Yazın nəfəsinə inanıram mən...
Sanma ki Horovlu çox az ağlayır,
Bəlkə dərd səngiyib, dayaz ağlayır.
İçimdə qəm dolu Araz ağlayır.
Çiyin ver ağrını birgə daşıyaq,
Biraz məhəbbətdən dinək, danışaq...
“İçimdə qəm dolu Araz ağlayır” deyən şair Şövkət Zərinin misralarının ardında deyildiyi kimi məhəbbətdən danışmasına adamın heç inanmağı gəlmir. Dərd yüklü misralar sevgiyə necə qanad açır, məhəbbətə necə qovuşa bilir? Amma şair ürəyi bir ümmandır, kükrəyən bir dalğası sevincdirsə, bir dalğası qəmdir. Bir dalğası şövq ilə dilə gələn məhəbbətdirsə, bir dalğası da qəlb göynədən, ürək titrədən qüssədir. Şövkət Zərin Horovlu ədəbiyyatımızın tanınmış simalarındandır. Ədəbi təxəllüsündən də göründüyü kimi, Cəbrayıl rayonunun Horovlu kəndindəndir. Ədəbi yaradıcılığına görə bir çox ədəbi mükafatlara sahib olub. “Qızıl qələm”, “Rəsul Rza” beynəlxalq mükafatına layiq görülüb. Qarabağda erməni vandalizminin törətdiyi cinayətlərdən bəhs edən “Arazdan gələn səs” romanına görə Türk Törə Ocağının M.Kaşğari Beynəlxalq mükafatını və diplomunu alıb. Roman 210-cu ildə ilin kitabı elan edilib. Şövkət xanım həm də çox dəyərli pedaqoqdur. Uzun illər orta məktəblərdə pedaqoji fəaliyyətlə məşğul olub, şagirdlərinin sevimli müəllimi kimi uğurlu ad qazanıb. Pedaqoji fəaliyyətinə görə də təhsil nazirliyi tərəfindən yüksək qiymətləndirilib.
Şövkət Horovlu həm şair, həm də nasir kimi uğurlu ədəbi fəaliyyətinə görə də daim rəğbətlə qarşılanır. Vətənimizin dərdli taleyilə yoğrulmuş bir çox kitabların müəllifidir. Ədəbiyyatımızın səhifələrini zənginləşdirən əsərlərinin adları da olduqca poetik seçilib. “Duyğu yarpaqları”, “Çinar həsrəti”, “Mən Araz qızıyam”, “Sözün işığı”, “Dünya, səndən nigaranam”, “Mənim dünyam”, “Heykəlləşən qatar”, “Ürəyim dan yeridir”, “Sənsiz ağlayan nəğmə” kimi şeir kitabları odlu-alovlu bir poetik ilhamla yazılıb. Şairin nəsr əsərləri də ədəbi ictimaiyyət arasında kifayət qədər marağa səbəb olub. “Arazdan gələn səs”, “Köynək”, “Tale yolu”, “Əbədiyyətə qədər”, şairin Əfqanıstan xatirələrindən bəhs edən “Açılmamış zərf”, “Axırıncı gediş” adlı roman və povestləri Şövkət xanımın Azərbaycan nəsrində açdığı istedadlı sənət izidir. Bu əsərlər hər biri böyük Vətən, yurd sevgisilə qələmə alınıb. Adını çəkdiyim kitabların hamısı məndə olmasa da, bəziləri şəxsi kitabxanamda var və mən onları qəribsəyəndə götürüb həvəslə oxuyuram.
Bu yazının başlamağımın əsas səbəbi isə Şövkət xanımın “Sənsiz ağlayan nəğmə”si oldu. Elə ordan başladım. Axı Şövkət xanımın yaradıcılığı çağlayan bir həsrət şəlaləsidir. Şəlalə isə öz gücünü dağlardan, qayalardan alır. Heç vaxt qocalmır, heç vaxt tükənmir.
Şövkət xanımın yaşı artıq 80-ni keçib. Amma Tanrı tərəfindən ona verilmiş istedad hələ də çağlayır, yorulmaq bilməyir. Bütün bunların nəticəsidir ki, o, demək olar, hər gün yazıb-yaradır, oxucuların qəlbinə asanlıqla yol tapır. Çünki bütün səmimiyyətilə bağlıdır qələmə. Onun yazılarını nəzərdən keçirəndə görürsən ki, bu yazılarda mövzu daim məzmunlu, aktual, poetik qüdrət isə əsl sənət səviyyəsindədir. Yaradıcılığının bütün nümunələri də tərbiyəvi xarakter daşıyır. Əsas olan isə odur ki, şair və nasir Şövkət Zərin Horovlu yorulmaq bilmədən yazıb-yaradır.
Söz aləmi onu ahənrüba kimi özünə çəkir. “Söz çəkir məni” şeirində yazdığı kimi...
Bilmədim dağlarsız ömür-gün nədi?
Ruhum didərgindi, iman-din nədi?
Ümidim babalar açan izədi,
Yönüm zirvəyədir, iz çəkir məni.
Ürək də doymayıb öz dünyasından,
Çoxdur umacağım söz dünyasından.
Keçək bənövşənin naz dünyasından,
Lalə közə dönüb, köz çəkir məni.
Bir sevda dolanır yenə başımda,
Yamyaşıl gəncliyim durur qarşımda,
Duyğular oynadan yaz yağışında,
Dərələr uyuyur, düz çəkir məni.
Tale arzuları tərsinə burur,
Könül istəyini həsrət uçurur.
Hələ deyilməmiş neçə söz durur,
Hayana dönürəm, söz çəkir məni.
Şövkət xanım hadisəni, əl atdığı faktı, demək istədiyi sözü şirinləşdirməyi bacarır. Bəzən o, hər hansı bir hadisəni nağıllaşdırmaqla onu daha da maraqlı edir. Götürək elə “Gəl sənə nağıl danışım” şeirini. Burada şair dillər əzbəri olan nağıllardan danışmaqdansa, hər hansı bir müasir hadisəni nağıllaşdırmağa üstünlük verir. Lakin oxucu şeiri oxuduqca anlayır ki, bu nağıl o nağıldan deyil və bu nağılın sonunda göydən heç də üç alma düşmür. Bu nağılın sonuna vardıqca anlayırsan ki, Vətənimiz Azərbaycanın dərdli taleyi, paramparça olmuş coğrafiyası ilə qarşı-qarşıyasan. Şairin “Gəl sənə nağıl danışım” misrası ilə başladığı şeirində dərdimizin Xocalı üzü, kədərimizin Şuşa fəryadı var.
Gəl sənə upuzun nağıl danışım,
Dərdlərin ovunsun, ağrın kirisin.
Dərələrdən keçim, dağlardan aşım,
Nə özüm yorulum, nə nağıl bitsin.
Qucağı boşalan torpaq nağılı,
Dinlərsən yüz qanlı hekayətini.
Kösövü qaralan ocaq nağılı,
Qapqara tüstüsü göynətsin səni.
Yay nağılı deyil nəfəs təngidən,
Uzansın payızın gecəsi kimi.
Yaz nağılı deyim həsrət səngidən.
Bizim Xan çinarın nəğməsi kimi.
Yetər nağıl dedik Məlik Məmməddən.
Od oğrusu divdən, gah Təpəgözdən.
Nağıl dünyasında azdıq nə qədər,
Ağatlı oğlanı gəzdik, ta yetər!
Gəl sənə təptəzə nağıl danışım.
Qanasın illərdə yatan yaddaşın.
Xocalı nağılı, Şuşa nağılı,
Zaman uydurduğu qoşa nağılı.
Laçınlar yurdundan, ya Kəlbəcərdən,
Oğuzlar ayağı dəyən hər yerdən.
Yenə qəm köynəyin əynimə geyim,
Qatı açılmamış nağıllar deyim,
Deyim keçib getsin göz yaşımızdan,
Əsla silinməsin yaddaşımızdan.
Gözündən yuxu da perikib getsin,
Nə özüm yorulum, nə nağıl bitsin.
Bağrı nalan, könlü talan şair demişəm ona. Çağdaş ədəbiyyatımızda ağrısı, əzabı, dərdi gözündən oxunan şairdi o. Onu hər zaman Vətən dərdlərini bağrına basıb məmləkət içrə korun-korun yanmaqda görmüşəm- axı həsrət üçün 30 il heç də az deyil... Yağı nəfəsilə dağılmış xanimanı, talan olmuş diyarının həsrəti ona rahatlıq verməyib, yuxularına illərcə haram qatıb. Kövrək qəlbinin əksi baxışlarında titrədikcə gözlərindən axan yaş ciyər qanına dönərək sözünün çağlayan ruhunda hər zamankı kımi şeriyyət havası çalıb - avazı qəm, nəğməsi həsrət köhlənində ruzigara boyun əyməyən gümanlar, ümidlər, təsəllilər, arzular və bir də yurd itgisilə sızlayan ürəyinin hicran bəstəsi. Araz dərdi üstə oxuduğu nisgilli şərqilər olur..
Şövkət Zərin Horovlu ictimai dərdin, kədərin tapdığı şairdi. İstəsə də ondan qaça bilməyib. İllərdir ki dərdindən asılıb. Bu nisgil, bu qəm-qüssə, bu dözülməz möhnət salxım –salxım bar gətirib, neçə-neçə qəlbi titrədən gözü yaşlı şeirlər, torpağı, daşı inlədən misralar qopub bu sinə dərdindən- dərd sinəsindən...
“İçim köhnə bir xarabalıq. Neçə vaxtdır ki, ora ağrı yığıram”- deyən, gözləri yol çəkməkdən dolan, bağrı nalan, könlü talan şair... duyğuları qərib, içini kədər oyan şair... Sözün və sözünün ağası Şövkət xanım.
... El yolu,ömür yolu,
Hava yolu,dəmir yolu,
Əqidə yolu, məslək yolu,
Şuşa yolu ,Laçın yolu,
Döyüş yolu, qeyrət yolu...
Bu sətirləri yazandan sonra istədim ki, bir nəfəs dərim. Hiss etdim ki, özümü bu dərdə kökləyə bilmirəm. Əvvəl isti-isti mənə çox asan gəldi. Şairin yanğılı poeziyasının haləsində üşüyən ürəyimi oda, istiyə vermək istədim. Sonra gördüm ki, ağrıya, acıya qatlaşmaq heç də hər igidin işi deyil. Sadəcə durub kənara çəkildim. Yadıma düşdü ki, ədəbiyyatşünas alim Qəzənfər Kazımovun Şövkət Horovlu yaradıcılığına dair yaxşı bir yazısını oxumuşdum. Mətnin aşıladığı mənəvi təsir hələ də canımdaykən sərlövhəsi gözüm önündən gəlib keçdi. Heç unudulası deyildi. Alim şairin bir misrası ilə sözə başlamışdı –“ Gendən baxıb yanan könül”.
Bütöv şeirdən götürülmüş bir misra dünya boyda mənzərə deməkdir. İçərisində həyatın hər üzü var. İnsanın yaşamaq arzularından tutmuş, əzrail önündə dizlərinin titrəməsinə kimi... Amma hədəf yenə də yurdun sinəsindən böyük şırım açmış Ağrı dağından baş alıb gələn və Xəzərdə bütöv Azərbaycan mənəviyyatına qovuşan Araz dərdimizlə bərabər Təbriz, Dərbənd, Borçalı ağrısı da şair duyğuları ilə yaramızın qaysağını qoparır. Qəzənfər Kazımov yazır:
“Şeirlərində Qurbani məhəbbəti, Qurbani bənövşəsinin ətri duyulmaqdadır. Lakin ictimai kədər Şövkət xanımın şeirlərində kəskin dönüşlərlə nəticələnir, təbiətin gözəl təsviri qəfil çovıyan güllə kimi fikri illərlə yağı tapdağında qalmış torpaqlara yönəldir:
...Əlvan geyib Diri dağı,
Xınalıdır əl-ayağı.
Cənnətdir Araz qırağı.,
Gendən baxıb yanan könül...
Şairin can yanğısı kimi doğulmuş misralarını, hərarətli poeziyasını dəyərləndirən tanınmış yazıçılar, şairlər, tənqidçilər onun barədə rəngarəng fikirlər söyləyiblər. Şair İlyas Tapdıq poeziya qədər şirin duyğularla zəngin olan yaxşı bir məqalə yazmışdı. Bizim “Qarabağa aparan yol” sonra isə “Ədəbiyyat” qəzetində dərc olundu. Tənqidçi Vaqif Yusifli, Əsəd Cahangir Şövkət Horovlu yaradıcılığına münasibət bildiriblər. Müxtəlif ədəbi orqanlarda, qəzet və jurnallarda şairin söz dünyasından nümunələr oxucuların diqqətinə çatdırılıb.
“Arazdan gələn səsin ağrısı” adlı bir romanı da Vətən həsrətinin ifadəsi kimi ədəbiyyatımızı zənginləşdirdi. Yazıçı romanda yurd itgisinin faciəsindən söhbət açır və Qarabağ müharibəsinin illərlə Azərbaycan xalqına və mənəviyyatına vurduğu zərbələrdən danışmaqla sözün tarixi missiyasına sadiq qalır. Onun roman janrına müraciət etməsi və belə bir əsər ortaya qoyması bir həqiqəti də anlatdı ki, Şövkət xanım istedadlı şair olmaqla yanaşı həm də zəngin yaradıcılıq potensialı olan bir nasirdir. Rəhmətlik şair, publisist, tədqiqatçı və tərcüməçi Səyavuş Sərxanlı da Şövkət Horovlunun poeziyasından məmnunluqla danışıb, yazıb: “Şövkət Horovlu şagirdlərinə ruh-söz-mənəviyyat xəritəsindən söz aça-aça Azərbaycanımızın coğrafi xəritəsini də bütöv görür, onun sərhədlərini tarixi torpaqlarımızdan keçirir. Təbriz, Dərbənd, Göyçə, Vedibasar, Borçalı, Qarayazı.... bunlar hələ bir yana, dünənki halalca od-ocaqlarımız da illərlə əsirlikdə qaldığı üçün həyəcanlı səsi köksünə darlıq edir.
Dillənirmi telli sazı?
Lillənirimi Xan Arazı,
Gündə min yol ölləm azı,
Bizim ellər yerindəmi?
Qədim zamanlarda deyirmişlər ki, həkimlərin üç silahı var: söz, bitgilər və bıçaq. Şairlərin isə bircə sözü var. Amma elə söz ki, min dərdə əlac tapan həkimlərin də o sözə ehtiyacı olur. Bu söz insanın ruhunu diri saxlamağa dərman olan sözdür. Əslində, ruhu nə zaman ölsə, insan onda ölür.
Ümumiyyətlə, Şövkət Horovlu, mən deyərdim ki, əksər şeirlərində insanın könlünü ağrı-acı ilə alır. Nə qədər qəribə səslənsə də o bağrının başından qopan ağrıları bizə çətin tapılan bir həbb, dərman kimi ötürə bilir. Çünki yaralı yerimizi tanıyır, bilir. Bilir ki, biz də onun kimi nə az, nə çox – düz 30 il həsrət, hicran alovunda qovrulmuşuq. Amma nə yaxşı ki, onun poeziyası, onun sözü hər zaman ruhu qədər diri olub və minlərlə adamı - qaçqın-köçkün olmuş azərbaycanlını ayaqda saxlaya bilib. Onun mənəviyyatını silkələyib. Dolmusan, ağla-deyib. Yox, əgər gülmək istəyirsən, o zaman qəh-qəh çək, axır ki, boşalsın ürəyin. Və sən əsl həqiqət bayrağının bu məqamda intiqam bayrağı olduğunu bil...
Onlarla şeirində bizi intiqama çağıran şair hərdən özü də göylərdən yerə enmək istəyən dolmuş buluda bənzəyib:
Dünya tək dərdlə dolmuşam,
Ömrü dəhləyib yormuşam.
Yamanca kövrək olmuşam,
Gəl biraz ağlayaq, könül.
Bəlkə də birinci dəfədir “ömürü dəhləmək” kimi bir ifadəyə rast gəlirəm. Oxuduğum başqa şairlərin yaradaıcılığında qarşıma çıxmayıb. Biz görümüşük ki, atı dəhləyərlər ki, mənzil başına tez yetişsin. İnsan öz ömrünü necə və hara dəhləyə bilər? Bir halda ki, sonucda ömürün bitdiyi yerdə onu əcəl gözləyir. Amma bununla belə şair nəfəs dərmədən ömür atını çapmaqdadır. Bilə-bilə ki, könlünü talaya-talaya, ömrünü budaya-budaya həyat yollarından nəfəs dərmədən ötüb keçir. Çünki şair olmaqdan əvvəl vətəndaşdır. Elə ona görə də xalqının müsibətlərinə illərlə yas tutub, matəm saxlayıb.
Tökülən güllərim üçün,
Ayrılan illərim üçün,
Sürülən ellərim üçün,
Gəl biraz ağlayaq, könül.
Şövkət Horovlu mətin şairdi, iradəlidir. Hər ağrı-əzaba qatlaşandır. Sözün cəfasını da ömrünün, yaşının ixtiyar çağına qədər sədaqətlə, sənətkarlıqla çəkib. Kövrəldiyi, ağladığı, iradəsinin sıxıldığını yalnız bir məqamda, özü də poetik etirafla dilə gətirib:
Mən taledən pay ummadım,
Nahaq gördüm, haqq danmadım.
Əyildimsə də, sınmadım,
Mən təkcə sənə ağladım.
Buradakı “sən” yaxın bir sirdaş, doğma bir qardaş, dərdinə yanan ana, bacı və yaxud əqidəsinə sadiq bir insan ola bilər. Lakin şair misraları elə səsləndirir, poetik mənzərəni elə yaradır ki, oxucu həm də Vətən obrazını, doğulduğu, boya-başa çatdığı ulusunu xatırlayır. Yağı həmləsi ilə illərlə diyarından uzaq düşmüş, ömrünün ən gözəl xatirələrindən, uşaqlığından, gəncliyindən uzaq düşüb çadır evciklərinə sığınan millətinin halına acıyır. Düşündüklərini elə qələmə alır ki, sanki həm də bu binəvaların könlünü alır:
...Küskün durma, gəl könlünü mən alım,
Ay çadır evciklim, ay azca paylım.
Ay kəhriz həsrətlim, torpaq haraylım...
Üzünü Vətən dağlarına, qürbətdə bir igid ömrü keçirmiş yerlərimizə tutaraq sanki fəryad qoparır.
O dağları alan çən mənimkidi,
Lalənin gözündə nəm mənimkidi,
Heç kəsə qıymaram, qəm mənimkidir,
Sağalmaz dərdimin dəvasın gətir.
Onun yaradıcılığında doğma yurddakı bir yarpağın titrəyişi, çopur daşdan uçan boz sərçənin pırıltısı heç nə, heç nə unudulmayıb, nanənin, yarpızın qoxusu, hətta xan çinarın yuxusu da... Vətənlə bağlı ötən hər an onun yaddaşında, düşüncəsində gözəl bir şeirə nəsillərə yadigar bir bayatıya dönür...
Ünvanı Qarabağ olan şairin gücü torpaqdadır. Qan ağlayan sətirləri torpaq itgisinin, illər sonra qovuşduğu yurd ətrinin ahı-amanıdır. Ruhunun sızladığı hər anın yaddaşı var poeziyasında .
Bulaqlar qaynayır, hey daşır indi,
Göllərdə sonalar oynaşır indi,
Yağı yurd yerində dolaşır indi,
Elin silah tutan əlləri hanı?!
Onun könlünü qanadan hər suala cavab şeiri var. Bu yazını yazarkən “Sözün işığı” kitabı da əlimdə idi. Məqalədə istifadə etmək üçün kitabı vərəqlədikcə şeirlərin yerini, vərəqləri bir-bir qatladım. Kitab sona çatanda baxdım ki, vərəqlər hamısı qatlanıb. Amma nə edəsən ki, kitabı bütövlükdə yazıya köçürmək olmur. Qəlbinə, ürəyinə sağlıq olsun, hələ Vətən torpaqları, yurd yerlərimiz işğalda olduğu vaxtlarda bizi nə qədər dərd üstə kökləsə də, duyğularımızı Vətən, yurd bayatıları ilə sızlatsa, çarmıxa çəksə də bir ümid yeri, ümid işığı da qoymağı unutmayıb. Necə ki o şair ümidi bu gün özünü doğrultdu, şair yurudna qovuşdu, elə biz də. Hər sətiri, hər msirasıyla düşmənlərimizə biz varıq, biz gələcəyik, doğma yurdumuza, elimizə, obamıza dönəcəyik- demişdi, döndük. Çünki onun yaradıcılığı başdan-başa mübarizəyə səsləyiş, intiqama çağırış idi...
Ümid göyərəndə gözdə yaş olmaz,
Bu yollar həmişə cınqıl-daş olmaz.
Ürəkdə əbədi qarlı qış olmaz,
Yazın nəfəsinə inanıram mən.
Öz yaradıcılığı ilə o hər zaman inanmaq, inandırmaq istəyib və biz də inanmışıq ki, Azərbaycanın əsl baharı-yazı uzaqda deyil. Gec-tez məmləkət bütövlüyünə qovuşacaq. O zaman ünvanı Qarabağ olan şairlərin də həsrətinə son qoyulacaq. Şövkət xanım kimi yurdun hər daşını, qayasını, bir çimdik torpağını belə tutiya bilən yazarlarımız ürəklərindəki qəmi, kədəri siləcəklər. Perik düşmüş sevinc, məhəbbət öz yuvasına dönəcək. Bu fikirlərdən sonra nöqtə qoymaq istəsəm də, duyğularımı ehtizaza gətirən, həqiqətən məni kövrəldən bu şirin, bulaq kimi çağlayan poeziyadan ayrıla bilmirəm. Ana südü qədər təmiz, aydın və hər kəs üçün anlaşıqlı bir dil. Professor Qəzənfər Kazımov illər öncə doğru qeyd edib ki, Şövkət Horovlunun yaradıcılığında mütaliədən, elmi düşüncədən gələn fikirlər, elementlər yoxdur. O, anadan şair doğulub, şeirləri də təbii istedadın ədəbiyyat səhnəsinə, poeziya dünyamıza gətirdikləridir. Nə qədər ki, Qarabağ yağı ayaqları altındadır, nə qədər ki, müharibə bitməyib, tarixi ərazilərimiz, qədim coğrafiyamızın parçaları əsarətdədir, nə qədər ki o yerlərdə qanımıza susamış erməni cəlladları gəzir, o qədər də Vətənimizin yüküni çiyinlərində daşıyan, ağrısını qəlbində gəzdirən şairlərimiz dərdin–kədərin girovu olaraq qalacaq.
Nə qədər ağırdır bu sətirləri incə ruhlu zərif bir xanım şairin dilindən oxumaq.
Canı qəm əlinə vermişəm yaman,
Can evimi vaxtsız uralayıbdır.
Hərdən macal tapıb toxdayan zaman,
Yenidən o məni qaralayıbdır.
Dərd insanı həm də ucaldır. Vətənin rəmzi olan müqəddəs bayrağı qorumaq üçün hər birimizə ucalıq gərəkdir. Zirvələrdə dalğalanan bayraq özü kimi ucalıqlarda qərar tutanı özünə ən etibarlı cangüdən bilir. Şair can evi deyəndə həm də bu gün öz azadllığına qovuşmuş ulu bayrağını, ulu torpağını yada salır. Ömrünün yarısını həsrət, hicran, nisgillə xatırlasa da, nəhayət ki, bu gün bağrı nalan, könlü talan şairin inamı doğrulub. Doğma ellərə qayıtmaq, köç salmaq arzusu çin çıxıb... İndi daha zəfər nəğmələrinin, zəfər şeirlərinin əsl məqamıdır və şair də 44 günlük Vətən savaşımızdan sonra özünün zəfər şeirlərini göynəyən ürəyinin ağrısına məlhəm bilərək yazır. Bu şeirlərdə düşmənə qan qusduran igidlərimiz, müzəffər ordumuz və müharibəni qələbəmizlə başa çatdıran ali baş komandanımız, sərkərdəmiz qürur qaynağı kimi öyülür.
Ardı var...
Fariz Çobanoğlu
Facebook-da paylaş