Əziz Vaqif müəllim!

                        Ciddi, əsil insan olan, bir tərəfdən ürəyi yumşaq, ədalətli və şərəfli bir Azərbaycan kişisidir Vaqif müəllim. Niyə belə başlıq yazmağımızın səbəbi bir konfransda məzunların “Bizim əziz müəllimimiz Vaqif müəllim” demələri olmuşdur. 
Dünyaya gəldiyi Ağstafa rayonunun şəxsiyətinin formalaşmasında mühüm rolu vardır. Azərbaycanın ən qədim tarixə malik, öz igid oğulları, qiymətli ziyalıları ilə fərqlənən Ağstafada 24 saylı dəmir yolu orta məktəbini bitirmişdir. Orta məktəb  müəllimlərini daim böyük hörmətlə xatırlayır. 
1963-cü ildə Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun “Avtomatika və telemexanika” ixtisasına qəbul olunmuşdur. Qəbul imtahanlarını verdikdən sonra Fizika kafedrasının müdiri, professor Malik Heydər oğlu Ramazanzadə ona demişdi: “Bu adı sənə qoyan adamlarin ümidini doğrultmusan, son on ildə mən belə hazırlıqlı abituriyentə rast gəlməmişəm”. Hələ o vaxtlarda Respublikamızda nəşr olunan qəzetlərdə bir neçə dəfə Vaqif Abbasovun bitirdiyi məktəb  və özünün hazırlığı barədə yazılmışdır.
Ürəklə deyə bilərik ki,  genetik matritsasında ancaq xeyirhaxlıq və ləyaqət toplanmış bir şəxsiyyətdir Vaqif Abbasov. 1968-ci ildə institutu fərqlənmə diplomu ilə bitirdikdən və Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun indiki “İnformasiya-ölçmə və hesablama texnikası” kafedrasında  elmi işlə məşğul olmaq üçün saxlandıqdan sonra aspiranturada təhsilini davam etdirmiş, uğurla dissertasiya müdafiə etdikdən sonra alimlik dərəcəsi almışdır. Həmin kafedrada müəllimlik fəaliyyətinə başlamış, sonra Ali Attestasiya Komissiyası tərəfindən dosent diplomu almışdır. Bütün bunlardan sonra  da yenə yüksək əqidəli, qəlbində onu yetişdirən torpağın igidlik dəyərlərini saxlayan müəllim və alim kimi öz dəsti-xəttini davam etdirir.        
Üç ixtiraya müəlliflik şəhadətnaməsi almış, yüz otuzdan çox elmi işləri Azərbaycan, Rusiya, Ukrayna, ABŞ, Fransa, İspaniya, Polşa, İran, Çin, Kipr və Özbəkistanda çap olunmuşdur.
Çalışdığı Cihaz mühəndisliyi kafedrasında tədris olunan fənlərə aid “İnformasiya-ölçmə sistemləri“ (2 dəfə nəşri), “İnformasiya-ölçmə sistemlərinin intellektuallaşdırılması“, “İntellektual ölçmə vasitələri“, “İnformasiyanın alınmasının fiziki əsasları“, “Cihazqayırmada mikrokontrollerlər“, “Mikroprosessor texnikasına giriş“, “Ölçmə çeviriciləri“, “Mühəndis və iqtisad hesablamalarında   hesablama texnikası“, “İnformasiya-ölçmə sistemləri fənnindən laboratoriya işləri“ və “İngiliscə-Azərbaycanca-Rusca Avtomatlaşdırma, İnformatika və Hesablama texnikası üzrə Terminlər Lüğəti“ adlı kitabları nəşr olunmuş və tələbələrin istifadəsinə verilmişdir. 
  1990-2003-cü illərdə Azərbaycan Dövlət Neft Akademiyasının   İstehsalat proseslərinin avtomatlaşdırılması fakültəsində dekan müavini işləmiş və dekan vəzifəsini icra etmişdir. Bu müddətdə rektorluğun Fəxri Fərmanı ilə mükafatlandırılmış, qüsursuz, səmərəli elmi-pedaqoji fəaliyyətinə görə və 60 illik Yubileyiniz münasibəti ilə ona təşəkkür elan edilmişdir.

Gözəl və qayğıkeş ailə başçısıdır. Ailəsinə, övladlarına münasibəti də onun yüksək  insani keyfiyyətlərinin göstəricilərindən biridir. Ailəsinə dəyər verən bir insan ətrafındakı insanlara da dəyər verib, onların əlindən tutmağa, öz qayğıkeşliyini hər yerdə göstərməyə çalışır. Vaqif müəllim fərq qoymadan bütün insanlara “öz könlündən gələn” yaxşılıqla yanaşır və biz bunu onun hər addımında görürük!
Bir yazıda Vaqif müəllim barədə bir qeydimiz vardı: “Hər oxuyan Molla Pənah olmaz, amma Siz təsdiq etdiniz ki, Vaqif Abbasov olar!”. O, sözün əsil mənasında elmi, mədəniyyəti və ən əsası insanlığı ilə hamının hörmətini qazanmışdır. Müəllim kimi tələbkardır, çox intizamlı, öz işinə də yüksək tələbkarlıqla yanaşan Vaqif müəllimin işində nöqsan tapmaq mümkün deyil. “Bənzərəm bir qocaman dağa ki, dəryada durar” şair sözünün yer üzündə ən layiqli timsallarından biri Vaqif müəllimdir. Hər hansı bir məzunun ilk soruşduğu müəllim Vaqif müəllimdir. 
Bu çətin günlərdə Vaqif müəllim şəhid olmuş məzunların ailələrinə  qarşı xüsusi diqqət göstərmiş, hər bir şəhidin taleyinə ürəkdən yandığını hamımız müşahidə etmişik. Vətənə, torpağa bağlılığını hər sözündən, hər hərəkətindən anlamaq mümkündür. 
İnsanın ən vacib xüsusiyyətlərindən biri sədaqətdir. Vaqif müəllimin öz əqidəsinə, öz peşəsinə, dostlarına, ona elm öyrətmiş müəllimlərin xatirələrinə belə sədaqətlidir. Vaqif müəllim yüksək insani keyfiyyətləri ilə Universitet rəhbərliyi tərəfindən də yüksək qiymətləndirilir. 

Abbasov Vaqif Abbas oğlunun alimlik və müəllimlik fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilmiş, Azərbaycan Dövlət Neft və  Sənaye Universitetinin Cihaz mühəndisliyi kafedrasının dosenti, texnika elmləri namizədi Abbasov Vaqif Abbas oğlu Tərəqqi medalı ilə təltif olunmuşdur. Buna görə Prezidentimiz İlham Əliyev Cənablarına təşəkkür edirik. Abbasov Vaqif Abbas oğluna verilmiş Tərəqqi medalı Azərbaycan təhsilinə, Azərbaycan gəncliyinə xidmət edən alimlərə verilmiş qiymətdir. 
Müəllim üçün ən qiymətli şey tələbələrin sevgisi və inamıdır ki, bu sevgi və inamı Vaqif müəllim öz zəhməti və ömrü ilə qazanmışdır.
   Abbasov Vaqif Abbas oğlunu Tərəqqi medalı ilə təltif olunması münasibəti ilə təbrik edirik, həyat təcrübəsi və dəyərli elmi məsləhətləri ilə daim bizlərə dəstək olmasını arzulayırıq.                                                                                                                                  


 Amaliya Murad
 
 
 
 



Facebook-da paylaş