KÖNÜLLƏRƏ İŞIQ SAÇAN İNSAN, ƏBƏDİ MƏKANIN NURLA DOLSUN

     Bir az bundan qabaq çox acı xəbər eşitdim... Azərbaycan Dövlət Pedaqoji Universitetinin  Analitik və üzvi kimya kafedrasın dosenti, kimya üzrə fəlsəfə doktoru, əməkdar müəllim Vaqif Səməd oğlu Həsənov köçünü haqqın dərgaına çəkib getdi...
    Vaqif müəllim həmiş deyərdi hər bir adam həyatı böyu çalışıb bir başqasının həyatını az da olsa yaxşılaşdırmalı, kiməsə işıq verməlidir. Həttda öz həyatındakı işığın hesabına olsa da. Vaqif müəllim ADPU-da fəaliyyət göstərdiyi 50 ildə könüllərə işıq saçdı öz qəlbindən, həyatından.
Vaqif Səməd oğlu Həsənov Göyçə mahalında, Toxluca kəndində müəllim ailəsində anadan olmuşdur (1950-ci il avqustun 1-də). Toxulca kəndində orta məktəbi qızıl medalla (1957-1967), Azərbaycan Dövlət Pedaqoji İnsitiutunda (indiki ADPU-da) Kimya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir(1967-1971). Lenin təqaüdçüsü olduğu üçün təhsil aldığı ali məktəbdə saxlanılmışdır. 
İnsanın həyatda görüb götürdüyü, təhsili, böyüdüyü ailə şəraiti onun daxili aləminə böyük təsir göstərir. 
    Vaqif müəllimi insanlara, ətrafınıa sevdirən keyfiyyətlərin arasında gözəl xasiyyəti, kifayət qədər ağıllı və vicdanlı olmağı idi. Bunlarla yanaşı əxlaqın əsas dəyərlərindən biri olan doğruluq Vaqif müəllimdə  ən yüksək səviyyədəidi. İnsanın kamillik dərəcəsinin göstəricisi olan doğruluq onun daxili ilə xaricinin, özü ilə sözünün bir olması kimi dəyərləndirilir. İnsanın kamil olmasının bir tərəfi də, yaşadığı cəmiyyətdə, çalışdığı kollektivdə, ailə də necə qiymətləndirilməsindən də asılıdır. Vaqif Həsənova verilən bu qiymət, bu dəyər, bu önəm isə hamının gözü qarşısındadır.
    Vaqif müəllim danışanda həqiqət deyər, verdiyi sözdə bütöv olardı, ona etibar edildikdə xəyanət etməzdi. 
    Vaqif müəllim, mənim müşahidələrimə görə ədalətli olduğuna görə insanlar tərəfindən sevilirdi, insanların sevdiyini isə Allah da sevər. Allah Yeri, yaratdıqlarını ədalətli insanların gözü ilə görür.
Vaqif müəllim gənclik illərindən bura qədər müxtəlif vəzifələrdə bacarıqla çalışıb:         Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Üzvi kimya və kimya texnologiyası kafedrasında laborant (1971), Üzvi kimya tədris laboratoriyasının (1976-1989) və Yeni bioloji aktiv birləşmələr elmi-tədqiqat laboratoriyasının müdiri (1989-2011), kafedrada baş müəllim (1991-1993), dosent (1993), ADPU-nun Tələbə Elmi Cəmiyyətinin (TEC) sədri (1997), Elmi katibi, Tədris–metodiki şöbəsinin müdiri (1999-2004), kafedra müdiri (2004-2011), Kimya fakültəsinin dekanı (2006-2016), fakültə Elmi Şurasının sədri, universitet Elmi Şurasının və Təhsil Nazirliyinin Elm İdarəsi yanında Elmi-Metodik Şuranın üzvü olub. Təhsil Nazirliyinin kurikulum proqramı üzrə Dərslikləri Qiymətləndirmə Şurasının (kimya fənni üzrə) üzvü olub (2013-2016). Təhsil nazirinin əmri ilə Gəncə Dövlət Universitetində (GDU) Kimya ixtisası üzrə Yekun Buraxılış Dövlət Attestasiyası Komissiyasının sədri olub (2005). Müxtəlif illərdə Təhsil nazirinin əmri ilə Bakı Dövlət Universitetində (BDU) və Qərbi Kaspi Universitetində Attestasiya və Akkreditasiya Komissiyasının işində üzv kimi fəal iştirak edib. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (indiki DİM) ADPU üzrə Sənəd Qəbulu Komissiyasının məsul katibi (2007-2009), Sənəd Qəbulu Komissiyasının məsul katibinin müavini olub (2010-2013).
    Vaqif müəllimi tanıdığım müddətdə, onun ətrafında həmişə insanlar mehriban olub, əmin amanlıq hökm sürüb, içtimai sülhün günəşi daim səmada parlayıb.          Vaqif Həsənovu tanıyanlar böyük əminliklə deyə bilərlər ki, onun fəliyyətinin bütün yolları ədalət körpüsündən şərəflə keçib.
Vaqif müəllim həyatının az qala 70 ilini öyrənib və öyrətməyə sərf etmişdir. O qazandığı biliklə həyata keçirəcəyi hərəkətlərin insanlığın xeyrinə istifadə edəcək bir xarakter özündə formalaşdırmışdır. O biliyi ilə hərəkəti arasında bir ahəng, uyğunluq qurma imkanına malik idi. Belə bir ahəngi qurmaq bacarığı isə insanlığın ən yüksək keyfiyyətidir.
     Hədislərin birində Cənnətə gedən yolun bələdçisi bunlardır: Doğru danışmaq, verdiyi sözü tutmaq, əmanətə xəyanət etməmək, namuslu olmaq, gözləri haramdan qorumaq, əllərə hakim olmaq. Vaqif müəllimi tanıyanlar, onunla təmasda olanlar bu keyfiyyətlərin onun həyat kredosu olduğuna əmindilər.
     Vaqif müəllimin rəhbərliyi ilə onlarla magistr, fəlsəfə doktoru dissertasiyası müdafiə edilib. O, üzvi kimya ixtisası üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş çoxlu dissertasiya işinin rəsmi opponenti olmuşdur. Xarici ölkələrdə keçirilən Beynəlxalq simpozium və konfranslarda iştirak etmişdir.
Vaqif Həsənov 350 elmi-metodik əsərin, o cümlədən 141 məqalənin (xaricdə 47, respublikada 94), 84 tezisin (xaricdə 4, respublikada 80), 1 dərsliyin, 9 dərs vəsaitinin, 25 metodik vəsaitin, 61 fənn proqramının,19 ixtira üçün alınmış Müəlliflik Şəhadətnaməsinin və 5 Azərbaycan Patentinin müəlliflərindən biridir. Onun həmmüəllif olduğu dərs vəsaitləri –  “Üzvi sintez praktikumu” (1989),“Bioloji kimyadan təcrübə məşğələləri” (1990),“Həyat fəaliyyətinin kimyəvi əsaslarından praktikum” (2008),“Üzvi kimyadan yoxlama variantları və onlara dair metodik göstəriş” (2008), “Üzvi kimya praktikumu” (2010), “Üzvi sintez praktikumu” (2011),“Üzvi kimya praktikumu” (2012),“ “Dərman maddələrinin kimyası” (2015), metodik vəsaitlər – “Yüksək molekullu birləşmələr kimyasından testlər” (2009),“Üzvi kimyadan yoxlama testləri” (2009) “Bioloji kimyadan yoxlama variantları” (2010), Kimya həvəskarları üçün” (2013),“Üzvi kimya terminləri” (2013), “Karbohidratlar kimyası” (2016),“Neft kimyası-1001 testdə” (2017). “Neft kimyası-1001 testdə” (yenidən işlənmiş, 2019), metodik tövsiyə – “Kimya olimpiadalarının təşkili və keçirilməsi” (2019), dərslik – “Yüksək molekullu birləşmələr kimyası” (2016), “Üzvi kimya” (2021) ali məktəb tələbələrinin sevərək oxuduğu kitablardandır. 
      Universitetin Tədris-metodiki şöbəsinin müdiri və fakültə dekanı işlədiyi vaxtlarda həmişə təhsilin dövlət standartlarının və tədris planlarının hazırlanması komissiyalarının işində fəal iştirak edib. Kimya fakültəsinin dekanı işlədiyi illərdə onun tərəfindən iki ixtisas üzrə təhsilin dövlət standartları (2006,2009 və 2014), tədris planları hazırlanıb. 
     Vaqif Həsənov “XXI əsrin tanınmış alimi” Beynəlxalq diplomu ilə (2004), Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə (2006), Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Fəxri Fərmanı ilə (2012), təhsilin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə “Tərəqqi” medalına (2012) və “Əməkdar müəllim” (2021, 17 noyabr) fəxri adına layiq görülüb, Yeni Azərbaycan Partiyasının “Veteranı” vəsiqəsi ilə təltif olunub (2013). Onun bu fəliyyəti daim onu əhatə edən insanların ona olan sevgi və hörməti ilə müşayət olunub. Sevgi hər bir insanın istədiyi Allahın çox böyük nemətidir. Bütün insanlar ətrafındakı insanlarda sevgini axtarırlar. 
Vaqim müəllimin yoldaşlığına, sirdaşlığına, sədaqətinə dostları inandığından həmişə ona güvənirdilər.
    Vaqif müəllim ömrünün 50 ilini gənc nəslin təlim-tərbiyəsinə həsr edib. Bu illər ərzində qəlbinin odunu, gözünün nurunu gənc nəslin tərbiyəsi yolunda sərf edib. Dərs dediyi tələbələrin əksəriyyəti əsl vətəndaş kimi yetişib, onlardan çoxu dövlət müəssisələrində müəyyən vəzifələrdə, orta məktəblərdə kimya, kimya-biologiya müəllimi kimi çalışır, fəlsəfə doktoru, və elmlər doktorudur. 
Vaqif Səməd oğlunun fəaliyyətinin təməl daşı doğma Azərbaycana – onun təbiətinə, insanlarına, elminə, keçmişinə, sabahına vaqiflilik idi... O, bu təməl üzərində hər gün yorulmadan, usanmadan zirvəsinə çoxlarının əli çatmadığı, amma hamının görə bildiyi başı qarlı dağlar timsalı... ömür kitabı yazmışdı. Vaqif müəllimin 50 illik elmi-pedaqoji fəliyyətində əsl vətandaş olmuşdur. O, qəlbinin odu, gözünün nuru ilə gənclərin həyat yoluna işıq saçmışdır.
     Vaqif Həsənov böyük elm adamı, ruhunu elmə, gəncliyə tapşırmış böyük müəllim idi.
     Əziz dostum, səni unmayacağıq! Əbədi məkanın nurla dolsun!

Əli ZALOV, 
Azərbaycan Dövlət Pedaqoji Universitetinin  
Analitik və üzvi kimya kafedrasının müdiri,
Kimya elmləri doktoru



Facebook-da paylaş