Yuxarı Əbdürrəhmanlıda qırılan ömür yolu


  
         Ermənilərin  son deportasiyası zamanı Bakıya pənah gətirmiş qaçqın Vidadi İnayət oğlu qeydiyyatsız Nizami rayon könüllülərinə qoşulub ermənilərdən heyf almaq məqsədi  ilə döyüşə girir.Təkid etdilər ki, səni qeydiyyatsız dəstəyə götürməyə haqqımız yoxdur. “Bizi doğma dədə-baba  torpağından qovan,indi  də Qarabağa göz dikən  ermənilərlə vuruşa  gedirəm.Heç kim məni bu yoldan döndərməməlidir”. Döndərmədilər, məşqə  başladılar- döyüş məşqinə.Cüssəli, boylu-buxunlu, 28 yaşlı Vidadi özünü əsl pulemyotcu kimi göstərdi.Döyüşə hazır olduğunu bildirdi.
     Qərbi Azərbaycanın  Ləmbəli  kəndindən 12 nəfər  döyüşçü  şəhid olub. Onlardan 3 nəfəri: Ayvazov Yusif,  Həsənov Oqtay  və  Ənsərov  Vidadi  Şəhidlər xiyabanında dəfn olunublar.
    Vidadinin  şəhid olması ilə qururlansalar da  atası İnayət də, bacısı Şəfiqə də dözə  bilməyib dünyalarını dəyişdilər.Anası Xeyransa isə ölümündən 2  həftə  əvvəl Oğuz  rayonundan qardaşı  mənə bu məktubu yazmışdı:
    Vidadinin  ölümü  məni  yandırmır, qardaş! O da yüzlərlə şəhidlərimizdən biridir.Onun  dediyi: “Lazım gələn anda Vətən uğrunda  canımı  qurban vermək mənim ən müqəddəs övladlıq borcumdur.Ancaq məni ata ocağından qovanlardan  intiqam  almaq iki qat borcumuzdur”. Sözləri  hər  an qulaqlarımda səslənir.
     O, borcunu  yerinə  yetirdi.Məni bu  günə  qədər  yandıran onun  adını  adları  əbədiləşdirilmiş yüzlərcə-minlərcə şəhidlərimizin  sırasında görməməyimdir.Güllə bacın oğlunun  arxasından  dəymiş  olsaydı, vallah, bəlkə də dilim olmazdı. Axı, o, aslanürəkli, Vətəncanlı, qorxu  nə  olduğunu  bilməyən, istiqanlı oğul idi.
    Yadındamı, Vidadinin  dəfnində  iştirak edən dövlət  adamları: Nizami rayonunun  rəhbərləri, hərbi  komissarlığın nümayəndələri, 20  nəfərə yaxın döyüşçü dostları ( onların hamısına öz minmətdarlığımı bildirirəm) o dar günümüzdə  dərdimizə  şərik, mənəvi  dayağımız  oldular.Onların  hamısı Vidadinin  qəhrəmanlığından  ağız   dolusu  danışaraq  dedilər ki,onun  adını  əbədiləşdirmək  üçün  əllərindən  gələni  əsirgəməyəcək, ona layiq olduğu  adın  verilməsi  üçün  lazımı  tədbirlərə  əl atacaqlar.
    İndi  çox  fikirləşirəm, qardaş! Görəsən belə unutqanlıq olarmı? Axı, ayrı-ayrı qapıları döyməyə,Vidadinin  komandirlərini, döyüşçü  dostlarını axtarmağa  mənim  nə  maddi imkanım, nə də bacarığım yoxdur.Belə  olduğu  halda  canını Vətənimizə qurban vermiş  bir  oğulun  adsız qalmağına cavabdeh  adamlar niyə susurlar?
     Eh,qardaş! Mənim  bu  dərdimə  yenə də sən əlac etməyə çalışmalısan. Özün də gördün ki, qaçqınlıq  dərdinə  oğul  dərdi  qatılmış atası İnayət, bacısı Şəfiqə dözməyib  dünyalarını dəyişdilər.
     Mən isə… Nə bilim, qardaş! Məni hələlik yaşadan Vidadinin  adının  əbədiləşdiriləcəyi arzusu, ümididir. Eşitsəm ki, bir küçə, bir məktəb… onun  adını yaşadır. Ölsəm də dərdim olmaz.Allah  bu  istəyimin, arzumun yerinə yetirilməsində sənə köməyini əsirgəməyənlərə yar olsun, qardaş!
     Bu  məktubu  yazandan  iki  həftə sonra  Xeyransa  ana  da  arzusu  gözündə qalaraq dünyasını  dəyişdi. Onun  haqlı  giley-güzarı mənim ürək  ağrıma səbəb oldu.Vicdanım  qarşısında  əzab çəkdim. Ağbirçək  ananın  arzusuna  qoşularaq 19 nəfər döyüşçü  dostlarının  ifadələri qeyd olunmuş dəftərçəni  dönə-dönə  nəzərdən keçirdim, onun  döyüş  yoluna  yenidən  nəzər  saldım və onları  ümumiləşdirib qısaca olaraq bu  yazını hazırladım.
     Vidadi  İnayət oğlu Ənsərov 1966-cı il 22 martda  anadan  olub. Həmin  gün ailələrində Yeni  ili keçirmək üçün  süfrə açılmışdı.Muştuluqçu  bayrama  böyük sevinc  qatdı: Ailəyə yeni oğul  gəldi! Elə bu şənlik  anındaca  onun adını Vidadi qoymağı  qərara aldırlar. Bu Qərbi  Azərbaycanın ( indiki Ermənistanın) Barana ( indiki Noyemberyan) rayonunun  Ləmbəli ( indiki Baqrataşen) kəndində baş verdi. Gözaydınlığına, təbrikə gələnlərin ardı-arası kəsilmirdi.
  Böyüdü, Ləmbəli orta məktəbini bitirdi, Sovet ordusunda hərbi xidmətdə oldu.Erməni  deportasiyasına  məruz  qalan Vidadi  Azərbaycana pənah gətirdi.Bakının Nizami  rayonunda  məskunlaşdı. Könüllü  olaraq  Nizami rayonunda  yaradılmış  könüllü  döyüşçülər  dəstəsinə  qoşuldu. Qeydiyyatsız olsa da, inadından  dönmədi.Məşqlər  zamanı  özünü  əsl  pulemyotçu  kimi göstərdi. 1993-cü il iyunun  7-də Laçın rayonunun müdafiəsində, 12 nəfərlə Güləbird postunda  mühasirəyə  düşür. 7 gün mübarizə aparır və itki vermədən  mühasirədən, Vidadinin göstərişi ilə, sağ-salamat çıxa bilirlər.
    Vidadinin  ikinci döyüş yolu 1993-cü ilin dekabrından 1994-cü il 11 yanvara qədər  davam  edir.Bu yol  Daşburundan  başlayaraq Füzuli  rayonunun Əhmədbəyli, Yuxarı  Kürdmahmudlu, Alxanlı, Seyidəhmədli,Qaraxanbəyli, Şükürbəyli,Aşağı  Əbdürrəhmanlı  kəndlərindən  keçərək Yuxarı  Əbdürrəhmanlı kəndində  qırılır.
      Qəhrəmancasına şəhid olan Vidadinin  cəsədi yanvarın 15-də Şəhidlər xiyabanında  torpağa  tapşırıldı. Döyüşçü  dostlarından  bölmə  komandiri Qorxmaz  Əliyev,Canpolad  Novruzov,Əjdər  Quliyev,Mikayıl  Həsənov, Vaqif Həsənbalayev, Şahin  Rüstəmov, Şakir  Süleymanov, Zahid  Həsənov, Əjdər Məmmədov, İslam  Babayev,İlqar  Həsənov, Məhəmməd  Həsənov  və başqalarının  ifadələrindən  aydın  olur ki, Vidadi  axırını düşünə-düşünə  döyüşə gedənlərdən  olmayıb. O ölümün  gözünə  dik  baxan  oğlan olub.Ürəklə  döyüşmək  lazımdır, harada  qırılar qırılsın, -deyərdi. Hər  döyüşə  girəndə, bu şeiri züm-zümə  edirdi.
                                           
                                           Od olub yananda torpağın, daşın,
                                           Allahı çağırdım höyuna çatsın.
                                           Öləndə qoynunda  öləydim, Vətən,
                                           Azalmış torpağın bir ovuç artsın.
      

     Mahir  pulemyotçu  kimi  onun  igidliyindən, fədakarlığından  bəhs  edən  neçə-neçə epizodlar var. Döyüşçülərin  ifadələrində: Haramı çölündə iki erməni kəşfiyyatçısını vurmuş, ermənilərin 3 gün ərzində 42 km  qovulmasında  o  əsas rol oynamış, Seyidəhmədli  kəndinə  birinci  girmiş və mühasirədə qalmış 25 döyüşçünün  çıxarılmasında  onun pulemyotu  öz  işini  görmüş, minalanmış Quruçay  arxını  Allahu- Əkbər  deyərək birinci keçmiş və o taydan  bölümün keçməsini  mühafizə etmişdir.Şükürbəyli  döyüşündə  2  erməni  sərrast  atıcısını vurmuş, onun  biri  qız  olub.
     Vidadi  göstərdiyi  qəhrəmanlığa  görə 15 min  rubl  aldığı mükafatı  silah almağa vermişdir.Bu  döyüşdə  Abdulla  Şailyevi və Şəmsi Abdullayevi itirdilər.Sərrast atıcı gülləsinin biri  Vidadinin buşlatını deşib keçir, ikincisi isə  pulemyotun  bir ayağını sındırır. Vidadi  Nizami rayonu  könüllülər  tabırının  əldə etdiyi  nailiyyətlərdə iştirak etmiş əsas simalardan biri olmuşdur. Füzuli  rayonunun  9 kəndinin qaytarılımasında,3 tankın, 2 təzə, 3 köhnə dartıcı maşının, 2 topun, 1 gecəgöstərənin və s. ələ  keçirilməsində  Vidadinin   böyük  rolu olub.
      Bizdə  olan  məlumata  görə  Vidadinin  döyüşdüyü 702 saylı hərbi hissənin komandiri  Ramaldan  Ramaldanov, tabır  komandiri  Zahid  Həsənov,taqım komandiri  Ramazan, Siyasi işlər üzrə komandir  müavini  N.Eyvazov olub.Yaşasaydı  qızı  Səfurənin 3 oğul  nəvəsini  və adını daşıyan adaşı Vidadinin nazı  ilə  oynayar, onların da özü kimi vətəncanlı  əsgər olmalarına çalışardı.
     Şəhidlər  xiyabanında  uyuyan Vidadi  İnayət oğlu Ənsərovun adını  bir küçə, ya bir məktəb ilə… ya da… əbədiləşdirmək  onun  vaxtsız  dünyalarını  dəyişmiş doğmalarının  ruhuna,yaşayan  qızının  və  böyüməkdə  olan  nəvələrinin, bütün qohum  əqrəbaların, canını  qurban  verdiyi torpağın, bir də Yazıçılar və Jurnalistlər birliyinin  üzvü, 84 yaşlı dayısının arzu və ümidlərinə  böyük  hörmət olardı.
   
   Hörmətlə:   Bilal  Ənsər


Facebook-da paylaş