Xəzərin şəfəqləri – dənizçi qəlbinin himni...

20 sentyabr neftçilərin peşə bayramıdır!
 
Eldar Mehdiyev – 65
 

...bu fikir cümlə olmaqdan başqa həm də bir mənzərədir – Azərbaycanın fəxri neftçisi Eldar Mehdiyevi xatırladır mənə. Yəni dəniz və insan mənzərəsini. Elə bir mənzərə ki, bu mənzərədə insanın fiziki və mənəvi qüdrəti, onun bütövlükdə varlığı, eləcə də dənizin özünün milliliyi, milli sərvət olması qənaəti açıq-aydın görünür. Heç şübhəsiz, dəniz böyük gücdür, qüdrət simvoludur. Təsəvvür edin ki, bütün çaylar, nəhrlər, yolunu azmış, azğınlaşmış sellər, sular, hətta öz axarı ilə sakit-sakit axan çaylar, bulaqlar belə axıb-axıb dənizə tökülür. Axan çaylar, həmin o dağ çaylarına qarışıb dəryaya, dənizə tələsən bulaqlar özüylə inci, mirvari daşıyır. Lakin bu incilər, mirvarilər, bəlkə də daha qiymətli nemətlər dənizin dibində, dərin qatlarında toplanır. Bəs bu inciləri, bu mirvariləri və bu mirvarilərdən daha qiymətli adlandırmaq istədiyim qara qızılı dəryanın dibindən çıxaranlar kimlərdir? İnsanlar - bizim dəniz neftçiləri adlandırdığımız qəhrəmanlar. Sözün həqiqi mənasında onlar bir qəhrəmandır. Günlərlə, aylarla, illərlə - fasiləsiz ötüşən zaman axarında sərt dalğaların qoynunda amansız qasırğaların, tufanların ağuşunda çalışan və çalışdıqca da bizim zaman-zaman nağıllaşan, əfsanələşən neftçilərimiz, dənizdə döyüşən igidlərimiz, cəngavərlərimiz...
   Ona görə igidlərimiz, cəngavərlərimiz deyirəm ki, xalqın, millətin, dövlətinin, lap onun ordusunun gücü belə iqtisadi qüdrətinə, iqtisadi zəfərinə arxalanır. Təsadüfi demirik ki, Sovet-Alman müharibəsinin, yəni II Cahan Savaşının taleyini həll edən, ədaləti bərpa edən, Alman faşizminin belini qıran Azərbaycan nefti idi. Neft və dəniz bizim milli varlığımız, müstəqilliyimizin qoruyucusu, taleyimizdir. Azərbaycanın ürəyi, işığıdır. 
 
Xəzərin şəfəqləri, hər səhər, hər axşam dənizdə yuyunan, cilvələnən günəş şüaları elə bilirəm Azərbaycan bayrağıdır...
 
 ...bu bayraq mavi xəzərdə, Xəzərdəki neft şəhərciklərində, qədim-qayım neft daşlarında – “Azəri”, “Çıraq”, “Bulla-dəniz”, “Bahar”, “Günəşli”,  “Günəşli-Çıraq”, “8 mart”, “Şahdəniz”, “Sənqaçal”da və adını çəkmədiyimiz qeyri neft odalarında, platformalarında dalğalanmasa, heç Şuşada, Xankəndində , Laçında, Kəlbəcərdə də dalğalana bilməzdi. Çünki yumruğunu, qəzəbini gülləyə, topa, tüfəngə çevirib düşmən üzərinə yeriyən əsgərimizin güvəndiyi sarsılmaz inadı, dönməz iradəsi də Azərbaycan neftindən, iqtisadiyyatımızın gücündən ilham alırdı. Hətta Moskvadakı məşhur kinoteatrın direktoru erməni əsilli (əslində Qıpçaq) Şahnazaryan da müharibə ərəfəsindəki çıxışlarında dəfələrlə Azərbaycan iqtisadiyyatının, respublikamızın qaz, neft ehtiyatlarının gücünü önə çıxarır və deyirdi ki, Azərbaycan əsgərinin fiziki gücü, dəyanəti bir yana, ermənilər həm də Azərbaycanın sahib olduğu milli sərvətlərlə döyüşür. Şahnazaryan erməni əsilli olsa da müəyyən mənada düz deyirdi. Ölkənin hərb meydanındakı qüdrəti həm də onun iqtisadi gücü ilə ölçülür. Topdan atəş açmaq üçün ən azından topun lüləsində mərmi olmalıdır. O mərmini bizə verən Azərbaycan nefti, Azərbaycan neftçisidir. 
Dəniz mövzusu məndən ötrü həmişə maraqlı olub və maraqlı olduğuna görə də istər-istəməz mətləbə biraz uzaqdan başladım. Elə dənizə boylana-boylana, günəşin axşam-sabah dənizdəki şəfəqlərini seyr edə-edə düşüncələrim də xeyli uzandı. Əslində demək istəyirdim ki, dəniz neftçiləri maraqlı insanlardı. Elə dənizin özü qədər maraqlıdır deyərdim. Onlar yaranışdan cəsur və qorxmaz olur. Təbii ki, bu xüsusiyyətlərə malik olmayanlar bəhri—Xəzərin qoynunda çox qala bilməzlər. Yəqin elə ona görədir ki, özünə çörək təknəsi kimi dənizi seçənlər sehrli dalğaların qucağına öncə həvəslə gəlir, lakin qarşılaşdıqları ilk qasırğadan bir anın içərisində insan taleyini məhv edən tufanın gücünü gördükdən sonra çıxıb gedirlər. Bəlkə də həmişəlik gedir, bir daha dənizə dönmürlər. Lakin dünyanın dəniz, okean sahillərində doğulan bir çox xalqları kimi dəryalarla ülfət bağlayanlar  daha möhkəm, daha mətin olurlar. Belələri üçün dənizlər, okeanlar, bu yerdə Xəzərin özü ömürlük iş yerinə, çörək ağacına, hünər meydanına çevrilir. Hünər demişkən, Azərbaycanın neçə-neçə dəniz neftçisinin adı tariximizin şanlı səhifələrinin şərəfli sətirlərinə çevrilib. Bu adlardan yadımıza düşənləri xatırlamaq istəyirəm. Neftçi Qurban Abbasov, Bəxtiyar Məmmədov, İsrafil Hüseynov, Şəhadət Mehdiyev, Mixayil Kaveroçkin, müsairimiz, Ulu Öndərin, eləcə də cənab Ali Baş Komandanın dostu alim-geoloq Xoşbəxt Yusifzadə və qeyriləri... 
 
Ənənə davam edir... 
 
Bu gün də neftçilərin çox ləyaqətli davamçıları var. Bunlardan biri də mənim tanıdığım Mehdiyev Eldar İman oğludur.  Respublikamızın Cənub bölgəsindəndir – Lənkəran rayonununTürkəkəran kəndindən. Türkəkəran adı özü də tarixi bir toponimdir. Bölgəmizin, yurdumuzun, Vətənimizin qədim keçmişə sahib olmasının bir göstəricisidir. 
Eldar üçün Azərbaycanda yaşayan ayrı-ayrı xalqlar, millətlər yox, vahid Azərbaycan, bütöv Azərbaycan sevgisi var. O, bütün həyatını, dənizə, neft hasilatına həsr etdiyi ömrünün 50 ilə yaxın bir zamanını da Azərbaycan sevgisilə yaşayıb.  Çox ləyaqətli yollar keçib. Onun təbiətindəki dürüstlük, əqidə, əxlaq saflığı nəslə, kökə bağlı bulaqlardan qaynaqlanır. Bəlkə də elə o bulaqlar da onu axa-axa gətirib dənizə qovuşdurub.
     Babası Mehdiyev Mirəyyub Mirsadıq oğlu II Cahan Savaşı başlayanda müharibənin ilk günlərindən - 1939-cu illərdən savaşa yollanıb və 1943-cü ildə - müharibənin ən qızğın çağlarında Eldarın babasından qara kağız gəlib. Əminəm ki, Mirəyyub Mirsadıq oğlunun da adı müharibəyə gedib dönməyən, qara kağızı gələn minlərlə soydaşımız kimi, İkinci Dünya müharibəsində, müharibədən sonrakı hərbi münaqişələrdə, Əfqanıstan və Qarabağ müharibələrində şəhid olmuş azərbaycanlılarla bağlı yaddaş kitabı olan “Respublika xatirə kitabında” ehtiramla çəkilib. 
      Atası Miriman Mirəyyub oğlu Sovxozda mexanizator işləyə-işləyə böyük bir ailəni halal ruziylə dolandırıb. Eldargil 6 qardaş 1 bacı olub. Ailənin böyüyü də elə bu yazının qəhrəmandır.  
       Qəhrmanımızın ömrünün böyük bir hissəsini, demək olar ki, yarıdan çoxunu həsr etdiyi dənizçilik həyatından, onun neft istehsalındakı uğurlu fəaliyyətindən müxtəlif dövrlərdə ən müxtəlif mətbuat orqanlarında yazılar, məqalələr dərc edilib. Həm rusdilli, həm Azərbaycan mətbuatında tanınmış imzalar Eldar Mehdiyev haqqında irili-xırdalı məqalələr yazıblar. Onun şəxsi arxivində həmin qəzetlər, yazılar bu gün də qalmaqdadır. Bu arxivdə məşhur neftçi Qurban Abbasovun Eldar Mehdiyevin adına imzaladığı dəvətnamə də diqqətimi çəkir.  1990-cı ilin iyun ayında “Gülüstan” sarayının böyük zalında keçirilən “Respublikanın Neft və qaz sənayesinin gənc neftçilərinin görüşü”ndə Eldar Mehdiyevin də Qurban Abbasovla bir yerdə iştirak etməsi gənc neftçinin gələcək tərcümeyi-halına yazılan ən dəyərli tarixi faktlardan biridir. Elə “Vışka” qəzetində yəhudi əsilli O.Qinzburq adlı müəllifin “Dostoynaya Smena” başlıqlı məqaləsi də neftçimiz haqqında az söz demir. Müəllif məqalədə Azərbaycan neft tarixinin salnaməsindən və Eldar Mehdiyev kimi mərd, etibarlı, dənizin ən sərt üzüylə belə çarpışmağı bacaran neftçilərin həyatını işıqlandırmağa çalışıb. Qısaca yazılmış mətnin  başlığı da mürəkkəb neftçi həyatını bütün rənglərilə simvolizə edir. Hətta onun şəxsi arxivində hərbi xiddmətdə olduğu dövrdə zabit və digər hərbi heyət tərəfindən sevilən bir əsgər olduğunu təsdiqləyən bir yazıya da rast gəlirəm. “Na Boevom postu” qəzetinin əməkdaşı fotomüxbir V. Leonteva  həmin yazıda Eldarın hərbi təlimlərdəki uğurlu fəaliyyətinə işıq salıb. Hərbi xidmətdən rütbəylə geri dönən Eldar ləyaqətli və hər zaman keşikdə ayıq-sayıq dayanan əsgər həyatını sanki dənizə daşıyaraq sevimli neftçi peşəsini davam etdirib. Operatorluqdan neft mühəndisliyinə qədər uzun və qətiyyətli, təcrübəli bir ömür keçib. Nə etsən də iki insanın borcu ödənməzmiş - ana və müəllim... Eldar Mehdiyev zaman-zaman peşəkar neftçi kimi qazandığı uğurları birər-birər saydıqca dənizdəki ustası Vəli Mustafayevi və əmisi, Azərbaycanın tanınmış neftçisi Şəhadət Mirhəmid oğlu Mehdiyevi olduqca xoş duyğularla xatırlayır. 
     Bu Vətənə, bu xalqa bir cəsur, qorxmaz neftçi də o bağışlayıb - neftçimizin anası Mehdiyeva Böyükxanım Mirəli qızını deyirəm.  
 
Çünki...
 
    Bu gün 65 illiyinə hazırlaşan neftçimizin adı əsrin neftçiləri sırasındadır. Əsrin neftçiləri deyəndə həm də “Əsrin müqaviləsi” yadıma düşür. Ulu Öndər Heydər Əliyevin imzaladığı əsrin müqaviləsi, respublikamızı dünyaya tanıdan böyük neft kontraktları Azərbaycanın neft sənayesi tarixində misilsiz bir hadisəydi. Bu, neftimizin və neftçilərimizin çatdığı zirvə, qazandığı qələbə idi. Ən başlıcası, Ulu Öndərin dünyəvi siyasətinin və milli heysiyyatla yaşamasının daha bir nəticəsi, Azərbaycan dövlət müstəqilliyinin bəhrəsi idi. 
     Müstəqilliyimizə qovuşmağımızda, müstəqilliyimizin qorunmasında Azərbaycan neftçilərinin xüsusi rolu, zəhməti var. Və bu zəhmət hər zaman ölkə rəhbərliyi tərəfindən qiymətləndirilir, Azərbaycan mətbuatı da neftçilərimizi heç vaxt unutmur. Odur ki, “XXI əsr Azərbaycan neftçiləri” kitabında da Eldar Mehdiyevin adına açılmış ayrıca bir səhifə var. Azərbaycan və ingilis dillərində yayılmış həmin kitabda tanınmış neftçilərin tərcümeyi-halı qısa şəkildə verilsə də, həssas oxucu o sətirlər arasındakı cəfakeş ömür işığını görməyə bilməz.
     Mediyev Eldar İman oğlu 26 mart 1960-cı ildə Lənkəran rayonunun Türkəkəran kəndində anadan olmuşdur. 
       1977-ci ildə Lənkəran rayonunun Şürük kənd orta məktəbini bitirib, Bakı şəhəri 20 saylı Texniki peşə məktəbinə daxil olub. 1978-ci ildə həmin məktəbi fərqlənmə diplomu ilə bitirib, Nəriman Nərimanov adına Neft-Qaz çıxarma idarəsinin 1 saylı NQÇİ- nə təyinatla 4-cü dərəcəli neft və qazçıxarma operatoru kimi işə başlayıb. İşləyə-işləyə təhsilini davam etdirərək 1983-cü ildə Bakı Neft Texnikumunun axşam şöbəsində texnik-texnoloq ixtisası alıb. Texnikumu bitirdikdən sonra ordu sıralarında xidmət edib. 
     Orduda xidməti başa vurduqdan sonra işlədiyi kollektivə yenidən qayıdaraq 1985-ci ilin dekabr ayından usta vəzifəsinə keçib. 
     1990-cı ildən işlədiyi 1 saylı mədəndə növbə rəisi vəzifəsinə keçirilib. 1994-cü ildən 2019-cu ilə qədər isə 3 saylı NQÇİ-də rəis müavini vəzifəsində işləyib. Nəriman Nərimanov adına NQÇİ-də işlədiyi 25 il ərzində rəhbərlik və dövlət tərəfindən dəfələrlə mükafatlandırılıb. 
     Ümumittifaq Qaz və Neft sənayesi işçiləri günü münasibətilə fəxri fərmanlar alıb. 
     1982-1990-cı illərdə Sosializm yarışı qalibi döş nişanları və fəxri fərmanlarla təltif olunub. 1990-cı ildə “Ən yaxşı gənc mütəxəssis” kimi fəxri fərman alıb. 
      Dəfələrlə Qaradağ rayon və Bakı şəhər partiya konfranslarının nümayəndəsi olub. 1991-1995-ci illər Bakı şəhəri Qaradağ rayonu Xalq Deputatlar Sovetinin deputatı, Azərbaycan Kommunist Partiyasının  32-ci qurultayının iştirakçısı olub. 
     Usta işlədiyi briqada SSRİ-nin Qaz Sənayesi Nazirliyində 2-ci yeri tutub. Eldar Mehdiyevin neft sahəsindəki əməyinin dövlət tərəfindən daim dəstəkləndiyinin,  yüksək qiymətləndirildiyinin fərqindəyik. Neft sahəsində böyük əməyi, 50 ilə yaxın ömrü keçən qəhrəman neftçimizin  65 illik yubileyi və “Neftçilər günün”nün 30 illiyi münasibətilə diqqətdən kənarda qalmayacağına inanırıq. Doğrudur, o, az qala yarım əsrlik neftçilik fəaliyyəti dövründə ən müxtəlif neft sənayesi, tabeliyində olduğu böyük təşkilatlar tərəfindən çoxlu sayda diplom, fəxri fərman, təşəkkürnamə, təltiflərə layiq görülüb. Hətta Vektor Beynəlxalq Elm Mərkəzi Mükafat Komissiyasının qərarı ilə “Azərbaycanın Tanınmış Neftçiləri” Beynəlxalq layihəsinin qalibi olmuş, “XXI Əsrin Tanınmış Neftçisi” Beynəlxalq diplomu ilə təltif olunmuş, SOCAR “AZNEFT” İstehsalat Birliyi tərəfindən “Azərbaycanda sənaye üsulu ilə 2 milyard ton neftin çıxarılmasında xüsusi xidmətlərinə görə” fəxri fərmana layiq görülmüşdür. Ancaq bütün bunlar onun 50 illik zəhməti müqabilində çox xırda görünür. Ümid edirik ki, neftçimizin yubileyi ərəfəsində dövlət və hökumətimiz onu daha böyük təltiflərlə sevindirəcək. Ali baş Komandan həm də neftçilərin böyük dostudur axı...


 
Dənizin üzü nə qədər sərt olsa da...
 
...insana böyük mənəvi xüsusiyyətlər aşılaması da var. Dənizlə daim təmasda olanların xarakterləri də fərqli olur. Adətən dəniz neftçiləri insanla tez ünsiyyət qurmağı bacarır. Sözü bütöv və dostluqda mətin olurlar. Bir çoxu – elə Eldar Mehdiyev kimi romantikanı, şeiri, musiqini, incəsənətin bir çox sahələrini sevir. Dəniz neftçiləri içərisindən bəzən çox gözəl şairlər, yazıçılar, rəssam, bəstəkarlar da çıxır. Doğrudur, bizim Eldar şair, rəssam, bəstəkar deyil, amma olduqca həssas duyğuları, kövrək hissləri, utancaq təbiəti, dolu şəxsiyyəti var. Bəzən mənə elə poeziya nümunələrindən seçib göndərir ki, onun poetik zövqünə heyran oluram. Səməd Vurğundan, Əliağa Vahiddən, Bəxtiyar Vahabzadədən, Fiktrət Qocadan, Ramiz Rövşəndən, Bəhmən Vətənoğludan göndərdiyi poetik seçmələrdə adətən insanlıq, mərdlik, vəfa və sədaqət tərənnüm olunur. Eldar danışacağı sözü həmişə yüz ölçüb, bir biçir. Elə ölçüb-biçir ki, dediyi söz birdən kiminsə qəlbinə toxuna bilər. Amma toxunmaq nədir, onunla çay süfrəsi arxasında söhbətləşdikcə sanki şirindən şirin, həzin “Dalğalar” mahnısını dinləyirsən. Bir də fəlsəfədəki “Səbəb və nəticə” kateqoriyasını çox sevir. Deyir, fəlsəfi hökmdəki kimi, həyatda da hər şeyin səbəb və nəticəsi olur. Səbəb və nəticələr çox vaxt insan iradəsinə tabe olmasa da, tabe olduğu vaxtlar da az olmur. İnsan səadətinə gedən yol hardan keçir? Təbii ki sağlam nəticələr qazanamaqdan. 
        İnsan həmişə sevdiyinə, sevgisinə, sevdasına tərəf qaçır. Eldarda da belədir bu. Həmişə bir üzü dənizə, bir üzü də mərdanəliklə söylənmiş sözə, hikmətə tərəfdir. Bəlkə də elə onun bu təbiəti adının, isminin səsləndiyi misraları xatirimə gətirir. “Azərbaycan” şeirinin bir bəndində şair məşhur Eldar düzünü yada salır. Amma bu misralar mənə eyni zamanda Eldar Mehdiyevi də xatırladır. 
 
Bir yanım bəhri-Xəzər, 
Yaşılbaş sonalar gəzər.
Xəyalım dolanar gəzər,
Gah Muğanı, gah Eldarı,
Mənzil uzaq, ömür yarı...
        Təbii ki poeziyada şairin səsi heç də həmişə birmənalı səslənmir. Poetik fikirlər əlvan təəssüratlar yaradır. Şair “Eldar”ı deyəndə təkcə coğrafi ərazi vahidini yada salmır, görünür, həm də elin, yurdun sahibini, elin ləyaqətli övladlarını birliyə, vəhdətə, mənəvi-ruhani səfərbərliyə səsləyir...
 
Xəzər də bir insan sərrafıdır... aldanmayıb...
 
Eldar Mehdiyev ömrünün yarı yaşını çoxdan keçib. Üzü 70, 80, 100-ə tərəf gedir... Əsas odur ki, dəyərli bir ömür yaşaya bilib. Xalqa, millətə, ölkəmizin keçmişinə, gələcəyinə, halal zəhmət dolu əlləri, dəniz şəfəqləri tək titrəyən qəlbiylə fayda verə bilib. Ona görə də mən onu həmişə qürurlu görürəm, təpərli görürəm. Bizə elə gələ bilər ki, yalnız insan araya, axtara, seçə bilir, yalnız insan görə, yalnız insan gördüyünü dəyərləndirə bilir. Amma inanın, suların, bulaqların, çayların, dənizlərin, dağların, dərələrin də gözü, baxışı var, onlar da seçə, sevə bilir. Bu mənada dənizi seçən və dənizin seçdiyi adamlar var. Eldar Mehdiyev dənizin seçdiyi adamdır - neftçidir. Hələ onun qollarında, ürəyində, qəlbində kifayət qədər tükənməz güc yatır. O, qəlbində və biləyində, bütövlükdə varlığında daşıdığı gücü öz doğma xalqına xərcləməkdən hər daim zövq alır. Məni Eldar Mehdiyevlə Azərbaycan Pedaqoji Universitetinin müəllimi, dəyərli pedaqoq, yazıçı-şair Əlibala Zaloğlu tanış edib. Bu tanışlığa görə ona ayrıca təşəkkür etməyi də özümə borc bilirəm. Elə Əlibala müəllimin də dediyi kimi, Eldar peşəsini kamil bilən bir neftçi olmaqla bərabər həm də çox dəyərli bir ata, ailə başçısı, baba, halal tikəsini bölməkdən zövq alan yaxşı dost, yaxşı qardaşdır. Eldarın iki övladı, 4 nəvəsi var. Övladları Fuad və Fərqanə də çox uzağa getməyərək özünə atasını qəhrəman seçib. 
Neftçiliyi atasından, baba və ulu babasında ona sərvət qalmış  “qara qızıl” kimi ömrünün sonunadək şərəf və ləyaqətlə varislik kimi qoruyub-saxlayan, “neft” və “həyat” sözünü bir birindən ayrı təsəvvür edə bilməyən nəsillər heç də az olmayıb Azərbaycan tarixində. Eldar Mehdiyevin də ailəsi belə gözəl örnəklərdən biridir. 
    Fuad və Fərqanə Mehdiyevlər də bu gözəl ənənəni davam etdirərək neft sahəsini seçib, Azərbaycan Dövlət Neft və Sənaye Universitetini müvəffəqiyyətlə bitirərək bu gün neft sahəsində ayrı-ayrı vəzifələrdə çalışırlar.
    Övladlarını da dost, doğmacanlı, sevməyi özünə peşə bilən, sevməkdən  gözəl peşə tanımayan vətəndaş kimi böyüdüb boya-başa gətirmək ən böyük valideyn missiyasıdır. “Ailə dövlətin kiçik modelidir” fikri bu yerdə nə qədər haqlı səslənir. Eldar Mehdiyev qarşısına çıxan bütün həyat çətinliklərini, yaşam sınaqlarını vəfalı ömür-gün yoldaşıyla birgə addımlayıb. Xalidə xanım Mehdiyeva 30 ildir ki, Vüqar Əsədov adına uşaq bağçasında neftçi balalarının təlim-tərbiyəsi ilə məşğul olaraq tərbiyəçi-müəllim kimi çalışır. Demək, Mehdiyevlər ailəsi cəmiyyətə töfhə vermək yolunda birgə çalışıblar. Əlbəttə ki, ailənin əsas sütunu atadır. Bu mənada Eldar özü də yaxşı bir Vətən oğlu, yurdun, torpağın səsi, avazıdır. Görünür, dəniz də, Xəzər də bir insan sərrafıdır, aldanmayıb. Öz sularına gözəllik qatan incisinin, mirvarisinin fərqindədir. Suları dənizə daşıyan bulaqların, çayların Vətəni müxtəlif ola bilər, amma əsas mahiyyət dənizə nə daşımasındadır...


 
Neftçi abidəsi, əməyin və fədakarlığın rəmzi!
 
Əslində, Eldarın, bütünlükdə dəniz neftçilərinin həyatı bir himndir. Bu himni tək-tək adamlar dinləmir, bu himn məmləkətimizin hər yerindən - bir ucu Şirvan, Bir ucu Muğan, bir ucu Mil, bir ucu Qarabağ, bir ucu Zəngəzurdan eşidilir. Niyə də eşidilməsin? 21-ci əsr çağdaş Azərbaycan Ali Baş Komandan İlham Əliyevin liderliyilə böyük inkişaf mərhələsini yaşayır. Bizi ərzin dörd bir tərəfi ilə qovuşduran ipək yollar, nəqliyyat dəhlizləri, Azərbaycanı dünyayla birləşdirən ağıl körpüləri, yeraltı tunellər tikilir. Qarabağdakı böyük quruculuq işləri, işğaldan azad olunmuş ərazilərdə yeni salınmış kəndlər, qəsəbələr, şəhərciklər, təhsil, səhiyyə ocaqları, hərbi obyektlər, əhalinin sosial təlabatını ödənilməsini asanlaşdıran “Asan xidmət” binaları, bank sektorları xalqın istifadəsinə verilir. Bü gün bu layihələri reallaşdırmaq üçün dövlət fondundan, Azərbaycanın maliyyə büdcəsindən milyardlarla vəsait ayrılır. Və bu vəsait necə qazanılır, hardan gəlir? Düşünürəm ki, bu məbləğin, bu vəsaitin böyük hissəsini dövlət büdcəsinə qazandıran neftçilərimizdir-  dənizin dibindən, yerin təkindən qara qızılı çıxarıb xalqın, dövlətin mülkiyyətinə çevirən bizim şöhrət tacımız olan Azərbaycan neftçisi. Bu yerdə məşhur neftçi Bəxtiyar Məmmədovun neftçilər haqqında söylədiyi fikri xatırlayıram: “Dənizdə, qazma vışqasının polad dirəkləri üzərində tufanla və böyük dalğaların zərbəsiylə mübarizə aparmağa, sərt şəraitdə yaşamağa və işləməyə yalnız fövqəladə insanlar qadirdir”. Bax həmin fövqəladə insanlardan biri də bizim tanıdığımız Eldar Mehdiyevdir. 
     Bəs görəsən Eldar Mehdiyevin simasında minlərlə neftçi əməyinin, böyük bir neftçi ordusunun zəhmətini rəmzləşdirən bir görkəmli abidə varmı ölkəmizdə? Səhv etmirəmsə, yoxdur və bu hal kimsədə təəccüb doğurmaya bilməz. Hünərilə möcüzələr yaradan, qasırğaların önündə əsl döyüşçüyə çevrilən, dünyanın belə tamah saldığı qara qızılla dövlətin valyuta ehtiyatlarını az qala tükənməz dəfinəyə döndərən insanları qəhrəmanlıq yeri olaraq tanımaq, onu bu böyük xalqın abidəsinə çevirmək olmazmı? Hər halda vətəndaş, dövlət, cəmiyyət olaraq misilsiz əməyi və rəşadətiylə öyünmək istədiyimiz adamlara borcumuzu qaytarmalıyıq. Dənizin ürəyində özünə yer edənləri qəlbimizdə yaşatmaq, onların həyat salnaməsini mənəvi yaddaşa çevirmək üçün bir abidənin kölgəsinə yığılmağa içdən gələn bir ehtiyac duyur adam. Hər halda, bu abidə Bakının uyğun yerlərindən birində yaradılacaq. Bu gün olmasa da, 3 ildən, 5 ildən sonra yaradılacaq. Düşünürəm ki, o abidəni yaradacaq memar mazutlu əllərilə ölkənin ürəyinə işıq verən qəhrəmanımıza həsr olunmuş dənizçi qəlbinin himnini oxumasa, onun yaradıcı tişəsi abidə daşlarının ürəyinə yol tapmaz, yaratdığı abidəni də arzuladığı istedadla cilalaya bilməz. 
     Neftçi abidəsi... deyəsən, tanınmış imzalardan biri də mövzuya dair yaxşı bir fikir səsləndirmişdi: “İllərdir Azərbaycanı dünyanın mərkəzinə çevirən, Bakının, bütövlükdə diyarımızın simasını yaxşı mənada dəyişən, başımızı uca edən neftçilərin qarşısında ildə bir dəfə başımızı endirməliyik”...
 


Hər eldə, obada, yanan ocaqda
Odlu qəlbinizin hərarəti var...
 
 
Xəzərin şəfəqləri gözlərim önündə, dənizçi qəlbinin himni isə qulaqlarımda səslənir. O dənizçi ki peşə bayramının 30, ömrünün isə 65-ci baharını qeyd etməyə hazırlaşır. Elə biz də... Neft Daşlarının fatehlərindən biri - neft mühəndisi, alim Yusif Səfərovun vaxtilə dediyi kimi, axı "Azərbaycan neft ölkəsidir və burada yaşayan hər bir insan peşəsindən asılı olmayaraq neftçidir".  Şübhəsiz ki, görkəmli neftçi qəlbən, ruhən neftçi olmağı nəzərdə tuturdu.
Hər kəsin həyatında mütləq onun üçün önəmli bir gün var. Adı dünyanı gəzən neftçimizin günü isə 20 sentyabrdır. Bu bayramı neftçilərə 30 il öncə Ulu Öndər Heydər Əliyev bəxş edib və  neftçilərimiz hər biri 30 ildir bu günü böyük təntənə ilə qeyd edir, elə biz də. Bəlkə elə bu yazının yaranma səbəbi də bu gün, bu bayram, peşəsini sevən, peşəsinə ucalıq gətirən qəhrəman neftçimiz Eldar Mehdiyevin  timsalında bütün neftçilərimizi təbrik etmək istəyimizdir. Xəzəri fəth edərək açıq dənizdə ilk dəfə «qara qızıl» çıxarmağa başlamaqla yer üzündə neftçıxarmanın yeni erasının təməlini qoyan, adı dillərdə dastana çevrilən, dalğalar qoynunda şəhərlər salan,yurdumuzu bütün dünyada  “Odlar diyarı” kimi tanıdan, mavi dənizin belə təslim olub qarşısında baş əydiyi neftçilərimiz haqqında nə yazsaq yəqin ki az olar, elə bu yazı kimi! Onlar özünü necə dənizsiz təsəvvür edə bilmirsə, biz də özümüzü onlarsız təsəvvür edə bilmirik...
    ...Xəzər şəfəq saçır, sahilə can atan dalğalar yenə də dənizçi himninin sədalarını ruhumuza, qəlbimizə hopdurur…





 
Fariz Çobanoğlu, yazıçı-publisist,
prezident təqaüdçüsü
 
 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Facebook-da paylaş