HƏR BİRİMİZDƏ MÜƏLLİMİN HƏRARƏTLİ QƏLBİNİN BİR ZƏRRƏCİYİ VARDIR...



Müəllimlik dünyada ən çətin, eyni zamanda, ən şərəfli və ən gözəl peşədir. Müəllimlər gənclərin dərin və hərtərəfli bilik almaları, yaşadıqları dövrün problemlərindən baş çıxarmaları üçün bütün bilik və bacarıqlarını sərf edirlər. Müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir ki, onlar da cəmiyyəti daha da inkişaf etdirirlər. Hazırda cəmiyyətimizin hərtərəfli inkişafında fəal iştirak edən insanlar məhz müəllim əməyinin yetirmələridir. Müəllimlər yeni cəmiyyət quruculuğunun memarlarıdır. Hər birimizin layiqli vətəndaş kimi yetişməsində müəllimlərimizin əvəzsiz xidmətləri olmuşdur.
Ümummilli liderimiz Heydər Əliyev həmişə müəllim əməyini yüksək qiymətləndirmiş, müəllim haqqında xoş sözlər söyləmişdir. O deyirdi: “Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı naminə vicdanla işləməyi müdrikliklə və səbirlə bizə öyrətmiş və öyrədir”.
Ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlər, Prezident İlham Əliyevin bu amili dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil etməsi, təhsil işçilərinə  hərtərəfli qayğı dövlətin öz gələcəyini daha etibarlı və inamlı görmək əzmindən xəbər verir. Zəngin təbii sərvətləri ilə dünyanın diqqətində olan Azərbaycan bu sərvətlərdən səmərəli istifadə ilə insan kapitalının daha da inkişaf etdirilməsi başlıca istiqamət seçib. Təsadüfi deyil ki, XXI əsr Azərbaycanında təhsil əsridir. 
Son illərdə ölkəmizdə heç bir dövrdə olmadığı qədər yeni məktəb tikilmiş, əlavə korpuslar inşa olunmuşdur. İndi Azərbaycanda elə təhsil ocaqları var ki, dünyanın ən inkişaf etmiş ölkələrindəki məktəblərdən fərqlənmir. Sevindirici hal bir də odur ki, bu proses paytaxtla yanaşı, bütün bölgələri də əhatə edir. Yeni, müasir məktəblər, təhsil kompleksləri şagird kontingentinin təhsil şəraitini tamamilə dəyişir, tədrisin səviyyəsini yüksəldir. Bütün bu tədbirlər Prezident İlham Əliyevin “Uşaqlar yaxşı məktəblərdə oxumalı, müəllimlər də yaxşı məktəblərdə işləməlidirlər” fikrini reallığa çevirir.
Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində 20 məktəb direktoru, 32 direktor müavini, 671 müəllim düşmənə qarşı döyüşüb. Bu müharibədə 20 təhsil işçisi döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.
Heç şübhəsiz ki, müstəqil Azərbaycanımızın müəllimlər ordusu daim xalqımızın gələcək xoşbəxt həyatı üçün bütün imkanlarını səfərbər edərək respublikamız üçün layiqli vətəndaşların yetişdirilməsində səy və bacarıqlarını əsirgəməyəcəkdir. Bu mənada 100 yaşını qeyd etdiyimiz Azərbaycan Dövlət Pedaqoji Universitetin əməkdaşları olmuş böyük alimlər – pedaqoqlar da bu müddət ərzində xalqımız qarşısında misilsiz xidmət göstərmişlər.
5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə bütün təhsil işçilərini o cümlədən bütün fəaliyyətimlə bağlı olduğum Azərbaycan Dövlət Pedaqoji Universitetinin bütün əməkdaşlarını ürəkdən təbrik edir, hər birinizə cəmiyyət üçün gərəkli fəaliyyətlərində yeni-yeni nailiyyətlər arzu edirəm. 
 
Əli ZALOV,
Azərbaycan Dövlət Pedaqoji Universitetinin
Analitik və üzvi kimya kafedrasının müdiri, 
kimya elmləri doktoru, professor


Facebook-da paylaş