirib dediklərimdir, əlbəttə nəvəmin müəllimini geniş xarakterizə edən fikirlər də söyləyə bilərəm, ancaq bu anda ən yaxşı müəllim kimdir sualının cavabını xatırlamaq yerinə düşür. Çünki bu cavabda Sevinc xanımın da pedaqoji məharətinə dəyər vermiş oluram.
Pedaqoji aləmin tanınmış simaları yaxşı müəllim olmağın sirlərindən danışarkən öncə bu peşənin saat 9-dan 5-ə (iş qrafiki) qədər davam edən bir iş olmadığını anlamağın zəruriliyini bildirirlər:
bu, bir yaşam tərzidir, peşəyə duyulan ehtirasdır. Bunu anladıqdan sonra siz öz işinizi sevəcəksiniz. İkincisi, şagirdlərlə qurulan ünsiyyət çox önəmlidir. Onları tanımalı, haradan gəldiklərini, ailələrinin vəziyyətini, nələrdən ilhamlandıqlarını bilməlisiniz. Beləliklə, aranızda qarşılıqlı inam yaranacaq. Üçüncüsü, isə şagirdlərin sizin keçdiyiniz dərsin ən gözəl dərs olduğunu anlamalarını təmin etmək, öz dərsinizi nəyə görə sevdiyinizi onlara göstərməkdir. Bununla onlar, uzunmüddətli bir öyrənmə prosesi və buna duyulan sevgi ilə tanış olacaqlar...
Dünya pedoqoji irsindən qaynaqlanan müəllimliyin bu vacib şərtlərini Sevinc Həsənova da illərə söykənən təcrübəsindən mənimsəyib.Məhz buna görə də öz sevimli şagirdlərini ibtidai mərhələdən yuxarı sinif otaqlarına yola salanda alnıaçıq, üzüağ olur. Böyük siniflərin müəllimləri də onun yetirmələrindən sevgilə danışanda Sevinc müəllim həyatının davamlı xoşbəxtliklərini yaşayır. Əlbəttə bu xoşbəxt anları qazanmaq gərgin zəhmətin, daxili əsəb və həyəcanın,gündəlik yorğunluğun hesabına başa gəlir.Ona görə də müəllim əməyi normal cəmiyyətlərdə olduqca yüksək dəyərləndirilir. Və əslində bu yazı da cəmiyyətin formalaşmasənda əsas yükü öz üzərinə götürmüş müəllim zəhmətinə ehtiramın ifadəsi kimi qarşılanmalıdı.
Sevinirəm ki, azərbaycan təhsil sistemində Sevinc xanım kimi sənətinə vurğun, uşaqları öyrətməkdən, həyata hazırlamaqdan zövq alan müəllimlərimiz var. Belə müəllimlər təkcə təhsilin, mədəniyyətin, maariflənmənin dayağı deyil, həm də dövlətin, dövlətçiliyin dayaqlarıdır. Məndə belə bir əminlik var ki, 44 günlük vətən savaşında qələbəmizi təmin edən, torpaqlarımızın bütövlüyünü bərpa edən əsgərlərimizin, şəhidlərimizin, qazilərimizin zamanında belə cəfakeş, fədakar müəllimləri olub. Həm də axı insan əxlaqını formalaşdıran, onu şəxsiyyətə çevirən davranış və hisslərin təməli, bünövrəsi ibtidai təhsildə qoyulur. Bu səbəbdən də Sevinc xanımın çiyinlərinə çox böyük mənəvi məsuliyyət yükü düşür. Onun əziyyəti danılmazdır. El arasında deyildiyi kimi hələ həs-hüs qanmayan, isti-soyuq bilməyən, sağ-sol tanımayan, həyatı öyrənməkdə ilk qədəmlərini basan körpələrlə çalışmağın çətinliyini hər kəs anlayırmı görəsən, mən həqiqətən anlamağa çalışıram və anladıqca gözümdə bir müəllim abidəsi ucalır. Müəllim demişkən, Sevinc Həsənovanın cismani harmoniyasını tamamlayan ən böyük mənəvi keyfiyyətlərindən biri, bəlkə də elə birincisi müəllimliyə sədaqətidir. Bu sədaqət onu hər kəsin gözündə ucaldıb, sevdirə bilir- şagirdlərin də, valideylərin də.
Həyatın acısını erkən yaşamış, atasızlığın ağrısını sızlayan ney kimi qəlbinə köçürmüş nəvəm mənə həm ata, həm baba deyir axı... Müəllimi onun əlindən sevgi ilə yapışanda, təbəssümləri ilə nəvəmi öpəndə atasının da yerinə sevinirəm. Körpə qəlbinin hərarətini duyan, mərhəmanə davranışları ilə ona sevgi dolu cavablar verən müəllimi hər dəfə gördükcə sanki ürəyimdə yenidən günəş doğur. Yəqin ona görə ki, hər kənddə, hər qəsəbədə, hər eldə işıq saçan bir öyrətmən var və bu ləyaqətli müəllimin işığı təkcə körpələrin qəlbinə düşmür, eləcə minbir zəhmətlə uşaq böyüdən ataların, anaların, babaların da qəlbinə düşür. İnsanlığın mənəvi xəritəsini cızan bu xariqə işığın misilsiz dəyərini zamanında fövqəladə misralarla poetikləşdirib mənəvi yaddaşa çevirən ulu Xaqani yadıma düşür:
Mənim könlüm müəllimdir, dizim üstü dəbistanı,
Ol şagirdəm sükut ilə öyrənirəm əlifbanı.
Bilgilərin və həyatın əlifbasını sükut ilə öyrənən körpələr heç şübhəsiz Sevinc xanımın hər gün bir arpa boyu böyüyən bapbalaca ümidləri, sevincləridir. Bu ümidlər, bu sevinclər böyüyüb gələcəkdə vətənimizi ləyaqətlə təmsil edən vəfa, sədaqət, mərdlik örnəyi olan oğullar, qızlar olacaq.Təbii ki, onların içərisindən dəyərli müəllimlərinin yolunu davam etdirənlər də az olmayacaq...
Yazını bitirmədən öncə yaddaşımı sevindirən bir mənzərəni də deməsəm olmaz. Sevinc müəllimin hər gün məktəbəqədər hazırlığa gələn körpə fidanları qatar kimi düzüb sinif otağına aparmasını görəndə xəyalımda bizi bugündən gələcəyə daşıyan bir Azərbaycan qatarı canlanır.O qatar ki bir vaxtlar şah babamız Xətainin uğrunda fəda olduğu tarixi torpaqlarımızı dolanaraq , məmləkətin bu başından ,o başına işləyəcək, yurdun Araz, Borçalı ,Dərbənd,Göyçə adlı nisgilinə də son qoyulacaq. Xalqın, məmləkətin ,yurdun hər mənada keşiyini çəkən nəsillərin qeyrət damarı dəyər verdiyimiz böyük müəllimlərin ruhundan su içir axı.Qüdrətli müəllimləri olan xalqın ruhu yenilməz,əzmi qırılmaz...
Fariz Çobanoğlu
Facebook-da paylaş